Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Yunokal" şirkətinin vitse-prezidenti Marti Milleri qəbul etmişdir - 14 dekabr 1996-cı il


Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı il dekabrın 14-də Bakıda Prezident sarayında ABŞ-ın "Yunokal" şirkətinin vitse-prezidenti Marti Milleri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Dünyanın tanınmış neft şirkətlərindən sayılan "Yunokal" ilə Azərbaycan arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladan prezident Heydər Əliyev dekabrın 14-də növbəti neft müqaviləsinin imzalanması ilə bu istiqamətdə yeni bir addım atıldığını vurğulayaraq dedi ki, respublikamızın xarici neft şirkətləri ilə bağladığı ilk müqavilənin iştirakçısı olan "Yunokal" indiki müqavilədə böyük pay almışdır. Bu fakt əməkdaşlığımızın uzunmüddətli olduğunu göstərir. Dövlətimizin başçısının fikrincə, hər iki tərəf bunun həm də səmərəli olmasına çalışacaqdır.

"Yunokal"ın Azərbaycana ilk Qərb şirkətləri sırasında gəldiyini xatırladan cənab Miller təmsil etdiyi şirkətin yeni neft müqaviləsinin də iştirakçılarından biri olmasından böyük şərəf duyduğunu söylədi. Bu müddət ərzində Azərbaycan Dövlət Neft Şirkəti ilə sıx və səmərəli əməkdaşlığın yarandığını qeyd edən qonaq yeni neft müqaviləsinin də gözəl nəticələr verəcəyinə əmin olduğunu vurğuladı. Belə bir əminlik ifadə edildi ki, neft müqavilələrinin reallaşdırılması ilə bağlı Azərbaycanda gərgin iş gedəcək və respublikanın gələcəyi tamam ayrı cür olacaqdır.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, siyasi sahədə də dostluq əlaqələrinin yaranmasından şad olduğunu söyləyən cənab Miller "Yunokal"ın Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev ilə birlikdə səmərəli işlədiyini bildirərək, bunun gələcəkdə də davam etdiriləcəyini vurğuladı. O, "Porter əlavəsi"nin aradan götürülməsini həm ABŞ hökumətinin, həm də Azərbaycanın böyük uğuru kimi səciyyələndirdi.

"Yunokal" ilə əlaqələri yüksək qiymətləndirdiyini bir daha qeyd edən Prezident Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, "Dan ulduzu" - "Əşrəfi" yataqlarının birgə işlənməsi barədə yenicə imzalanmış müqavilə bu əməkdaşlığı daha da irəlilədəcəkdir. Prezident Heydər Əliyev dedi:

- Biz bu əməkdaşlığın səmərəliliyini hiss etmişik və güman edirəm ki, bundan sonra da hiss edəcəyik.

Son illərdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrlə yanaşı, siyasi əlaqələrin də sürətlə inkişaf etməsi barədə cənab Millerin fikrinə şərik olduğunu bildirən Prezident Heydər Əliyev dedi ki, respublikamızla bağlı olan ABŞ neft şirkətlərinin ölkəmizin mənafelərini Amerikanın dövlət orqanlarında və ictimaiyyəti arasında dəstəkləmələri Azərbaycanda çox böyük hüsn-rəğbətlə qarşılanır. O cümlədən "Porter əlavəsi"nin qarşısının alınması üçün ABŞ neft şirkətlərinin bizimlə əməkdaşlığını, həmçinin "Yunokal"ın da bu sahədəki xidmətlərini yüksək qiymətləndiririk.

Prezident Heydər Əliyev görüşün sonunda dedi:

- Güman edirəm ki, bu gün imzalanan müqavilə bizi bir-birimizə daha da yaxınlaşdırır və Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün sahələrdə əməkdaşlıq bundan sonra daha geniş və daha səmərəli olmalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, "Yunokal" şirkəti bizimlə ABŞ arasında əməkdaşlığın bütün sahələrdə inkişafına bundan sonra da kömək edəcəkdir.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və vitse-prezidenti İlham Əliyev iştirak edirdilər.

AzərTAc

Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahı naminə. Baki-2001, səh.333.