Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna Azərbaycan Respublikası vətəndaşının ilk şəxsiyyət vəsiqələrini təqdimetmə mərasimində nitqi - Prezident iqamətgahı, 29 may 2001-ci il


Əziz gənclər, idmançılar!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin bir vacib tədbiri də həyata keçirilməyə başlanır. Azərbaycan müstəqillik əldə edəndən sonra, təbiidir ki, bütün qanunlar, qaydalar Azərbaycanın dövlət müstəqilliyinin bütün cəhətlərini nümayiş etdirməlidir. Bu baxımdan Azərbaycan vətəndaşlarının vətəndaşlığını təsdiq edən sənədlərin də hazırlanması lazım idi. Bizim Milli Məclis bu barədə qanunlar qəbul etmiş, müvafiq nazirliklər onlara verilən tapşırıqlar əsasında müəyyən işlər aparmış və indi Azərbaycanda vətəndaşların vətəndaşlığını təsdiq edən sənədlər hazırlanır. Bunların bir qismi verilib, böyük hissəsi də verilməyə hazırdır.

Məndən xahiş etdilər ki, Azərbaycanın gənclərinə, qabaqcıl idmançılarına, yəni Azərbaycanın gələcəyinə ilk vətəndaşlıq vəsiqəsini mən təqdim edim. Ona görə də mən buna razılıq vermişəm, siz buraya dəvət olunmusunuz. İndi mən vətəndaşlıq vəsiqələrini sizə təqdim edəcəyəm. Müstəqil Azərbaycanın vətəndaşlıq vəsiqəsini almağınız münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm.

 Yekun nitqi

Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, onun müstəqil dövləti var, onun dövləti dünyada tanınıb və öz layiqli yerini tutur, onun dövləti Azərbaycan xalqını, ölkəmizin bütün vətəndaşlarını gələcəyə uğurla aparır. Siz birinci belə vətəndaşlardansınız. Ancaq burada məlumat verdilər ki, Azərbaycanın bütün vətəndaşları vətəndaşlıq vəsiqəsini alacaqlar. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinin yerlərdəki müvafiq təşkilatları bu işi lazımi səviyyədə təşkil edəcək, həyata keçirəcək, heç bir qanun pozuntusuna yol verməyəcəklər. Necə ki bu gün mən xoş sifətlə, çox böyük sevinc hissi ilə bu vəsiqələri Azərbaycanın gənc vətəndaşlarına təqdim etdim, eləcə də hər bir bölgədə, rayonda Azərbaycanın dövlət orqanının nümayəndələri, Daxili İşlər Nazirliyinin işçiləri bu vəzifəni şərəflə yerinə yetirməlidirlər. Onlar bilməlidirlər ki, bu mənim üçün - Azərbaycan prezidenti üçün şərəfli olduğu kimi, bu işi görən hər bir Azərbaycan məmuru üçün də şərəfli olmalıdır. Azərbaycanda, müstəqil ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi artıq yüksək səviyyədədir. Biz dövlətimizi qurmaq, yaratmaq, inkişaf etdirmək üçün çoxlu qanunlar, məcəllələr qəbul etmişik. Bunun nəticəsində Azərbaycan dövlətini müstəqillik elan edildikdən indiyə qədər, tutduğumuz yolla - demokratiya, azadlıq yolu ilə irəliyə aparırıq.

Biz dünən, ondan öncəki günlər Azərbaycanın milli bayramını - İstiqlaliyyət günü, Respublika günü bayramını qeyd etdik. Azərbaycan ictimaiyyəti həm o ərəfədə, həm də bayram günlərində bu barədə bizim gördüyümüz işlər haqqında kifayət qədər məlumat aldı. Bu ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd edəcəyik. Biz bu yubileyə yaxşı hazırlaşmalıyıq. Bunun üçün dövlət tərəfindən lazımi sənədlər yaradılıbdır. Mən geniş fərman vermişəm. Tədbirlər planı hazırlanıb həyata keçirilir. Burada hər bir təşkilatın, hakimiyyət orqanının üzərinə düşən vəzifələr var. Bu vəzifələri layiqincə yerinə yetirmək lazımdır.

Biz müstəqilliyimizin onuncu ildönümünə gedərkən iftixar hissi ilə deyə bilərik ki, ötən dövrdə çox iş görmüşük. Ən əsası da ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq və Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir və onun böyük gələcəyi artıq xülya deyildir, bizim gözlərimizin qarşısında görünən perspektivlərdir. Mən dəfələrlə demişəm ki, Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Bunu bu gün də demək istəyirəm. Müstəqil Azərbaycanın atributlarından biri olan şəxsiyyət vəsiqəsinin məhz sizə - gənclərə təqdim olunması onu göstərir ki, həqiqətən, bizim ümidimiz, gələcəyimiz gənclərdir, sizsiniz. Mən güman edirəm ki, siz bugünkü bu hadisəni yüksək qiymətləndirəcəksiniz. Ancaq təkcə siz yox, çünki Azərbaycanın bütün gənclərini, təbiidir ki, bir yerə toplamaq çox çətin olardı, amma siz bütün Azərbaycan gəncliyini təmsil edirsiniz. Sizin simanızda mən bu gün Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini bütün gənclərə təqdim edirəm. Ümid edirəm ki, gənclər bizim işlərimizin sədaqətli davamçısı olacaqlar.

İşlərimiz çoxdur. Nailiyyətlərimiz də var. Amma hələ həll olunmayan problemlər də vardır. Qarşıdakı yolumuz da hələ asan deyildir. İndiyə qədər çox ağır bir dövr yaşadıq. Çox enişli-yoxuşlu yollardan keçdik. Dövlətimizi yaşatdıq. Ancaq dövləti daim müstəqil yaşatmaq üçün, müstəqilliyimizi əbədi etmək üçün heç vaxt arxayınlaşmaq olmaz. Əldə olunan nailiyyətlərlə heç vaxt kifayətlənmək olmaz. Bizim hər addımımız, hər bir irəliləyişimiz bizə daha da çox güc verir. Bizim hamımıza gələcəyin yolunu göstərir. Azərbaycanın prezidenti kimi, şəxsən mən öz vəzifəmi, öz həyatımı belə təsəvvür edirəm. Yəni burada təkcə təsəvvürdən söhbət getmir, bu, Azərbaycan prezidenti kimi, mənim fəaliyyətimin reallığıdır. Ancaq təkcə mən yox, Azərbaycanın hakimiyyət orqanları, respublikamızın vətənpərvər insanları, ölkəmizin ziyalıları, böyük söz sahibləri, Azərbaycanın Milli Ordusu və dövlətimizin müstəqilliyini qoruyan, ölkəmizdə artıq bir çox ildir ki, ictimai-siyasi sabitliyin qorunub saxlanmasında xidmətlər göstərən orqanların hamısı indiyədək gördükləri işlərdən daha da çox işlər görməlidirlər. Biz bunu edəcəyik. Estafet sizə veriləcəkdir. Arzu edirəm ki, siz bizdən də yaxşı işləyəsiniz, Azərbaycanı bizdən də yüksəklərə qaldırasınız. Biz bunun üçün əsas yaradırıq. Deyə bilərəm ki, çox dəyərli əsas yaradırıq. Bunun üçün siz bəlkə də bizim keçdiyimiz bu faciəli yollardan keçməyəcəksiniz. Bəlkə də bizim rastlaşdığımız təhlükələrlə üzləşməyəcəksiniz. Amma eyni zamanda, bilmək lazımdır ki, Azərbaycan bir müstəqil dövlət kimi, daim öz müstəqilliyinin qorunması keşiyində durmalıdır, iqtisadiyyatı daim inkişaf etdirməlidir. Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdırmalıdır. Bizim təbii sərvətlərimiz, böyük iqtisadi, intellektual potensialımız onu deməyə əsas verir ki, Azərbaycan gələcəkdə inkişaf etmiş dövlətlər sırasında ola bilər. Xalqın, demək olar ki, hamısının rifah halını yüksəklərə qaldırmaq mümkündür. Ancaq bunun üçün gərək tutduğumuz yolla gedək, ardıcıl surətdə hərəkət edək və işimizə maneçilik törədənlərin qarşısını alaq.

Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə hələ də Azərbaycanın bir müstəqil dövlət kimi yaşamasına, irəliləməsinə mane olmaq üçün müxtəlif təxribatlar, terror aktları törədən və başqa ziyankar işlər görən qüvvələr vardır. Onların hamısı bir tərəfdən, cinayətkarlığa yuvarlanmış adamlardır, ikinci tərəfdən isə, bu keçid dövründə qeyri-sağlam fikirlərlə yaşayaraq öz şəxsi ambisiyalarını həyata keçirmək məqsədi güdən adamlardır. Ancaq bununla yanaşı, Azərbaycanın böyük iqtisadi potensialı və böyük gələcəyi, Azərbaycanın dünyada çox əhəmiyyətli olan coğrafi-strateji mövqeyi başqa ölkələrin də nəzər-diqqətini cəlb edir. Biz hər bir ölkə ilə qarşılıqlı surətdə faydalı, sülhməramlı əməkdaşlıq etməyə hazırıq və edirik. Ancaq, təəssüflər olsun, elə ölkələr var ki, onlar hələ böyük ambisiyalarla yaşayırlar, başqa ölkənin hesabına ya öz ərazisini genişləndirmək istəyirlər, yaxud başqa ölkənin iqtisadiyyatını əlinə keçirib özləri üçün mənfəət götürmək istəyirlər. Bu faktlar hələ vardır. Amma təkcə indi yox, bu, keçmişdə də olubdur, bu gün də var, gələcəkdə də olacaqdır. Ona görə də gənclər bizim tariximizi, keçmişimizi, xüsusən, son on ildə Azərbaycanın bir müstəqil dövlət, ölkə kimi keçdiyi yolu, onun tarixini yaxşı öyrənməlidirlər. Hər şeydən əvvəl sədaqətli vətəndaş, vətənpərvər azərbaycanlı olmalıdırlar. Azərbaycan vətənpərvərliyi, müstəqil Azərbaycana sədaqət - bunlar hər bir gəncin ümdə vəzifəsidir. Bizim təhsil ocaqlarında - həm orta məktəblərdə, həm ali məktəblərdə - hər yerdə insanları təhsilləndirənlərin hamısı bu yolla getməlidir. Kimsə bizim gənclərimizi bu yoldan sapdırmaq istəyirsə, onların qarşısı alınmalıdır. Gənclər bu barədə cəsarətli, iradəli olmalıdırlar.

Bir daha deyirəm, Azərbaycanın xoşbəxt gələcəyi üçün gənclər layiqli Azərbaycan vətəndaşı adını şərəflə daşımalıdır, öz ölkəsinin, millətinin, öz xalqının vətənpərvər övladı olmalıdır. Mən bu ümidlərlə, bu arzularla bu gün sizinlə bu görüşə gəlmişəm. Azərbaycan vətəndaşlığının ilk vəsiqələrini verərkən sizə və bütün gənclərə bir daha, bir daha böyük ümidlər bəslədiyimi bildirmək istəyirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Təhsilinizdə, gələcək işlərinizdə uğurlar arzulayıram. Hər birinizə ailə səadəti arzulayıram. Hər birinizə xoşbəxt gələcək arzulayıram. Sağ olun.