Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 10 - cu ildönümünə həsr olunmuş zirvə tədbirində – təntənəli mərasimdə nitqi - Respublika sarayı, 17 oktyabr 2001-ci il


Əziz həmvətənlər!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının onuncu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, xalqımıza, millətimizə, dövlətimizə daim istiqlaliyyət arzulayıram.

On il Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zamandır. Amma bu on il içərisində Azərbaycan xalqı böyük məsafə qət edibdir. On il müstəqil yaşamaq, yaratmaq, irəliyə getmək – bu on ilin mənası və xalqımız üçün böyük əhəmiyyəti budur. On il ərzində Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövlət qurubdur, onun təsisatlarını yaradıbdır. Bu dövlətin yaşaması üçün, inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edibdir. Bazar iqtisadiyyatı yolu ilə gedərək, bütün sahələrdə islahatlar aparıb və bu islahatların nəticəsinə nail olubdur. On il müddətində Azərbaycan dünya miqyasında özünə layiq yerini tutubdur, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Dünyanın bütün ölkələri ilə diplomatik əlaqələr yaradıb, bir çox ölkələrlə qarşılıqlı faydalı, çox uğurlu əməkdaşlıq edir. Bu on il bizim xalqımızın çoxəsrlik həyatında ən böyük tarixi hadisədir, ən qiymətli nemətdir.

Azərbaycan bu on il müddətində çox ağır, çətin, keşməkeşli yol keçibdir. Azərbaycan xalqı bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim inkişaf etdiribdir. Indi bu on ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır.

Biz bu günlər böyük qürur hissi keçiririk. Ona görə ki, biz müstəqilliyimizi bəyan edəndən sonra bu on il içərisində bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusu həmişə olmuşdur. Ancaq on il müddətində Azərbaycan bu istək və arzularını tam yerinə yetirib və sübut edibdir ki, müstəqil dövlət kimi yaşaya bilər və daim yaşayacaqdır.

Qeyd etdiyim kimi, ötən on il Azərbaycanın həyatında çox ağır və çətin bir dövr olubdur. Amma bu illəri Azərbaycan xalqı şərəflə qət edibdir. Azərbaycan xalqı bütün çətinliklərin qarşısını alaraq, bütün sınaqlardan keçərək, bütün təhlükələrdən xilas olaraq on il dövlət müstəqilliyini qoruyub, saxlayıb, yaşadıb, bu gün də yaşadır və gələcəkdə də yaşadacaqdır.

Azərbaycan dövlət müstəqilliyini bəyan edən zaman, yəni 1991-ci ilin oktyabr ayının 18-də çox ağır, mürəkkəb bir dövr yaşayırdı. O vaxt Azərbaycanda bəziləri Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edirdi, yaxud inanmırdı. Bəziləri heç bunu istəmirdi. Bəziləri buna mane olurdu. Amma Azərbaycan xalqının çox əsrlər ərzində qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi, Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəliləyir.

O vaxt Azərbaycanın müstəqilliyinin əleyhinə çıxanlar var idi. Xatirimdədir, 1991-ci ilin əvvəli və nəhayət, onun sona çatması. Xalq, millət müstəqillik arzusu ilə yaşayırdı. Azərbaycanda isə Azərbaycana rəhbərlik edən şəxslər müstəqillik haqqında düşünmürdülər və müstəqilliyə inanmırdılar. Ona görə də xalqın bu istəyinin, arzusunun qarşısını almaq istəyirdilər. Təsadüfi deyil ki, 1991-ci ilin mart ayının 7-də Azərbaycanın Ali Sovetində SSRİ tərəfindən ortaya atılmış yeni bir tədbir – SSRİ-nin qorunub saxlanması haqqında referendumun keçirilməsi tədbiri müzakirə olunarkən, o vaxtkı respublika rəhbərliyi nəyin bahasına olursa-olsun, SSRİ-nin, Moskvanın bu arzusunu yerinə yetirmək istəyirdi. Ona görə də deputatların az bir qismi referendumun keçirilməsinin əleyhinə çıxdığı halda, tam əksəriyyəti referendumun keçirilməsinin tərəfdarı oldu. Mən o vaxtkı hadisələrin canlı şahidiyəm. Güman edirəm, bu salonda oturanlardan da o dövrü xatırlayanlar var. Kim referendumun əleyhinə çıxış edirdisə, ona mənfi münasibət göstərilirdi. Mən SSRİ-yə uzun müddət xidmət etmiş bir şəxs olaraq, amma eyni zamanda, xalqımın, millətimin müstəqilliyinə çatması üçün yaranmış şəraiti dərk edərək, referendumun keçirilməsinin əleyhinə çıxış etdim. İndi bəzi televiziya kadrları onları hərdənbir yada salır. Həmin o Ali Sovetin iclas salonunda referendumun keçirilməsinin əleyhinə çıxışım və gətirdiyim sübutlar və dəlillər böyük hay-küylə, etirazla qarşılandı. O vaxt bilirdilər ki, mən belə bir çıxış edəcəyəm. Başqalarının çıxışı onları bəlkə də o qədər narahat etmirdi. Ancaq mənim çıxışım onlarda böyük təhlükə yaratmışdı. Ona görə də əvvəldən hazırlanmış bir neçə deputat mənim çıxışımdan sonra dərhal məni tənqid etdilər və sübut etməyə çalışdılar ki, SSRİ saxlanmalıdır, biz SSRİ-siz yaşaya bilmərik, müstəqillik bizə lazım deyildir.

Martın 17-də referendum keçirildi və xalqın iradəsinə zidd olaraq, referendum nəticə verdi ki, Azərbaycan əhalisi, seçiciləri SSRİ-nin saxlanmasının tərəfdarıdır. Ancaq hadisələr çox sürətlə inkişaf edirdi. Ümumiyyətlə, 80-ci və 90-cı illərdə dünyada gedən proseslər, Avropada, xüsusən Şərqi Avropa ölkələrində gedən proseslər və SSRİ-nin özündə gedən proseslər artıq SSRİ-nin ciddi laxladığını göstərirdi. Artıq onun yaşamaq imkanının olmadığını göstərirdi. Təbiidir ki, bu fürsətdən istifadə etmək lazım idi. Ancaq təəssüflər olsun ki, o vaxt bəziləri bunu anlamırdılar və yaxud bunu istəmirdilər. Daha doğru desək, çoxları istəmirdi. Amma xalq isə, millət isə bunu istəyirdi. Martın 17-dən sonra SSRİ-nin dağılması ilə əlaqədar Moskvada 19 avqust hadisələri baş verdi, SSRİ dağıldı və bundan istifadə edən bütün müttəfiq respublikalar öz istiqlaliyyətini bəyan etdi və Azərbaycan da oktyabr ayının 18-də müstəqillik haqqında Konstitusiya aktı qəbul etdi. Ancaq təəssüflər olsun ki, Azərbaycanı o vaxt idarə edənlər bundan sonra da müstəqilliyə inanmırdılar. Düşünürdülər ki, bəlkə bu, hələ müvəqqəti bir şeydir, SSRİ yenə də bərpa olunacaqdır. Ancaq xalq yox. Xalq bunu istəyirdi, buna inanırdı. Amma xalq çox ağır və gərgin proseslər içində yaşayırdı. O da Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ probleminin meydana çıxması və Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması, Azərbaycan iqtisadiyyatının tənəzzülünün başlanması ilə əlaqədar idi.

Azərbaycanın istiqlaliyyətini bəyan etməsindən sonra keçən on ili bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ oktyabrın 18-dən sonrakı dövr idi. 1992-ci ilin mart ayında Azərbaycanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı baş verdi. Bu hakimiyyət böhranı bir neçə ay davam etdi. Azərbaycanın prezidenti vəzifəsini bir nəfər bir neçə ay icra etdi, ondan sonra digər nəfər. Nəhayət, 1992-ci ilin iyununda Azərbaycanda yeni prezident seçildi. Baxın, belə bir ağır vəziyyətdə, Ermənistanla müharibə getdiyi bir zamanda Azərbaycanın həyatında hərc-mərclik, xaos, özbaşınalıq hökm sürürdü və bunların da hamısının səbəbi hakimiyyətsizlik idi. Çünki istiqlaliyyət elan ediləndən sonra olan hakimiyyət özünü rahat hiss edə bilmirdi. Bu da mart ayında dövlət böhranı ilə və o hakimiyyətin səhnədən getməsi ilə qurtardı. Bundan sonra bir neçə ay Azərbaycanda çəkişmələr, toqquşmalar elə bir şərait yaratdı ki, Azərbaycanda bir neçə ay yeni bir hakimiyyət yaratmaq, yeni bir başçı seçmək imkanı olmadı. Hər biri də özünü müvəqqəti hesab edir, bəziləri də belə bəyan edirdilər ki, biz kimik, biz sadəcə,"peşkayıq». Ancaq"peşka» təkcə onlar deyildi, o vaxt orada"şah» yox idi, hamısı"peşka» idilər. Demək olar ki, bu, on ilin birinci mərhələsidir. Bəlkə də ikinci mərhələsidir – dövlət böhranından sonra prezident seçilənə qədər. 1992-ci ilin iyun ayında prezident seçildi, Xalq Cəbhəsi hakimiyyətə gəldi, xalq onlara inandı, onlara etimad göstərdi. Ancaq onlar anlamadılar ki, Azərbaycanı bu ağır şəraitdə idarə etməyə qadir deyillər. Onlar küçələrdə hay-küy edə bilərdilər, meydanlarda nitqlər söyləyə bilərdilər. Həmin nitqlər də lazım idi, digər şeylər də lazım idi. Ancaq dövləti idarə etmək, xalqı birləşdirmək, xalqın hamısını bir yerə yığmaq – onlar buna qadir deyildilər. Ona görə onların bir illik hakimiyyət dövrü, demək olar ki, Azərbaycanda sürətlə gedən dağıdıcı, pozucu bir prosesə çevrildi. Nəhayət, 1993-cü ildə Azərbaycanda həm iqtisadi, həm siyasi böhran, həm də dövlət böhranı baş verdi.

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə malik olan, böyük təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətlərə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi, hakimiyyət mübarizəsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı. Bəzən onların bir çoxu müxalifət düşərgəsində olaraq, o bir il haqqında hətta dastanlar yazmaq arzusundadırlar. Yazmaq olar, amma əgər bu dastanlar həqiqəti əks etdirsə.

Sadəcə, bir şeyi demək lazımdır. Nə üçün 1992-ci ilin mart ayında dövlət böhranı baş verdi və hakimiyyət istefa verməyə məcbur oldu? Xalq ona etimad göstərmədi, ona görə də istefa verməyə məcbur oldu. 1992-ci ilin iyun ayında xalq digər qüvvələrə etimad göstərdi. Ola bilər, tam yox, ancaq böyük bir hissəsi etimad göstərdi. Demək, inandı. Amma 1993-cü ildə məlum hadisələr baş verdiyi zaman xalq həmin hakimiyyətin arxasında durmadı, onu dəstəkləmədi. Bir ilin müddətində inamını itirdi, etibarını itirdi və Azərbaycan böyük bir fəlakət qarşısında idi. Bu da onilliyin bir mərhələsidir.

Biz sizinlə 1993-cü ili bir yerdə yaşadıq. Gərək bu, heç vaxt unudulmasın. Gərək heç kəs də bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi, məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir"cümhuriyyət» yaratmağa çalışdılar. Şimalında yeni hərəkat başladı, separatçılıq meylləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlanmış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olmasından idarə oluna bilməməsi. Bundan istifadə edərək, Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar.

1993-cü ildə Azərbaycan yanırdı. Ancaq xalq yenə də müdrikliyini göstərdi. Xalq bu böyük sınaqdan çıxdı. Azərbaycanı dağıtmaq, məhv etmək istəyən qüvvələrin qarşısı alındı. Azərbaycanda dövlət böhranı aradan götürüldü. İctimai-siyasi sabitlik tədricən normallaşmağa başladı. Ancaq yenə də Azərbaycan təhlükələrdən xilas ola bilmədi. Ona görə xilas ola bilmədi ki, – bunu mən açıq, qətiyyətlə deyirəm – 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayandan Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, Azərbaycan iqtidarının o vaxtlarda ölkəni idarə edə bilməməsi daxildə ayrı-ayrı qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin əsasını qoymuşdur.

Əgər nəzərə alsaq ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına böyük bir zərbə vuruldu, mənsub olduğu dövlətin hökuməti tərəfindən ona təcavüz edildi, onda təsəvvür edə bilərsiniz ki, Azərbaycan nə vəziyyətdə idi. Azərbaycan alovun içində yanırdı. Ancaq görün, bizim xalqımız – Azərbaycan xalqı, bizim millətimiz nə qədər dözümlüdür. Eyni zamanda nə qədər müdrikdir ki, bu dövrlərdə böyük itkilər verərək, böyük qurbanlar verərək, şəhidlər verərək, böyük məhrumiyyətlər içərisində yaşayaraq öz vətənini, öz millətini, öz dövlətini qorumaq əzmindən çəkinmədi. Nəhayət, Azərbaycanın müstəqillik yoluna düşməsi üçün yeni bir addım atıldı. Ancaq bizdə bu hakimiyyət hərisliyi, hakimiyyət xəstəliyi, təəssüflər olsun ki, o qədər dərin köklər salmışdı ki, 1993-cü ildə yaranmış müəyyən sabitliyi sonradan yenə də pozmaq istədilər.

1994-cü ilin oktyabr hadisələri... Bir il keçmişdi ki, biz artıq Azərbaycanda vəziyyəti müəyyən qədər normallaşdırırdıq. Ancaq yenə də Azərbaycandan əl çəkmirdilər – həm xarici qüvvələr, həm də ki, heç bir şeyə, necə deyərlər, qabil olmayan, heç bir qabiliyyəti olmayan, heç bir bacarığı olmayan insanlar. Bu insanlar hakimiyyət xəstəliyinə düşərək, 1994-cü ilin oktyabr ayında Azərbaycanda yenidən hakimiyyəti zorla, silah gücü ilə devirməyə cəhd göstərdilər. Çox ağır dövr idi. O dövrü də unutmaq lazım deyildir. O günləri unutmaq lazım deyildir. Bəlkə xalqımız o günlər bizim Azərbaycanın rəhbərliyində olanların və şəxsən Azərbaycan prezidenti kimi, mənim keçirdiyim ağır dəqiqələri, saniyələri, saatları bilmir və bilə də bilməz. Ancaq mən görürdüm, hiss edirdim ki, Azərbaycan yenə də hansı bir fəlakətin qarşısındadır. Çünki silahlı dəstələrin əksəriyyəti həmin o oktyabr hadisələrini başlayanlar idilər.

1994-cü ilin sentyabrında Azərbaycanda terror hadisələrini törədənlər, Azərbaycan  prokurorluğunu zəbt edənlər, sonra isə Azərbaycanın bir qismində hakimiyyəti ələ keçirənlər artıq elə hesab edirdilər ki, indi hakimiyyət daha tamamilə onların əlindədir. Ancaq yenə də xalqın, millətin müdrikliyi bunun qarşısını aldı. Xatirinizdədir ki, mənim axşam televiziya ilə müraciətimdən sonra Prezident sarayının qarşısına yüz minlərlə insan toplaşdı. Onların hamısı dövlətçiliyi müdafiə etmək üçün toplaşmışdı. Onlar həmin o silahlı qüvvələrin qarşısını aldılar. Təbiidir ki, dövlətin prezidenti ilə xalqın birliyi bunun qarşısını aldı. O bizim üçün böyük dayaq oldu, böyük inam verdi ki, biz bu ağır vəziyyətdən çıxa bilərik, ölkəmizi qoruya bilərik, ölkəmizi saxlaya bilərik. Qoruduq da, saxladıq da, həmin o qüvvələri məğlub etdik də. 1994-cü ilin oktyabr hadisələri haqqında danışarkən bir faktı qeyd etmək istəyirəm. Dediyim kimi, 1992-ci ilin əvvəlində Azərbaycanda hakimiyyət böhranı başlandı. Xalq o vaxtkı hakimiyyətin əleyhinə çıxdı. Hər halda, xalqın əksər hissəsi. Bunun nəticəsində o vaxt xalqın içərisində olan Xalq Cəbhəsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəldi. Ancaq 1993-cü ildə Azərbaycanda dövlət böhranı başlayan zaman – böyük silahlı dəstələr Gəncədən məlum Surət Hüseynovun başçılığı ilə artıq Azərbaycanın rayonlarının çoxunu əllərinə keçirmişdilər, özü də çox asanlıqla, müqavimətsiz və Bakıya doğru irəliləyirdilər – Surət Hüseynovun 3-4 nəfər nümayəndəsi gəlib hansısa bir rayonda görünən kimi, Xalq Cəbhəsi tərəfindən təyin olunmuş hakimiyyət qorxub qaçırdı. Beləliklə, onlar Azərbaycanın böyük bir qismini asanlıqla əllərinə keçirmişdilər. Hətta gəlib burada, Sumqayıtda da icra hakimiyyətinin başçısını qovmuşdular və onun yerinə istədikləri adamı qoymuşdular. Təbiidir ki, hakimiyyət əgər xalqın inamını itirməmiş olsaydı, xalq bunlara yol verməzdi. Xalq hər bir rayonda, hər bir şəhərdə onların qarşısını alardı. Nəhayət, həmin o Surət Hüseynovun qoşunlarının Bakıya girmək təhlükəsi zamanı xalq ayağa qalxardı, əvvəlki zamanlar kimi, meydanlara çıxardı, küçələrə çıxardı və dövlətçiliyini, dövləti, dövlət başçılarını müdafiə edərdi. Amma bu olmadı. Nə üçün? Çünki dövləti idarə etmək üçün gərək dəyərli insanlar olsun. Xalqın inandığı insanlar olsun. Xalqın daim etibar etdiyi insanlar olsun. Bu hakimiyyət, təbiidir ki, belə xüsusiyyətlərə malik deyildi. Ancaq biz hələ də xətalardan xilas olmamışdıq. 1995-ci ilin mart ayında – bu həmin Surət Hüseynovun başladığı hərəkatın davamı idi – bir çox xarici ölkələrin ayrı-ayrı paytaxtları nümayəndələrinin dəstəyi ilə, Azərbaycanda həmin Xalq Cəbhəsi hakimiyyətinin nümayəndələrinin dəstəyi ilə XTPD hakimiyyət uğrunda mübarizəyə başladı. Bəli, o vaxt onlar da, demək olar ki, Qazax rayonunu, onun ətrafında olan rayonları əllərinə keçirə bilmişdilər. Hesab edirdilər, bəyanatlar verirdilər, hətta bunu başqa ölkələrin televiziyaları da verirdi ki, artıq real hakimiyyət onlardadır. Ancaq yenə də Azərbaycanın dövlətçiliyi, dövlətin qüdrəti, yenə də xalqın Azərbaycan dövlətinə inamı bizi bu böyük xətadan qurtardı.

Ondan sonrakı hadisələr də məlumdur, bir neçə terrora cəhdlər göstərilmişdi. Prezidentin təyyarəsini raketlə vurmaq, yaxud da ki, körpünü partladıb ətrafdakı bütün evləri dağıtmaq, başqa terror hadisələri... Bunların heç biri bizi nə qorxutdu, nə çəkindirdi, nə də bizi harasa qaçmağa vadar etdi. Qaçmaq da elə onun təzahürüdür ki, bu insan idarə edə bilmir. Bir xırda çətinlik görəndə öz canı haqqında düşünür, milləti haqqında yox, xalqı haqqında yox. Ona görə də təsadüfi deyildir ki, Azərbaycanın bir prezidenti Rusiyanın təyyarəsində Moskvaya qaçdı, o biri prezidenti dağlarda yerləşən Kələki kəndinə qaçdı. Ancaq öz canlarını qurtarmaq üçün. Amma dövlətçilik haqqında düşünən adam – həm adi vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz canı haqqında düşünməməlidir. Öz canı haqqında düşünən və xırda bir çətinlikdə ancaq qaçmaqla canını qurtarmaq istəyən insanlar – bunlar heç vaxt xalqın hörmətini, xalqın etimadını qazana bilməzlər.

Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul olunandan sonra, 1995-ci ilə qədər ölkə bu gərgin proseslərin içərisində, ağır vəziyyətdə yaşayırdı, böyük təhlükə altında yaşayırdı. Bu da, təbiidir ki, müstəqil dövlət kimi onun iqtisadiyyatını, elə əvvəlki illərdən də pozulmuş iqtisadiyyatını pozurdu, dağıdırdı. Bir çox bədxah adamlar da bu fürsətdən istifadə edib, ancaq öz mənafelərini güdərək, Azərbaycanın böyük iqtisadi potensialını dağıdırdı və ölkə gəlib belə bir ağır dövrə düşdü. Ancaq belə bir ağır dövrdə biz Azərbaycanın müstəqilliyini elan etdiyi zaman verdiyi bəyanatı əsas götürdük. Çünki bu bəyanat bizim ürəyimizdən gələn bəyanat idi. Ona görə də bütün çətinliklər içərisində dövlət quruculuğu prosesini apardıq. Azərbaycanda hüquqi, demokratik dövlətin qurulmasına nail olduq. 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk Milli Məclisi seçildi. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırdıq, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.

Mən qeyd etdim ki, biz Konstitusiyanı qəbul etdik və bu müddətdə çoxsaylı qanunlar qəbul etdik. Milli Məclis 500-dən artıq qanun qəbul edibdir. Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemdən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır. Azad, sərbəst yaşayır. Demokratiyanın verdiyi bütün imkanlar Azərbaycanın hər bir vətəndaşı üçün təmin olunubdur. Söz azadlığı, vicdan azadlığı, fikir azadlığı, fikir müxtəlifliyi – bunların hamısı Azərbaycanın bugünkü gerçəkliyidir.

Beləliklə, 1995-ci ildən, biz bu hadisələrin qarşısını alandan sonra Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi üçün artıq müəyyən əsas və imkan yaratdıq. Bu sahədə bizim ən böyük nailiyyətimiz 1994-cü ilin sentyabr ayında Azərbaycanın zəngin neft və qaz yataqlarının işlənməsi və xalqın ondan istifadə etməsi, iqtisadiyyatın inkişaf etməsi və xalqın rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər olubdur. O da Qərbin böyük və müasir texnologiya və texnikaya malik olan neft şirkətləri ilə Azərbaycanın imzaladığı ilk müqavilə –"Əsrin müqaviləsi»dir. Bəli, 1994-cü ilin sentyabrında bu müqavilə Azərbaycanın düşmənlərinin köksünə bir süngü kimi sancıldı. Ona görə buna dözə bilmədilər. Azərbaycanda baş verən və dövlətçiliyin əleyhinə olan hadisələrin bir çoxu məhz bundan sonra başladı. Çünki daxildə olan adamlar da və xaricdə olanlar da bilirdilər ki, əgər Azərbaycan artıq bu cür addım atıbsa, deməli, Azərbaycan bundan sonra daha da uğurlu addımlar atacaqdır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan qüdrətlənəcək, Azərbaycan möhkəmlənəcəkdir. Ancaq bir bu deyildir. Biz keçmiş SSRİ məkanında, demək olar ki, bütün başqa müttəfiq respublikalarla müqayisədə torpaq islahatını ilk həyata keçirən respublikalardan biriyik. O vaxt çoxları şübhə edirdi ki, torpaq islahatı keçirsək, hər şey dağılacaqdır. Ancaq ötən illər göstərir ki, biz nə qədər düzgün yoldaydıq, biz nə qədər uzaqgörən idik. Çünki bunun nəticələri göz qabağındadır. Özəlləşdirmə proqramı, onun hazırlanması və həyata keçirilməsi... Bunu da biz çox ağılla, düşüncə ilə apardıq. Başqa ölkələrdə tələm-tələsik, ayrı-ayrı şəxslərin mənafeyinə uyğun olaraq keçirilən özəlləşdirmə hallarını öyrəndik, onlardan nəticə çıxardıq. Bunların əsasında özəlləşdirmə proqramı, demək olar ki, bütün başqa təcrübələrdən istifadə olunaraq tərtib edildi, həyata keçirildi. İndi özəlləşdirmə sürətlə irəli gedir və Azərbaycanın iqtisadiyyatında çox böyük rol oynayır.

Dövlət quruculuğu sahəsində, idarəetmədə struktur dəyişiklikləri... Biz bunları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün də həm təcrübə lazımdır, həm də gərək səhv buraxılmasın. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha da böyük imkanlar açılacaqdır. Hüquqi islahatlar keçirdik. Bizim bütün hüquq mühafizə orqanları, məhkəmə orqanlarının hamısı yenidən, dünya təcrübəsi əsasında təşkil olundu. Biz bunların da müsbət nəticəsini görürük – birinci növbədə xalq üçün, vətəndaşlarımız üçün, eyni zamanda həmin orqanların daha da səmərəli fəaliyyət göstərməsi üçün. Səhiyyə sahəsində islahatlar keçirilir. Onlar da öz nəticəsini verir. Beləliklə, artıq 1995-ci ildən başlayaraq indiyə qədər ötən 5-6 il ərzində biz çox böyük işlər görmüşük və yaxşı nəticələr əldə etmişik. Bunları danışarkən biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan dövlət müstəqilliyini heç də quru yerdə almayıbdır. Azərbaycanda müstəqillik arzusu ilə yaşayan xalq öz arzularını əsrlər boyu yerinə yetirə bilməyibdir. XX əsr bəşər tarixində böyük dəyişikliklər əsri olmuşdur. O cümlədən Azərbaycan üçün də. X1X əsrin sonunda və XX əsrin əvvəllərində Azərbaycanın vətənpərvər, mütəfəkkir insanları ölkəmizdə millətin içərisində olan müstəqillik arzularını gücləndirmək üçün milli oyanış, milli özünütanıma, öz millətini qiymətləndirmə fikirlərini ardıcıl olaraq oyatmağa başlamışdılar. Bizim böyük şəxsiyyətlərimiz X1X əsrin sonunda, XX əsrin əvvəllərində, əgər elə təkcə 1906-cı ildə böyük Cəlil Məmmədquluzadə tərəfindən nəşr olunan"Molla Nəsrəddin» jurnalını götürsək, o ağır dövrdə Azərbaycanda milli oyanış, milli dirçəliş, mədəniyyətə, dünyəvi həyata nə qədər təsir göstərmişdir, böyük arzu və istəklərin oyanmasının əsasını qoymuşdur. Böyük Üzeyir Hacıbəyovun əsrin əvvəlində yazdığı əsərlər dünyaya sübut etmişdir ki, Azərbaycan tarixən Şərq adət-ənənələrini, milli dəyərlərini daşıyan bir xalq kimi, eyni zamanda Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bir ölkə kimi, ümumbəşəri dəyərlərin hamısından istifadə etmək arzusundadır və inkişaf yolu ilə, tərəqqi yolu ilə getmək arzusundadır.

Bunların hamısı XX əsrin əvvəllərində Azərbaycanda xalqımızı daha da çox oyatdı, müstəqillik arzularını daha da artırdı, gücləndirdi. Təbii ki, o vaxt burada fəaliyyət göstərən müxtəlif siyasi xadimlərin də böyük xidməti olmuşdur. Bunlar hamısı bir yerdə bir proses təşkil etmişdir. Çar Rusiyası imperiyası dağılan zaman, o inqilabdan sonra, ümumiyyətlə, Birinci dünya müharibəsindən sonra dünyada yaranmış yeni bir şərait Azərbaycanın böyük insanlarını bu fürsətdən istifadə edib Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Onlar Şərq aləmində ilk dəfə Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti yaratdılar. Hesab edirəm ki, bu, bütün Şərq aləmində ən böyük qiymətə layiq olan tarixi hadisədir. Bunu Azərbaycan xalqı yaratdı, Azərbaycanın görkəmli şəxsiyyətləri, insanları yaratdı. Ancaq nə qədər ağır, çətin şəraitdə yaratdılar, onların qarşısında nə qədər maneələr var idi.

Bilirsiniz ki, əvvəlcə Cənubi Qafqaz ölkələri Zaqafqaziya seymi yaratmaq istəyirdilər. Sonra razılığa gələ bilmədilər, Gürcüstan, Azərbaycan, Ermənistan eyni zamanda dövlət müstəqilliyini bəyan etdi. Ancaq Azərbaycanda vəziyyət daha gərgin idi. Çünki Azərbaycan, yəni onun paytaxtı Bakı artıq başqa düşmən qüvvələrin əlində idi. Ona görə də ilk Xalq Cümhuriyyəti bir neçə ay öz ölkəsinin paytaxtına gələ bilmədi. Nəhayət, gəldi və ilk gündən böyük fəaliyyətə başladı. Xalq Cümhuriyyəti 23 ay yaşadı. Ancaq süqut etdi. Bu da tarixin o vaxtkı tələbləri idi. O vaxt, artıq Rusiya imperiyası dağılandan sonra kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın ərazilərinin hamısını ələ keçirməyə çalışdı. Bunun üçün yenə də Azərbaycan, Bakı xüsusi yer tuturdu. Təsadüfi deyil ki, Qızıl Ordu Cənubi Qafqaza öz yürüşünü Azərbaycandan, Bakıdan başladı. Təbiidir ki, belə bir şəraitdə Xalq Cümhuriyyəti artıq yaşaya bilməzdi. Mən bu gün bir də deyirəm, onların günahı deyil ki, o, yaşaya bilmədi. Doğrudur, orada daxili çəkişmələr də var idi, vuruşmalar da var idi. Ancaq bunlar da yeni qurulmuş bir hakimiyyət, dövlət üçün təbii qəbul olunmalıdır. Ancaq onların süqutunun əsas səbəbi Qızıl Ordunun Azərbaycana gəlib, Cənubi Qafqazı işğal etməsi oldu.

Biz bu gün Azərbaycanın dövlət müstəqilliyi aktı haqqında danışarkən, mütləq qeyd etməliyik ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin bərpasıdır. Bəli, biz onların varisiyik. Onların işinin davamçısıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda. Bu gün biz müstəqilliyimizin onuncu ildönümünü qeyd edərkən böyük iftixar hissi ilə deyə bilərik ki, on illik bu müstəqillik Azərbaycan xalqının müstəqillik arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən yüksəlmiş böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, indi Azərbaycan müstəqil dövlət olaraq, on il yaşayıb, bundan sonra da yaşayacaq və müstəqillik əbədi olacaq, daimi olacaqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə artıq onun böyük sosial-iqtisadi potensialı var idi, intellektual potensialı var idi, böyük mədəniyyəti, böyük təhsili var idi. 1920-ci ildən 1922-ci ilə qədər Azərbaycan Sosialist Respublikası kimi, müəyyən qədər müstəqil yaşayırdı. Baxmayaraq ki, kommunist, sosialist ideologiyası o dövlətin əsasını təşkil edirdi. 1922-ci ildə Azərbaycan SSRİ-yə daxil oldu və SSRİ o vaxt təşkil olundu. Amma biz o dövrü də unutmamalıyıq, o insanlara qiymət verməliyik. Biz bu yaxınlarda Azərbaycanın dövlət dili haqqında böyük bir qərar qəbul etdik. Azərbaycanda latın əlifbasını bərpa etdik. Ancaq unutmamalıyıq ki, ilk dəfə Azərbaycanın çoxəsrlik dövründə və bütün Şərq aləmində latın əlifbası 1923-cü ildə qəbul olunmuş qərardan başlayaraq tətbiq edilmişdir. Onları unutmamalıyıq. Ondan sonra, əlbəttə, dövr Azərbaycan xalqı üçün, bir tərəfdən, çox məşəqqətli olubdur, məhrumiyyətlər olubdur, qurbanlar verilibdir, insanlar günahsız repressiyaya uğrayıblar. İkinci tərəfdən də, Azərbaycanda xalq inkişaf edibdir, savadsızlıq tamamilə ləğv olunubdur. Ali təhsil ocaqları, universitetlər yaranıbdır, elmi müəssisələr yaranıbdır, böyük sənaye potensialı yaranıbdır, böyük iqtisadi potensial yaranıbdır. Mədəniyyətimiz çox sürətlə inkişaf edibdir. Ədəbiyyat, incəsənət inkişaf edibdir.

Biz iki gün bundan öncə Rəşid Behbudovun xatirə gecəsini keçirdik və bir daha gördük ki, o illər bizim mədəniyyətimiz nə qədər inkişaf edibdir. Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu bütün dünyaya nümayiş etdiribdir. Ancaq təəssüf ki, bunlar hamısı bizim müstəqilliyimiz vaxtı olmayıbdır. Biz ümumi bir dövlətin, SSRİ-nin, böyük imperiyanın tərkibində olmuşuq. Çox işlər görmüşük, amma çox şeylərdən də məhrum olmuşuq. Bunlara baxmayaraq, xalq yaşayıb, nəsillər nəsilləri əvəz edib, Azərbaycanın neft sənayesi və bütün başqa sahələr inkişaf edibdir. İndi bunlar bizim müstəqil dövlətimiz üçün böyük iqtisadi, sosial, elmi potensial yaradıbdır. Buna görə biz bu dövrü də layiqincə qiymətləndirməliyik. Tarixdə heç bir səhifə təhrif olunmamalıdır. Müsbəti müsbət, mənfini mənfi. Təəssüf olsun ki, konyukturaya uyan bəzi tarixçilər, yaxud yazıçılar, başqaları özlərini göstərmək üçün hər dövrün konyukturası çərçivəsində qeyri-obyektivliyə yol verirlər, ədalətsizlik edirlər. Bunlar olmamalıdır.

Biz keçmişdə olanları bağışlayırıq. Amma indi Azərbaycan, müstəqil dövlət, azad xalq, dünya xalqları içərisində öz yerini tutmuş bir xalq artıq buna yol verməməlidir. Bizim tariximiz böyükdür, çoxəsrlidir. Bizim minilliklərdən gələn tariximiz var. Biz"Dədə Qorqud» dastanının 1300 illiyini qeyd etdik. Bizdə nə qədər böyük iftixar hissi yaratdı. Hansı padşahın, hansı hakimiyyətin dövründə olub – fərqi yoxdur, bu, Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının böyük bir abidəsidir. Biz bununla bütün dünyaya sübut etdik ki, bəli, Azərbaycan xalqı belə qədim mədəniyyətə malikdir. Amma vaxtilə"Dədə Qorqud»u qadağan etmişdilər. Bu ədalətsizlikdir. Amma indi biz keçmiş tariximizdən hansı şeyi qadağan etsək, bu da ədalətsizlik olacaqdır. Ona görə, yenə də deyirəm, bizim xalqımızın tarixi həmişə obyektiv, ədalətli əks olunmalıdır. Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycanın dövlət dilinin, ana dilinin hakim olmasıdır. Vaxt var idi, Azərbaycanda Azərbaycan dilində danışanlar az idi. Hələ bəziləri indiyə qədər də öz ana dilini, Azərbaycan dilini yaxşı öyrənə bilməyiblər. Nə üçün? Çünki biz SSRİ-nin tərkibində idik. Ümumi bir dil var idi, dövlətin dili. Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi.  Ancaq biz bu təzyiqlərə dözdük. Hələ 1978-ci ildə qəbul olunmuş Konstitusiyada, bir çox başqa respublikalardan fərqli olaraq, Azərbaycan dili haqqında maddə yazdıq və Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğunu orada göstərdik. Amma bu da bizdə Azərbaycan dilinin hakim olmasını təmin edə bilmədi. Çünki biz böyük bir dövlətin içində idik. Bütün işlər o dildə keçirilirdi.

Amma indi biz Azərbaycan dilini, bizim ana dilimizi, millətimizin dilini hakim dil etmişik və bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan mədəniyyəti var və bu xalqın doğma ana dili, dövlət dili – Azərbaycan dili vardır. Bu on ilin son dövrü, yəni 1995-ci ildən sonra olan dövrü Azərbaycanın bütün sahələrdə inkişaf  dövrü olmuşdur. Biz bu inkişafı, adətən, rəqəmlərlə ifadə edirik. Əgər 1991-ci ildən indiyə qədərki on ili götürsək, 1991-ci ildən 1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatının bütün sahələri tənəzzülə uğramışdı. Həm sənaye istehsalı, həm kənd təsərrüfatı istehsalı, həm ümumi daxili məhsul və başqa iqtisadi göstəricilər ildə 20–25 faiz aşağıya enirdi. Təbiidir ki, bu da iqtisadiyyatı dağıdırdı. Burada inkişafdan söz gedə bilməzdi. İnsanların həyatını çox ağır vəziyyətə qoymuşdu. O vaxt inflyasiya yüksək idi. Təsəvvür etmək olar ki, xalqımız o illər necə əzab-əziyyətli dövr yaşadı. Amma yaşadı. Yaşadıq, inanaraq ki, biz bu ağır dövrü keçəcəyik.

Sonra isə biz ictimai-siyasi həyatda olduğu kimi, iqtisadiyyatda da sabitliyi təmin etdik, yəni tənəzzülün qarşısını aldıq və keçirilən müxtəlif islahatlar nəticəsində iqtisadiyyatımızı ardıcıl surətdə inkişaf etdirə bildik. İndi biz böyük inkişaf dövrü keçiririk. İqtisadiyyatda əsas göstəricilər makroiqtisadi göstəricilərdir. 1991-ci ildən 1995-ci ilə qədər ümumi daxili məhsul 58 faiz, sənaye məhsulu 67 faiz, kənd təsərrüfatı məhsulu 48 faiz azalmışdı. Görün nə qədər azalmışdı. Amma 1996-ci ildən 2001-ci ilə qədər ümumi daxili məhsul 57 faiz artmışdır. İqtisadiyyatı bilən adamlar yəqin razı olarlar ki, bu çox yüksək göstəricidir. Sənaye məhsulu 20 faiz artmışdır. Kənd təsərrüfatı məhsulu 30 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir. Əgər 1991–1995-ci illərdə kapital qoyuluşunun həcmi 43 faiz azalmışdırsa, 1996–2001-ci illərdə  4  dəfə artmışdır. Əgər 1991–1995-ci illərdə inflyasiyanın səviyyəsi ildə 14–18 dəfə artırdısa, görün bu, insanların həyatına nə qədər təsir edirdi. Çünki maaş az idi və əgər onu bir az artırsan da, inflyasiya onu tamamilə heç edirdi. Ona görə ki, istehlak mallarının qiyməti düşmək əvəzinə, inflyasiyaya görə artırdı. 1996–2001-ci illərdə isə, demək olar ki, inflyasiya yoxdur. Ümumən 15 faiz təşkil edir. Bu isə iqtisadimaliyyə nöqteyi-nəzərindən tamamilə normal bir haldır. Yəni inflyasiyanın tamamilə olmaması da mümkün deyildir. Bütün ölkələrdə inflyasiya var. Amma iş ondadır ki, inflyasiya hansı həcmdədir. Məsələn, son illəri xatırlayın. Dünyanın bir çox bölgələrində böyük inflyasiya baş verdi. Uzaq Şərqdə, Cənubi və Şərqi Asiyada, Rusiyada böyük inflyasiya – defold meydana çıxdı. Bu bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi və o ölkələrdə inflyasiyanın səviyyəsini artırdı. Amma biz bundan özümüzü qoruya bildik.

Mən bu gün sizə böyük iftixar hissi ilə deyirəm ki, dünyanın bütün müxtəlif bölgələrində baş vermiş güclü inflyasiya Azərbaycanın maliyyə-iqtisadi sahəsinə mənfi təsirini göstərə bilmədi. Biz inflyasiyanın qarşısını daim alırıq və manatın dəyəri dollara görə daim öz yerindədir. İqtisadiyyatın inkişafı üçün əsas amillərdən biri investisiya qoyuluşudur. Əgər iqtisadiyyata  ardıcıl surətdə investisiya qoyulmasa, olan iqtisadiyyat da ya yerində qalacaqdır, ya da get-gedə azalacaqdır. 1995–2001-ci illərdə iqtisadiyyata 34 trilyon manatdan çox, 9 milyard dollara yaxın investisiya yerləşdirilmişdir. Onlardan 25 trilyon manatı və ya 6 milyard dolları xarici investisiyanın payına düşür. Mən dünən Ukraynanın Xarici Işlər naziri ilə söhbət edirdim. Doğrudur, bunu bəlkə burda demək lazım deyil. Ancaq o böyüklükdə ölkə cəmi 4 milyard dollar xarici investisiya alıbdır. Neft sənayesinə 3,5 milyard dollar investisiya qoyulubdur. Digər sahələr və məqsədlər üçün isə 2,5 milyard dollar investisiya istifadə olunubdur. Bizim iqtisadiyyatımızın inkişafını təmin edən bunlardır.

İqtisadiyyatımızı inkişaf etdirmək üçün hər şeyə sərbəstlik verdik. Xarici ticarəti liberallaşdırdıq, sərbəstlik verdik. O vaxt da bunun əleyhinə çıxanlar, bunu təhlükəli hesab edənlər var idi. Ancaq  biz buna inanırdıq. Biz bunun nəticəsində indi başqa ölkələrlə ticarətimizi, mal mübadiləsini çox yaxşı vəziyyətə gətirib çıxarmışıq. Biz 120-dən çox ölkə ilə xarici ticarət aparırıq. 1995–2000-ci illərdə xarici ticarət dövriyyəsi 1991–1995-ci illərə nisbətən 2,2 dəfə artıbdır. O cümlədən ixrac 2,8 dəfə artıbdır. 1 milyard 700 milyon ABŞ dolları həcmində ixrac olubdur. İdxal isə 1,7 dəfə artıbdır. Bu da 1 milyard 200 milyon dollar edir. Bu müsbət dəyişikliyi görürsünüz. İxracın miqdarı artıb, idxalın miqdarı azalıbdır. İdxalın strukturunda daxili istehsalın inkişafı nəticəsində ərzaq məhsullarının payı azalır. İnvestisiya yönümlü malların, maşın və avadanlığın payı isə  artır. Bu da yaxın gələcəkdə iqtisadiyyatın inkişafı üçün real baza yaradır. Özəlləşdirmə, bütün iqtisadi islahatların, bütün sahələrdə olan islahatların həyata keçirilməsi iqtisadiyyatımızda, dediyim kimi, yüksək nəticələrə gətirib çıxarıbdır. İqtisadiyyatda özəl bölmənin, özəl sektorun payı ümumi daxili məhsulda indi 70 faizədəkdir. Sənayedə 48 faizdir. Kənd təsərrüfatında 99 faiz, ticarətdə 98 faiz, tikintidə 64 faiz, yük daşımalarında 54 faiz, sərnişin daşımalarında 83 faiz, rabitədə 61 faizdir. Bu göstəricilər nə deyir? Onu deyir ki, biz düz yoldayıq, özəlləşdirməni aparmışıq. Əgər özəlləşdirməni aparmasaydıq, torpaq islahatını aparmasaydıq, bu qədər yüksək göstəricilərə nail ola bilməzdik. Torpaq islahatı çox böyük nəticələr veribdir. Məsələn, bu il bizdə 2 milyon tondan artıq taxıl istehsal olunubdur. Bu, rekord rəqəmdir.

Mən keçmiş illərdə təsərrüfat işinin bilavasitə iştirakçısı kimi, bu işləri təşkil edən şəxslərdən biri kimi, onu deyə bilərəm ki, Azərbaycanda, adətən, 1 milyon 200 min tondan artıq taxıl istehsal olunmamışdır. Bu il isə 2 milyon ton taxıl istehsal olunubdur. Bu nə deməkdir? Torpaq verilib kəndlilərə, kəndlilər özləri əkirlər, özləri biçirlər, özləri becərirlər. Yüksək keyfiyyətli toxum sortlarından istifadə edirlər. Bunların nəticəsində, demək olar ki, Azərbaycan artıq özü-özünü taxılla təmin etmək ərəfəsindədir. Kartof istehsalı Azərbaycanda 3,8 dəfə artıbdır. Bu da rekord göstəricidir. Mən bir neçə dəfə bunu demişəm, bəlkə kiməsə kartof elə bir əhəmiyyət kəsb etmir, amma bizim ərzaq məhsulları içərisində, hesab edirəm ki, çox əhəmiyyətli rol oynayır. Yəqin ki, indi kababdan başqa digər yeməklərin hamısının içərisində kartof olur. Amma keçmişdə biz bu məhsulun qıt olmasından nə qədər əziyyət çəkirdik. Çünki özümüz istənilən qədər kartof istehsal edə bilmirdik. Bizə bunu Rusiyadan, Ukraynadan göndərirdilər. Onlar da ayrılmış normanı göndərmirdilər. Keyfiyyəti də aşağı olurdu. Biz bundan əziyyət çəkirdik. Hətta mən bunu bir dəfə demişəm, 1991–1992-ci illərdə burada bəzi, necə deyərlər, üzdəniraq biznesmenlər, fırıldaqçılar Azərbaycan neftini aparıb Polşada kartofa dəyişdirirdilər. Sonradan məlum oldu ki, o da heç kartof deyilmiş, başda şey imiş. Kartof əsasən bizim dağ rayonlarında istehsal olunur. Kartofçuluğun mərkəzi də Gədəbəy rayonudur. Mən o illərdə respublikanın başçısı olarkən, çox ciddi tələb edirdim ki, axı Gədəbəydə niyə kartof lazımi qədər istehsal olunmur? Min bəhanə gətirirdilər. Amma indi o qədər istehsal edirlər, heç bilmirlər ki, hara qoysunlar. Mənim xatirimdədir, biz az-az hallarda 100 min tondan artıq kartof istehsal edə bilirdik. 2001-ci ildə isə, demək olar ki, 600 min ton kartof istehsal olunmuşdur. Demək, 1995-ci ilə nisbətən kartof istehsalı 2,2 dəfə artmışdır. Tərəvəz... Bu da artmışdır. Bu il 916 min ton tərəvəz istehsal olunmuşdur. Bu, rekord göstəricidir. Bostan məhsulları, demək olar ki, 7 dəfə artmışdır. 288 min ton bostan məhsulları istehsal olunmuşdur ki, bu da rekord göstəricidir. Meyvə – giləmeyvə 50 faiz artmış, 502 min ton olmuşdur. Ət 40 faiz artmışdır. Süd 30 faiz artmışdır. Bizdə mal-qara çoxalıbdır. Mal-qaranı kəndlilərə paylayandan sonra onlar ondan çox səmərəli istifadə edirlər. Mal-qara çoxalıb. İndi hər bir vətəndaş özü görür ki, Azərbaycanda ət problemi yoxdur. Bəzən küçələrdə ət satırlar. Amma burada oturanların bir çoxunun yəqin xatirindədir ki, hətta 1980-ci illərdə – mən o vaxt burada işləyirdim – əti talonla verirdilər. Ayda hər adama bilmirəm 1 kiloqram, yoxsa 2 kiloqram ət verirdilər. Ondan artıq vermirdilər. Bax, budur kənd təsərrüfatında aparılan islahatların nəticəsi, budur bazar iqtisadiyyatının nəticəsi, budur bizim gördüyümüz işlərin nəticəsi. Bütün bunların hamısı təbiidir ki, bir əsas hədəfə – xalqın rifahını yaxşılaşdırmağa, sosial problemləri həll etməyə yönəldilibdir. Demək olmaz ki, bunun hamısını həll etmişik. Yox. Ancaq 1995–2000-ci ilə qədər Azərbaycanda işləyən adamların orta aylıq əmək haqqı 3,5 dəfə artıbdır. Orta aylıq pensiyaların məbləği 4 dəfə artıbdır. Indi bir işçinin orta aylıq nominal əmək haqqı 255 min manatdır. Bu da 55 ABŞ dolları təşkil edir.

Təbiidir, mən hesab etmirəm ki, bunlar bizim xalqımızın, işləyənlərin bütün tələbatlarını təmin edir. Yox. Mən özüm bunu gənaətbəxş hesab etmirəm. Ancaq hər şey bir gündə, bir ildə olmur. Amma görün artım nə qədərdir – 3,5 dəfə, 4 dəfə. İndi, sağlıq olsun, bundan sonra daha da artıracağıq. Beləliklə, insanların rifahı daha da yaxşılaşacaqdır. 2000-ci ildə məcburi köçkünlərin yemək xərci 3 dəfə artmışdır. Bir göstərici də var. Buna bəlkə heç kəs fikir vermir. Heç kəsi maraqlandırmır. Amma bu çox mühüm bir göstəricidir. Keçmişdə də biz həmişə müqayisə edirdik ki, hansı ölkədə insanların orta ömrü neçə ildir? Yaponiyada orta ömür ən yüksəkdir. İkinci bir sosial göstərici də vardır – hər min doğulana görə uşaq ölümü neçə faizdir. Yadımdadır, insanların ömrünün az olmasına görə yox, uşaq ölümünə görə Azərbaycanı tənqid edirdilər ki, SSRİ-nin başqa respublikalarının bir çoxundan fərqli olaraq, hər min doğulana görə uşaq ölümü o biri respublikalardan çoxdur. Düzdür, bizdə o vaxt Şirəli Müslümov vardı, 140 il yaşamışdı, Eyvazov vardı, 150 il yaşamışdı. Bunlar az idi. Amma Azərbaycanda orta ömür SSRİ-nin bəzi respublikalarına nisbətən aşağı idi, dünyanın inkişaf etmiş ölkələrindən də aşağı idi. Bunun da səbəbi məlumdur: həm sosial problemlər, həm ərzaq problemi və başqa problemlər. İndi mən sizə bunu demək istəyirəm ki, 1995–2000-ci illərdə əhalinin orta ömür müddəti 2,5 il artmışdır. Düzdür, qadınların ömrü bir qədər az – 2,2 il artmışdır, kişilərinki isə 2,9 il artmışdır. Uşaq ölümünün isə əmsalı 2 dəfəyə yaxın azalmışdır. Bunlar Azərbaycanın iqtisadiyyatında gedən dəyişikliklərin son nəticələridir.

Bunları çox adam unudur. Amma biz – dövləti idarə edən adamlar bunları unutmuruq. Bunların hər birinə biz fikir veririk. Bütün bunların nəticəsində bizim hər il dövlət büdcəmizin həcmi artır. Məsələn, 1993–1994-cü  illərdə Azərbaycanın dövlət büdcəsi, demək olar, 277 milyard manat təşkil edirdi. Amma indi, 2001-ci ildə 3,6 trilyon manata çatıbdır. Gələn ilin büdcə gəliri isə 4,2 trilyon manat nəzərdə tutulmuşdur ki, bu da 900 milyon dollardan çoxdur. Görün büdcəmiz nə qədər artıbdır. Büdcə ona görə artıbdır ki, gəlirlərimiz çoxalıbdır. Gəlirlərimiz artıbdır, ona görə ki, istehsal çoxalıbdır. Özəlləşmə, xüsusi mülkiyyət, bizim apardığımız bütün başqa-başqa tədbirlər... Bizim Vergilər Nazirliyi və Gömrük Komitəsi vergilərin hamısını toplaya bilsəydi, bəlkə gəlirlərimiz bundan da artıq ola bilərdi. Arzu edirəm ki, onlar bunu nəzərə alsınlar. Bunları deyərək, heç də sizi arxayın salmaq istəmirəm. Heç də göstərmək istəmirəm ki, biz qarşımızda duran vəzifələri yerinə yetirmişik. Ancaq hər şey dinamikada, müqayisədə qiymətləndirilə bilər. Bu on ildə bizim keçdiyimiz dövr, mən qeyd etdim: birinci dövr – 1991-ci ildən 1995–1996-cı illərə qədər, ikinci dövr isə 1996-cı ildən 2001-ci ilə qədər. Görün nə qədər fərq var. Mən bir də deyirəm, əgər bütün bu işləri, yəni bazar iqtisadiyyatı, islahatlar, başqa tədbirlər, nizam-intizamın möhkəmlənməsi və s. – bunları həyata keçirməsəydik, biz bu nəticələri əldə edə bilməzdik. Bu göstəricilərə görə Azərbaycan MDB-yə daxil olan ölkələr, keçmiş Sovetlər İttifaqına mənsub olan respublikalar içərisində ön sıralarda gedir.

Ancaq biz yaxşı dərk edirik ki, Azərbaycanda hələ işsizlik problemini də həll edə bilməmişik. Bu bizi incidir. Amma bunu anlamaq da lazımdır. Çünki vaxtilə yaranmış böyük sənaye müəssisələri indi müxtəlif səbəblərdən tam gücü ilə işləmir, yaxud heç işləmir. Səbəb də ondan ibarətdir ki, vaxtilə vahid sovet iqtisadiyyatı vardı, hər bir müəssisə nə isə istehsal edib başqasına verirdi. Zavod da, müəssisə də, insanlar da işləyirdi. Onun məhsulunun nəticəsindən asılı olmayaraq, o öz maaşını da alırdı. Amma indi yox. İndi bazar iqtisadiyyatıdır. Vaxtilə bizim yaratdığımız, xüsusən mən işlədiyim dövrdə yaratdığımız böyük zavodlar, böyük fabriklər indi 15–20 faiz gücü ilə işləyir. Nə üçün onları biz o vaxt işlədə bilirdik, indi yox? Çünki indi, birincisi, istehsal olunan məhsul gərək dünya rəqabətinə davam gətirə bilsin, ikincisi, özünə bazar tapa bilsin. İndi təsəvvür edin, Azərbaycanda mağazalara baxırsan, dünyanın hər yerindən nə qədər müxtəlif mallar gətirib satırlar. Özü də – mən o gün şəhərə çıxmışdım, gəzirdim, mağazalara baxırdım – hansı mağazaya girirsən, elə bil ki, Parisin mağazasına girirsən, yaxud Nyu-Yorkun mağazasına girirsən. Hər şey var. Soruşuram, ticarət necə gedir, deyirlər ki, yaxşı gedir. Amma nəticə çıxardıram, nə üçün yaxşı gedir, çünki malı xaricdən gətirir. Bunun gətirilməsi üçün haqq verir, burada satır, mənfəət götürür, yenə də alıb gətirir. Əgər o, mənfəət götürməsə, ikinci dəfə o malı almaz. Amma bu mal satılmasa, yenidən həmin malı alıb gətirə bilməz. Demək, bunun son nəticəsi odur ki, Azərbaycanda insanların alıcılıq imkanları xeyli artıbdır. Əgər belə olmasaydı, mağazalarda dünyanın müxtəlif ölkələrindən gətirilən bir belə mallar satılmazdı. Onlar muzey düzəltməyiblər ki, gətirib bu malları düzsünlər. Onlar ticarət edirlər. Özü də hərəsi bir sahibkardır. Hərəsi özü üçün pul qazanır.

İndi Bakıya gələnlər çoxdur. Hər dəfə mənə deyirlər ki, Bakıda nə qədər böyük tikintilər gedir. Dövlət heç bir şey tikmir. Bunları şəxsi firmalar tikir. Amma gözəl evlər tikirlər. Bunu da mən özüm üçün araşdırıram. Mən bilirəm ki, sovet dövründə bir ev tikmək üçün nə qədər vəsait, nə qədər material lazım idi, hansı çətinliklərlə sement, daş gətirilirdi, ayrı-ayrı mexanizmlər gətirirdilər və sair. Amma indi firma bunu edir. Nə üçün edir? Çünki evi tikir, mənzilləri satır, pul qazanır. Deməli, onun əsas məqsədi bu əməliyyatdan pul qazanmaqdır. Amma əgər Azərbaycanda həmin mənzilləri, həmin evləri almaq imkanı olmasaydı, o evi necə tikə bilərdi? Firma bir evi tikir, pul qazanır, o birini tikir. Oradan da pul qazanır, digərini tikir. Deməli, görürsünüzmü, nə qədər böyük bir proses gedir. Bu proses də təbiidir ki, müsbət prosesdir. Bunların hamısı Azərbaycanda yaranmış şəraitin, bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın, sahibkarlığın nəticəsidir. Mən bu gün bəyan edirəm ki, bunların nəticəsini bilərək biz bundan sonra da bazar iqtisadiyyatına geniş imkanlar verəcəyik. Mən bir də deyirəm ki, bütün hüquq-mühafizə orqanları, başqa orqanlar sahibkarların işinə qarışmasınlar. Hərə öz işini görsün, vergisini versin. Qalan işlərə qarışmaq lazım deyildir.

Mən bu gün bu on il və ondan əvvəlki dövr haqqında bir qədər geniş məlumat verərkən, təbiidir, istəyirəm ki, xalqımız yaxşını da bilsin, pisi də bilsin. Mən dedim ki, bizim bir çox çətinliklərimiz, problemlərimiz var. İşsizlikdir, yoxsulluqdur. Bu proqramlar üzərində biz işləyirik. Ən ağır problemimiz Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyona qədər Azərbaycan vətəndaşının qaçqın-köçkün şəraitində yaşamasıdır. Biz 1994-cü ilin may ayında müharibəni dayandırdıq. Çox il keçibdir, 7 il keçibdir. Bəziləri düşünə bilər ki, müharibəni niyə dayandırdıq? Onda gəlin baxaq, ondan əvvəlki müharibə Azərbaycana nə verdi: qanlar töküldü, şəhidlər verdik, daxili-ictimai vəziyyət pozuldu, iqtisadiyyatımız tənəzzülə uğradı, heç bir nəticə də əldə olunmadı. Nə üçün belə oldu? Çünki hələ 1988-ci ildə Ermənistanın millətçi dairələri Dağlıq Qarabağda olan, separatçı əhval-ruhiyyə  ilə yaşayan bəzi insanları qızışdırıb, bu məsələni ortaya atandan sonra Azərbaycanın o vaxtkı rəhbərləri bunların qarşısını ala bilmədi. Təsəvvür edin, dörd il Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın da, Ermənistanın da SSRİ-nin tərkibində olduğu dövrdə olubdur. Dörd il... Böyük bir dövlət, onun tərkibində olan bərabər hüquqa malik 15 respublika idi. Bəs nə üçün bu xalq birləşə bilmədi, nə üçün Azərbaycanın rəhbərləri vaxtında, bir dövlətin tərkibində olarkən bunun qarşısını ala bilmədi? Nə üçün? Yenə də dediyim sözlərə gəlirəm. Xalq o vaxt ayağa qalxdı. Xalq Azərbaycana qarşı olan ədalətsizliyə qarşı etirazlar etdi, meydanlara çıxdı. Ancaq xalqla Azərbaycanı idarə edənlərin arasında birlik olmadı. Bu xalqın gücündən istifadə edib o münaqişənin qarşısını almaq əvəzinə, onların bəziləri burada daxili intriqalarla, öz şəxsi işləri ilə məşğul idilər.

Dağlıq Qarabağ, faktiki olaraq, 1989-cu ilin yanvar ayında Azərbaycandan ayrılıb. Xatırlayın, o vaxt SSRİ Ali Soveti qərar çıxartdı ki, Dağlıq Qarabağın idarə edilməsi üçün xüsusi idarəetmə komitəsi yaradılsın və bu, birbaşa SSRİ hökumətinə tabe olsun. Buna yol vermək olardımı? İndi biz deyirik ki, bəli, Dağlıq Qarabağ Azərbaycanın ən qədim torpağıdır. Bu belədir, bizim doğma torpağımızdır, orada bir qisim ermənilər yaşayıb, bir qisim azərbaycanlılar yaşayıblar. Heç bir ölkədə əhalinin tərkibi təkcə bir millətdən ibarət deyildir. Ancaq buna necə razılıq vermək olardı ki, hələ 1989-cu ildə Dağlıq Qarabağı Azərbaycanın icərisindən çıxarıb Moskvaya tabe etsinlər. Bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsası qoyuldu. Ondan sonra aparılan  danışıqlar, vuruşlar, nə bilim, sonra müharibə, filan – bunların hamısı nəticə vermədi. Çünki o vaxt fürsət əldən verilmişdi. Dağlıq Qarabağın müqəddəratı o vaxt müəyyən qədər həll olunmuşdu. Amma bunlara baxmayaraq, biz indi müstəqil dövlət olaraq bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Bilirsiniz ki, Minsk qrupu fəaliyyət göstərir. Onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır. İndi çox danışıqlar gedir, istənilən nəticəni vermir. Təbiidir ki, gərək, birincisi, həm Ermənistan, həm də Azərbaycan beynəlxalq hüquq normalarına riayət etsinlər. Ermənistan buna riayət etmir. İkincisi də, yaranmış belə şəraitdə müəyyən, bərabər çəkidə kompromislər olmalıdır. Ermənistan bunu da etmir. Ona görə də vəziyyət hələ ki, olduğu kimi qalıbdır.

Ancaq mən ümidvaram və qəti ümidvaram ki, bu danışıqlar, Minsk qrupunun fəaliyyəti nəticəsində biz torpaqlarımızın işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və yerindənyurdundan didərgin düşmüş insanların öz torpaqlarına qayıtmasına, onların orada yenidən həyat qurmasına nail olacağıq. Biz buna sülh yolu ilə nail olmaq istəyirik. Ona görə də dözümlülük göstəririk. Çox dözmlülük göstəririk. Ancaq hamı onu da bilməlidir ki, Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə verə bilməz. Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər sülh yolu ilə həll edilməsə, bizim bütün imkanlarımız, güclü ordumuz vasitəsilə bu məsələni həll edəcəyik.

İndi Dünya Birliyi çox təhlükəli hadisələrlə rastlaşıbdır. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarına qarşı edilən terror aktı, demək olar ki, bütün bəşəriyyətə, bütün insanlığa, azadlığa, demokratiyaya qarşı edilən bir aktdır. Biz ilk dəqiqədə bəyan etdik ki, bu aktı pisləyirik, terroru pisləyirik və terrorun kökünün kəsilməsi üçün bütün tədbirlərin həyata keçirilməsində öz fəaliyyətimizi göstərməyə hazırıq. Amerika Birləşmiş Ştatlarına bildirmişik və onlar bilirlər ki, biz bu barədə onlarla birik və bir alyansdayıq. Bu hadisə, əlbəttə ki, bütün dünyanı çalxalayıbdır. Ancaq belə hadisələr bizim üçün yeni deyildir. Bizim ölkəmiz 1988-ci ildən terrora məruz qalmış bir ölkədir. Xalqımız o illərdən terrora məruz qalmışdır. Terror əvvəllər ayrı-ayrı insanlara qarşı, sonra bütün xalqa qarşı edilibdir. Çoxsaylı terrorlar haqqında Avropa Şurasında bizim nümayəndə heyəti çox geniş məlumat verdi və orada çox böyük təəssürat yaratdı. Ona görə də biz terrorun nə qədər təhlükəli olduğunu çoxlarından yaxşı bilirik. Terror gərək yer üzündən götürülsün. Kimə qarşı olursa-olsun. Biz terrorun kökünün kəsilməsi üçün öz payımızı verəcəyik. Ancaq eyni zamanda bütün Dünya Birliyi də bilməlidir ki, Azərbaycana edilən terrorun da qarşısı alınmalıdır.