Azərbaycan Prezidenti Heydər Əliyevin Suriya prezidenti Hafiz Əsədlə görüşdəki söhbətindən - Tehran, 9 dekabr 1997-ci il


Hafiz Əsəd: Hörmətli cənab prezident Heydər Əliyev, Sizi köhnə dost kimi mehribanlıqla salamlamaqdan, Sizinlə görüşdən çox məmnun qaldığımı bildirirəm və nəzərə çarpdırıram ki, Suriya Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük maraq göstərir.

Heydər Əliyev: Hörmətli cənab prezident Hafiz Əsəd, uzun fasilədən sonra Sizinlə yenidən görüşümdən məmnun olduğumu bildirirəm. Müstəqil Azərbaycan Respublikasının da Suriya ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığının genişləndirilməsini əhəmiyyətli hesab etdiyimi vurğulayıram. Mən Sizi yaxın dostum hesab edirəm. Biz ilk dəfə təxminən 30 il bundan əvvəl Azərbaycanda görüşmüşdük. Sonra bizim Suriyada və başqa ölkələrdə görüşlərimiz olubdur. Mən ötən illərdə həmişə sizinlə maraqlanmışam və istəmişəm ki, işləriniz yaxşı olsun.

Mən xatırlayıram ki, 1972-ci ildə Suriyada səfərdə olmuşam və Hələb şəhərində dahi Azərbaycan şairi Nəsiminin də qəbrini ziyarət etmişəm.

Hafiz Əsəd: Mən də bildirirəm ki, görkəmli dövlət xadimi Heydər Əliyevi heç vaxt unutmamışam, onunla görüşlərimi həmişə məmnunluqla xatırlamışam, Azərbaycanda son illər əldə edilən böyük uğurları diqqətlə izləmişəm və buna ürəkdən sevinmişəm.

Cənab prezident, Siz Sovetlər Birliyində ən böyük vəzifələrdə çalışanda mən sizinlə fəxr edirdim, Sizin hər bir müvəffəqiyyətinizə qəlbən sevinirdim. Yaxşı bilirdim ki, Siz Sovetlər Birliyinin rəhbərlərindən biri olan ilk müsəlman idiniz. Mən bu gün də Sizi ən yaxın dostum hesab edirəm və Sizinlə görüşdən çox məmnunam.

Heydər Əliyev: Nəzərə çarpdırıram ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII zirvə görüşünün müsəlman aləminin birliyinin möhkəmləndirilməsində, bir sıra ölkələrin qarşılaşdığı ciddi problemlərin aradan qaldırılmasında böyük əhəmiyyəti vardır.

Lakin müstəqil dövlətimizin qarşısında bir sıra çətin problemlər də yaranmışdır. Bunlardan ən ağrılısı Ermənistanın Azərbaycana təcavüzüdür. Bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizi Ermənistanın işğalçı qoşunları tərəfindən zəbt edilmiş, 1 milyondan çox dinc Azərbaycan vətəndaşı öz yaşayış yerlərindən qovulmuş və hazırda ağır şəraitdə çadırlarda yaşayırlar. Respublikamıza külli miqdarda mddi və mənəvi ziyan dəymişdir.

Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, həmsədrlər tərəfindən yeni təkliflər irəli sürülmüşdür. Biz istəyirik ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları tezliklə azad olunsun, doğma yurdundan zorla qovulmuş, ağır vəziyyətdə yaşayan 1 milyondan çox vətəndaşımız yerlərinə-yurdlarına qayıtsın.

Əmin olduğumu bildirirəm ki, İKT-nin VIII zirvə görüşü Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyən mühüm sənədlər qəbul edəcəkdir.

Ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini nəzərə alaraq bildirirəm ki, mən respublikamızın Misirdəki səfiri İsrafil Vəkilovu həm də Suriyada səfir təyin etmişəm.

Hafiz Əsəd: Mən bundan çox məmnunam və tezliklə Suriyanın Azərbaycanda səfirini təyin edəcəyəm.

"Azərbaycan" qəzeti, 11 dekabr 1997-ci il.