"Şərq-Qərb nəqliyyat dəhlizi"


Avropa Birliyi tərəfindən dəstəklənən TRASEKA (Trans-Europe-Caucasus-Asia) ‎proqramı Böyük İpək Yolunun (BİY) yüz illər sonra yenidən canlanmasını, ‎Avropa, Qafqaz və Orta Asiya dövlətlərini birləşdirən nəqliyyat-kommunikasiya ‎sistemini özündə birləşdirir.

‎"Böyük İpək Yolu" - e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət ‎göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər uzanan ticarət yollarının ‎ümumi tarixi adıdır. Öz başlanğıcını Şərqi Çin dənizi sahilində yerləşən Sinan ‎şəhərindən götürən, Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən, uzunluğu ‎‎13 min km olan BİY-nin yenidən bərpası ideyasının perspektivləri və ‎gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESKO-nun himayəsi ilə ‎Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə 1989-cu ildə ‎Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə ‎Donetskdə keçirilən forum və seminarlarda layihənin inkişaf məsələləri və ‎istiqamətləri müzakirə edilib.

‎‎1993-cü ilin mayında Brüsseldə beş Orta Asiya və üç Qafqaz ölkəsi ‎nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib və burada Avropa ‎Birliyi tərəfindən TRASEKA layihəsi təklif olunub. Həmin konfransda Avropa ‎Birliyinin layihəyə texniki yardım proqramı razılaşdırılıb. Texniki yardım ‎proqramı Avropadan Qara dənizə, sonra Cənubi Qafqaz və Xəzər dənizindən Orta ‎Asiyaya keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələlərini əhatə edir. ‎

Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin ‎mühüm məntəqələrindən biri kimi çıxış etməsi və dünya birliyinə inteqrasiyanı ‎dəstəkləyən xarici iqtisadi siyasət yürütməsi TRASEKA layihəsinin reallaşmasında ‎da özünü göstərib. ‎

TRASEKA layihəsinin reallaşması ideyası 8-9 sentyabr 1998-ci il tarixdə ‎Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində öz kulminasiya nöqtəsinə ‎çatdı. Bu tarixdə Bakıda "Tarixi İpək Yolunun bərpasına həsr edilmiş Beynəlxalq ‎Konfrans" keçirilib. Beynəlxalq Bakı konfransında 32 ölkənin və 13 beynəlxalq ‎təşkilatın səlahiyyətli nümayəndəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin ‎həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-‎Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat ‎haqqında çoxtərəfli əsas saziş" (Əsas Saziş) adlanan mühüm sənədi imzalayıb. Bu ‎sənədin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti Heydər ‎Əliyevin əvəzsiz xidmətləri olub. ‎

BİY-nin bərpasına həsr olunan Beynəlxalq Bakı konfransı başa çatdıqdan 2 gün ‎sonra onun yekunları ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyev müşavirə ‎keçirib. Ölkənin yüksək rəsmi dairələrinin iştirak etdiyi müşavirədə XXI əsrdə ‎Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətinin daha da artacağını nəzərə alaraq ‎respublikamızda bu sahədə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsi, yeni ‎nəqliyyat vasitələri alınması və müasir xidmət sahələrinin yaradılmasının vacibliyi ‎qeyd edilib.‎

Avrasiya nəqliyyat dəhlizinin, Transqafqaz dəhlizinin intensiv fəaliyyətinin ‎Azərbaycanın sosial-iqtisadi həyatında, onun problemlərinin həll edilməsində də ‎böyük əhəmiyyəti olub. Bu, özünü əsasən yük daşınmalarından əldə olunan gəlirdə, ‎dəniz və dəmir yol nəqliyyatı, boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı ‎bazarın yaranmasında, respublikada yük daşınması ilə bağlı infrastruktur sahələrin ‎bərpasında, yeni iş yerləri açılmasında, Azərbaycanın iqtisadi təhlükəsizlik ‎məsələlələrinin həll edilməsində, Bakının bu magistral xəttin mərkəzində və Xəzər ‎sahilində yerləşən ən iri liman kimi inkişafında göstərib.‎

Təsadüfi deyil ki, TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ‎mənzil-qərargahı BİY-nin əsas məntəqələrindən olan Azəbaycanın paytaxtı Bakı ‎şəhərində yerləşir. TRASEKA hökumətlərarası komissiyası daimi katibliyinin ofisi ‎‎21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayıb. 2019-cu il dekabrın 5-6-da Bakıda bu Komissiyanın 14-cü iclası və təşkilatın fəaliyyətinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. İclasın yekunları üzrə TRACECA-nın yeni baş katibi seçilib və təşkilatda sədrlik Azərbaycana təhvil verilib.

TRASEKA proqramı ‎çərçivəsində həyata keçirilən işlərin koordinasiyasının təşkilinə xidmət edən ‎yeni ofis BİY boyunca hərəkət edən beynəlxalq yüklərin daşınma və hərəkətini ‎tənzimləmək, Əsas Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi ‎mühitlə bağlı məsələlərin həll edilməsinə kömək məqsədilə yaradılıb.‎

‎1999-cu il aprelin 24-də ABŞ Konqresində ‎Böyük İpək Yolunun bərpasına həsr olunan qanun layihəsinin müzakirəsi olub. ‎Qanun layihəsinin müzakirəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinin dövlət ‎başçıları və xarici işlər nazirləri iştirak edib. Müzakirələr ABŞ Konqresinin üzvü ‎senator Sem Braunbəkin təşəbbüsü ilə təşkil edilib.‎

ABŞ Konqresinin belə bir təşəbbüs ilə çıxış etməsi Böyük İpək Yolunun bərpasına ‎ABŞ-ın da dəstək verərək qoşulmaq niyyətində olmasından xəbər verirdi.‎

TRASEKA layihəsinin reallaşmasında növbəti addım 8 sentyabr 2000-ci ildə Nyu-‎Yorkda İpək Yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığı ilə bağlı zirvə ‎görüşünün keçirilməsi ilə atılıb. Sammit ABŞ-ın Merilend Universitetinin Şərq-‎Qərb Kosmik Elmlər Mərkəzi və Şərq-Qərb İnstitutu tərəfindən təşkil olunub. ‎Həmin layihə Şərqlə Qərb arasında maddi və mənəvi dialoqun ‎yaradılmasına xidmət etməli idi. Bu missiyanın reallaşması ‎istiqamətində Azərbaycan Respublikası bir sıra ciddi addımlar atıb. Xəzər ‎hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılması üçün Bakı-‎Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin işə salınması və uğurlu fəaliyyəti ‎İpək Yolunun bərpa edilməsi ideyasına Azərbaycan Respublikasının dəyərli ‎töhfələri hesab edilə bilər.

Azərbaycanın Böyük İpək Yolunun reallaşması işində fəal iştirakı ölkənin ‎müstəqillik illərində əldə etdiyi ən uğurlu nailiyyətlərindən biri olub. Avropa-‎Qafqaz-Asiya ölkələri arasında yüklərin qarşılıqlı olaraq faydalı və təhlükəsiz ‎ötürülməsi sahəsində artıq bu dəhliz regional nəqliyyat dəhlizləri ilə rəqabət aparır ‎və ölkə iqtisadiyyatının inkişafında, yerüstü nəqliyyat ‎infrastrukturunun formalaşmasında ciddi rol oynayıb. ‎

Şərqlə Qərb arasındakı əlaqələrin, o cümlədən BİY-nin fəaliyyətinin daha da ‎gücləndirilməsi məqsədilə növbəti müzakirələr 25 fevral 2003-cü ildə Vaşınqtonda ‎keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzulu beynəlxalq konfransda ‎olub. Beynəlxalq konfrans Amerika-Azərbaycan Ticarət Palatası, Amerika-‎Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurasının birgə təşəbbüsü ilə təşkil ‎olunub. Konfransda müzakirə olunan əsas məsələ Xəzərin enerji ehtiyatlarının ‎dünya bazarlarına çatdırılmasına xidmət edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac ‎neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi olub. ‎

‎Şərq ilə Qərb arasında əlaqələrin genişlənməsinə ÇXR də çox maraq göstərir. Daha dəqiq desək, son on il ərzində Çin təşəbbüsü öz əlinə alıb, ABŞ arxa plana keçib. Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Çinin bu layihəsi tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edir. Layihəni həyata keçirmək üçün Çin hökuməti ciddi addımlar atır və hətta Pekin şəhərində "Bir kəmər, bir yol" adlı beynəlxalq elmi tədqiqat mərkəzi də yaradılıb.

Azərbaycan Respublikası da bu layihəyə önəm verir. Beləki, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Hökuməti və Çin arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.

Ölkəmiz coğrafi üstünlüklərindən faydalanaraq beynəlxalq layihələrdə önəmli rol oynamağa başlayıb, Şərqlə Qərb arasında mühüm keçid məntəqəsi halına gəlib. Azərbaycan Respublikasında ilk belə beynəlxalq layihəyə keçən əsrin 90-cı illərində start verilib. 1998-ci ildə Bakı neftini Qara dənizə çatdıran uzunluğu 833 km olan Bakı-Supsa neft kəməri istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə isə 18 sentyabr 2002-ci ildə başlanılıb və 2004-cü ilin 16 oktyabrında kəmərin Azərbaycan və ‎Gürcüstan hissələri birləşdirilib. Həmin gün həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ‎də tikintisinə start verilib. BTC artıq 13 iyul 2006-cı ildən rəsmi istifadəyə verilib və gündəlik bir milyon barel neft ixrac etmək gücünə malikdir.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə 2007-ci ilin əvvəllərindən başlayaraq istifadəyə verilib. Beləliklə, kəmərlə Azərbaycan qazının Avropa bazarlarına ötürülməsi təmin edilib və ölkə qaz ixracatçısı kimi də dünya təsərrüfat sisteminə daxil olub. Hazırda Xəzərin enerji ehtiyatlarını dünya bazarlarına ‎çatdırmaqda olan Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz ‎kəməri birlikdə Cənubi Qafqaz Boru Kəmər Sistemini (CQBK) təşkil edir. ‎CQBK sistemi isə bütövlükdə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas vəsiləsi kimi çıxış edir. Bütövlükdə bu layihələrin gerçəkləşdirilməsi beynəlxalq inteqrasiya meyllərinə əsaslı dəstək kimi qiymətləndirilir. Bu layihələr həm də Avropa ‎Birliyi tərəfindən dəstəklənən TRASEKA layihəsinin - Böyük İpək Yolunun ‎bərpası prosesinin sürətlənməsinə də əsas dəstək kimi səciyyələndirilir.

Qeyd edək ki, artıq 2007-ci ilin sonundan Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötürülən Azərbaycan qazı Türkiyə və İtaliya qaz sisteminin birləşməsi nəticəsində İtaliyaya ötürülməyə başlayıb. Amma Yunanıstan, Albaniya və İtaliyanın qazla əsasən təhcizatı TAP-ın inşasının bitməsindən sonra həyata keçəcək və “Şahdəniz”-dən çıxan qaz Avropa ölkələrində milyonlarla insanı isidəcək. 878 km-lik TAP - Trans Adriatik Boru Xəttinin inşasında artıq əsas işlər görülüb, işlərin 90 faizi tamamlanıb. Maraqlıdır ki, bundan əvvəl inşası böyük mübahisələr doğuran “Nabucco” qaz kəməri layihəsi qəti olaraq iflas olubdur. Əvəzində isə ona rəqib olan TAP layihəsi artıq bitmək üzrədir.

Bundan başqa, 2019-cu ilin iyulunda TANAP-ın tikintisi başa çatıb və bu kəmər Türkiyənin Yunanıstanla sərhəddində TAP ilə birləşəcək. 9.2 milyard dollara tikintisi başa gələn TANAP Xəzər dənizindəki “Şahdəniz” yatağından çıxarılan qazı Səngəçal terminalından Gürcüstandan keçməklə Türkiyənin qərb sərhədinə qədər daşıyır.

2020-ci ildə bu kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Kəmərə Türkmənistan və Qazaxıstanın qoşulması da uzun müddətdir müzakirə olunur.

Azərbaycan Respublikası Şərq-Qərb enerji dəhlizinin geniş fəaliyyətini təmin etmək üçün regionda nəqliyyatın digər növünün də inkişafına nail olmaq üçün 2006-cı ilin sonunda növbəti addım atıb. Bu da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi layihəsidir.

Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının nəqliyyat nazirlərinin 2006-cı il iyulun 27-də Qazaxıstanda keçirilmiş görüşündə Çin tərəfi layihəni dəstəkləyib. Çinin bu layihənin gerçəkləşməsinə marağı yüksəkdir. Bu ölkədən gələn yük Bakı – Tbilisi – Qars dəmir yolu sayəsində “Orta dəhliz” vasitəsilə 2 həftəyə Avropa Birliyi ölkələrinə çatır. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir.

Yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Onun sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Layihə həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.

Artıq BTQ BİY layihəsinə də öz töhfəsini verməyə başlayıb. Beləki, Çindən Sian-Ankara marşrutu üzrə yola düşən qatar 2019-cu ilin noyabrın 7-də Bakı-Tiflis-Qars dəmir yolundan keçməklə Ankaraya çatıb və buradan İstanbulun Mərmərə tunelindən Avropaya yola salınıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ideyası buna nümunə ola bilər. Bu layihə Hindistan, Pakistan, Oman, İran, Rusiya tərəfindən irəli sürüb. 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Bu dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmiryolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ölkəmiz bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi və ölkədə digər nəqliyyat növlərinin inkişafı baxımından əlverişli hesab edir.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.