Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdəki dini konfessiyaların başçılarını qəbul edərkən söhbətindən - Prezident sarayı, 16 noyabr 1999-cu il


Heydər Əliyev: Siz bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatı 1995-ci ildə özünün qərarı ilə noyabrın 16-nı dünyada dözümlülük günü, sabitlik, tolerantlıq günü elan etmişdir. XX əsrin sonunda demokratikləşmə prosesinin Yer kürəsinin bir çox ölkələrini əhatə etdiyini və insan hüquqlarının mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır. Bu münasibətlə mən istədim sizinlə görüşəm, ölkəmizdə bu məsələnin nə vəziyyətdə olduğunu, qısaca da olsa, birlikdə təhlil edək, mən sizi dinləyim və öz fikirlərimi deyim.

Bildiyiniz kimi, tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir.

Bilirəm ki, siz, - hörmətli şeyx Allahşükür Paşazadə, bizim Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Xristian Pravoslav Konfessiyası, Azərbaycanın Yəhudi Konfessiyası və bütün başqaları, - öz işinizi məhz bu istiqamətdə aparırsınız, buna böyük əhəmiyyət verirsiniz. Bununla belə, görünür, bayaq dediyim kimi, YUNESKO-nun 1995-ci il iyun ayının 16-da qəbul etdiyi qərara hörmət edərək, zəmanəmizin bu vacib tələbinin həyata keçirilməsinə hamımız daha böyük diqqət yetirməliyik.

Mən məmnunam ki, ölkəmizdə, müstəqil Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir konfessiyanın başqasına hörmətsiz münasibət bəsləməsinə dair heç bir fakt yoxdur. Cəmiyyətlərimizdə çox mürəkkəb proseslərin getdiyi bir şəraitdə, Azərbaycanın Ermənistanla artıq 12 il müharibə vəziyyətində olduğu, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi, bir milyondan çox azərbaycanlının öz yurd-yuvalarından qovulduğu bir şəraitdə, 1988-ci ildə Dağlıq Qarabağ üstündə başlanmış münaqişənin respublikada sosial, siyasi vəziyyəti, o cümlədən dini vəziyyəti son dərəcə mürəkkəbləşdirdiyi bir şəraitdə bunu ölkəmizin çox mühüm nailiyyəti hesab edirəm. Bəzi insanlar ermənilər tərəfindən olan təcavüzə etiraz olaraq ekstremizm, terrorizm həddinə çatmışdılar və təbii ki, tolerantlıq, dözümlülük prinsiplərinə zidd faktlar çox idi.

Amma 1993-cü ildən başlayaraq Azərbaycanda ictimai-siyasi sabitliyə nail olduğumuz və bu sabitliyi pozan, özlərinin cinayətkar, antihumanist hərəkətləri ilə Azərbaycanın və Azərbaycan xalqının nüfuzuna zərər vuran qüvvələri cəmiyyətdən ardıcıl surətdə təcrid etməyə müvəffəq olduğumuz dövrdən etibarən, hesab edirəm, respublikamızda çox əlverişli şərait yaranmışdır. Azərbaycanda müxtəlif millətlərə, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə mənsub olan insanların yaşaması buna sübutdur. Onlar sülh və həmrəylik şəraitində yaşayırlar, bu və ya başqa dinə, bu və ya digər mədəniyyətə, Azərbaycanda məskunlaşmış xalqların adət-ənənələrinə, mənəviyyatına dözümsüzlük göstərilməsi barədə heç bir fakt yoxdur. Bu, çox böyük nailiyyətdir.

Azərbaycanın prezidenti olaraq mən məmnunam ki, bayaq dediyim kimi, Ermənistanın təcavüzü nəticəsində mürəkkəb şəraitdə olmasına, digər tərəfdən müxtəlif xarici qüvvələrin təzyiqinə məruz qalmasına baxmayaraq, ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında danışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir.

Ancaq təəssüf ki, Azərbaycanda 1998-ci ildə respublikamız Ermənistan tərəfindən təcavüzə məruz qaldığı vaxtdan, 1990-cı ildə Sovetlər İttifaqının kommunist rəhbərliyi öz xalqına qarşı təcavüz - daxili təcavüz etdiyi vaxtdan başlayaraq, insanların əhval-ruhiyyəsində ciddi dəyişikliklər baş verdi. Açığını deyim ki, məsələn, Azərbaycanda bəzi insanlar indiyədək belə fikirləşirlər və əhaliyə də belə təlqin etməyə çalışırlar ki, görürsünüz, 1990-cı ilin yanvarındakı hadisələr Rusiya tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzdür, çünki rus əsgəri tanklarla və sairə ilə Azərbaycana daxil olmuş, bir gecədə çoxlu insan həlak olmuş, Bakının küçələrində qan tökülmüşdür. Halbuki, bu, belə deyildir. Bu, o zaman idi ki, biz hamımız bir dövlətin - Sovetlər İttifaqının tərkibində idik, xalqlar dostluğu, beynəlmiləlçilik prinsipi mövcud idi. Bir ordu - sovet ordusu vardı, Sovetlər İttifaqında yaşayan bütün xalqların nümayəndələri, o cümlədən də azərbaycanlılar onda xidmət edirdilər. Buna görə də Azərbaycana qarşı təcavüzü bu sovet ordusu, bu kommunist rejimi həyata keçirmişdir.

Bir də deyirəm, bəzi insanlar ya bunu başa düşməyərək, yaxud da qəsdən, millətlərarası münasibətləri qızışdırmaq üçün həm o vaxt, həm də indiyədək bunu Rusiyanın, az qala rus xalqının Azərbaycana təcavüzü kimi qələmə verməyə çalışırlar. Mən həmişə bunun qəti əleyhinə olmuşam. Bu hadisə baş verəndə mən Moskvada yaşayırdım, öz mövqeyimi orada açıq şəkildə bildirmişdim. Azərbaycana qayıdandan sonra da bu barədə həmişə çox obyektiv danışmışam. Prezident olaraq bu gün də deyirəm ki, o vaxt heç bir millətlərarası münaqişələr olmamışdır.

Bununla belə, həmin hadisə bəzi insanlarda, ola bilsin, əhalinin bəzi təbəqələrində iz buraxmışdır. Bu şəraitdə də, hətta millətlərarası münasibətlər baxımından bu hadisəyə düzgün qiymət verilməsinin olduğu şəraitdə Azərbaycanda azərbaycanlılarla ruslar arasında ən ideal, çox gözəl münasibətlər mövcuddur. Azərbaycanlılarla yəhudilər arasında münasibətlər çox gözəldir. Azərbaycanlılarla ukraynalılar, osetinlər, digər xalqların nümayəndələri arasında da münasibətlər beləcə gözəldir. Yəni, məsələn, mən hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var.

Doğrudur, son vaxtlar dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə cəhdlər edilir. Bunu bəzi xristian ölkələrində edirlər. Amma bu, ədalətsizlikdir.

Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur.

Mən bu barədə danışarkən, - bu mövzuda lap çox danışa bilərəm, bu, bizim müasir həyatımız üçün çox mühüm və maraqlıdır, - hesab edirəm ki, bizim xalqımızın, dövlətimizin son illərdəki ən mühüm nailiyyətlərindən biri odur ki, nəinki hansısa münaqişəyə, hətta azərbaycanlılar tərəfindən digər xalqlara və ya müsəlman dini tərəfindən xristianlığa və əksinə, xristian dini, yəhudi dini tərəfindən müsəlman dininə pis yanaşılması hallarını tamamilə aradan qaldıra bilmişik.

Bu, Azərbaycanın reallığıdır. Bu baxımdan, hesab edirəm, biz cəsarətlə deyə bilərik ki, Birləşmiş Millətlər Təşkilatının, YUNESKO-nun tolerantlığa nail olmaq barədə çağırışını uğurla həyata keçiririk. Bununla belə mən məhz bu gün sizinlə görüşmək qərarına gəldim, deyim ki, yaxşı - onsuz da yaxşıdır, ancaq həmişə yaxşı olması üçün, sabah bugünkündən daha yaxşı olması üçün biz nə etməliyik.

Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan islam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir. Hesab edirəm ki, bizim nəinki əldə olunmuş nailiyyətləri möhkəmləndirməyə, həm də daha çox iş görməyə və bütün dünyaya nümayiş etdirməyə imkanımız var ki, əhalisinin əksəriyyəti baxımından müsəlman ölkəsi olan Azərbaycanda həqiqətən demokratik, hüquqi, dünyəvi dövlət qurulur, burada dünyəvi cəmiyyət artıq formalaşmışdır, tolerantlıq prinsipi nəinki mövcuddur, həm də hakim mövqe tutur.

Siz bilirsiniz, son vaxtlar müəyyən hallar olub ki, bizim inzibati orqanlar bəzi dinlərin, o cümlədən lüteran, apostol məzhəblərinin nümayəndələrinə qarşı bəzi inzibati tədbirlər görüblər. Yəni bəziləri hesab edib ki, baptistlərin, daha hansısa sektanın ayrı-ayrı nümayəndələri azərbaycanlıları bu dinə döndərməyə, başqa sözlə, müsəlmanı xristian, baptist, katolik, nə bilim, daha nə etməyə cəhd göstərirlər. Açıq deyirəm, bu işdə ciddi səhvlərə yol verilmişdir.

Mən bunu eşidəndə, xüsusən də Amerika Birləşmiş Ştatlarının bəzi konqresmenlərindən, Azərbaycanın böyük dostu, ABŞ senatoru Braunbekdən mənə bu hallarla əlaqədar narahatlıq bildirən məktublar gələndə Təhlükəsizlik Şurasının xüsusi iclasını çağırdım. Müvafiq rəhbər işçiləri dinlədim, vəziyyətlə tanış oldum, lazımi göstərişlər verdim. Göstərişlər isə ondan ibarətdir ki, insan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik. Demokratikləşdirmə və demokratik dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması hər şeydən öncə şəxsiyyət azadlığını, insan azadlığını, söz azadlığını, mətbuat azadlığını, bir sözlə, bütün insan azadlıqlarını, dini etiqad azadlığını, vicdan azadlığını nəzərdə tutur. İnsan azaddır. Hansı Allaha sitayiş etmək istəyirsə, qoy ona da sitayiş etsin. İnsanı bir dindən başqa bir dinə keçməyə məcbur etmək olmaz. Əgər insan özü, daxilən bunu istəyirsə, onda bunu heç kim ona qadağan edə bilməz. Mən doğru deyirəm, ya yox? Siz mənimlə razısınızmı?

Cavab: Razıyıq.

Heydər Əliyev: Ona görə də mən tədbirlər gördüm və göstəriş verdim. Hesab edirəm ki, belə səhvlərə yol verilməyəcəkdir.

Amma bunun özü Azərbaycandakı iri konfessiyalar arasında baş vermir - siz, onların liderləri buradasınız. Həmin hallar xırda sektalar, yaxud onlara bənzər qruplarla bağlıdır, ancaq bu, nədənsə, kimisə narahat edir. Doğrudur, bəziləri mənə deyirdilər ki, həmin sektalardan tək-təkləri gəncləri təkcə bu məqsəd üçün deyil, sonradan onları hansısa pis işlər görməyə göndərmək üçün cəlb edirlər ki, müəyyən cinayətlər törətsinlər, yaxud terrorçu olsunlar və sair. Hesab edirəm ki, əvvəla, din çətin ki, bu işlə məşğul ola bilsin, ikincisi isə, əgər hətta bu baş versə də, onda biz vicdan azadlığına qarşı deyil, məhz ona qarşı mübarizə aparacağıq. Vicdan azadlığı toxunulmazdır.

Bu fakt barədə ona görə deyirəm ki, siz yəqin ki, bilirsiniz, xüsusən də ona görə ki, bu, bir qədər yayılmışdır, əks-sədası Birləşmiş Ştatlardan mənə gəlib çatmışdı. Həm də ona görə deyirəm ki, siz biləsiniz, mən sizə şərh etdiyim mövqelərdə, prezident seçildikdən sonra and içdiyim mövqelərdə dururam və bundan sonra da duracağam. Həmin faktlar Azərbaycanda azadlıq - şəxsiyyət azadlığı, vicdan azadlığı haqqında ümumi vəziyyəti, tolerantlığın vəziyyətini xarakterizə edə bilməz.

Bir daha demək istəyirəm ki, tolerantlıq geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Mədəniyyətlərə dözümlülüyə gəldikdə isə, burada, ümumiyyətlə, dözümlülükdən söhbət gedə bilməz. Deyək ki, azərbaycanlıların rus mədəniyyətinə, Qərb mədəniyyətinə, yəhudi mədəniyyətinə məhəbbətindən və ya əksinə söhbət gedə bilər. Mən bilirəm ki, vaxtilə İsrailə köçüb getmiş bakılılar, Azərbaycan vətəndaşları orada "Bakılı" adlanan böyük cəmiyyət yaradıblar. Onlar bir yerə yığışır, Azərbaycan mahnıları oxuyurlar, Azərbaycan musiqisi, muğamları səslənir. Yaxud da bilirəm ki, bizim muğamımızı, musiqimizi Gürcüstanda olduqca çox sevirlər. Təəssüf ki, biz Ermənistanla münaqişə vəziyyətindəyik. Hesab edirəm ki, nə vaxtsa biz bu münaqişəni də aradan qaldıracağıq. Ermənistanda Azərbaycan musiqisinin erməni musiqisindən daha çox sevildiyi vaxtlar yadımdadır. Toylarda, adətən, Azərbaycan musiqisi, Azərbaycan rəqsləri ifa olunardı. Ümumiyyətlə, bütün bunlar dözümlülük çərçivəsindən çox kənara çıxır, bu, artıq mədəniyyətlərin dostluğu, mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı əlaqəsidir.

Yenə deyirəm, bunlar hamısı Azərbaycanda müxtəlif millətlərdən olan insanların uzun illər ərzində yaşamasının müsbət nəticəsidir. Bu, təkcə XX əsrdə deyil, həm də XIX əsrdə, keçmiş dövrlərdə də olmuşdur. Ancaq indi, Azərbaycanın 8 ildən artıq bir müddətdə müstəqil dövlət olduğu vaxtda bunun xüsusi əhəmiyyəti var. Çünki, şübhəsiz, hər bir müstəqil dövlət milli mədəniyyətinin, milli dilinin, milli adətlərinin və s. prinsiplərini inkişaf etdirir və təkmilləşdirir. Bu, təbiidir. Amma bu heç də başqa dillərə, başqa dinlərə, əqidələrə, başqa mənəviyyata, adətlərə, necə deyərlər, müqavimət göstərməməlidir.

Mən şadam ki, Azərbaycanda belə əlverişli vəziyyət var. Təkrar edirəm, buna hamımız birlikdə, birgə səylərlə nail olmuşuq. Bu gün, dözümlülük günündə mən sizi salamlayıram. Demək istəyirəm ki, biz bundan sonra da bu şəraiti inkişaf etdirəcək və dərinləşdirəcəyik. Dözümlülük günü münasibətilə sizi təbrik edirəm.

Hacı Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam): Bismillahir-rəhmanir-rəhim!

Cənab prezident! Bu gün bizim buraya bu tərkibdə gəlməyimizin elə özü müstəqil Azərbaycanımızda dini qarşıdurmanın yox, aramızda çox yaxşı münasibətlərin olduğunu göstərir. Bu dostluq münasibətləri gündən-günə genişlənir. Bizim bir-birimizə çox köməyimiz dəyir. Hətta elə məsələlər var ki, biz birlikdə yığışıb bunları aradan qaldıra bilirik. Məsələn, bu məsələlər xristianlığa və ya yəhudiliyə aid olanda da biz yığışıb onları həll edirik.

Mən deyərdim ki, indi dünyada elə ölkə yoxdur ki, bayramlarda, moizə olanda orada bir məsciddə həm müsəlman, həm də xristian, həm də yəhudi bir yerə toplaşsın. Yaxud şeyxülislam gedib kilsədə çıxış etsin, bir yerdə dualar oxunsun. Bunu bizim Azərbaycanımızda görmək olar. Mən tam qətiyyətlə deyirəm ki, bunu başqa yerdə görmək çətindir. Ərəb ölkələrində nə qədər müsəlman dövləti olsa da, bugünkü gündə onlarda bunu görmək çox çətindir.

Azərbaycanda hətta xırda dini icmalar da diqqətdən kənarda qalmır. Məsələn, elə bu gün də hər üç yəhudi icmasının - dağ yəhudilərinin, Avropa yəhudilərinin və gürcü yəhudilərinin nümayəndələri burada iştirak edirlər. Dini icmanın böyük-kiçikliyindən asılı olmayaraq, hamı vicdan azadlığı hüquqlarından tam istifadə edir. Bu sahədə bizim hüquqlarımız tam təmin olunur.

İndi daxildə qarşıdurma yaratmaq istəyən, Azərbaycanda vicdan azadlığı olmadığı barədə xaricdə yalan məlumatlar yaymağa çalışan bəzi şər qüvvələr var. Onlar ölkəmizdə demokratiyanı, hətta bugünkü həyatımızı görmək istəmirlər.

Mən Sizə açıq deyim ki, hazırda Azərbaycanda sünni-şiə məsələsi yoxdur. Halbuki dünyanın başqa yerlərində bununla bağlı çox çətinliklər yaranır, qarşıdurmalar var. Ümumiyyətlə, ölkəmizdə məzhəblər arasında çəkişmələr yoxdur. Bütün bunlar isə Sizin rəhbərliyiniz, siyasətiniz, göstərdiyiniz yol, habelə Azərbaycan xalqının özünün mentaliteti sayəsində mümkün olmuşdur.

Bəzi sektaların Azərbaycana gəlməsindən və bəzilərinin onlara olan münasibətindən danışsaq, kimisə məcburən müsəlman - şiə və sünni etmək olmaz, buna heç bir qanunda icazə verilmir.

Heydər Əliyev: Məcburən ola bilməz axı!

Hacı Allahşükür Paşazadə: Ona görə buraya gələn bəzi adamlar, - hansılar ki, Avropadan müdafiə olunurlar, - ayrı-ayrı ailələrin çətinliklərindən istifadə edərək onları xristianlığa, yaxud başqa dinə keçməyə məcbur edirlər. Belə hallar olubdur. Mən onların dediklərinin hamısı ilə razi deyiləm. Baxın, hansı müstəqil dövlətdə son vaxtlar yeni bir yeparxiya yaranıb? Gürcüstandamı, Özbəkistandamı, Qazaxıstandamı, Türkmənistandamı, Ermənistandamı yaranıb? Azərbaycanda xristian kilsəsinin yeni bir yeparxiyası yaranmasının özü sübut deyilmi ki, burada xristian-müsəlman, rus-azərbaycanlı söhbəti yoxdur?!

20 yanvar hadisələri zamanı Qorbaçov bu damğanı bizə vurmuşdu, ona lazım idi desin ki, guya burada islam ekstremizmi vardır. Şəhidlər xiyabanında uyuyanların arasında azərbaycanlılarla yanaşı, yəhudi də, rus da, tatar da var. Biz onları rus kilsəsi ilə birlikdə dəfn etdik. Kilsənin nümayəndəsi orada çıxış edəndə azərbaycanlılardan bir nəfər də ağır söz demədi. Sovet rejimi, onun başında duran Qorbaçov isə bizi bütün dünyaya ekstremist kimi göstərmək istəyirdi.

Bizi bu gün də belə qələmə vermək istəyənlər var. İslama qarşı belə münasibət indi də var. Qoy bütün dünya bilsin və mən prezidentim kimi Sizə də deyirəm: bizim Allahımız və Quranımız var. Biz hər hansı dövlətin siyasətini qəbul etməyəcəyik. Bizim Azərbaycan dövlətimiz var, öz mədəniyyətimiz, islam əqidəmiz var. Biz öz milli adətlərimiz, ənənələrimizlə islam qayələrinə çatacağıq. Başqa dövlətlərin o şəkildə islami havadarlığı da bizə lazım deyil, bunu istəmirik.

Xristian və yəhudi dinlərindən olanlar bizim qardaşlarımızdır. Çünki Quran bunu bizdən tələb edir. Orada deyilir ki, Allaha iman gətirən bütün adamlar qardaşdırlar. Əgər biz Adəm-Həvva ailəsindəniksə və Musaya, İsaya, Məhəmməd Əleyhissəlama iman gətiririksə, hamımız qardaşlıq.

Cənab prezident, mən Sizi başa düşürəm və çox minnətdarlığımı bildirirəm ki, bizi qəbul edib bu qardaşlığı daha da möhkəmləndirməyi tapşırırsınız. İnanın ki, inşallah, bu qardaşlıq davam edəcəkdir. Siz çox yaxşı dediniz ki, bəzən xırda şeylər olur. Əsas odur ki, bizim birliyimiz, inamımız və imanımız var, müqəddəs kitablarımız - Quran, Tövrat, İncil var. Bunlara əsaslanaraq islamın və başqa dinlərin bizə buyurduqlarını, inşallah, yerinə yetirəcəyik. Çünki Allah-taala bizə əmr edib ki, hamınız birlikdə Allahın nurundan yapışın və ondan ayrılmayın. Söz veririk ki, bundan sonra da belə olacaqdır.

Heydər Əliyev: Sağ olun, şeyx.

Yepiskop Aleksandr (rus pravoslav kilsəsi Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu): Zati-aliləri, çox hörmətli cənab prezident!

İcazə verin, bu görüşə imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirim və hazırda Azərbaycanda mövcud olan müasir dini həyatın problemləri barəsində fikrimi söyləyim.

Azərbaycan xalqı həqiqətən çox tolerantlı xalqdır. Bu ilin yanvarında Moskvada mənə Bakı və Xəzəryanı yepiskopu rütbəsi verilərkən söylədiyim xüsusi nitqdə bunu vurğulamışam. Bu gün burada eşitdiklərimizə əsasən inamla demək olar ki, BMT-nin, YUNESKO-nun elan etdiyi bu bayram - tolerantlıq günü həm də Azərbaycanın milli bayramıdır. Çünki tolerantlıq Azərbaycan xalqının özünəməxsus, xarakterik xüsusiyyətidir.

Bizim Azərbaycanda dini həyatın problemlərinə Sizin belə dərindən diqqət yetirməyiniz məni çox sevindirdi. Başqa cür ola da bilməzdi. Sizin kimi müdrik bir siyasətçi Azərbaycan Respublikası xalqının həyatının bu sahəsinə də diqqət yetirməyə bilməz.

Son vaxtlar ərzində baş vermiş hadisələr ilk növbədə onu göstərir ki, Azərbaycan hökuməi vicdan azadlığına, dini etiqad azadlığına əməl olunması prinsipləri üzərində həqiqətən möhkəm dayanır. Bir çox din xadimlərinin onilliklər ərzində mübarizə apardığı məsələlər Azərbaycanda təkcə kağız üzərində bəyan edilmir, həm də həyatda yerinə yetirilir, Azərbaycan Respublikasının ictimai həyatının əsl qanunudur. Azərbaycanda pravoslav kilsəsinin nümayəndəsi kimi mən buna şahidlik edə bilərəm.

Təəssüf ki, mövcud qanunun çərçivəsindən kənara çıxan bəzi hadisələr son vaxtlar bizim dini həyatımızda xoşagəlməz ovqat yaratmışdır. Lakin zənnimcə, baş vermiş və dini həyatımıza müəyyən uyğunsuzluq gətirmiş həmin hadisələrin Azərbaycan ərazisində yayılmış ənənəvi dinlərə heç bir dəxli yoxdur. Çünki Azərbaycanda ənənəvi dünya dinləri liderlərinin qarşılıqlı ünsiyyəti, həm də təkcə onların deyil, sıravi dindarların ünsiyyəti göstərir ki, Azərbaycanda dini dözümlülüyə və dini həyatımızın bu sahəsindəki qanunvericiliyin əsas normalarına əməl olunur.

Amma kütləvi informasiya vasitələri həmin hadisələrə, o cümlədən lüteran icmasında və daha haradasa baş vermiş hadisələrə ayrı cür don geyindirməyə çalışmışlar. Bəzən bizə də müraciət edir və buna bənzər hadisələri şərh etməyimizə cəhd göstərirdilər. Mən cavab verməli olurdum ki, kütləvi informasiya vasitələrinin siyasi şərhçisi deyiləm, cənab prezidentin hərəkətlərinin şərhçisi deyiləm - bundan ötrü prezidentin mətbuat katibi var. Həmin məsələlər barəsində bu gün Sizin dedikləriniz də sübut edir ki, Siz bu problemlərin ədalətli həllinə çox böyük maraq göstərmisiniz.

Mən Sizə həm öz şəxsi minnətdarlığımı, həm də dindar pravoslav xristianların, - təkcə pravoslavların deyil, bizdə xristian məzhəbləri çoxdur, molokanlar, baptistlər, adventistlər də var, - digərlərinin də dərin minnətdarlığını bildirmək istəyirəm. Bizim Azərbaycan Respublikasında onların hamısı eyni hüquqlardan istifadə edirlər və Azərbaycan Respublikasının dini azadlığı haqqında qanunvericiliyi müxtəlif dinlərin nümayəndələrinə eyni dərəcədə şamil olunur.

Cənab prezident, biz bilirik ki, İstanbula zirvə görüşünə gedirsiniz, orada həm Avropa, həm də Asiya dövlətlərinin müasir siyasi həyatının bir çox problemləri həll ediləcəkdir. Sizin zəhmətinizə Allahdan kömək diləyir və arzu edirəm ki, zirvə görüşündə bu problemləri uğurla və Azərbaycan Respublikası üçün faydalı şəkildə həll etməyinizə Tanrı özü yardımçı olsun.

Siz burada əmin-amanlığın bərqərar olması, xalqın rifahının yüksəlməsi, insan hüquqlarına dair əsas beynəlxalq normaların Azərbaycan Konstitusiyasında öz ifadəsini tapması üçün çox iş görmüsünüz. Arzu edirəm ki, Siz bu dəfə də, İstanbul zirvə görüşündə Azərbaycan xalqının nümayəndəsi və Azərbaycan Respublikasının başçısı missiyanızı uğurla yerinə yetirəsiniz və Azərbaycan həmin toplantıda əldə olunacaq xeyirxah bəhrələrdən istifadə edə bilsin. Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Çox sağ olun.

Semyon İxiilov (Dağ Yəhudiləri Dini İcmasının başçısı): Çox hörmətli cənab prezident, zati-aliləri!

Biz çox mütəəsir olduq ki, Siz məhz belə bir gündə, belə ciddi konfransa - zirvə görüşünə getmək ərəfəsində, YUNESKO-nun elan etdiyi dözümlülük günündə bizi dəvət etməyə və tolerantlıq mövzusundə söhbətə vaxt tapmısınız. Tolerantlıq ciddi məsələdir.

Azərbaycanda yaşayan yəhudilərin hüquqları heç vaxt nə rəhbərlik tərəfindən, nə də sadə insanlar tərəfindən pozulmamışdır, biz həyatımızda antisemitizmin nə olduğunu heç zaman bilməmişik.

Bizim işimizə gəldikdə isə, əsas konfessiyalar dostluq şəraitində fəaliyyət göstərirlər. Onlar islama etiqad edən şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin, pravoslavlığa etiqad edən möhtərəm Aleksandr ata həzrətlərinin və bizim - iudaizmə etiqad edən yəhudilərin şəxsində təmsil olunmuşlar. Həqiqətən də şeyximiz başda olmaqla bizim fəaliyyətimizdə hər şey elə əlaqələndirilmişdir ki, heç yerdə və dünyanın heç bir şəhərində belə dostluq, həmrəylik yoxdur. Buraya kim gəlirsə gəlsin - istər ATƏT-dən, istərsə də, digər nümayəndə heyətləri, hətta Amerikadan, İsraildən, başqa ölkələrdən gələn yəhudi nümayəndə heyətləri sadəcə heyrətlənirlər, bəziləri isə heyran qalırlar. Zənnimcə, bunun arxasında hansısa həsəd də var. Tamamilə mümkündür.

Başqa bir cəhəti də vurğulamaq istəyirəm. Əgər hansısa bir məsələ qalxırsa, hansısa icmanın daxilində kiçik münaqişə yaranırsa, biz şeyx başda olmaqla yığışır və bunları dərhal həll edirik. Siz bir dəfə belə bir fikir demişdiniz. Mən Azərbaycanda din sarıdan arxayınam, əgər onların hansısa məsələsi və ya hansısa münaqişə olursa, üçü bir yerə yığışır, müzakirə edirlər və hər şey qaydasına düşür. Siz bunu demisiniz və həqiqətən də belədir. Allaha şükürlər olsun ki, bizdə hər şey belə yaxşıdır.

Hesab edirəm ki, heç bir ölkədə, hətta keçmiş SSRİ ərazisində heç bir prezident vaxt tapmaz, xatırlamaz ki, tolerantlıq nədir, xüsusən belə ciddi səfər ərəfəsində din xadimlərini dəvət etməz, bu mövzuda danışmaz. Zənnimcə, bu, bizim həmişə və indi də inandığımız cənab prezidentimizin böyük üstünlüyüdür. Biz yəhudilər bir nəfər kimi Sizə səs vermişik. Nə üçün? Ona görə ki, Sizin siyasi xəttinizi başa düşürük, belə xətt zəruridir. Əslində biz də elə bununla yaşayırıq.

Biz inanırıq ki, Siz Türkiyəyə zirvə görüşünə gedərkən Lissabon sammitindən olduğu kimi, oradan da sevinclə qayıdacaqsınız. Xatirimdədir, o zaman çox böyük sevinc vardı, Siz bu barədə çox danışmısınız. Ancaq istərdik ki, bu sevinc indi Lissabon sammitindəkindən daha yaxşı olsun. İstəyirik ki, hər şey Azərbaycanın xeyrinə qurtarsın, torpaqlarımız geri qayıtsın.

Bilirik ki, Qarabağ məsələsi Sizin üçün ən ağrılı məsələdir. O, çox mürəkkəbdir. Aydındır ki, onu belə asanlıqla həll etmək olmaz, bundan ötrü illər lazımdır. Bəlkə də həmin il gəlib çatıb, ola bilsin, insanlar, nəhayət, başa düşəcəklər ki, bir milyondan artıq adam qeyri-insani şəraitdə, çadırlarda yaşaya bilməz. Ola bilsin tolerantlıq sözünü onlar da yaxşı mənada başa düşəcəklər. Çox istəyirik ki, bu məsələ, nəhayət, həll edilsin. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqlar biz yəhudilər kimi inansınlar ki, Qarabağ məsələsi yaxın gələcəkdə həll olunacaq və qaçqınlarımız öz evlərinə, doğma ocaqlarına qayıdacaqlar. Zənnimcə, onda hər şey şəhərdə də, kənddə də qaydasına düşəcəkdir.

Ən başlıcası odur ki, Siz heç vaxt hiss etməyəsiniz və eşitməyəsiniz ki, dini zəmində bizim hansısa münaqişəmiz olub. Bu, heç vaxt olmayıb və zənnimcə, heç zaman da olmayacaqdır. Çünki bizə Sizin kimi prezident və şeyxülislam Allahşükür Paşazadə həzrətləri kimi insan başçılıq edir.

Cənab prezident, mən Sizə çox minnətdaram. İlk növbədə ona görə ki, Siz bizim hamımıza eyni gözlə baxırsınız. İstər yəhudilərin, istərsə də hər hansı başqa millətin bayramı olsun, Siz bunlardan heç birini unutmur, bizi həmişə təbrik edirsiniz. Elə bir hal olmayıb ki, hansısa bir tədbirdə Siz bizimlə salamlaşıb görüşməyəsiniz, soruşmayasınız ki, işləriniz necədir, nə kimi yeniliklər var? Allaha şükür, hər şey yaxşıdır və biz həmişə vəziyyətimizə görə fəxr edirik. Camaatın gözü qarşısında, o cümlədən səfirlərin də iştirak etdikləri tədbirlərdə hər dəfə bizə müraciət etməyiniz bizdə fərəh hissi doğurur.

Çox sağ olun. Sizə yaxşı yol arzulayırıq. Allahın köməyi ilə xoş xəbərlərlə qayıdın, biz Sizi qarşılayacağıq.

Mixail Bekker (Avropa Yəhudiləri Dini İcmasının başçısı): Zati-aliləri, əziz Heydər Əlirza oğlu!

Avropa yəhudiləri icması Sizə Mustafa Kamal Atatürk adına Beynəlxalq Sülh mükafatının təqdim olunması münasibətilə Sizi təbrik edir. Bu, siyasi lider kimi Sizin görkəmli xidmətlərinizin şəksiz etirafı və bizim dövlətimizin beynəlxalq nüfuzunun şəksiz etirafı deməkdir.

Müdrik və düşünülmüş milli siyasətinizə görə Sizə minnətdarıq. Siz bilirsiniz ki, Avropa yəhudiləri uzun müddət müxtəlif ölkələrdə təqiblərə və zülmə məruz qalıblar. Biz yalnız Azərbaycanda, yəhudilərə həmişə səmimi münasibət göstərilən ölkədə özümüzə əsl vətən tapmışıq.

Azərbaycan həmişə çoxmillətli dövlət olub və olacaqdır. Azərbaycanda həmişə müxtəlif millətlərin nümayəndələri yaşayıb və yaşayacaqdır. Bizim tolerantlığı öyrənməyə ehtiyacımız yoxdur, bilirik ki, Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlı olmuşdur. Biz, sadəcə, müxtəlif konfessiyalar və mədəniyyətlər arasındakı bu dostluq, əməkdaşlıq ənənələrini inkişaf etdirməliyik.

Siz "Bakılı" cəmiyyəti haqqında danışdınız. Bəli, bizim belə bir dairəmiz, bakılı deyilən camaatımız yaranmışdır. Zənnimcə, belə şey heç yerdə yoxdur. Keçmiş Sovet İttifaqı ərazisində bəlkə də yalnız odessalı və mən dediyim kimi, bakılı ola bilər. Bu iki "millətə" dünyanın bütün ölkələrində xüsusi hörmət bəsləyirlər. Yəhudilər "Bakılı" cəmiyyətini ona görə yaradıblar ki, onlar həqiqətən Bakını xatırlayırlar, Azərbaycana doğrudan da kömək etmək istəyirlər və bütün qüvvə və imkanlardan istifadə edərək imkan göstərirlər.

Mən "Bakılı" cəmiyyətinin qəzetini oxumuşam, Nyu-Yorkda çıxan, Birləşmiş Ştatların digər yerlərində çıxan qəzetləri oxumuşam. Hazırda Azərbaycandakı yəhudilər haqqında kitab yazıram, material toplayıram, həmin qəzetlər evimdədir. Hamı Azərbaycan xalqına çox səmimi və çox dostcasına yanaşır, çünki Azərbaycan xalqı özü hamıya belə münasibət bəsləyir. Azərbaycan xalqı digər xalqlara daim belə yanaşmış, başqa xalqın ağrı-acısını həmişə başa düşmüşdür. Bu, bizim üçün, yəhudilər üçün çox qiymətli, çox vacibdir. Çünki biz tez-tez əzab çəkmişik, ona görə də başqalarının əzablarının nə demək olduğunu bilirik.

Biz inanırıq ki, regionumuzda sülh olacaqdır. Sülhün bərqərar olması ilə təkcə Azərbaycanın deyil, həm də bizimlə qonşu olan bütün dövlətlərin tərəqqisi başlanacaq, Azərbaycan ərazisində yerləşən bütün cəmiyyətlərin, icmaların tərəqqisi başlayacaqdır. Biz Azərbaycanın həmişə məşhur olan mədəniyyəti, elmi və incəsənətinin yenidən yüksəlişini görəcəyik. Ümid edirik ki, bu, baş verəcəkdir.

Biz İstanbul səfərində Sizə yaxşı yol arzulayır, böyük uğurlar diləyirik. Arzu edirik ki, regionumuzda, nəhayət, sülh olsun. Hər şeyə görə çox sağ olun.

Mark Palaqaşvili (Gürcü Yəhudiləri Dini İcmasının başçısı):Hörmətli Heydər Əlirza oğlu, həmişə olduğu kimi, söz demək üçün mənə çox az vaxt qalır. Biz, o cümlədən də mən burada, Sizin görüşünüzdə olduğumuza, təbriklərinizi eşitdiyimizə görə Sizə minnətdarıq. Biz özümüz də çox şey demək istəyirik. Hər halda mən istəyirəm ki, belə görüşlər digər dövlətlər üçün etalon, nümunə olsun. Qoy hamı bizə baxsın, bizə həsəd aparsın və heç olmasa, nəyisə təkrar edə bilsinlər. Bu, bizim fəxarətlərimizdən biri olardı.

Mən Bakıda doğulmuşam və 65 illik həyatımda heç bir pozuntu, ekstremizm, antisemitizm və s. hiss etməmişəm. Ona görə də Azərbaycanda yaşayan gürcü yəhudiləri adından Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Habelə ümid edirəm ki, biz əldə etdiklərimizlə kifayətlənməyəcək, daim irəliləyəcəyik. Sizə yaxşı yol olsun, respublikamız üçün zəruri bütün təşəbbüsləriniz və yaxud arzularınız yerinə yetsin. Çox sağ olun.

Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, ümumən və o cümlədən Azərbaycanda dinin vəziyyəti, ölkəmizdə ictimai-siyasi şərait haqqında çox qiymətli sözlərinizə, çox qiymətli fikirlərinizə görə sağ olun.

Bilirəm ki, siz həmişə bizim xəttimizi dəstəkləyirsiniz, həmişə obyektiv və ədalətli mövqe tutursunuz. Yəni Siz bizim xəttimizi kor-koranə dəstəkləmirsiniz, məhz obyektivlik, ədalətlilik mövqeyindən dəstəkləyirsiniz. Əminəm ki, biz sizinlə bundan sonra da belə əməkdaşlıq edəcəyik.

Mən məmnunam ki, biz bu gün görüşə bildik. Siz doğru dediniz, mən sabah İstanbula uçuram. Məsələlər olduqca çoxdur. Bu gün mənim bir dəqiqə də vaxtım yoxdur, elə əvvəlki günlərdə də olmamışdır. Ancaq dünən təqvimə baxanda və görəndə ki, bu gün tolerantlıq günüdür, bizim işçilərə tapşırdım ki, görüşmək üçün sizi toplamağa çalışsınlar. Mənə dedilər ki, şeyxülislam xaricə gedir. Dedim ki, əgər mümkündürsə, qoy bir gün gözləsin, biz görüşək. Çünki məhz bu gün görüşmək, danışmaq, bugünkü sözlərimizi demək lazım idi.

Mən Azərbaycanın dövlət təhlükəsizliyini möhkəmləndirmək üçün hər şey edirəm. Bu, sülhdür. Mən hər şey edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldıraq, işğal olunmuş torpaqları sülh yolu ilə azad edək, vətəndaşlarımızı - azərbaycanlıları öz doğma yerlərinə qaytaraq. Sülh isə tolerantlığın ən başlıca amilidir. Mən bunu edirəm və edəcəyəm, ümidvaram ki, biz qarşıya qoyduğumuz məqsədə nail ola biləcəyik. Biz həmişə sizin də dəstəyinizdən, sizin dualarınızdan istifadə etmişik. Hesab edirəm ki, sizin bugünkü, İstanbula ATƏT-in zirvə görüşünə yola düşməyim ərəfəsindəki dualarınız bu və bir çox başqa məsələləri həll etməkdə mənə kömək olacaqdır.

Hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm. Siz öz dini icmalarınıza - həm müsəlmanlara, həm xristianlara, həm yəhudilərə və başqa icmaların hamısına mənim bugünkü sözlərimi çatdırın, mənim hörmət-ehtiramımı, səmimi salamlarımı çatdırın. Sağ olun.

"Azərbaycan" qəzeti, 17 noyabr 1999-cu il