Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi səfəri (27 iyul-6 avqust 1997-ci il)


Amerika Birləşmiş Ştatları ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin ən mühüm istiqamətlərindəndir. Heydər Əliyevin qeyd etdiyi kimi: «Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə Qərb demokratiyasını, mədəniyyətini Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi, tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir.»

ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 iyul – 7 avqust 1997-ci il tarixdə bu ölkəyə səfəri ABŞ-Azərbaycan münasibətlərinin zirvəsi hesab olunur. Səfər ikitərəfli münasibətləri, regional vəziyyəti, qarşılıqlı maraq doğuran beynəlxalq münasibətləri, iki ölkə arasında energetika sahəsində hissediləcək nəticələr verən əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün böyük imkan yaradırdı.

Ağ evdə, Dövlət Departamentində və digər təşkilatlarda ən yüksək səviyyələrdə keçirilən görüşlərdə və aparılan çoxsaylı danışıqlarda ABŞ dövlət strukturlarının və iş adamlarının Azərbaycana maraqlarının artması bir daha təsdiq olunub.

1997-ci il avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində ən əsas görüş ABŞ Prezidenti Bill Klinton ilə olub. Bu görüşün nəticəsi olaraq vacib rəsmi sənədlərin imzalanması ölkələrimiz arasındakı münasibətlərin yeni, əsl patrnyorluq səviyyəsinə yüksələrək, müstəqil Azərbaycan Respublikasının tarixinə mühüm hadisə kimi həkk olunub.

Azərbaycan və ABŞ prezidentlərinin təkbətək görüşü zamanı Bill Klinton Prezident Heydər Əliyevin Azərbaycanda gördüyü işləri, apardığı siyasəti, olduqca çətin şəraitdə ölkədə sabitlik və əmin-amanlıq yaranmasına nail olmasını yüksək qiymətləndirib.

Avqustun 1-də Ağ evin Ruzvelt otağında ABŞ-Azərbaycan münasibətləri haqqında Birgə bəyanatın və Sərmayə qoyuluşunun qarşılıqlı qorunması və qarşılıqlı təşviq edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında müqavilənin imzalanması mərasimi olub.

İki dövlət rəhbərinin imzaladılğı Birgə bəyanatda qeyd olunur: «...Prezident Klinton və Prezident Əliyev siyasət, təhlükəsizlik, iqtsadiyyat və ticarət sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi vasitəsilə Birləşmiş Ştatlar və Azərbaycan Respublikası arasında partnyorluq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti barədə razılığa gəldilər. Prezident Klinton Birləşmiş Ştatlar və Azərbaycan arasında sıx əlaqələrin regionda sülhün, sabitliyin və rifahın təmin olunması üçün vacib olduğunu qeyd edərək, ABŞ-ın Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişafını dəstəklədiyini qeyd etdi...».

Səfər zamanı imzalanmış ABŞ və Azərbaycan arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlər haqqında birgə bəyanat, iki ölkə arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında bəyanat, layihələrin təşviqinə dair Azərbaycan Respublikası hökuməti, Milli Bankı ilə ABŞ-ın İxrac-İdxal Bankı arasında baş saziş, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ ilə ABŞ-ın neft şirkətləri arasında imzalanmış dörd sazişdə öz əksini tapmış ölkələrarası qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri hər iki tərəfin maraqlarına tam uyğundur. İlk dəfə olaraq Ağ evdə neft müqavilələrinin imzalanması Heydər Əliyevin ABŞ-a səfərinə verilən əhəmiyyətin göstəricilərindən idi.

1992-ci ilin oktyabr ayında qəbul olunmuş «Azadlığı müdafiə aktı»na 907-ci düzəlişin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdırdığı qeyd edilib və bu düzəlişin ləğv olunması ABŞ Prezidenti tərəfindən qətiyyətlə dəstəklənib.

Səfər ərzində Heydər Əliyev ABŞ-ın Vaşinqton, Nyu-York, Hyuston və Çikaqo şəhərində bu ölkənin dövlət başçısı, nazirlər, işgüzar dairələrin nümayəndələri, diaspor üzvləri və media mənsubları ilə bütövlükdə 88 görüş keçirib.

Prezident Heydər Əliyevin ABŞ-a səfəri dünyanın kütləvi informasiya vasitələri, görkəmli siyasətçiləri tərəfindən yekdilliklə zəfər səfəri kimi dəyərləndirilib. «Nyu-York Tayms» qəzeti 18 avqust 1997-ci il tarixli sayında yazırdı «...Prezident Klinton Əliyevə bir qəhrəmana layiq münasibət nümayiş etdirdi.»

Bu səfər öz əhəmiyyətinə, keçirilən görüşlərin sayı və dəyərinə, imzalanan sənədlərin vaciblik dərəcəsinə görə, tarixi hesab olunur. Amerikanın görkəmli siyasi xadimi Z.Bjezinski Heydər Əliyevin ABŞ-a rəsmi səfərini Amerikanın Qafqazda yeritdiyi regional siyasətdə yeni mərhələnin başlandığını sübut edən epoxal və tarixi hadisə kimi dəyərləndirib.