Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin uşaqların beynəlxalq televiziya və radio günü, habelə YUNİSEF-in 50 illiyi münasibətilə "uşaqlar dünyanin sevincidir" şənlik mərasimində çıxışı - Bakı, Teleteatr 15 dekabr 1996-cı il


Əziz uşaqlar, əziz balalar, əziz övladlarımız!

Mən sizin hamınızı və televiziya vasitəsilə Azərbaycan Respublikasının bütün uşaqlarını, müstəqil Azərbaycanın bütün övladlarını salamlayır, hamınızı Beynəlxalq Uşaq günü münasibətilə, beynəlxalq uşaq təşkilatının – YUNİSEF-in 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün sizin aranızda olmaqdan çox məmnunam: siz bizim Azərbaycanın əziz uşaqları, əziz övladlarısınız. Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir. Doğma Vətən – Azərbaycan, doğma ölkə, müstəqil Azərbaycanın dövləti sizin gələcəyiniz üçün çox işlər görür. Siz Azərbaycanın müstəqilliyinin ilk illərində oxumağa başlamısınız, təhsil alırsınız, Azərbaycanın gözəl gələcəyini görmək imkanınız var. Ona görə də siz bizim, Azərbaycanın xoşbəxt balalarısınız. Oxumağınız, təhsil almağınız, həyatda yaşamaq, işləmək, cəmiyyətdə özünüzü göstərmək üçün hazırlaşmağınız sizin əsas vəzifənizdir.

Mən çox məmnunam ki, son illər xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır. Sizə təhsil almaq, istedadınızı inkişaf etdirmək, özünüzü gələcəyə hazırlamaq üçün daha da əlverişli şərait yaranıbdır. Bu sülh, əmin-amanlıq şəraiti, respublikamızın həyat tərzinin gündən-günə yaxşılaşması sizin hər birinizə gözəl imkanlar yaradır. Mən sizi şən, xoşbəxt, oxuyan-oynayan, çalan-şənlənən görürəm. Bu, məni həddindən artıq sevindirir və əminəm ki, bu gün Azərbaycanda televiziya ekranlarının qarşısında oturan analarınız, atalarınız, bacılarınız, qardaşlarınız və sizin kimi uşaqlar bu şənliyə, şən əhval-ruhiyyənizi, istedadınızı nümayiş etdirməyinizə çox sevinirlər, sizi alqışlayır, şən mahnılarınızdan, rəqslərinizdən, şən əhval-ruhiyyənizdən ilham alırlar.

Mən buraya gəlməmişdən öncə, saat 2-dən televiziya ilə sizə baxır, mahnılarınızı dinləyir, rəqslərinizi müşahidə edirdim. Mən görürəm ki, siz nə qədər istedadlısınız. Bugünkü çıxışlarınızı görərkən fəxr edirəm ki, bizim Azərbaycanın bu qədər gözəl, göyçək, istedadlı balaları var, uşaqları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz. Mən çox sevinirəm. Çox sevinirəm ki, bu gün belə bir televiziya marafonu təşkil olunubdur. Mən çox sevinirəm ki, bu gün televiziya sizin sərəncamınıza verilibdir. Mən çox sevinirəm ki, bu gün siz öz mahnılarınızla, rəqslərinizlə, çıxışlarınızla, sözlərinizlə Azərbaycanın bütün vətəndaşlarını sevindirir, şadlandırırsınız. Sizi təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm.

Siz uşaqsınız, körpəsiniz, qarşınızda böyük həyat yolu var. Ümidvaram ki, siz bu həyat yolu ilə uğurla gedəcəksiniz, valideynlərinizi, doğma Vətəninizi, doğma dövlətinizi sevindirəcəksiniz.

Son illər YUNİSEF təşkilatı Azərbaycanda çox gərəkli fəaliyyət göstərir, uşaqların qorunması, sağlamlığının təmin olunması, onlara təhsildə müəyyən imkanlar yaradılması üçün yardım, kömək göstərir, bir çox uşaq evlərinə himayəçilik edir. Ona görə də sizinlə birlikdə mən YUNİSEF-in Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyinə təşəkkürümü bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, YUNİSEF müstəqil Azərbaycanın uşaqlarının həyatına bundan sonra da qayğı və diqqət göstərəcək, burada fəaliyyətini gələcəkdə daha da genişləndirəcəkdir.

Əziz balalar, mən sizi sevirəm, hər birinizi bağrıma basır, qucaqlayıram, hər birinizi öpürəm. Sizə xoşbəxtlik arzulayıram. Valideynlərinizə xoşbəxt həyat, əmin-amanlıq arzu edirəm. Bugünkü bu gözəl mühitdə bütün Azərbaycan xalqına sizinlə birlikdə xoşbəxt həyat arzulayıram. Əminəm ki, Azərbaycan xalqının həyatı bundan sonra gündən-günə xoşbəxt, gözəl olacaqdır. Ölkəmiz gündən-günə yüksələcək, müstəqil dövlətimiz yaşayacaq və Azərbaycan xalqı Dünya Birliyində daim özünə layiq yerini tutacaqdır.

Sizi bir də təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər