Dədə-Qorqud dastanı


Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də böyük işlər görülüb.

Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub. O, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərib, bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr verib, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoyub.

Bu baxımdan ümumilli liderimizin “Kitabi-Dədə Qorqud” dastanına münasibəti, bu qiymətli eposa göstərdiyi hərtərəfli diqqət böyük əhəmiyyət daşıyır. Bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud”un xüsusi yeri var. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunub. 

Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə dastanın hərtərəfli şəkildə təbliği, tədqiqi məsələlərinə diqqət yetirib, bu sahədə əsaslı tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və himayəçisi olub. 1975-ci ildə ikihissəli “Dədə Qorqud” bədii filminin çəkilməsi nəticəsində dastan xalq arasında çox böyük populyarlıq qazanıb.

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə də “Kitabi-Dədə Qorqud”a böyük dəyər verərək ardıcıl diqqət göstərib. Prezident Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli Fərmanı əsasında “ana kitabımız” adlandırdığı “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib, respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunub.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili müstəqil Azərbaycanın ilk nəhəng elmi-mədəni tədbirlərindən biri kimi Azərbaycan folklorşünaslığının və ümumən, humanitariyasının inkişafında mühüm əhəmiyyət daşıyıb.

1999-2000-ci illərdə qorqudşünaslıq sahəsində yeni-yeni tədqiqatlar aparılıb, AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində (indiki Folklor İnstitutunda), Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alimlərin rəhbərlik etdiyi “Qorqudşünaslıq” şöbələri fəaliyyətə başlayıb.

2000-ci ildə ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nın nəşri də böyük önəm daşıyır. Elə həmin il dastanın 1300 illiyi ilə əlaqədar Bakıda möhtəşəm zirvə tədbiri keçirilib. Folklorumuzun möhtəşəm abidəsinin müxtəlif aspektlərdə və yeni təfəkkür işığında öyrənilməsi sahəsində ciddi araşdırmalar ortaya çıxıb.

Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunması barədə fərman eposun təbliği və tədqiqi baxımından son dərəcə böyük əhəmiyyətə malik idi. Heydər Əliyev bu barədə deyib: “Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, “Kitabi-Dədə Qorqud” dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

“Kitabi-Dədə Qorqud” dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər!” – deyən ulu öndərin siyasi kursunu yüksək səviyyədə və hərtərəfli şəkildə davam etdirən ölkə Prezidenti İlham Əliyev bu möhtəşəm dastana münasibətdə də dahi rəhbərin ideyalarını layiqincə həyata keçirib.

Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. Dövlət başçısının 2007-ci ildə imzaladığı "Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" sərəncama əsasən, Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilib. 

 13 dekabr 2013-cü il tarixdə Bakı şəhərində Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb.

Epos əsasında çoxseriyalı bədii tele­viziya filminin çəkilməsi haqqında Prezident İlham Əliyevin 28 dekabr 2013-cü il tarixli sərəncamı da xüsusi əhəmiyyət daşıyır. Ölkə rəhbəri dastana yüksək qiymət verərək deyib: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir”.

Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli sərəncamında milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Kitabi-Dədə Qorqud”un böyük əhəmiyyəti məxsusi vurğulanıb. Sərəncama uyğun olaraq, bu əlamətdar yubileylə əlaqədar ölkəmizdə sistemli tədbirlər həyata keçirilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planına əsasən bu yubiley geniş şəkildə qeyd olunub. Keçirilən elmi konfranslar, təşkil olunan açıq dərslər, dəyirmi masalar, kütləvi informasiya vasitələrində verilən müvafiq materiallar və sair bu baxımdan təqdirəlayiqdir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasında olub.

Hələ 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud meydanının yaradılması, həmin meydanda Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir.

Ümumi tarixi arayış may 2020-ci ildə tərtib olunub.