Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə verilən rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 12 oktyabr 1999-cu il


- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Azərbaycan xalqının, müstəqil Azərbaycanın həyatında əlamətdar bir gündür. Müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünü təntənəli bayram kimi qeyd edirik.

Azərbaycanın hər guşəsi, torpağı hər bir azərbaycanlı üçün əzizdir. Ona görə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü hər bir azərbaycanlı, bütün Azərbaycan xalqı üçün bayramdır, bizim dövlətimiz üçün bayramdır. Çünki biz burada, Naxçıvanda olan dəyişiklikləri, inkişafı bir daha xatırlayaraq, qeyd edərək, eyni zamanda, Azərbaycanın bütövlükdə inkişafını və Azərbaycan Respublikasının həyatında baş verən dəyişiklikləri nümayiş etdiririk.

Naxçıvan Muxtar Respublikasının keçmiş zamanlarda da yubileyləri olubdur. Mən bir neçə dəfə bu yubiley mərasimlərinin iştirakçısı olmuşam. 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 25-ci ildönümü qeyd edilirdi. O zaman, bu bayram qeyd edilərkən mən Azərbaycanda deyildim, Leninqradda idim, orada təhsil alırdım. Amma o vaxta qədər burada işləmişdim. Həm Naxçıvanın Xalq Komissarları Sovetində - indi ona Nazirlər Soveti deyirlər, - həm təhlükəsizlik orqanlarında işləmişdim. Həm Naxçıvanın Xalq Komissarları Sovetində - indi ona Nazirlər Soveti deyirlər, - həm təhlükəsizlik orqanlarında işləmişdim. Ona görə də Leninqradda olarkən, - şübhəsiz, o vaxt nə televiziya var idi, nə də radio vasitəsilə bir şey öyrənmək mümkün idi, telefon əlaqəsi də çətin idi, - mən çox maraqlanırdım ki, burada nə var, nə yox, nə keçirilir. Çünki mən o vaxt ancaq məktub vasitəsilə əlaqə saxlayırdım. O bayramdan bir həftə sonra Naxçıvandan mənə məlumatlar gəldi. Naxçıvandakı mərasimlər barədə mənə danışdılar, söylədilər.

Yadımda qalan ən böyük hadisə odur ki, - təbii ki, o vaxt mən gənc idim, cəmi 25-26 yaşım var idi, - ilk dəfə Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə Naxçıvanın rəhbərləri, o vaxt fərqlənmiş insanları Sovet İttifaqı Ali Sovetinin Rəyasət Heyəti tərəfindən orden və medallarla təltif olunmuşdular. Təltif edilən həmin adamlardan biri də mən idim.

Doğrudur, o vaxta qədər artıq mənim Böyük Vətən müharibəsi ilə əlaqədar dövlət mükafatlarım, medallarım var idi. Ancaq Naxçıvanın 25 illiyi ilə əlaqədar, mən Naxçıvanda olmadığım zaman, mənə bu qədər diqqət, qayğı göstərilməsi şübhəsiz ki, yadımda qalıbdır. Mən bu gün, onun üstündən 50 il keçəndən sonra bunu xatırlayıram.

Mən Naxçıvan Muxtar Respublikasının 40 illik yubileyində iştirak etmişəm, 50 illik yubileyində, yəni 1974-cü ildə isə mən Azərbaycanın rəhbəri idim. Azərbaycanın rəhbəri kimi gəlib buradakı təntənəli mərasimlərdə iştirak etmişəm. Bunlar hamısı Naxçıvanın tarixindəki təntənəli mərasimlərə aid səhifələrdir.

Həqiqəti demək lazımdır ki, o vaxt təntənələr indiki kimi keçməsə də, insanlar Naxçıvan Muxtar Respublikasının ildönümü münasibətilə çox sevinirdilər və şübhəsiz ki, imkan dairəsində təntənəli mərasimlər də təşkil olunurdu.

Ancaq bu yubiley əvvəlki bütün yubileylərdən tamamilə fərqlidir. Biz müstəqillik əldə etmişik. Müstəqil Azərbaycan dövləti öz həyatını, bütün işlərini sərbəst, azad surətdə özü qurur və Azərbaycanın müstəqilliyi dövründə Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünü keçirmək mənim üçün şübhəsiz ki, bütün keçmiş zamanlara nisbətən çox əzizdir, qiymətlidir.

Biz bu təntənəli yubileyi Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi, dövlət müstəqilliyini bərpa etməsi ilə əlaqədar 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktının qəbul olunması günü ərəfəsində keçiririk. Yəni 18 oktyabr günü də bizim üçün bayramdır, bu gün də bizim üçün bayramdır. Bu bayramların çox gözəl vəhdəti vardır.

Mən bu gün söylədim ki, naxçıvanlılar, Naxçıvan əhalisi azadlığa, müstəqilliyə, sərbəstliyə daha da çox can atanlardan olublar. Ona görə də Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, - baxmayaraq ki, o vaxt artıq Naxçıvanda müstəqillik əldə edilmişdi, - bütün Azərbaycan xalqı kimi, naxçıvanlılar üçün də tarixi hadisədir və çox qiymətlidir.

Hesab edirəm, bütün bunlara görə bugünkü yubiley 75 il ərzində Naxçıvanın həyatında ən qiymətli gündür və ən tarixi gündür. Biz bu gün bayram edərək Azərbaycanın dövlət müstəqilliyinin 8 illiyini bayram edirik. Biz bu gün bayram edərək Azərbaycanın bir dövlət kimi müstəqil olmasını dünyaya nümayiş etdiririk. Biz bu gün bayram edərək Azərbaycanın müstəqillik yolu ilə uğurla gedəcəyinə inamımızı göstəririk. Biz bu gün bayram edərək Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət, azad xalq olduğunu bir daha dünyaya nümayiş etdiririk. Bütün bunlara görə bu bayram bizim böyük bayramımızdır, bütün Azərbaycan xalqının bayramıdır.

Azərbaycan 8 il ərzində müstəqillik yolu ilə gedərək çox şərəfli işlər görmüşdür və ən əsas, ən əhəmiyyətli odur ki, bütün xarici və daxili çətinliklərə, Ermənistanın Azərbaycana qarşı təcavüzündən aldığımız zərbələrə baxmayaraq, torpaqlarımızın 20 faizinin işğal altında olmasına, 1 milyondan artıq vətəndaşımızın köçkün, qaçqın vəziyyətində çadırlarda yaşamasına baxmayaraq, ölkəmiz yaşayır, inkişaf edir. Biz dövlət müstəqilliyimizi, demokratik yolumuzu, dünyəvi dövlət quruculuğu yolunu uğurla aparırıq və bundan sonra da aparacağıq.

Bu gün elan edildi ki, Azərbaycan 8 milyon əhaliyə malik olan bir ölkədir. Bütün dünyaya məlumdur ki, Azərbaycan zəngin təbii sərvətlərə, yüksək elmə, mədəniyyətə, təhsilə, tərəqqiyə malik olan bir ölkədir. Ona görə də bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr etməyə haqqımız vardır.

Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var.

Mən rica edirəm, badələri Azərbaycan xalqının şərəfinə, Azərbaycanın dövlət müstəqilliyi və demokratik inkişafının, Azərbaycan millətinin, Azərbaycan dilinin şərəfinə qaldırasınız.

Yaşasın, yaşasın və yüz illərlə yaşasın müstəqil, azad, demokratik Azərbaycan!

"Azərbaycan" qəzeti, 15 oktyabr 1999-cu il