Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin nitqi (25 iyun 1998-ci il) sənədinə tarixi arayış


28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürməsinə baxmayaraq, müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı.
Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana uyğun olaraq hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd edilir.