Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 29 mart 2000-ci il


Əziz həmvətənlər!

Xalqımızın çoxəsrlik zəngin, şərəfli qəhrəmanlıqlar və yüksək yaradıcılıq nümunələri ilə dolu, eyni zamanda mürəkkəb və keşməkeşli bir tarixi vardır. Bu tarixdə sevinc və kədər, qələbə və məğlubiyyətlər əkiz yaşamış, daim bir-birini əvəz etmişdir. Təsadüfi deyildir ki, ümumxalq təntənələri və ruh yüksəkliyi ilə qeyd etdiyimiz Novruz bayramından sonra, Sizə keçmişimizin kədərli, faciəli səhifələrini yad etmək üçün müraciət edirəm.

1998-ci ildən bəri Azərbaycan Respublikası hər il 31 martı azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edir. Bu anma tədbirlərinin keçirilməsindən məqsəd, bir tərəfdən, soyqırımına məruz qalmış günahsız qurbanların müqəddəs xatirəsini yad etmək, onlara Allahdan rəhmət diləməkdir, digər tərəfdən isə tariximizin uzun illər obyektiv qiymətini almamış, təhrif olunmuş hadisələrinə yenidən nəzər salmaq, nəticələr çıxarmaq, gələcək üçün vəzifələr müəyyən etməkdir.

Azərbaycan xalqının tarixində artıq soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə ermənilər məskunlaşdırılmağa başlanılmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması kursu yeridilmişdir. Eyni zamanda azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, deportasiya prosesi həyata keçirilmişdir.

Bu gün soyqırımı və deportasiya hadisələrinin xronoloji ardıcıllıqla yaddaşımızda bərpası faciələrimizin miqyasını və dəhşətlərini hərtərəfli hiss etməyə imkan verir.

1905-1907-ci illərdə Rusiya hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçiləri azərbaycanlılara qarşı geniş miqyaslı qətllər və vəhşiliklər törətdilər. Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində qanlı hadisələr nəticəsində yüzlərlə yaşayış məntəqələri dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu. 1918-ci ilin martında antiazərbaycan ünsürlərin hökm sürdüyü, bolşevik-daşnak tərkibli Bakı kommunası tərəfindən əksinqilaba qarşı mübarizə pərdəsi altında milli qırğın törədildi, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi, memarlıq inciləri, məscidlər, məktəblər və digər mədəniyyət abidələri yandırılıb dağıdıldı.

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş deportasiya və soyqırımı siyasəti sovet hakimiyyəti illərində beynəlmiləlçilik pərdəsi altında məharətlə maskalanaraq həyata keçirilmişdir. Sovet Rusiyasının köməyi ilə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan ərazisi elan edildi. Ermənilər türk-müsəlman respublikalarına qarşı ayrı-seçkilik siyasəti yürüdən SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.

Daim SSRİ rəhbərlərinin himayəsini və rəğbətini hiss edən ermənilər Azərbaycana qarşı ərazi iddiaları iləçıxış etməkdə davam edirdilər. 80-ci illərin ortalarında yenidənqurma adlanan dağıdıcı proseslər vüsət götürdüyü zaman erməni ekstremizmi və separatçılığı yeni bir qüvvə ilə tüğyan etməyə başladı. SSRİ rəhbərliyi tərəfindən qızışdırılan münaqişə nəticəsində on minlərlə insan həyatına son qoyulmuş, yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından qovulmuşdur. Bir milyondan artıq azərbaycanlı öz doğma vətənində qaçqın və məcburi köçkün taleyinin ağrılarını və məşəqqətlərini yaşamağa məhkum edilmişdir. 1990-cı ilin yanvarında öz milli haqlarının və ərazi bütövlüyünün müdafiəsinə qalxan xalqımıza qarşı Konstitusiya borcunu yerinə yetirməkdən imtina edən SSRİ hakimiyyət orqanları və respublikanın o zamankı rəhbərliyi tərəfindən görünməmiş vəhşiliklər törədildi, yüzlərlə insan qətlə yetirildi, 1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının yaxından köməyi ilə erməni hərbi birləşmələri müasir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan edildi. Bu misilsiz vandalizm və soyqırımı aktlarından məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq idi.

Deportasiya prosesi etnik zəmində soyqırımı, insanların kütləvi qətli, yaşayış məntəqələrinin dağıdılması, milli mədəniyyət abidələrinin məhvi ilə müşayiət edilmişdir. XX əsrdə 2 milyona yaxın azərbaycanlı bilavasitə soyqırımı siyasətinin nəticələrini öz üzərində hiss etmişdir. Məkrli və qəddar düşmənlərimizin məqsədyönlü şəkildə apardıqları soyqırımı və deportasiya siyasəti lap əvvəldən genişmiqyaslı, düşünülmüş informasiya müharibəsi ilə müşayiət olunmuşdur. Bu məqsədlə onlar öz arsenallarında olan ən müxtəlif üsul və vasitələrdən istifadə etmişlər.

Nəticədə Azərbaycanın və bütün Qafqazın tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Qafqazda baş verən hadisələr şüurlu surətdə təhrif olunmuş Qərb və Rusiya ictimaiyyətinin nəzərində "yazıq, məzlum, əzabkeş erməni xalqı" obrazı formalaşdırılmışdır. Xalqımızın zəngin mədəniyyət abidələri, musiqisi və digər maddi-mədəniyyət nümunələri ermənilər tərəfindən mənimsənilib və bu günün özündə də özününküləşdirilməyə cəhdlər göstərilir. Dünyanın müxtəlif ölkələrində yaşayan və mütəşəkkil fəaliyyət göstərən erməni icmaları, böyük dünya dövlətlərinin siyasi fəaliyyətlərinə təsir göstərə bilən erməni lobbisi onilliklər boyu planlı surətdə iş aparır.

Bunları deməkdə məqsədimiz informasiya mübarizəsi sahəsində fəaliyyət göstərməyin vacibliyini, qarşıda duran vəzifələrin genişliyini bütün vətəndaşlarımıza çatdırmaqdır. Azərbaycan dövləti, onun rəhbərliyi tərəfindən ölkə həqiqətlərinin, xalqımızın müsibətlərinin dünya ictimaiyyətinə çatdırılması, ayrı-ayrı ölkələrdəki Azərbaycan icmalarının, lobbi fəaliyyətinin gücləndirilməsi üçün xeyli işlər görülmüşdür. Lakin hələ çox işlər görülməlidir.

Əziz həmvətənlər! Qardaşlar, bacılar!

Gördüyünüz kimi, xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir.

Bunları söyləməklə biz bütöv xalqlara qarşı düşmənçilik təbliğ etmək fikrindən uzağıq. Bu yolun perspektivi yoxdur, onu gedənlər də səhvlərini gec-tez anlayacaqlar. Lakin eyni zamanda, bizim bu hadisələri, onların dərslərini unutmağa da haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımızın taleyüklü tarixi problemlərinin həllində keçilməz maneələr yarada bilər. Bunların dərslərini mənimsəmək, nəticələrini aradan qaldırmaq, indiki və gələcək nəsilləri xalqımıza qarşı fəaliyyət göstərən düşmən qüvvələrə və planlara qarşı ayıq-sayıqlıq ruhunda düzgün tərbiyə etmək bizim vəzifəmizdir.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, xalqımıza əmin-amanlıq, firavanlıq və müstəqil Azərbaycan dövləti naminə mətanətli mübarizə arzu edirəm.

Ümumi tarixi arayış

31 mart Soyqırımı

Tarixi arayış

Soyqırım

Xəritə və qrafiklər

Əlavə sənədlər

Soyqırım