İki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının kralı zati-aliləri Fəhd ibn Əbdül Əziz əl-Səud cənablarına - Bakı şəhəri, 20 fevral 1997-ci il


Əziz dostum və qardaşım!

Böyük məmnuniyyətlə sizə - müasir dünyanın görkəmli dövlət xadiminə, islam aləminin ən nüfuzlu siyasi rəhbərlərindən birinə, iki müqəddəs şəhərin sadiq xadiminə səmimi salamlarımı və xoş arzularımı yetirirəm.

Sizin qardaş ölkənizə etdiyim səfərdən iki il yarımdan çox vaxt keçsə də, aldığım təəssürat xatirimdə daim canlanır. Gözəl ölkənizlə, qonaqsevər xalqınızla yaxından tanışlıq, uzun illər ürəyimdə yaşatdığım böyük arzumun - Ümrə ziyarətinin həyata keçməsi, zati-alinizlə görüş və geniş danışıqlar ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. Həmin səfər zamanı göstərdiyiniz qayğı və diqqətə görə bir daha dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Biz Azərbaycanın islam aləmi ilə, xüsusilə Səudiyyə Ərəbistanı ilə hərtərəfli əməkdaşlığına böyük əhəmiyyət veririk. Torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyona qədər vətəndaşımızın qaçqın vəziyyətinə düşməsi zati-alinizə məlumdur. Bu baxımdan biz İslam Konfransı Təşkilatının mənəvi dəstəyinə və Səudiyyə Ərəbistanının bu işdə yaxından köməyinə görə sizə və bütün islam aləminə minnətdarıq. Bununla yanaşı, ümidvarıq ki, siz və böyük təsirə malik olan başqa müsəlman dövlətləri erməni - Azərbaycan münaqişəsinin həllində qardaş Azərbaycan xalqına yardım göstərməkdə əllərindən gələni əsirgəməyəcəklər. Azərbaycanda bugünkü durum nə qədər çətin olsa da, xalqımız gələcəyə böyük inam və nikbinliklə baxır. İnanırıq ki, Böyük Yaradanın köməyi, islam aləminin dəstəyi, sizin daimi yardımınız sayəsində xalqımız bu ağır vəziyyətdən tezliklə çıxacaqdır.

Azərbaycan xalqı qardaş Səudiyyə Ərəbistanı xalqına, onun böyük rəhbəri - şəxsən sizə dərin məhəbbət bəsləyir. Ölkənizdə səfərdə olan Azərbaycan nümayəndə heyəti, üzərində zati-alinizin portreti toxunmuş xalçanı sizə təqdim etməklə xalqımızın zati-alinizə bəslədiyi böyük ehtiram və sevgini ifadə edir.

Zati-aliləri!

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, sizin Azərbaycana səfəriniz xalqımız üçün böyük bir töhfə olardı. Sözsüz ki, belə bir səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq və əməkdaşlıq tellərinin daha da möhkəmlənməsinə xidmət edərdi. Odur ki, sizi Azərbaycana səfər etməyə rəsmi dəvətimi bir daha təkrar edirəm.

Ulu Allahdan ölkənizə əmin-amanlıq və çiçəklənmə, zati-alinizə və xalqınıza xoşbəxt həyat, möhkəm cansağlığı və böyük uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 21 fevral 1997-ci il.