Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakının 6-cı mikrorayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş yaşayış binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş təntənəli mərasimdə nitqi - 15 noyabr 1997-ci il


Əziz bacılar, qardaşlar, dostlar!

Hörmətli xanımlar və cənablar!

Bugünkü toplantı, görüş həm çox sevindirici, həm də kədərləndiricidir. Biz ona görə sevinməliyik ki, respublikamızın həyatında günü-gündən müsbət dəyişikliklər baş verir, insanların rifahı tədricən yaxşılaşır, iqtisadiyyatımızda əvvəlki illərdə mövcud olmuş tənəzzül aradan götürülüb, iqtisadiyyatımız artıq inkişaf edir. Bunlar hamısı respublikamızın vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün əsas yaradır. Bunların bir nümunəsi kimi bu gün burada, respublikamızın həyatının belə çətin və ağır dövründə yeni bir yaraşıqlı yaşayış binasının istifadəyə verilməsinin şahidiyik, bu münasibətlə keçirilən mərasimin iştirakçısıyıq.

Biz ona görə sevinməliyik ki, bu yaşayış binasında Vətən yolunda şəhid olmuş insanların ailə üzvləri, Vətən yolunda cəfa çəkmiş, öz fiziki sağlamlığını müəyyən qədər itirmiş, yaxud zəiflətmiş insanlar yeni mənzil alacaqlar. Hər bir insanın yeni mənzil alması onun həyatına çox sevinc gətirən bir hadisədir. Bunlar hamısı bizi sevindirir. Ancaq bizi kədərləndirən odur ki, xalqımızın başına gəlmiş bu faciələri yenidən xatırlayırıq. Ermənistan tərəfindən Azərbaycana qarşı 1988-ci ildən başlanmış hərbi təcavüz nəticəsində ərazimizin bir qisminin işğal olunmasını və torpaqlarımızın müdafiəsində şəhid olan insanların böyük qəhrəmanlıqlarını xatırlayırıq. Bu gün biz şəhidlərin ailələrinin vəziyyətini bir daha dərk edirik. Vətən yolunda öz sağlamlığını itirmiş insanları, bu faciələri xatırlayırıq. İşğal olunmuş torpaqlardan didərgin düşmüş, qaçqın vəziyyətində, çadırlarda ağır şəraitdə yaşayan soydaşlarımızın həyatını xatırlayırıq. Şübhəsiz ki, bunlar da bizi kədərləndirməyə bilməz.

Ancaq bunların hamısına bir yerdə baxsaq, yenə də sevinməliyik. Sevinməliyik ki, Azərbaycan xalqı artıq üç ildən çoxdur ki, əmin-amanlıq şəraitində rahat yaşayır. Müharibə, döyüşlər yoxdur, qan tökülmür. Biz artıq şəhidlər dəfn etmirik. Biz respublikamız üçün ən mühüm məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün gündən-günə uğurlu addımlar atırıq. Biz bu məsələnin həll edilməsinə nail olmaq yolu ilə irəliləyirik.

Sevindirici hal odur ki, artıq Azərbaycanda dağıdıcı, pozucu proseslərə son qoyulubdur. İndi quruculuq, yaradıcılıq prosesi gedir. İnsanlar bütün çətinliklərə sinə gərərək qurmaq, yaratmaq, yaxşı yaşayış şəraiti yaratmaq əzmindədir. Bu da çox sevindirici haldır.

Mən bu gün avtomobillə buraya gələrkən şəhərimizin bir hissəsinə bir daha nəzər saldım. Burada toplaşanların əksəriyyəti gənclərdir, ancaq görürəm, yaşlılar da vardır. Yaşlıların xatirindədir ki, vaxtilə, 30-40 il bundan əvvəl buraların hamısı boş yerlər idi. Yaxud 20 il bundan əvvəl burada heç bir bina yox idi. Bura şəhərin sadəcə bir hissəsidir. Biz buraya mikrorayon deyirik. Cəmi 10, 15, 20, 25 il içərisində şəhərimiz nə qədər böyüyübdür, nə qədər əzəmətli, çoxmərtəbəli binalar tikilibdir. İnsanlar qurublar, yaradıblar.

Bizim üçün əziz olan qədim Bakı şəhərimiz, paytaxtımız böyüyüb. İnkişaf edibdir.

Ancaq təəssüflər olsun ki, 1988-89-cu illərdən sonra respublikada hər şeyi dağıtmağa başlayıblar. Ölkədə dağıdıcı proses gedibdir. Əvvəllər yaradılanı da dağıtmaq, pozmaq, qarət etmək, oğurlamaq, mənimsəmək, - ora-bura dağıtmaq, hərə özü üçün mənfəət görmək - bunlar hamısı bir neçə il bundan əvvəl həyatımızın gerçəkliyi olmuşdur. Biz o günləri yaşamışıq.

Şəxsən mən ona görə sevinirəm, güman edirəm, siz də mənimlə həmfikir olmalısınız ki, biz artıq bunlara son qoya bilmişik. Respublikamızın hər yerində, o cümlədən Bakıda, şəhərimizin bu guşəsində quruculuq prosesi gedir. Bunun da ən parlaq nümunəsi yeni tikilmiş, inşa olunmuş, indi istifadəyə verilən bu gözəl yaşayış evidir.

Ən sevindiricisi, önəmlisi odur ki, bu yaşayış evi, mənzillər vətənimizin, torpaqlarımızın müdafiəsində şəhid olmuş qəhrəman insanların ailə üzvlərinə, vətənin müdafiəsində döyüşmüş, qəhrəmanlıq göstərmiş, şikəst, əlil olmuş insanlara verilir, onlar üçün tikilmişdir. Bu, çox sevindirici haldır.

Bəlkə də bu, ümumi həyatımızda respublika miqyasında bir zərrədir. Çünki ölkəmiz böyükdür, biz hələ çox şeylər tikib yaratmalıyıq, binalar inşa etməliyik. Ancaq son illəri, hər şeyin dağıldığı dövrü təhlil edərkən deməliyik ki, indi yeni binanın tikilməsi, istifadəyə verilməsi böyük hadisədir.

Bilirsiniz ki, mən vaxtilə Azərbaycanda işləmişəm və Azərbaycana rəhbərlik etmişəm. O vaxt biz məsələ qoymuşduq və demək olar, buna nail olmuşduq ki, Bakı şəhərində ildə bir milyon kvadratmetrlik mənzil sahəsi təhvil verilməlidir. Doğrudur, bu, ildə bir milyona çatmırdı, ancaq o vaxt Bakıda ildə 800-900 min kvadratmetrlik yaşayış evləri tikilirdi və istifadəyə verilirdi. O dövrdə elə bir evin tikilib istifadəyə verilməsi heç böyük hadisə də deyildi, adi bir şey idi. Belə evlər ildə onlarla tikilirdi.

Təkcə Bakıda yox, respublikanın hər yerində tikilirdi. Yenə də deyirəm, ətrafda olan bu çoxmərtəbəli, nəhəng binaların hamısı o illərdə tikilibdir. Yadıma gəlmir ki, o dövrdə mən bir yaşayış evinin tikilib istifadəyə verilməsi münasibətilə onu ziyarət edim, yaxud da gedib onun açılışında iştirak edim. Mənzil alanlarla görüşüm. Bu, adi bir hadisə idi.

Doğrudur, mən o illərdə inşaata çox nəzarət etməyə çalışırdım. Xüsusən də yaşayış evlərinin tikilməsində keyfiyyətin yüksəldilməsinə çox fikir verirdim. Mən inşaat işləri aparılan yerlərə gedirdim, çox vaxt keyfiyyətin aşağı olması ilə əlaqədar ən ciddi tədbirlər görürdüm. Belə hallar olurdu. Ev tikilib qurtarandan sonra onu kiməsə verirdilər, yaxud paylayırdılar - bunlar o vaxt bizim üçün adi bir hadisə idi. Amma indi görürsünüz, bir evin tikilib istifadəyə verilməsi böyük bir əlamətdar hadisəyə çevrilibdir, bir mən yox, biz hamımız, respublikanın bütün rəhbər orqanlarının nümayəndələri buraya toplaşmışlar.

Güman edirəm ki, gələcəkdə yenə də böyük-böyük çoxsaylı evlər, mənzillər tikib istifadəyə verməyə imkanımız olacaqdır. Ancaq bu gün bu, hamımızı çox sevindirir və mən bunu əlamətdar hadisə hesab edirəm.

Mən bu münasibətlə bütün inşaatçıları təbrik edirəm. Xüsusən də respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, onun rəhbərliyini və nazir Əli Nağıyevi təbrik edirəm. Doğrudur, bu işlərin hamısına vəsait də ayrılıbdır, biz göstərişlər də vermişik, nəzarət də olubdur. Ancaq işi görən bunlardır. Məhz bunların fədakarlığı nəticəsində bu ev tikilib hazır olubdur, indi isə istifadəyə verilir.

Mən evə, mənzillərə baxdım. Məni çox sevindirdi, keyfiyyətli evdir. Burada işlər çox keyfiyyətli aparılıbdır. Bu da məni sevindirir. Mən keçmiş illərdə inşa olunub istifadəyə verilmiş yaşayış evləri ilə bu binanı müqayisə edəndə böyük irəliləyiş gördüm. O vaxtlar say çox idi, amma keyfiyyət bu vəziyyətdə deyildi.

Ola bilər, bu, xüsusi ev olduğunu, məhz vətən uğrunda döyüşmüş insanlar üçün hazırlandığına görə bu binanın tikintisinə xüsusi fikir veriblər, nəzarət ediblər. Bu da ola bilər. Ancaq, eyni zamanda, bu evlə tanış olarkən mən belə qənaətə gəlirəm ki, inşaatçılarımız tikinti işində keyfiyyəti də yüksəldə biliblər. Bu da məni sevindirir. Bu, onu göstərir ki, inşaatçılarımız yaxşı binalar tikə bilərlər.

Son illər Azərbaycanda sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yarandığı zaman respublikamıza bir sıra xarici şirkətlər gəliblər. Onlar burada cürbəcür işlər görürlər. Biz bunları dəstəkləmişik, bu gün də dəstəkləyirik. Ölkəmizin qapıları bütün dünya iqtisadiyyatı, xarici iş adamlarının müştərək iş görməsi üçün açıqdır və biz bu işləri müsbət qiymətləndiririk. Bütün bunların indiki dövrdə respublikamızın iqtisadiyyatının inkişafında çox böyük əhəmiyyəti, təsiri vardır. Azərbaycana xarici inşaat şirkətləri də gəliblər, burada evlər də tikiblər.

Bilirsiniz, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat dövrüdür. Ölkəmizdə insanlara sərbəstlik verilibdir, artıq sahibkarlar yaranıbdır. İş adamları öz işlərini sərbəst surətdə görürlər. Qanuni qazanc əldə edənlər çoxdur. Doğrudur, qeyri-qanuni yollarla varlananlar da vardır. Bunların qarşısı alınmalıdır. Ancaq yenə deyirəm, qanuni qazanc əldə edənlər də var. Bunlar təbiidir. Çünki bu, ölkəmizin iqtisadiyyatında gedən proseslər nəticəsində meydana gəlmiş haldır, şəraitdir. Bu, belə də olmalıdır. Ona görə də təkcə Bakıda yox, respublikanın hər bir yerində, bəlkə də əksər yerlərində ayrı-ayrı adamlar özlərinə binalar, mənzillər, evlər tikirlər. Hesab edirəm ki, bunlar da müsbət qiymətləndirilməlidir. Biz bunlara da imkan vermişik və bundan sonra da imkan verəcəyik. Çünki əgər insanın imkanı, vəsaiti varsa, o özünə ev, mənzil tikirsə, demək, o, bu yükü dövlətin üzərindən götürür, ümumiyyətlə, Azərbaycanda yaşayış binalarının sayını artırır. Ona görə də bu, müsbət haldır.

Xaricdən gələn inşaat şirkətlərindən bir çoxu məhz belə fərdi evlərin tikintisi ilə məşğul olur. Bunların bəziləri də ayrı-ayrı böyük binalar tikiblər. Həmin şirkətlərin çoxu tikintidə yüksək keyfiyyət nümunələri göstəribdir. Bu da çox sevindirici haldır. Çünki bizim inşaatçılar da xaricdən gələn inşaatçılardan öyrənərək, onların təcrübəsini mənimsəyərək öz iş keyfiyyətlərini artırmağa başlayıblar. Bu da bir tərəfdən müəyyən rəqabət yaradır.

Azərbaycanda keçmişdə inşaatla məşğul olan təşkilatlar çox olub. Bunlar mənim xatirimdədir. Onların bir çoxu indi də qalıbdır. Bizdə bir neçə inşaat nazirliyi, respublika, ayrı-ayrı bölgələr, şəhərlər, rayonlar üzrə inşaatla məşğul olan, nazirliyə bərabər böyük trestlər var idi. Yəni Azərbaycanda böyük inşaatçı ordusu var idi. Azərbaycanda inşaat sahəsində çox yüksək keyfiyyətli iş görmək qabiliyyəti olan insanlar da çoxdur. Məsələn, indi onların bir qismi "Əsrin müqaviləsi" adlandırdığımız neft müqaviləsinin həyata keçirilməsi ilə əlaqədar bir çox inşaat işlərində iştirak edirlər və çox da gözəl, keyfiyyətli işlər görürlər. Ancaq işin keyfiyyətinin qaldırılması, təkcə öz inşaatçılarımızın yox, ayrı-ayrı ölkələrdən Azərbaycana gələn inşaatçıların burada iş görməsi, onların təcrübələrinin respublikamızın inşaatçılarında da keyfiyyətin yüksəldilməsinə böyük maraq yaratması və onları daha keyfiyyətli iş görməyə məcbur etməsi Azərbaycanın iqtisadiyyatında, o cümlədən tikinti sahəsində gedən proseslərin müsbət nəticələridir.

Mən bunu ona görə xüsusi qeyd edirəm ki, bir neçə xarici şirkətin Bakıda apardığı inşaat işlərinin nümunələrini görmüşəm. Bu gün bu evi müşahidə edərkən, onun mənzillərinə baxarkən, - bunun xarici də görünür, hamınız görürsünüz - xarici şirkətlərin gördüyü işlə bu binanın tikintisinin keyfiyyəti arasında müqayisə aparıram.

Bu binanın keyfiyyəti onlardan heç də aşağı deyil, bəlkə də yuxarıdır. Bu, çox sevindiricidir. Demək, bizim inşaatçılarımız yüksək keyfiyyətli iş görməyə qadirdirlər. Deyirlər, bunun üçün müəyyən miqdarda vəsait, inşaat materialı lazımdır, qiyməti artıqdır. Doğrudur, ancaq ola bilər, bir az baha, keyfiyyətli olsun, nəinki ucuz, keyfiyyətsiz olsun.

Məsələn, mən bu gün bu binadakı mənzillərə baxdım. Güman edirəm ki, bu mənzilləri alan hər bir şəxs oraya daxil olan kimi bu mənzildə yaşayacaqdır. Ancaq keçmişdə bəzi hallarda nə olurdu? Bina tikilirdi, istifadəyə verilirdi. Mənzil alan gəlib orderi, açarı alıb sevinirdi, amma bundan sonra həmin mənzili özü iki-üç ay təmir edirdi. Hətta deyə bilərəm, mən 1993-cü ildə Bakıya gəlib işə başlayandan sonra dedilər ki, hökumət işçiləri üçün burada bir evin tikintisinə başlanıb. Mən gələndə bu ev tikilib qurtarmışdı. Dedilər ki, onu sadəcə paylayırıq. Həmin binada mənzilləri payladılar. Bizim dövlət işində çalışan bir neçə şəxs 1994-95-ci illərdə həmin binadan ev aldı. Sonra eşitmişəm ki, bu adamların hər biri orada təmir işi aparır, heç biri həmin mənzillərə köçməyib. Soruşuram ki, niyə köçməyiblər? Hər biri cavab verdi ki, bu bina elə keyfiyyətsiz tikilib ki, mən oraya köçə bilmərəm. Bəli, bu mənzili təmir edir və oraya da nə qədər xərc çəkir. Demək, belə çıxır ki, bu bina ikinci dəfə tikilir birinci dəfə onun əsas hissəsi inşa olunur, içərisini isə mənzili alan hər bir adam tikməlidir. Olmaz ki, bunların hamısı bir yerə yığılsın, birlikdə tikinti işi aparılsın, mənzili alan adam da sonra təmir işi aparmasın?

Deyəsən, həmin binada yaşayan adamların, yəni rəhbər işçilərin bəzilərini burada görürəm. Yəqin onlar bunu təsdiq edərlər ki, bu belədir, yoxsa yox. Məsələn, Fikrət Yusifov oradan ev alıb. Sən onu neçə ay təmir etmisən? Deyirsən ki, dörd ay təmir işi aparmısan. Doğrudur, bu təmirə nə qədər pul verildiyini düz deməyəcəksən, ona görə də sənə bu sualı vermirəm. Görürsünüz, vəziyyət necədir?

Mən hər şeyi açıq deyirəm. Həyatım belədir ki, mən həmişə hər bir sözü olduğu kimi, açıq demişəm. Bu həqiqətdir. Həqiqətin də üstünü örtmək olmaz. Bu gün mənzil alanlar arasında nazir yoxdur ki, gəlib burada bir də xüsusi təmir aparsın. Bu gün mənzil alanların hamısı sadə insanlardır. Amma bəlkə maliyyə nazirinə də bu binada ev versək, o da bu mənzili təmir etməzdi, necə var, olduğu kimi yaşayardı. Bu gün dedim ki, bəlkə mən özüm də gəlib bu binadakı mənzillərdən birini özümə götürüm.

Bu bina çox gözəldir. Biz bir çox ölkələrə, şəhərlərə gedirik, hotellər görürük. Bu binanın mənzillərinin vəziyyəti bizim gördüyümüz hotellərin bəzilərinin səviyyəsindədir.

Mən bu məsələnin üzərində bir qədər geniş dayandım və bəzi faktları da gətirdim ki, sizi bu sözlərimə inandırım. İnşaatda keyfiyyət çox əhəmiyyətlidir. Bu evi inşa edən tikinti idarəsinin işçisi burada çıxış etdi. Bu onu göstərir ki, bizim inşaatçılarımız da keyfiyyətli binalar tikə bilərlər.

Bunun üçün nə lazımdır? Birincisi, həmin keyfiyyətli inşaat üçün vəsait ayrılması lazımdır, ikincisi isə inşaatçılar tikinti işləri aparılarkən gərək materialları oğurlamasınlar. Keçmişdə bizim apardığımız inşaat işlərinin keyfiyyəti niyə aşağı olurdu? Bir ona görə yox ki, vəsait az ayrılırdı. Ona görə ki, inşaatçılar həmin tikinti materiallarının bir qismini daim oğurlayırdılar.

Mən inşaatçılara hörmət edirəm. Burada inşaatçılar da var. Mən onların gördükləri işləri, xidmətlərini qiymətləndirmişəm. Azərbaycanın, Bakının bax, bu mənzərəsi inşaatçılarımızın işinin nəticəsidir. Ancaq inşaatçıların arasında oğrular da olubdur, bu gün də var. Ona görə də rəqabət, nəzarət olanda, yəqin ki insan pis əməllərindən uzaqlaşır. Yəni əgər o burada yaxşı məvacib alırsa, onun insafı varsa, demək, tikinti materiallarını oğurlayıb aparıb satmamalıdır. Əgər keyfiyyət üçün lazımi vəsait ayrılırsa, demək, inşaat işi keyfiyyətli gedəcəkdir. Görünür, bax, bu evin tikintisində bu amillər özünü göstərib və o bir nümunədir. Məsələnin bu tərəfi məni çox sevindirdi.

Görürsünüz, bugünkü bu hadisə bir neçə nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edir. Birincisi, bu bina kimin üçündür? Bizə çox əziz olan adamlar üçündür. İkincisi, bu bina keyfiyyətli tikilibdir. Mən bunu da yüksək qiymətləndirirəm. Mən çox şadam ki, biz hamımız bu gün buraya bu binada yaşayacaq adamları təbrik etmək üçün gəlmişik.

Bugünkü bu nümunə onu sübut edir ki, bizim respublikamızda sosial təminat sahəsi həyatımızın xüsusi bir sahəsidir. Respublikamızın iqtisadiyyatında bazar iqtisadiyyatmı tətbiq edərək, yaradaraq, inkişaf etdirərək, eyni zamanda onun sosial istiqamətini heç vaxt unutmamalıyıq. Bazar iqtisadiyyatı sosial yönümlü iqtisadiyyat olmalıdır. Bazar iqtisadiyyatı iqtisadiyyatda sərbəstliyə, rəqabətə, təşəbbüskarlığa imkan yaradır. Biz bunu etməliyik. Çünki bu, ümumiyyətlə, iqtisadiyyatın sürətli inkişafının - indi bütün sınaqlardan keçəndən sonra - yeganə yoludur. Ancaq biz bununla yanaşı, bazar iqtisadiyyatının sosial yönümünü nəinki unutmamalıyıq, hətta günü-gündən gücləndirməliyik.

Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır. Ona görə 1998-ci il üçün müəyyənləşdiriləcək dövlət büdcəsində də, gələcək illərdə də iqtisadiyyatımız inkişaf etdikcə, respublikamızın gəliri, imkanları artdıqca sosial sahəyə qoyulan vəsaitin həcmi artmalıdır. Respublikamızın sosial cəhətdən aztəminatlı vətəndaşları bu imkanlardan mütləq istifadə etməlidirlər və biz bu imkanlar vasitəsilə onların sosial vəziyyətini yaxşılaşdırmalıyıq. Sosial cəhətdən köməyə ehtiyacı olan adamlar təkcə döyüşlərdə şikəst, əlil olmuş insanlar deyil, başqa təbəqədən olanlar da çoxdur. Biz bütün bu təbəqələrdən olan insanların yaşayışını nəzarət altında saxlamalıyıq, onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq.

Mən bildirmək istəyirəm ki, bizim iqtisadi siyasətimizdə bazar iqtisadiyyatının gələcəkdə də inkişaf etdirilməsi əsas istiqamətdir. Ancaq eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı respublikamız üçün əsas, prinsipial məsələdir. Bizim iqtisadiyyatla, siyasətlə məşğul olan orqanlarımız bunu bilməlidirlər və bu işlərə riayət etməlidirlər.

Mən bu gün bir daha bildirmək istəyirəm ki, cəmiyyətimizdə dövlət, hökumət orqanlarında Vətənimizin müdafiəsi uğrunda vuruşmuş, qəhrəmanlıq göstərmiş, fiziki cəhətdən xəsarət almış, zəifləmiş insanlara xüsusi qayğı göstərilməlidir. Ümumiyyətlə, Vətənin müdafiəsində iştirak etmiş və qəhrəmanlıq, şücaət göstərmiş insanların hamısı cəmiyyətimizin diqqət mərkəzində olmalıdır, dövlət orqanları onlara qayğı göstərməlidir. Onlar cəmiyyətdə həmişə hörmətlə qarşılanmalıdırlar. Şəhid ailələri bizim hamımızın - həm dövlətin, hökumətin, həm də cəmiyyətin daimi qayğısı altında olmalıdır.

Vətəni müdafiə etmək ən şərəfli işdir. Bu gün burada Vətəni müdafiə edərkən xəsarət almış, fiziki cəhətdən müəyyən dərəcədə zəifləmiş insanlar var. Biz onlarla görüşürük. Onlar darıxmamalıdırlar, narahat olmamalıdırlar. Əksinə, onlar fəxr etməlidirlər ki, Vətənimizi, torpağımızı müdafiə ediblər, şücaət göstəriblər, öz fiziki sağlamlığının bir hissəsini itiriblər və bu gün də bizim cəmiyyətimizin layiqli üzvüdürlər. Onlar bütün başqa sağlam adamlardan hörmətlidirlər, şərəflidirlər. Çünki onlar öz sağlamlığının bir hissəsini Vətənin yolunda itiriblər. Bundan böyük, şərəfli iş ola bilərmi?! Bax, siz, buraya toplaşanlar, bununla iftixar etməlisiniz, qürur duymalısınız. Biz də sizə hörmət etməliyik. Ona görə ki, siz gedib Vətən uğrunda vuruşmusunuz. Şəhid ailəsi, gənc bir qadın burada çıxış etdi. Bilirsiniz, onun çıxışı məni nə qədər həyəcanlandırdı. Onun həyat yoldaşı, əri mənim çağırışımla, yəni Vətənin, dövlətin çağırışı ilə cəbhəyə gedib, vuruşub, həlak olub, canmı qurban veribdir. Onun balaca uşağı var. Özü gənc qadındır, ərsiz qalıbdır. Şübhəsiz ki, biz onun həyatı ilə daim maraqlanmalıyıq, ona kömək, yardım etməliyik. Ancaq mənim bu bacım, qızım da, onun o kiçik balası da fəxr etməlidir ki, bu balaca uşağın atası, bu gəlinin əri Vətən yolunda həlak olubdur. Vətən yolunda həlak olmaqdan şərəfli bir həyat ola bilməz.

Biz bu insanlara, onların xatirəsinə daim hörmət etməliyik. Onların ailələrinə hörmət etməliyik, qayğı göstərməliyik. Yenə də deyirəm, biz cəmiyyətimizdə Vətən, torpaq yolunda, torpaqlarımızın müdafiəsi yolunda vuruşan insanların hamısına hörmət və ehtiramla yanaşmalıyıq. Bu, bizim borcumuz, vəzifəmizdir. Dövlət başçısı kimi mən bu gün bir daha deyirəm ki, bu, mənim üçün böyük bir vəzifədir. Mən bunu özüm üçün borc hesab edirəm və bu borcumu da sona qədər yerinə yetirəcəyəm.

Mən bu əlamətdar hadisə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Xüsusən bu gün mənzil alan bacı və qardaşlarımızı, övladlarımızı təbrik edirəm. Bu mənzilləri alanlara bu gözəl evdə xoşbəxt həyat arzulayıram. Bütün xalqımıza, millətimizə sülh, əmin-amanlıq arzulayıram. Bu binanı tikib, başa çatdırıb bugünkü vəziyyətdə istifadəyə verən adamların hamısına təşəkkür edirəm. Sağ olun.

İndi nazir deyir ki, mənzillərin orderlərini mən təqdim edim. Elə bu gün burada dediyim bu sözlər mənim bu orderləri təqdim etməyim deməkdir.

Orderləri təqdim edin, qoy hər kəs keçib öz mənzilini tutsun, yaşasın, yerini-yurdunu düzəltsin. Ondan sonra bir bayram günü qonaq çağırarsınız, gəlib sizin bu evi qeyd edərik. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər