Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Baş nazirinin müavini Mixail Qladi ilə görüşdə söhbətindən - Prezident sarayı, 23 iyun 1999-cu il


Mixail Qladi: Xoş gördük, cənab prezident. Vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Mən də sizinlə görüşməyimə şadam. Leonid Daniloviç Kuçma mənə zəng etmişdi, bizim telefon söhbətimiz oldu. Budur, bizim Baş nazir məlumat verdi ki, siz gəlmisiniz. Mən bu görüşə şadam. Ukrayna ilə hər bir görüş bizim üçün xüsusi əhəmiyyətə malikdir.

Mixail Qladi: Heydər Əliyeviç, ən əvvəl dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük töhfə vermiş görkəmli siyasətçi kimi, Sizə Leonid Daniloviç Kuçmanın, bütün Ukrayna xalqının ən səmimi arzularını yetirmək istərdim. Səhhətinizin vəziyyətini biz həmişə diqqətlə izləmişik və şadıq ki, Siz tam sağlamsınız.

Biz Sizin dövlətinizin inkişafını da izləyirik və şadıq ki, iqtisadiyyatınızda yüksəliş var. Bakıda apardığımız danışıqlar zamanı biz Sizin yaxşı nəticələr əldə etdiyinizi eşidib sevindik. Ukrayna bu sahədə Sizin yolunuzla getməyə çalışacaqdır. Şadıq ki, Sizin nəinki bir prezident kimi, həm də bir insan kimi Leonid Daniloviç ilə dostluq münasibətləriniz çox sıxdır, bu isə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bütün sahələrində öz əksini tapır. Bizim Ukraynada hamı başa düşür ki, qarşılıqlı münasibətlərin inkişafında uğurlarımız ancaq Sizin fəaliyyətiniz nəticəsində qazanılmışdır.

Biz Baş nazir Artur Tahiroviç Rasizadə ilə, başqa şəxslərlə danışıqlar apara bildik. Aramızda qarşılıqlı anlaşma var. Bu, çox mühümdür və bizi sevindirir. Belə düşünürəm ki, haqqında danışıqlar apardığımız məsələlərə dair qərarlar hazırlamağa müvəffəq olacağıq. Kiyevdə iqtisadi əməkdaşlıq üzrə ikitərəfli Ukrayna-Azərbaycan komissiyasının görüşü keçiriləcəkdir. Mövcud problemlərin həllinə dair bir çox təkliflər var. Ukrayna iqtisadi məsələlərdə əməkdaşlığa hazırdır. Biz şirkətlərin rəhbərləri ilə görüşüb, bəzi məsələlərdə razılığa gəldik. Hazırda Ukraynada oktyabrda keçiriləcək ölkə prezidentinin seçkiləri ilə əlaqədar siyasi mübarizə başlanmışdır. Artıq indi prezidentliyə 18 namizəd var. Lakin biz əminik ki, Leonid Daniloviç prezident qalmaq üçün mümkün olan hər şeyi edəcəkdir.

Əlbəttə, iqtisadi problemlərimiz də var. Hazırda məhsul yığımı çağı başlayır, 12 min hektar sahədə dənli bitkilər əkmişdik, amma bəxtimiz gətirmədi. May ayında şaxtalar oldu, indi isə quraqlıqdır, isti 35-37 dərəcəyə çatır. Buna baxmayaraq, hər halda 28-30 milyon ton taxıl götürmək ümidindəyik. Biz Sizdən ötrü çox sevinirik. Biz Sizi təkcə Qafqazda deyil, başqa bölgələrdə də sabitliyin təminatçısı olan böyük siyasətçi hesab edirik. Bir daha Sizə Ukrayna xalqının, Ukrayna prezidentinin, Baş nazirinin ən yaxşı arzularını yetirirəm.

Heydər Əliyev: Mən sizinlə görüşdən şadam. Leonid Daniloviç Kuçma telefonda mənə sizin gəlişinizdən danışdı. Səhhətimin vəziyyətinə böyük maraq göstərdiyinə görə Leonid Daniloviç Kuçmaya olduqca minnətdaram. Mən Birləşmiş Ştatlarda, Klivlend xəstəxanasında olarkən o, oraya zəng vurmuşdu, biz söhbət etdik. Təbii ki, o, mənə ürək-dirək verirdi. Bunun özü bizim münasibətlərimizi səciyyələndirir.

Münasibətlərimiz isə həqiqətən dostluq münasibətləridir.

Dövlət xadimi kimi, prezident kimi Leonid Daniloviçə mənim böyük hörmətim var və hesab edirəm ki, Ukrayna özünün müstəqilliyi, azadlığı üçün, siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün onun gördüyü işləri qiymətləndirməlidir. Hər halda, biz belə qiymətləndiririk. Zənnimcə, bu, Ukrayna üçün yeganə başlıca yoldur. Leonid Daniloviç isə bu yol ilə qətiyyətlə gedir, öz xalqını və öz ölkəsini irəli aparır. Buna görə də dünya siyasətinin bir çox məsələləri barəsində bizim aramızda tam qarşılıqlı anlaşma var.

Ukrayna ilə Azərbaycan arasında münasibətlərə gəldikdə isə Leonid Daniloviç də, mən də bu münasibətlərin möhkəmlənməsi və inkişafı üçün kifayət qədər iş görmüşük. Bununla bərabər, münasibətlərimizin daha geniş, daha dərin, daha möhkəm olması üçün hələ çox şey edilməlidir. Mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə sağ olun. Səhhətim yaxşıdır. Əlbəttə, cərrahiyyə əməliyyatı sadə bir əməliyyat deyildi. Ancaq bütün bunlar kifayət qədər tez ötüb keçdi, mən işləyirəm və biz münasibətlərimizi bundan sonra da inkişaf etdirəcəyik.

Əlbəttə, mən Leonid Daniloviçin prezident olmasını istəyirəm. Oktyabrda seçkilər keçiriləcəkdir. Deyirsiniz ki, sizdə artıq 18 namizəd var. Bilirsiniz, belə hal yalnız bizdə - MDB ölkələrində ola bilər. Məsələn, məgər Amerikada və ya Almaniyada, Fransada 18 namizəd ola bilərmi? Bütün bəla bundadır ki, kommunist, totalitar rejimindən sonra, ölkələrimiz demokratiya yolu ilə getdiyi bir dövrdə ayrı-ayrı adamlar nə edə biləcəklərini, onlardan kimin nəyə qadir olduğunu başa düşmürlər. Hərə hesab edir ki, o, prezident ola bilər. Doğrudur, bizdə 18 yox, xeyli az namizəd olmuşdur. Amma bizdə də prezident olmağı arzulayan və istəyən insanlar var, onlar öz namizədliklərini irəli sürürlər. Axı gülməlidir. Gərək bir düşünsün ki, hər hansı kollektivi, hər hansı məktəbi, hər hansı kəndi, rayonu idarə etmişdirmi? O, küçədən yenicə gəlib, amma prezident olmaq istəyir. Odur ki, bu, məsələn, mənim üçün təəccüblü deyildir.

Bununla belə, əminəm ki, Ukrayna xalqı düzgün qərar çıxaracaqdır. Biz Leonid Daniloviçin prezident olmasını istəyirik və istəyəcəyik, səy göstərəcək və ümid edəcəyik ki, o, yeni müddətə Ukrayna prezidenti seçiləcəkdir. Düşünürəm ki, siz orada hər şey edəcəksiniz. O ki qaldı qaldırdığımız məsələlərə, Leonid Daniloviç telefonla söhbət əsnasında mənə bu barədə danışdı. İndi biz onları nəzərdən keçiririk.