Aşura günü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Təzəpir məscidi, 9 iyun 1995-ci il


Hörmətli bacılar, qardaşlar!

Azərbaycanın əziz övladları!

Bu gün müsəlmanlar üçün matəm, Aşura günüdür. Bu gün biz dinimizə, adət-ənənələrimizə sadiq olaraq Təzəpir məscidinə toplaşmışıq və haqq-ədalət yolunda şəhid olan Həzrət Hüseynin xatirəsini yad edirik. Bu münasibətlə mən sizə, bütün Azərbaycan müsəlmanlarına başsağlığı verirəm və hamınıza səbir diləyirəm. Allahdan onu diləyirəm ki, hər bir azərbaycanlıya, hər bir müsəlmana səbir versin.

Bu gün biz haqq yolunda şəhidliyin müqəddəs olduğunu qeyd edirik. Xalqımız əsrlər boyu özünün yaşaması, torpağının qorunması, haqq, ədalət üçün şəhidlər vermişdir. Son illərdə də Azərbaycan xalqı şəhidlər verir. Vətən, torpaq yolunda şəhid olan hər bir Azərbaycan vətəndaşı, müsəlman əbədiyyətə qovuşur, necə ki, bizim müqəddəs imamlarımız əbədiyyətə qovuşublar. Ona görə də biz bu tarixi günü qeyd edərkən, eyni zamanda şəhidlərin müqəddəsliyini qeyd edirik və onlara dua oxuyuruq.

Son illər xalqımız Ermənistanın təcavüzü ilə əlaqədar olaraq çox şəhidlər verib. Azərbaycanın qəhrəman övladları - oğlanları, qızları həyatlarını qurban veriblər, şəhid olublar. Biz bu gün onların ruhunu yad edirik. Onlar bizim bu günümüzün, gələcək nəsillərimizin həyatı üçün, Vətənimizin, torpaqlarımızın qorunması üçün şəhid olublar. Biz bu gün onların ruhuna dua oxuyuruq. Mən bu gün bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm, Allahdan bütün şəhidlərə rəhmət diləyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmiz müvəffəqiyyətlə sona çatacaq, şəhidlərimizin, verdiyimiz qurbanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, həmin torpaqlardan qaçqın düşmüş bacı və qardaşlarımız öz obasına, evinə, yerinə-yurduna qayıdacaqlar.

Bu gün, bu müqəddəs gündə siz də, biz də, Allahdan bunu diləyirik. Bu gün şəhidlərin xatirəsini yad edərək Allaha dua edirik ki, xalqımıza daha da səbir, güc, qüdrət versin ki, torpaqlarımızın azad olunmasına, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə nail olaq, ölkəmiz azad bir dövlət kimi yaşasın.

İndi dinimiz azaddır. Hər bir azərbaycanlı, hər bir müsəlman öz dininə itaət etməkdə sərbəstdir. Bu Məhərrəmlik ayında, xüsusən son günlərdə dinimizə itaət, etiqad, məscidlərdə, o cümlədən bu gün Təzəpir məscidində keçirilən mərasim onu göstərir ki, müstəqil dövlətimizdə din azaddır və hər kəs öz vicdanının hökmünü, istəyini ifadə edə bilər. Xalqımızın belə azad, sərbəst şəraitdə yaşaması bizim üçün böyük əsasdır.

Bu gün burada, sizin qarşınızda bir daha deyirəm ki, biz Azərbaycanın müstəqilliyi yolunda bundan sonra da çalışacağıq və var qüvvəmizi əsirgəməyəcəyik. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün qüvvələrimizi cəmləyib müstəqil Azərbaycanı yaşadacaq, onun ərazi bütövlüyünü təmin edəcəyik. Müstəqil Azərbaycan Respublikası şəhidlərin, verdiyimiz qurbanların həyatının, yəni onların xatirəsinin əbədi olması üçün yaşamalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz bunların hamısını edəcəyik. Bunlara nail olmaq, bunları əldə etmək üçün biz Allaha dua edərək, bu gün öz müsəlmanlıq borcumuzu yerinə yetirərək, eyni zamanda birləşməli, əl-ələ verməliyik, xalqımızın birliyini, həmrəyliyini təmin etməliyik.

Allahdan bir daha rəhm diləyirəm. Allah şəhidlərə rəhmət eləsin. Mən Azərbaycanda xalqımızın, hər bir müsəlmanın dinə sərbəst etiqad etməsi imkanlarından məmnun olduğumu bildirmək istəyirəm.

Allah rəhmət eləsin.

"Azərbaycan" qəzeti, 11 iyun 1995-ci il