Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev Moskva hökuməti başçısının birinci müavini Ernest Aleksandroviç Bakirovu qəbul etmişdir - 29 iyul 1993-ci il


İyulun 29-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev Bakıda işgüzar səfərdə olan Moskva hökuməti başçısının birinci müavini Ernest Aleksandroviç Bakirovu qəbul etmişdir.

Rusiyalı qonağı çox səmimi salamlayan Heydər Əliyev bildirdi ki, tarixən formalaşmış ənənəyə malik Azərbaycan-Rusiya əlaqələrinin keyfiyyətcə yeni, daha geniş miqyas alması, "magistral yola" çıxması üçün sizin bu səfəriniz rəmzi mənada cığır rolu oynaya bilər. Sonra Heydər Əliyev Azərbaycanla Moskva hökuməti, eləcə də Rusiya arasında mövcud münasibətlərin inkişaf etdirilməsi zərurətini qəbul etdi və Moskva hökumətinin respublikamıza göstərdiyi marağı yüksək qiymətləndirdiyini açıqladı.

Moskva hökuməti rəhbərliyinin Azərbaycanla yeni, daha geniş iqtisadi əlaqələr yaratmaq niyyətini bildirən E.Bakirov xüsusi olaraq qeyd etdi ki, Azərbaycan keçmiş SSRİ respublikalarından biri və yeganə respublikadır ki, bizimlə sıx əlaqə yaratmış və əməkdaşlıq barədə müqavilə imzalamışdır. Bu əlaqələrin həm Bakıda, həm də Moskvada inkişaf etdirilməsinə xüsusi meyl göstərilməsini bildirən Moskva hökuməti başçısının birinci müavini tərəflər arasında mal mübadiləsi həcminin artırılması zərurətini vurğuladı.

Hələ ötən il Moskva hökuməti rəhbərliyi ilə Azərbaycan hökuməti arasında bağlanmış müqavilənin geniş imkanlarından danışan E.Bakirov iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan ikitərəfli müqavilənin bağlanması zərurətini xüsusi olaraq qeyd etdi.

Bakıda söhbət zamanı qeyd olunmuşdur ki, Azərbaycandakı və Moskvadakı ortaqların qarşılıqlı fəaliyyətinin mexanizmlərini hazırlamaq lazımdır. Moskva hökuməti başçısının birinci müavini jurnalistlərə məlumat verərək demişdir ki, qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün əsas qoyulmuşdur. İndi biz qarşılıqlı mənafe naminə birgə səhmdar cəmiyyəti və bankı yaratmaq istəyirik. Onun dediyinə görə, bu, fərdi dövlət şirkəti olacaq, Moskvanın və Azərbaycanın təsərrüfat strukturları və müəssisələrinin birbaşa iqtisadi əlaqələrinə kömək edəcəkdir.

Səmimi keçən qısa fikir mübadiləsindən sonra Moskva hökuməti başçısının birinci müavini Ernest Bakirov Moskva şəhərinin gerbi - "Georgi pobedonosets" təsvir olunmuş suvenir xalçanı Heydər Əliyevə təqdim etdi. Qiymətli hədiyyəyə görə qonağa minnətdarlığını bildirən Heydər Əliyev bu hədiyyənin münasibətlərimizin rəmzinə çevriləcəyini bildirdi.

"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə", Bakı 2000 səh 71.