Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul Zirvə görüşündə Fransa Prezidenti Jak Şirakla görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 18 noyabr 1999-cu il


Heydər Əliyev:  Hörmətli cənab prezident. Sizinlə görüşməkdən məmnun qaldığımı bildirirəm. Mən Sizin Zirvə görüşündəki nitqinizi böyük maraqla dinlədim. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər bəsləyirəm. Sizinlə səmimi dostluq münasibətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəxsi səylərinizi yüksək qiymətləndirirəm. Cənab Jak Şirak, zirvə görüşündəki nitqinizdə bütün iştirakçı ölkələrin dövlət və hökumət başçılarının diqqətini bu problemin həllinə bir daha cəlb etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bununla belə, diqqətinizi bir daha torpaqlarımızın hələ də işğal altında qaldığına, yerindən-yurdundan zorla qovulmuş bir milyondan çox vətəndaşımızın çadırlarda ağır şəraitdə yaşadığına yönəltmək istərdim, həmçinin xahiş edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında öz şəxsi səylərinizi mümkün qədər artırasınız.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı haqqında da danışmaq istərdim. Çünki mən Xəzərin zəngin enerji ehtiyatlarının istifadəyə verilməsində Fransa şirkətlərinin fəal iştirakını yüksək dəyərləndirirəm.

Jak Şirak: Hörmətli cənab prezident. Xoş sözlərinizə görə təşəkkür edirəm. Hər şeydən əvvəl Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşası barədə sənədlərin imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Mən əminəm ki, bu layihənin beynəlxalq əhəmiyyəti yüksək olacaq, region dövlətlərin və qərb ölkələrinin iqtisadi yüksəlişi üçün böyük rol oynayacaqdır.

Cənab prezident, mən ATƏT-in zirvə görüşündəki nitqinizi yüksək qiymətləndirirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması, regionda sabitliyin və əmin-amanlığın bərqərar edilməsi üçün Sizin apardığınız müdrik və uzaqgörən siyasətin tezliklə müsbət nəticələr verəcəyinə əminəm. Azərbaycanın və Ermənistanın dövlət başçılarının birbaşa görüşlərinin bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün əhəmiyyətli olduğunu xüsusi qeyd edərdim.

Nizamasalma prosesində Minsk qrupunun həmsədri kimi öz ölkəmin də səylərini artıracağını bildirirəm. Əlbəttə ki, Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsi, bir sıra beynəlxalq və regional problemlər barədə ətraflı fikir mübadiləsi aparmağı yenə də davam etdirməliyik.