Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Azərbaycan Respublikası Milli Qvardiyasının yaradılmasının beş illiyinə həsr olunmuş mərasimdə çıxışı - Azərbaycan Milli Qvardiyasının Qərargahı, 25 dekabr 1996-cı il


Salam, milli qvardiyaçılar!

Azərbaycan Respublikası Milli Qvardiyasının yaranmasının 5-ci ildönümü münasibətilə sizi təbrik edirəm!

Milli qvardiyaçılar!

Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir. Hər bir müstəqil ölkənin özünəməxsus silahlı qüvvələri var. Dövləti, dövlətçiliyi mühafizə etmək, qorumaq üçün onun gərəkli gücü olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır. Azərbaycan Respublikasının, onun prezidentinin Milli Qvardiyasının da Silahlı Qüvvələrin tərkibində xüsusi rolu vardır. Onun qarşısında böyük, şərəfli, məsuliyyətli vəzifələr qoyulubdur.

Dövlətimizin qorunmasında öz üzərinə düşən vəzifələri yerinə yetirən Milli Qvardiya birinci növbədə Azərbaycan dövlətinin, prezidentin xüsusi silahlı dəstəsidir. Bu xüsusi silahlı dəstə məhz həm dövlətin, həm də respublika prezidentinin mühafizəsini təmin etmək üçün xüsusi səlahiyyətlərə malikdir və mühüm vəzifələr daşıyır.

Azərbaycan Respublikasının Milli Qvardiyası ötən 5 il ərzində böyük, şərəfli yol keçmişdir. O, bu yolda bir çox çətinliklərlə, maneələrlə rastlaşmışdır. Bu yol enişli-yoxuşlu olmuşdur. Azərbaycanın Milli Qvardiyası respublikamızın torpaqlarının qorunması yolunda şəhidlər, itkilər vermiş, qəhrəmanlıq nümunələri göstərmişdir. Milli Qvardiya Azərbaycanın dövlətçiliyinin qorunmasında da layiqli xidmətlər göstərmişdir.

Bütün bunlarla yanaşı, Milli Qvardiyanın təşkilində, onun idarə olunmasında, həyatında qüsurlara, səhvlərə də yol verilmişdir. Bəzən dövlətçilik prinsiplərinə zidd olan ünsürlər də Milli Qvardiyanın sıralarına soxula bilmişdilər. Müəyyən mərhələlərdə bunlar Milli Qvardiyanın fəaliyyətinə zərər gətirmiş, ziyanlar vurmuşdur. Ancaq bunlara baxmayaraq, Milli Qvardiyamız ümumən sağlam olmuşdur.

İndi Milli Qvardiya sağlam əqidəli, vətənpərvərlik hissləri, duyğuları ilə yaşayan qvardiyaçılardan ibarətdir. Son illər Milli Qvardiyanın təşkili, təkmilləşdirilməsi sahəsində aparılan işlər bu gün Milli Qvardiyanı Azərbaycanın dövlətçiliyinə, onun prezidentinin fəaliyyətinə layiq olan səviyyəyə gətirib çıxarmışdır.

Bunlar Milli Qvardiyanın 5 il ərzində keçdiyi yoldur və xüsusən son illər ərzində əldə etdiyi nailiyyətlərdir. Bu nailiyyətlər münasibətilə mən sizi təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da Milli Qvardiyanın təkmilləşdirilməsi, inkişaf etməsi, mənəvi cəhətdən sağlamlaşdırılması, onun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolunda öz xidmətlərinizi göstərəcəksiniz.

Azərbaycanın prezidenti kimi mən Milli Qvardiyanı dövlətçiliyimizin, prezidentin xüsusi dayaq qüvvəsi hesab edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Milli Qvardiyanın şəxsi heyəti, hər bir əsgəri, zabiti, döyüşçüsü bu yüksək keyfiyyətlərə, tələblərə layiq olacaqdır.

Səmərəli fəaliyyət göstərmək, dövlətçiliyimizin keşiyində sədaqətlə xidmət etmək, dövlətçiliyimizə qarşı baş verə biləcək hər bir təxribat, terror, düşmənçilik hərəkətlərini dəf etmək üçün Milli Qvardiyanın indi artıq yüksək səviyyəli qüdrəti, imkanları var. Ancaq bunlarla kifayətlənmək, razılaşmaq olmaz. Mən əldə edilən nailiyyətləri qiymətləndirirəm. Eyni zamanda, Milli Qvardiyanın 5-ci ildönümü tamam olan bu gündə mən təlim-tərbiyə, fiziki hazırlıq işinizi, peşəkarlıq keyfiyyətlərinizi daha da artırmağı sizdən tələb edirəm.

Milli Qvardiyanın səmərəli fəaliyyəti üçün istənilən qayğı və diqqət göstərilir və bundan sonra da göstəriləcəkdir. Sizin borcunuz bu diqqət və qayğını qiymətləndirməkdən, ona layiq olmaqdan, göstərilən yüksək etimadı doğrultmaqdan ibarətdir. Gərək siz öz xidməti vəzifənizi yerinə yetirməyə hər dəqiqə, hər an hazır olasınız. Gərək siz Azərbaycan dövlətçiliyinə, onun prezidentinə qarşı yönəldilə biləcək hər bir cinayətkar, təxribatçı, terror hərəkətlərinin qarşısını hər dəqiqə, hər an almağa qadir olasınız. Mən əminəm ki, siz artıq bu gün də bu imkanlara, şəxsi keyfiyyətlərə maliksiniz. Ona görə də mən sizə inanıram, etibar edirəm. Mən sizə güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram.

Mən əminəm ki, Milli Qvardiyanın hər bir döyüşçüsü Vətənin, müstəqil Azərbaycanın, onun prezidentinin yolunda özünü əsirgəməyəcəkdir, lazım gələrsə qəhrəmanlıq, rəşadət nümunələri göstərəcəkdir. Bu duyğularla, bu inamla mən sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz öz hazırlıq işlərinizi günü-gündən daha da gücləndirəcəksiniz, daim sayıq olacaqsınız, öz üzərinizə düşən vəzifəni hər dəqiqə, hər an ləyaqətlə yerinə yetirməyə hazır olacaqsınız.

Mən sizi təbrik edirəm, sizə cansağlığı arzulayıram. Bu şərəfli işinizdə sizə uğurlar arzulayıram. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.198-200.

Tarixi arayış

ORDU QURUCULUĞU