Əliyev çantası dolu qayıdır


Vaşinqton. Azərbaycan Prezidenti Heydər Əliyevin Vaşinqtona səfəri Bakı-Vaşinqton münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Ağ evdə Heydər Əliyevlə ABŞ prezidenti Bill Klinton arasında keçirilmiş 3 saatlıq görüşdə iki ölkə arasında 8 milyard dollarlıq müqavilə imzalandı. Vaşinqtona səfər etmiş ilk Azərbaycan Prezidenti olan Əliyev ABŞ-ın Azərbaycana humanitar yardımlarını qadağan edən qanun, Dağlıq Qarabağ və Ceyhan neft kəməri mövzularında da Amerika hökumətinin dəstəyini aldı.

Görüşdən sonra yayılan birgə bəyanatda əməkdaşlığın inkişafı və gücləndirilməsi mövzusunda razılıq əldə olduğu qeyd edildi. Klinton hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və demokratik yolla inkişafını dəstəklədiyi və iki ölkə arasındakı yaxın münasibətlərin regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm olduğu vurğulandı.

Anlaşma əldə etdilər

Klinton və Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllini istədikləri və nizamlanmanın ATƏT-in Lissabon prinsipləri çərçivəsində getməsi zərurətinə dair razılıq əldə etdikləri qeyd olundu.

Görüşlərdən sonra bir açıqlama verən Əliyev "Eksson", "Şevron", "Mobil" və "AMOKO " ilə imzalanan investisiya sazişlərinin ümumi dəyərinin 8 milyard dollar həcmində olduğunu söylədi. Bu arada imzalanan bir başqa sazişə əsasən Azərbaycana investisiya qoyan Amerika şirkətləri mənfəətlərini öz ölkələrinə sərbəst göndərə biləcəklər. Sazişin digər bir maddəsi isə Azərbaycandakı Amerika şirkətlərinin əmlakına təhlükəsizlik təminatı verilməsini nəzərdə tutur.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdən sonra verdiyi açıqlamada bildirdi ki, "iqtisadi əlaqələrimizin gələcək inkişafı üçün təməl qoyduq". H. Əliyev bundan sonra atılacaq addımın Azərbaycana yardım göndərilməsini qadağan edən qanunun dəyişdirilməsi olduğunu söylədi.

Mühüm səfər

Əliyevin Vaşinqton səfərinin Türkiyə nöqteyi-nəzərindən ən mühüm tərəfi isə neft kəməri mövzusunda Klintonun türk tezisi olaraq tanınan Bakı-Ceyhan boru xəttini dəstəklədiyini açıqlaması oldu. Bu mövzudakı söhbətlərdən sonra yayımlanmış sənəddə yer almasa da, istər Əliyevin Bakı - Ceyhan boru xəttini ən uyğun marşrut kimi vurğulaması, istərsə də Klintonun eyni fikrə tərəfdar çıxması belə düşünməyə imkan verir ki, Azərbaycan neftini istismar edən beynəlxalq konsorsiumun qərarı yenidən gözdən keçiriləcəkdir. Məlum olduğu kimi, Türkiyənin də 8,5 faiz pay hesabı olduğu həmin konsorsium Azərbaycan neftini daşıyacaq boru xətti layihəsində Bakı - Ceyhan marşrutunu istisna edirdi.

ABŞ iqtidarının Azərbaycana qarşı münasibətini ciddi surətdə dəyişdirməsində burada təqribən 160 milyard barel neft ehtiyatlarının olması böyük rol oynadı, hələ üzə çıxarılmamış neft ehtiyatlarını da üstünə gəlsək, bu rəqəmin daha da yüksələcəyi ifadə edilir.

"Radikal" qəzeti,
Türkiyə 3 avqust, 1997-ci il