Şuşa


Azərbaycanın Dağlıq Qarabağ regionunda şəhər. Şuşa inzibati rayonunun (ərazisi 289,0 km²) mərkəzi. XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən salınmışdır. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Həmin dövrdən başlayaraq Azərbaycanın Qarabağ xanlığının əsas siyasi və mədəni mərkəzinə çevrilməyə başlamışdır. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra da bütün Qarabağ regionunun əsas inzibati, iqtisadi və mədəni mərkəzi, həmçinin bütün Azərbaycanın əsas mədəni mərkəzlərindən biri olmuşdur. Şuşa Azərbaycanın bir çox görkəmli mədəniyyət xadimlərinin vətənidir. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuşdur. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır. Əhalisi 1989-cu ilin məlumatına əsasən 20.579 nəfər olmuşdur. Onun 19036 nəfərini azərbaycanlılar, 1377 nəfərini ermənilər təşkil etmişdir. Hal-hazırda Ermənistanın işğalı altında olduğuna görə yalnız ermənilər yaşayır. Şuşanın azad edilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlarda Azərbaycan tərəfinin təkid etdiyi prinsipial məsələlərdən biridir.