Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabet Consun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 26 avqust 2001-ci il


Elizabet Cons: Cənab prezident, çox sağ olun ki, məni qəbul edirsiniz.

Heydər Əliyev: Mən də sizinlə görüşümdən məmnunam.

Hörmətli xanım Cons!

Hörmətli səfir!

Mən sizi salamlayıram. Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının ilk nümayəndəsini qəbul etməkdən çox məmnunam. Mən çox şadam ki, Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Azərbaycana və ümumiyyətlə, bizim bölgəyə diqqət göstərir. Hesab edirəm ki, indiyə qədər toplanmış təcrübə əsasında Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişafını təmin etmək üçün böyük imkanlarımız vardır. Buyurun, sizi dinləyirəm.

Elizabet Cons: Cənab prezident, məlum olduğu kimi, Azərbaycan artıq 10 ildir ki, müstəqilliyini yaşayır. Mənim üçün böyük şərəfdir ki, yeni administrasiyanın nümayəndəsi kimi Azərbaycana səfər edirəm və bu münasibətlə Sizə öz salamlarımı yetirirəm.

Məlum olduğu kimi, Azərbaycan Amerika Birləşmiş Ştatları üçün çox əhəmiyyətli bir ölkədir. Bu imkanlardan istifadə edərək mən Sizinlə fikir mübadiləsi aparmaq istərdim. Qarşılıqlı fikir mübadiləsi zamanı biz əlaqələrimizi necə inkişaf etdirmək haqqında düşünək.

Təxminən 10 il ərzində müstəqil ölkə kimi Azərbaycan böyük nailiyyətlər əldə etmişdir və biz bunu müşahidə etməkdən çox məmnunuq. Mən istərdim ki, bu gün Sizinlə Xəzər regionu haqqında söhbət edək, iqtisadi məsələləri, bu bölgəyə, dünyaya aid siyasi məsələləri müzakirə edək və eyni zamanda demokratiya və insan hüquqları haqqında danışaq.

Eyni zamanda istərdim ki, bugünkü görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını, status məsələsini də Sizinlə müzakirə edək. Həmçinin İranla yaranmış xoşagəlməz vəziyyət haqqında söhbət edək.

Fürsətdən istifadə edərək, mən həm də istərdim ki, Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu vurğulayım. Mən prezident Buşun Sizə salamlarını yetirirəm. Çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Əvvəla, prezident cənab Buşun salamlarını mənə gətirdiyiniz üçün təşəkkür edirəm. Rica edirəm mənim salamlarımı, hörmət və ehtiramımı, ən xoş arzularımı prezident cənab Buşa çatdırasınız.

Sizin bəyan etdiyiniz və mənimlə müzakirə etmək istədiyiniz məsələlər - bizim üçün ən vacib məsələlərdir. Bilirsiniz ki, Sizin ölkə ilə Azərbaycan arasında son illər bu sahədə həm intensiv əməkdaşlıq, həm də belə əlaqələr olmuşdur.

Hər bir məsələnin öz yeri vardır. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim üçün birinci yerdə duran məsələdir. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları 1997-ci ildən ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin sülh yolu ilə həll olunması üçün öz səylərini göstəribdir.

Bir çox görüşlər keçirmişik, danışıqlar aparmışıq. Ancaq hələ ki, bir nəticə əldə edə bilməmişik. Ona görə də mən bu məsələni birinci yerdə qoyuram. Təbiidir ki, qalan məsələlərin də hamısı vacibdir. Bu məsələlərin hamısı haqqında mən sizinlə fikir mübadiləsi aparmağa hazıram.

Mən çox məmnunam ki, Siz Azərbaycanın dövlət müstəqilliyi dövründə, yəni ötən 10 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında müsbət fikirlərinizi söylədiniz. Təbiidir ki, bu, bizim üçün çətin, ağır, ancaq eyni zamanda şərəfli yol olmuşdur. Biz bu illərdə çox çətin yollardan keçərək müstəqil dövlətimizin yaşaması, inkişaf etməsi üçün bir çox işlər görmüşük və xeyli nailiyyətlər əldə etmişik. Ancaq bizim müstəqilliyimizə mane olan, Azərbaycanın iqtisadi inkişafında və siyasi həyatında çox çətinliklər törədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində çox irəli gedə bilməmişik. Doğrudur, biz 1994-cü ildə müharibəni dayandırmışıq, atəşkəs haqqında razılığa gəlmişik. 7 ildir ki, müharibə yoxdur. Ancaq tam sülhə də nail ola bilməmişik. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Vətəndaşlarımızın, soydaşlarımızın bir milyon nəfəri yerindən-yurdundan didərgin düşübdür, çadırlarda yaşayır. Onların vəziyyəti həddindən artıq ağırdır. Əgər nəzərə alsaq ki, son vaxtlar dünyanın bir çox humanitar təşkilatları bizim qaçqınların yaşaması üçün etdikləri yardımları azaldıblar və bizi xəbərdar ediblər ki, gələn il bu yardım tamamilə kəsiləcəkdir, onda təsəvvür etmək olar ki, bu məsələ bizim üçün nə qədər vacib problemdir. Ona görə də bu barədə Sizin dəstəyinizə, sizin köməyinizə ehtiyacımız olduğunu biz daim bildirmişik. Ona görə mən təklif edirəm, birinci növbədə bu barədə fikir mübadiləsi aparaq. Çünki mən görüşümüzün əvvəlində dedim ki, yeni administrasiyanızın ilk nümayəndə heyətini biz Azərbaycanda görürük. Son aylar, xüsusilə də Ki Uest görüşündən sonra da Minsk qrupu həmsədrlərinin fəaliyyəti, demək olar ki, dayanıbdır.

Mən çox arzu edirəm bilim ki, yeni administrasiya bu barədə və ümumiyyətlə, Qafqaz bölgəsindəki vəziyyətin normallaşması üçün nə işlər görmək niyyətindədir, bundan sonra bu sahədə bizim əməkdaşlığımız nə səviyyədə olacaqdır.

Xəzər hövzəsi ilə bağlı, bizim çox yaxşı əməkdaşlıq etdiyimiz Azərbaycan neftinin və qazının ixrac olunması ilə əlaqədar məsələləri və başqa məsələləri, hesab edirəm ki, söhbətimizin ikinci mərhələsində müzakirə edə bilərik. Mən bizim Dövlət Neft Şirkətinin nümayəndələrini də dəvət etmişəm. Bu məsələni qurtarandan sonra onlar da o biri məsələlərin müzakirəsinə qatıla biləcəklər.

Elizabet Cons: Cənab prezident, Sizin istədiyiniz kimi, biz söhbətimizə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsindən başlaya bilərik. Lakin bundan əvvəl demək istərdim ki, Amerika Birləşmiş Ştatları bu prosesə möhkəm dəstəyini bildirir. Bu məsələnin sülh yolu ilə həll olunmasında ATƏT-ə daim öz yardımını ifadə edir. Yadda saxlamaq vacibdir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Buş da, dövlət katibi Pauel də, professor Rays da bu məsələyə qatılmışlar. Onlar bu məsələni çox yaxından izləyirlər. Onlar Azərbaycanın Ermənistanla atəşkəs əldə etməsinə böyük rəğbət hissi ilə yanaşırlar və Sizin bu günədək gördüyünüz işləri yüksək qiymətləndirirlər.

Həmsədrlər də bu məsələni çox yaxından izləyirlər. Amerika Birləşmiş Ştatları kimi biz öz tərəfimizdən bu məsələyə çox diqqətlə yanaşırıq. Bizim prezidentimiz cənab Buş bu məsələlər barədə daim müzakirələr aparır, məsləhətçilərini dinləyir. İyun ayında Lublyanada Rusiya prezidenti Putinlə görüşərkən bu məsələ müzakirə olunmuşdur, daha sonra, iyul ayında Genuyada görüşərkən prezident Buş cənab Putinlə bu məsələ haqqında bir daha söhbət etmişdir. Onu da demək istəyirəm ki, həmsədrlərin tərkibində Amerika Birləşmiş Ştatları tərəfindən bu yaxınlarda dəyişiklik gözlənilir. Cənab Perina tezliklə həmsədr kimi fəaliyyət göstərəcəkdir.

Bundan əvvəl isə o, Kavano ilə görüşərək fikir mübadiləsi aparacaqdır. Biz çalışacağıq ki, o, həmin missiyanı Kavanodan qəbul etməklə bərabər, həm də problemi tam dərk edə bilsin.

Cənab prezident, məlum olduğu kimi, Ki Uest görüşü zamanı bu məsələdə müəyyən tərəqqi əldə olunmuşdur. Hazırda çox şey həmsədrlər, eləcə də Azərbaycan və Ermənistan tərəfindən işlənməlidir ki, cəmiyyət də məsələni anlaya bilsin. Məsələ bir tərəfdə şişirdilməsin, cəmiyyət tərəfindən qəbul olunsun.

Hər şeydən əvvəl isə, çox vacibdir ki, - yəqin Siz də razılaşarsınız, - heç bir tərəf münaqişənin hərbi yolla həll olunmasına cəhd göstərməsin və məsələnin sülh yolu ilə həllinin region üçün vacib olduğunu tam dərk etsin, anlasın.

Cənab prezident, Siz Ki Uestdə açıq qalan sualları Ermənistan tərəfi ilə müzakirə edə bilərsinizmi?

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin bəyan etdiyiniz fikirlərə görə mən çox məmnunam. Ermənistan prezidenti Koçaryanla mənim bu danışıqlarım artıq 1999-cu ildən mütəmadi olaraq keçirilir. Bu ilin yanvar və fevral aylarında Parisdə, sonra isə aprel ayında Ki Uestdə keçirilən görüşlər zamanı biz geniş fikir mübadiləsi apardıq. Bəzi məsələlər haqqında razılığa gəlməsək də, hərə öz fikrini bəyan etdi. Bu xüsusilə, qarşılıqlı kompromislərə aid idi. Mən hesab edirəm ki, Ki Uest görüşləri çox vacib idi. Amma deyək ki, biz orada irəliyə doğru böyük bir addım ata bildik - yox, mən bu fikirdə deyiləm. Çünki Ermənistan tərəfinin Parisdə və Ki Uestdə bəyan etdikləri havada qaldı. Bununla əlaqədar, yaranmış vəziyyətlə bağlı bizim müəyyən fikirlərimiz dəyişdi. Ancaq mən Azərbaycan tərəfi olaraq birbaşa, eləcə də həmsədrlərin iştirakı ilə görüşlərin aparılmasının tərəfdarıyam.

Siz deyirsiniz ki, gərək məsələnin sülh yolu ilə həll olunması istiqamətində iş getsin və yenidən güc işlədilməsinə yol verilməsin. Biz, Azərbaycan buna sadiqik və sadiq olacağıq. Ancaq bir də dediniz ki, Ermənistanda, Azərbaycanda cəmiyyətlərin anlayacağı, qəbul edə biləcəyi hansısa qərarlar meydana çıxmışdır. Bu barədə gərək həm Ermənistanın, həm Azərbaycanın cəmiyyəti qəbul edə biləcək razılığa gəlinsin. Ancaq hər tərəf hesab etsə ki, onun əldə etdiyi gərək onun cəmiyyətini təmin etsin, o birinin cəmiyyətini təmin etsə də, etməsə də olar - onda bu, böyük bir nəticə verməz. Biz bundan sonra öz işimizi gərək, bax, bu istiqamətdə aparaq. Siz də, sadəcə olaraq, müşahidəçi yox, bu prosesin fəal iştirakçısı olmalısınız.

Elizabet Cons: Cənab prezident, Sizin dedikləriniz tamamilə doğrudur. Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının Administrasiyası, prezident Buş da, mən elə bilirəm ki, prezident Şirak da, prezident Putin də bu fikirdədirlər ki, hər iki tərəf, hər iki ölkə - Ermənistan və Azərbaycan cəmiyyətləri məsələni qəbul etməlidirlər. Həm prezident Buş, həm prezident Şirak, həm də prezident Putin əmindirlər ki, Sizin böyük təcrübəniz var, cəmiyyət arasında böyük hörmətiniz var və Azərbaycanın maraqlarına tam uyğun olaraq bir formula işlənib hazırlanmalıdır və cəmiyyət bunu qəbul etməlidir.

Əlbəttə ki, ATƏT beynəlxalq bir təşkilat kimi danışıqları tezləşdirə və sürətləndirə bilər. Yeni ideyalar gətirə bilər. Lakin düşünürük ki, Azərbaycan cəmiyyətinin tam inandırılmasını, cəmiyyətdə fikrin formalaşdırılmasını, ilk növbədə Siz edəcəksiniz.

Heydər Əliyev: Mən edəcəyəm, ancaq o şərtlə ki, beynəlxalq hüquq normaları, prinsipi təmin oluna bilsin. Siz dediniz ki, Azərbaycanın mənafelərini təmin edən formula hazırlansın. Bizim ölkənin mənafelərini təmin edən beynəlxalq hüquq normalarıdır. Bunun da ən birinci prinsipi ölkəmizin ərazi bütövlüyüdür. Əgər ərazi bütövlüyünün bərpa olunması məsələsi həll edilə bilərsə, bütün başqa məsələləri izah etmək, cəmiyyətə anlatmaq və cəmiyyətin dəstəyini əldə etmək mümkündür. Amma bu olmasa heç bir nailiyyət əldə etmək olmaz. Mən isə nə qədər böyük təcrübəyə və Azərbaycanda nə qədər böyük dəstəyə malik olmağıma baxmayaraq, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənafeyinə zərər gətirən heç bir şeyi hörmətimdən, təcrübəmdən, siyasi biliyimdən istifadə edərək öz xalqıma anlada bilmərəm və anlatmaram.

* * *

Bazar günü yaxşı işləyirik. Adətən, ABŞ-da "uikend" olur, amma biz heç bir "uikend" edə bilmirik.

Yaxşı, indi söhbətimizin ikinci hissəsinə keçə bilərik. Bu da ki, sizi maraqlandıran Xəzər hövzəsindəki bugünkü vəziyyət və bununla əlaqədar fikir mübadiləsidir. Ona görə mən sizə söz verirəm. Buyurun. Hansı məsələlər sizi maraqlandırır?

Elizabet Cons: Cənab prezident, çox sağ olun ki, məni bu gün - bazar günü qəbul edirsiniz. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Görüşümüzün birinci hissəsində mən qeyd etdim ki, bu region Amerika Birləşmiş Ştatları üçün böyük əhəmiyyət daşıyır. İstərdim ki, öz çıxışıma nümayəndə heyətimizi Sizə təqdim etməklə başlayım. Əlbəttə ki, bizim çox bacarıqlı səfirimiz cənab Uilsonu Siz yaxşı tanıyırsınız. Səfirin yanında oturan xanım onun yeni birinci müavini Nənsi Makeldaunidir. Xanımın yanında oturan cənab Deyvid Viddondur, o, səfirliyin siyasi şöbəsinin rəisidir. Mənim yanımda oturan cənab Donald Ludur. O, Dövlət Departamentində Qafqaz və Mərkəzi Asiya üzrə ofisin direktor müavinidir, Azərbaycanın məsələləri ilə məşğul olur. Siz yəqin ki, əvvəllər də onunla görüşmüsünüz. O, cənab Sestanoviçin müavinidir. Onun yanında oturan cənab Mişel Lalidir. O, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışır.

Cənab prezident, Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində Azərbaycanla Amerika Birləşmiş Ştatları çox yaxın əməkdaşlıq edir. Bu, Amerika Birləşmiş Ştatları üçün ən vacib məsələdir.

Xəzər enerjisi Amerika Birləşmiş Ştatları üçün o qədər vacibdir ki, biz xüsusi səfir təyin etmişik. Səfir Stiv Mən mənim yerimə təyin olunmuşdur. O, məxsusi olaraq Xəzər regionu məsələləri ilə məşğul olacaqdır.

Heydər Əliyev: Siz bu işlə az bir müddət məşğul oldunuz.

Elizabet Cons: Doğru deyirsiniz, həqiqətən mən çox qısa bir müddət məşğul oldum. Mən istəyirdim ki, uzun müddət işləyim, lakin mənə daha məsul bir iş tapşırdılar.

Heydər Əliyev: O, daha yüksəyə qalxmaq üçün sizə tramplin oldu.

Elizabet Cons: Bəli, həqiqətən bu çox məsul bir iş idi. Bu məsul işdən sonra məni daha məsul bir vəzifəyə təyin etdilər.

Heydər Əliyev: Onsuz da yenə bu işlə məşğul olacaqsınız. Amma daha yüksək pillədə.

Elizabet Cons: Doğrudur, daha geniş səpkidə. Eləcə də iqtisadi məsələlərdə də Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu günə qədər çox yaxşı münasibətlər yaranmışdır. Bu günə qədər biz məhsuldar əməkdaşlıq etmişik, enerji sahəsində konstruktiv iş görmüşük, kommersiya sahəsində işləmişik və hüquqi məsələlərdə əməkdaşlıq etmişik. Bunun nəticəsidir ki, Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycanda fəal işləyirlər.

Bakı-Tbilisi-Ceyhan kəməri artıq kommersiya reallığına çevrilmişdir. Bu layihənin həyata keçməsi Amerika Birləşmiş Ştatları üçün çox vacib bir məqamdır. Biz göstərmək istəyirik ki, bu, Birləşmiş Ştatlar üçün yalnız siyasi bir "yuxu" deyil. Eyni zamanda kommersiya baxımından çox vacib bir məsələdir. Bütün bu danışıqlar prosesində yanacaq və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və baş nazirin ofisinin bizimlə konstruktiv əməkdaşlığından çox məmnunuq və artıq Bakı-Tbilisi-Ceyhan məsələləri üzrə əsas razılıqlara gəlmişik. Ümid edirik ki, "Şahdəniz" məsələsində də biz eyni enerji ilə işləyəcəyik.

Biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinə daha çox neft həcmlərini cəlb etməklə biz nümayiş etdirə bildik və ona qadir olduq ki, bu, həqiqətən lazımlı və kommersiya baxımından əhəmiyyətli bir layihədir. Xüsusilə də Qazaxıstandan böyük həcmdə neftin bu layihəyə cəlb olunması sübut etdi ki, kommersiya baxımından Bakı-Tbilisi-Ceyhan lazımlı və yararlıdır.

Biz ümid edirik ki, cənab Ələsgərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin adından Qazaxıstan tərəfi ilə səmərəli söhbətlər aparacaq və bunun nəticəsi kimi dövlətlərarası razılıq əldə olunacaqdır ki, Qazaxıstanda hasil olunan neft bu boru kəmərinə daha çox həcmdə cəlb edilə bilsin.

Bu görüşdən sonra bizim hər birimiz, görüşdə iştirak edən hər kəs ticarət agentliyinin Azərbaycana verdiyi qrantın imzalanması mərasimində iştirak edəcəkdir. Həmin qranta əsasən, Dübəndi limanının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Elə bilirəm ki, Dübəndi limanının inkişaf etdirilməsi və genişləndirilməsi Qazaxıstan neftinin qəbul olunmasını əsaslandıracaqdır.

Ümid edirəm ki, "Şahdəniz" üzrə də tez, yaxın bir zamanda razılıq əldə edəcəyik. Hələ ki, danışıqlar tam başa çatmayıbdır. Bilirəm ki, bugünədək keçirilmiş danışıqlarda, Azərbaycan və Gürcüstan nümayəndələrinin söhbətləri zamanı tərəflər vəziyyəti yaxşı anlamışlar, konstruktiv mövqedən çıxış etmişlər. "Bi-Pi"nin nümayəndələri də "Şahdəniz"lə bağlı danışıqlarda səmərəli çıxış etmişlər.

Bu, region üçün çox əhəmiyyətli bir layihədir, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli layihədir. "Şahdəniz" layihəsinin həyata keçirilməsinin gecikməsi heç bir tərəfin xeyrinə deyildir. Eyni zamanda "Şahdəniz" layihəsində gecikmə halları Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində də çətinliklər yarada bilər.

Azərbaycanda və Xəzər regionunda müşahidə olunan bu irəliləyiş, inkişaf Amerika Birləşmiş Ştatları tərəfindən müsbət qəbul olunur. Bununla əlaqədar olaraq prezident Buşun, dövlət katibi Pauelin və nazir Abrahamın salamlarını və təbriklərini Sizə yetirmək istəyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm, sağ olun.

Mən çox məmnunam ki, bütün günü sizinlə - həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan üçün çox vacib məsələləri müzakirə edirik. Görüşümüzün birinci hissəsində biz siyasi məsələlərə və xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinə, bütün regionda vəziyyətə təhlil verdik və bu barədə gələcək işlər haqqında fikir mübadiləsi apardıq. Amma indi müzakirəsinə başladığımız məsələlər də elə görüşümüzün birinci hissəsində müzakirə etdiyimiz məsələlərlə tam sıx bağlıdır. Çünki Xəzər dənizi indi dünyada çox cəlbedici bir region olubdur. Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması, onun ixrac edilməsi indi çox böyük aktuallıq kəsb edir. Bu da öz növbəsində bizim bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması üçün çox mühüm amillərdən biridir. Sizin bu barədəki fikirləriniz, Amerika Birlşmiş Ştatlarının bununla bağlı indiyə qədər apardığı siyasəti yeni administrasiyanın davam etdirməsi məni məmnun edir. Prezident cənab Buşun, dövlət katibi cənab Pauelin və nazir cənab Abrahamın həm salamlarını mənə çatdırdığınıza görə sizə təşəkkür edirəm, həm də onların bu məsələyə böyük diqqət yetirdiklərinə görə minnətdaram.

Biz Azərbaycan olaraq, iftixar hissi keçiririk ki, Xəzər dənizinin enerji ehtiyatlarının kəşf edilməsində təşəbbüskar olmuşuq. 50 il bundan öncə, hələ dünyanın heç bir bölgəsində dənizdən, suyun dərinliklərindən neft hasil olunmadığı halda, 1949-cu ildə Azərbaycan əfsanəvi Neft Daşlarında ilk dəfə neft hasil etməyə başladı. Biz o vaxt fəxr edirdik ki, belə bir möcüzəli adamız vardır. Amma o, adi ada deyildi, sadəcə, estakadalar üzərində yaranmış bir ada idi. Ancaq bu, nədən irəli gəldi, bu nəticəni necə aldıq? Çünki Azərbaycanın neftçiləri, alimləri ikinci dünya müharibəsindən sonra Xəzər dənizinin neft ehtiyatlarının axtarışı və kəşfi ilə çox ciddi məşğul olmuşlar. O vaxt iki Xəzəryanı dövlət var idi - SSRİ və İran. İran Xəzər haqqında heç düşünmürdü. SSRİ-də də Xəzərdəki neft yataqları ilə bağlı məsələlərlə yalnız Azərbaycan məşğul olurdu.

Bunların nəticəsində indi bu gün Xəzər dənizində mövcud olan və istifadə edilən neft yataqları - həm Azərbaycan sektorunda, həm Türkmənistan, Qazaxıstan, Rusiya sektorlarında, onların hamısı Azərbaycan geoloqları tərəfindən kəşf olunmuşdur. Bu geoloqlardan biri Xoşbəxt Yusifzadədir. O, uzun illərdir ki, bu işlə məşğul olur. Bütün yataqlar Azərbaycan geoloqları tərəfindən kəşf olunubdur. Məsələn, Qazaxıstanda "Kaşaqan" yatağı var. Oradan çox böyük neft gözlənilir. Onu da Azərbaycan geoloqları kəşf ediblər. Həştərxanın yaxınlığında "LUKoyl" şirkəti yeni yataqda iş görür, onu da bizim geoloqlar kəşf ediblər. Türkmənistan sərhədlərində yerləşən yataqların hamısını Azərbaycan neftçiləri kəşf ediblər. Bunlar Azərbaycan neftçilərinin, alimlərinin 50, 60, 70 ildə gördükləri işlərin nəticələridir.

Təbiidir ki, o vaxt kəşf olunan yataqların hamısında iş görmək mümkün deyildi. Amma SSRİ dövləti tərəfindən bu işlər Azərbaycanın üzərinə qoyulmuşdu.

İkinci mərhələ Azərbaycanın və başqa Xəzəryanı dövlətlərin müstəqillik əldə etməsindən sonra başlayır. Bunun da təməlini biz 1994-cü ilin sentyabr ayında Azərbaycanda ilk neft müqaviləsi ilə - "Əsrin müqaviləsi" ilə başladıq. O vaxt biz bu müqaviləni imzalayanda bütün başqa sahilyanı dövlətlər Xəzərdə nəyin olub-olmadığını heç bilmirdilər. Sonra illər ötdükcə onlar da iş görməyə başladılar. Beləliklə, demək istəyirəm ki, Xəzərin enerji ehtiyatlarının istifadə olunmasının ikinci mərhələsinin təşəbbüskarı Azərbaycandır. Bunu biz Azərbaycanın yeni neft strategiyası, neft doktrinası adlandırmışıq.

İndi isə Xəzəryanı dövlətlər yarışa giriblər. Çox yaxşı, bizim etirazımız yoxdur. Hər Xəzəryanı dövlətin öz sektoru var və bu sektorlar da 1970-ci ildə müəyyən olunubdur. Hər bir ölkə öz sektorunda iş görə bilər. Təbiidir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının daim dəstəyinə arxalanmışıq. "Əsrin müqaviləsi" adını da elə Amerika Birləşmiş Ştatlarının hökuməti qoyubdur.

Xatirimdədir, o vaxt bu müqavilə imzalanandan sonra prezident Klinton mənə təbrik məktubu göndərmişdi. Onda bu müqaviləni "Əsrin müqaviləsi" adlandırmışdı. Biz də ondan istifadə etdik və indi də geniş təbliğ edirik.

Sonra başqa məsələlər - sizin indi dediyiniz Bakı-Ceyhan məsələsi başlandı. Biz 1994-cü ildən bu işlə məşğuluq. Nəhayət, bilirsiniz ki, 1999-cu ildə İstanbulda - ATƏT-in zirvə görüşündə ABŞ prezidenti Klintonun iştirakı ilə Xəzəryanı ölkələrin dövlət başçıları bu məsələyə son qoydular və müqaviləyə imza atdılar. Mən çox məmnunam ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq işə başlayıbdır. Hesab edirəm ki, o, nəzərdə tutulmuş vaxtda inşa olunacaq və istifadəyə veriləcəkdir. Bundan öncə Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərini yaratdıq. Ancaq bizim əsas məqsədimiz Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsidir. Bu kəmərlə neft təkcə Türkiyəyə yox, oradan Ceyhan limanı vasitəsilə bütün Qərb ölkələrinə göndəriləcəkdir.

Amerika Birləşmiş Ştatlarının bu məsələlərə böyük diqqət verməsi və bizlərə dəstək olması təbiidir ki, bu məsələlərin uğurla həyata keçirilməsinə kömək edir.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması, mən hesab edirəm ki, mütləq lazım olacaqdır. Birincisi, prezident Nazarbayev bu layihəni İstanbulda imzalayıbdır. Ikincisi də onların başqa imkanları varsa da, Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulmaq kimi imkanları olmayacaqdır. Biz bunu dəstəkləyirik. Ancaq gərək Qazaxıstan bu sahədə özü daha da fəal hərəkət etsin. Valeh Ələsgərov danışıqlar apara bilər. Amma neft bizim deyildir, Qazaxıstanındır. Bu, Qazaxıstanın iradəsindən asılıdır. İstəsə buradan öz neftini nəql edə bilər, istəməsə, nəql etməz. Doğrudur, indi Bakı ilə Qazaxıstanın Aktau limanı arasında yaxşı nəqliyyat əlaqələri yaranıbdır. Artıq gəmi-bərələr, tankerlər işləməyə başlayıbdır. Prezident Nazarbayevin mənə söylədiyinə görə bunun təkcə neft məsələləri üçün yox, ümumiyyətlə, Qazaxıstan ilə Azərbaycan arasında ticarət əlaqələrinin təşkili üçün çox böyük əhəmiyyəti olubdur.

Çünki Qazaxıstanın o vilayətlərində bir çox meyvə, tərəvəz və başqa məhsullara böyük ehtiyac var. Azərbaycanda isə bu sahədə böyük imkanlar vardır. Ona görə də bu ticarət əlaqələri onlar üçün çox faydalıdır. O xəttin əsası artıq qoyulubdur. Amma siz də gərək Qazaxıstanla danışıqları davam etdirəsiniz ki, bu məsələni elə səviyyəyə gətirək ki, biz bilək - Qazaxıstan Azərbaycan vasitəsilə nə qədər neft ixrac edəcəkdir. İndi də Qazaxıstandan buraya neft gətirilir və buradan ixrac olunur. Azərbaycana ildə 3 milyon ton Qazaxıstan nefti gətirilir və buradan göndərilir. Ancaq Bakı-Ceyhan boru xətti hazır olana qədər bu sahədə işimizi genişləndirmək üçün imkanlarımız vardır. Bakıda Dübəndi terminalı var, sonra yeni bir özəl terminal yaranıbdır. Bizim bu barədə imkanlarımız çoxdur. Ona görə biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Siz də bu işi dəstəkləyirsiniz, amma Qazaxıstanın bu işə daha fəal qoşulması üçün siz gərək öz tədbirlərinizi görəsiniz. "Şahdəniz" yatağında çoxlu qaz hasil etmək imkanları vardır. Biz artıq bu işi hərəkətə gətirmək istəyirik. Mart ayında mən Ankarada olarkən biz Türkiyə ilə Azərbaycan arasında bütün müqavilələri imzaladıq. Gürcüstanla da danışıqlar gedir. Ancaq təəssüf ki, bu, bir az gecikir. Çünki "Bi-Pi"nin rəhbərləri bizə bəyan edirlər ki, əgər bu, bir az da geciksə, onda qaz ixracı kəmərinin inşası bir il geri düşəcəkdir. Buna isə yol vermək olmaz. Güman edirəm ki, bu günlərdə danışıqlar yenə davam edəcəkdir və burada da məsələnin həll edilməsinə nail olacağıq.

Bu ayın 30-da Beynəlxalq Əməliyyat Şirkəti bizim ilk müqaviləmizdə olan ikinci faza haqqında mənə geniş məlumat vermək və bu işə başlamaq istəyir. Bu, çox yaxşı haldır. Bunların hamısı neft hasilatını artıracaqdır və Bakı-Ceyhan ixrac kəməri hazır olan kimi onu doldurmaq mümkün olacaqdır.

Bir də məmnun olduğumu bildirmək istəyirəm ki, sizin bu gün də bütün bu layihələri, bizim bu işləri dəstəkləməyiniz bizə bu məsələləri uğurla həyata keçirmək üçün daha çox imkanlar yaradır.

Elizabet Cons: Cənab prezident, çox sağ olun. Həqiqətən də Sizin müqaviləni o cür adlandırmağa dəyərdi. O müqavilə imzalanarkən Azərbaycanın mühüm ölkə, Xəzərin mühüm region olması bütün dünyaya nümayiş etdirildi. İndi isə istərdim ki, "Azəri", "Çıraq" yataqlarında birinci fazanın tamamlanması münasibətilə Sizi təbrik edim. Ümid edirəm ki, bu sahədə işlər uğurla davam etdiriləcəkdir.

O ki qaldı Qazaxıstan məsələsinə, Amerika Birləşmiş Ştatları və Qazaxıstan bu məsələ ilə bağlı çox sıx əməkdaşlıq edirlər. Biz onlarla intensiv işləyirik və tezliklə mənim həmkarım, səfir Stiv Mən Qazaxıstanda olacaq və bu məsələ ilə bağlı ciddi işlər görüləcəkdir. Bizim şəxsi söhbətlərimizdə səfir dəfələrlə qeyd edibdir ki, Valeh Ələsgərovla işləməkdən zövq alır və ümid edirəm ki, Qazaxıstana getməzdən əvvəl o, Valeh Ələsgərovla görüşəcəkdir. Onunla məsləhətləşmələr apardıqdan sonra Qazaxıstanda lazımi danışıqlar aparacaqdır. Ümid edirəm ki, bu danışıqlar nəticəsində Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə güclü təkan veriləcəkdir.

Əlbəttə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyevlə də bu məsələlər üzrə müzakirələr və məsləhətləşmələr aparılacaqdır.

Xəzərdə siyasi xarakter daşıyan digər ən vacib bir məsələ isə Xəzər dənizinin sektorlara bölünməsidir.

Amerika Birləşmiş Ştatları Xəzəryanı ölkələrin dənizin dibinin bölünməsi barədə təşəbbüslərini daim dəstəkləmişdir. İndiyədək biz orda xəttin müəyyən olunmasına kifayət qədər texniki dəstək vermişik. Lakin məlum olduğu kimi, əsas məsələ ondan ibarətdir ki, Xəzər dənizinin ehtiyatları aşkar edilsin, ixrac olunsun və bu da kommersiya baxımından yararlı olsun. Bu baxımdan son vaxtlar İranın Xəzərdəki hərəkətləri Amerika Birləşmiş Ştatlarında narahatlıq doğurmuşdur. Bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatları kifayət qədər yüksək kürsüdən öz mövqeyini bildirmişdir. İstəyirəm ki, bu gün bunu bir daha təkrar edim. İranın bu hərəkətləri təxribat xarakteri daşıyır və məsələnin həllinə xidmət etmir. Bu məsələnin yeganə həlli yolu sülh yoludur.

Heydər Əliyev: Təşəkkür edirəm. Xəzər dənizinin Xəzəryanı ölkələr tərəfindən sektorlara bölünməsi çox vacib məsələdir. Mən qeyd etdim ki, 1970-ci ildə, hələ SSRİ zamanı Sovetlər İttifaqı hökumətinin qərarı ilə Xəzər dənizi sektorlara bölünmüşdü. Biz də həmin o bölgü çərçivəsində işləyirik.

Amma sonra Xəzər dənizinə maraq artdıqca, Xəzəryanı ölkələr bu statusun müəyyən olunması, dənizin sektorlara bölünüb-bölünməməsi məsələsini kəskin şəkildə qoydular. Burada əsas məsələ orta xəttin müəyyən olunmasıdır. Bu barədə siz, Amerika Birləşmiş Ştatlarının ekspertləri bizə yaxşı yardım etdiniz, buna görə sizə təşəkkür edirəm. Ölkələr arasında bu sərhədlərin müəyyən edilməsinə gəldikdə, bilirsiniz ki, Rusiya ilə Qazaxıstan arasında bu barədə saziş imzalanıbdır. Azərbaycanla Rusiya arasında da saziş əldə olunubdur. Ancaq İranla, Türkmənistanla hələ ki, bu məsələ həll olunmayıbdır. Biz bu məsələdə beynəlxalq hüquq normalarına əsaslanırıq, dünyada bu cür dənizlərin bölünməsi təcrübəsinə arxalanırıq. Amma bəziləri isə istəyirlər ki, bu məsələni özləri anladıqları kimi həll etsinlər. Məsələn, Türkmənistan bu barədə, hesab edirəm ki, beynəlxalq hüquq normalarına məhəl qoymur. İran isə təklif edir ki, bütün Xəzər dənizi bərabər olaraq beş yerə bölünsün.

Ona görə də bu məsələnin həll olunması ləngiyir. Amma intensiv danışıqlar aparırıq. Biz öz nümayəndə heyətimizi Türkmənistana göndərmişik. Orada çox ciddi danışıqlar getdi, ancaq razılıq əldə olunmadı. Sabah İranın nümayəndə heyəti, ekspertləri Azərbaycana gəlir. Biz onlarla da müzakirələr aparacağıq. Ondan öncə İranın xarici işlər nazirinin başçılığı ilə onların nümayəndə heyəti Moskvada, Türkmənistanda olubdur. Sentyabrın 18-də Astanada beş Xəzəryanı dövlətin nümayəndə heyətləri, ekspertləri görüşməlidirlər. Gözləyirik ki, bunun nəticəsi necə olacaqdır. Bu məsələdə biz beynəlxalq təcrübəyə, dünya təcrübəsinə və beynəlxalq hüquq normalarına istinad edirik.

Dünyada dəniz sərhədlərinin müəyyən edilməsi barəsində olduqca çox nümunələr var. Biz bu nümunələri əsas götürürük. Ona görə də biz öz mövqeyimizi bundan sonra da müdafiə edəcəyik. İndi çətindir, amma düşünürəm ki, biz hansısa bir nəticəyə gələ bilərik. Lakin biz öz işimizi görürük.

Elizabet Cons: Cənab prezident, biz inanırıq ki, bu məsələnin həlli yolu vardır. Bu məsələdə göstərdiyiniz nümunəyə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik.

Cənab prezident, Sizin icazənizlə, istərdim ki, bir qədər geniş iqtisadi məsələlərin müzakirəsinə keçək. Oktyabrın 1-də Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərovun Vaşinqtona gəlməsini böyük səbirsizliklə gözləyirik. Orada Birləşmiş Ştatlar və Azərbaycan arasında iqtisadi mövzularda müzakirələr aparılacaqdır. Biz istərdik ki, həmin görüşdə hər nazir Vaşinqtona gəlsin, iştirak etsin. Həmin görüş göstərəcəkdir ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında enerji məsələlərindən daha böyük iqtisadi maraqlar vardır. Müzakirə olunacaq məsələlərdən biri də xarici investisiyanın artmasına maneələrin qarşısını almaq olacaqdır. Azərbaycanda sərmayə qoymaq üçün şəraitin daha da yaxşılaşdırılmasına dair bizim müəyyən təkliflərimiz vardır. İstərdik ki, onu da müzakirə edək. Buraya gələn şirkətin Azərbaycanda yaxşı təcrübəsi olursa, onun işləri hamar gedirsə, bu haqda söhbət digər şirkətlər arasında da yayılır və həmin şirkətlər də böyük məmnuniyyətlə ölkənizə gəlmək və sərmayə qoymaq istəyirlər.

Azərbaycan enerji ehtiyatlarının istifadəsi üçün gözəl milli strategiya işləyib hazırlamışdır. Biz istərdik ki, Azərbaycanda sərmayə mühitinin yaxşılaşdırılmasına dair də milli strategiya olsun. Elə bugünkü görüşdə də ikicə məsləhətimiz vardır. Elə bilirəm ki, onlar Azərbaycanda sərmayə mühitinin yaxşılaşdırılmasına kifayət qədər kömək etmiş olar.

Amerika Birləşmiş Ştatlarının Gəmiçilik Agentliyi adlanan bu qurumu vardır. Elə bilirəm ki, onun Azərbaycanda qeydə alınması və fəaliyyətə başlaması, dəniz yükdaşımaları və ixrac sahəsində işləri xeyli genişləndirmiş, irəlilətmiş olar.

İkinci məsələ isə Amerika şirkəti "Makdonalds"ın Azərbaycanda fəaliyyətini daha da genişləndirmək arzusudur. Zənnimcə, həmin şirkətin burada işləməsi üçün şəraitin yaradılması Azərbaycan haqqında yaxşı rəyin formalaşmasına kömək etmiş olardı.

Elə bilirəm ki, tezliklə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun da yüksək səviyyəli missiyaları Azərbaycana gələcəkdir.

Heydər Əliyev: Onlar indi Azərbaycandadırlar.

Elizabet Cons: Onların da ölkənizlə sıx əlaqələri burada sərmayə mühitini yaxşılaşdırmağa kömək edəcəkdir.

Heydər Əliyev: Bizim iqtisadi siyasətimizdə Azərbaycana sərmayə qoyuluşunu daim artırmaq öncül xarakter daşıyır. Məsələn, bizim neft-qaz sektoruna külli miqdarda sərmayənin qoyulması onu sübut edir ki, iqtisadi siyasətimiz məhz bu əsasda qurulubdur. Amma bu məsələni aydınlaşdırmaq lazımdır. Bir var ki, gətirib investisiya qoymaq və iş görmək, iş yerləri açmaq, həm gələn şirkətə, həm də bizim dövlətə xeyir gətirmək, bir də var ki, investisiya qoymadan gəlib burada işləmək və iş görmək. Bunlar bir-birindən fərqlidir. Biz istəyirik ki, bütün ölkələrdən, o cümlədən Amerika Birləşmiş Ştatlarından Azərbaycana gələn şirkətlər ölkəmizə investisiya qoysunlar, burada iş qursunlar, iş yerləri açsınlar, istehsal yaratsınlar və özləri üçün də fayda götürsünlər, Azərbaycana da fayda versinlər. Ona görə də xahiş edirəm, bizim bu prinsipləri nəzərə alasınız. Xırda, konkret məsələləri, hesab edirəm ki, burada müzakirə etməyə ehtiyac yoxdur.

Elizabet Cons: Cənab prezident, bəli, Sizin tam haqqınız vardır gözləyəsiniz ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlmiş şirkət ölkənizin xeyrinə işləsin.

Cənab prezident, həqiqətən də Amerika Birləşmiş Ştatlarından Azərbaycana gələn şirkətlər burada iş yerləri yaratmalı, istehsalı təmin etməli, vergiləri vaxtında ödəməli və Azərbaycanın qanunlarına tam riayət etməlidirlər. Lakin eyni zamanda şirkətlərin də haqqı vardır ki, imzalanan müqavilələrin yerinə yetirilməsi təmin olunsun, onlardan əvvəlcədən nəzərdə tutulan qədər vergilər alınsın və onların qabaqcadan planlaşdırdığı xərclərin hamısı nəzərdə tutulduğu kimi olsun. Düşünürəm ki, Siz də bunu bilirsiniz.

Heydər Əliyev: Siz də düz deyirsiniz, mən də düz deyirəm. Yaxşı, söhbətimizi qurtardıq?

Elizabet Cons: Cənab prezident, hər şeydən əvvəl Sizə minnətdarlığımı bildirirəm ki, bu qədər mövzunu Sizinlə müzakirə etməyə imkan yaratdınız. Bir daha çox sağ olun ki, bazar günü bizi qəbul etdiniz. Bu mövzuların hamısı bizim üçün çox əhəmiyyətlidir və onları Sizinlə müzakirə etməli idik. Ümid edirəm ki, Sizinlə yenidən görüşəcəyik. Bu arada isə Vaşinqtonda nümayəndə heyətinizi görə biləcəyik.

Heydər Əliyev: İnşallah.