Azərbaycanda ordu quruculuğu prosesi çətin və ziddiyyətli mərhələlərdən keçib. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) yarandığı dövrdə, 1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusunun - Əlahiddə Azərbaycan Korpusunun əsası qoyulub. Cümhuriyyətin mövcud olduğu illərdə generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski (Çar Rusiyasında Ə.Şıxlinskini "artilleriyanın allahı" adlandırırdılar) və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılıb. Bu ordu hissələri xarici təcavüzün qarşısının alınması, ölkə sərhədlərinin qorunmasında mühüm rol oynayıb, öz hərbi qabiliyyətini nümayiş etdirə bilib.
Azərbaycan SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılıb. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə, ötən əsrin 70-ci illərində böyük çətinliklə də olsa Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olunub. İndi hərbi litsey kimi fəaliyyət göstərən bu məktəbin o zaman təsis edilməsi respublikada zabit kadrları hazırlığının yüksəlməsinə, hərb sənətinə marağın artmasına təkan verib. Elə həmin illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbinə azərbaycanlılar rəis təyin ediliblər.
Azərbaycan 1991-ci ildə növbəti dəfə müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran həlli vacib məsələlərdən biri də ordu quruculuğu ilə bağlı olub. Bu sahədə həlledici dönüş 1993-cü ildən sonraya təsadüf edir. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin səyi nəticəsində respublikada milli ordu formalaşdırılıb. Hazırda Azərbaycan Milli Ordusunun əsgər və zabitləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərdə, inkişaf etmiş xarici ölkələrin sülhməramlı qüvvələrinin tərkibində beynəlxalq antiterror əməliyyatlarında iştirak edirlər. Buna misal olaraq İraqı, Əfqanıstanı göstərmək olar. Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Kosovoda da beynəlxalq əməliyyatlarda iştirak edib. Lakin 2008-ci il martın 4-də Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin sentyabrından Kosovoda yerləşən sülhməramlı qüvvələrimizin geri çağrılması barədə qərar qəbul edib. Buna səbəb Kosovoda sülhməramlı əməliyyat keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin pozulmasıdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Respublikada bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Silahlı Qüvvələr günü münasibətilə 25 iyun 2002-ci ildə Sialahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrik məktubunda ordunun güclü olmasının sülh danışıqlarında ölkənin mövqeyinin möhkəmliyini təmin etdiyini vurğulayıb.
İlham Əliyev prezident seçiləndən sonra da Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, döyüş bacarığı daha da güclənib. Hərbi qulluqçuların həyat şəraitinin daha da yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür.
Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibəti ilə 2008-ci il iyunun 26-da Bakıda hərbi parad keçirilb. Paradda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ordusunun bölgənin ən güclü ordusu olduğunu diqqətə çatdırıb, həmçinin, ordunun güclənməsi üçün bundan sonra da lazımi addımlar atılacağını bildirib.
Daha sonra hərbi orkestrin marşı altında Silahlı Qüvvələrin bölmələri tribuna önündən keçiblər. Paradda C. Naxçıvanski adına hərbi litsey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Ali Hərbi təyyarəçilik məktəblərinin müdavimləri, ordu birləşmələrinin əsgərləri iştirak ediblər. Parad zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ və SU markalı döyüş təyyarələri, Mi - 8 və Mi - 6 markalı vertolyotlar Bakı səmasında müxtəlif pilotaj uçuşları yerinə yetiriblər.
Paradda piyadaların ardınca, Silahlı Qüvvələrin müxtəlif texnikaları, pilotsuz uçan aparatlar, qoşqulu və özüyeriyen artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, piyadaların döyüş maşınları, zirehli transportyorlar, zenit- raket sistemləri, və tanklar keçid edib. Eyni zamnda gəmilər dənizdən paradı dəstəkləyiblər.
Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə keçirilən bu parad Azərbaycan ordusunun işğal edilmiş Azərbaycan torpaqlarının azad edəcəyinə inamı daha da artırıb.
Tarixi arayış 10 iyul 2008-ci ildə yeniləşdirilib.