"İtaliya Xarici Ticarət Əlaqələri Nazirliyinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Roma, 25 sentyabr 1997-ci il) sənədinə tarixi arayış


25-28 sentyabr 1997-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev İtaliya Prezidenti Oskar Luici Skalfaronun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. İtaliya Prezidenti və Baş nazir Romano Prodi ilə görüşdükdən sonra iki ölkə arasında sənədlərin imzalanma mərasimi olub. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərin prinsipləri haqqında, iqtisadi əməkdaşlıq haqqında birgə bəyannamələr imzalanıb. Səfər zamanı Azərbaycanın yeni neft strategiyası çərçivəsində həmçinin ARDNŞ ilə İtaliyanın "Acip" neft şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında müqavilə də imzalanıb.

Səfərin birinci gününün sonunda İtaliya Xarici Ticarət Əlaqələri Nazirliyində Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdə İtaliya Xarici Ticarət Əlaqələr naziri Fantoçio Auqusto və Azərbaycan Prezidenti Heydər Əliyev çıxış ediblər.

Azərbaycan Prezidenti öz çıxışında hər iki ölkəni cənub ölkəsi kimi xarakterizə edərək adamların xarakterində, milli musiqilərdə, iqlimdə, milli mətbəxlərdə çoxlu bənzərliklərin olmasının gələcək əməkdaşlıq üçün əlverişli şərait yaradacağını bildirib. O, öz çıxışında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətinə qiymət verərək deyib: "Mən buna böyük əhəmiyyət verirəm ki, bu sənədlərdə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığımızın prinsipləri öz əksini tapmışdır. Buna görə də mən hesab edirəm ki, bugünkü gün İtaliya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni mühüm mərhələ açır. Əminəm ki, biz gələcəkdə daha böyük nəticələrə nail ola biləcəyik".

Qeyd edək ki, İtaliya-Azərbaycan iqtisadi-ticarət münasibətlərinin qurulub inkişaf etməsində bu ölkənin xarici ticarət əlaqələr nazirliyi xüsusi rol oynayıb. Bu nazirliyin nümayəndələri 1997-ci ildən başlayaraq Azərbaycana bir neçə dəfə səfər edərək müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmalar əldə ediblər. Bu razılaşmalar əsasən iki ölkənin neft sənayesi və neft emalı, kənd təsərrüfatı, turizm, idman və s. kimi sahələrinə qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edir. Bu əlaqələrin qurulub inkişaf etməsində 1995-ci ilin fevralında yaradılan İtaliya-Azərbaycan Ticarət-Sənaye Palatasının da mühüm rolu olub.

İtaliya-Azərbaycan Ticarət-Sənaye Palatasının məlumatına əsasən hazırda İtaliya kapitalının iştirakı ilə Azərbaycanda 9 şirkət fəaliyyət göstərir. Bu şirkətlər aşağıdakılardır: Agip, Saipem, MSS (Meditteranean Survey & Services), ELECA, TANCO, ES-KO İnternational, Rozetti Marino, Veneta Lavaggi, Piaggio & Figli. (http://www.mfa.gov.az/)

24-26 fevral 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Prezidenti Adzelyo Çampinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfər zamanı İtaliya-Azərbaycan birgə bəyannaməsi imzalanıb və burada hər iki ölkə ikitərəfli münasibətlər çərçivəsində ümumi maraq kəsb edən bir çox sahələrdə əldə olunmuş əhəmiyyətli nailiyyətlərin inkişafında maraqlı olduqlarını bəyan ediblər. (http://www.president.az/)

Azərbaycan neftinin dünya bazarında əsas alıcısı olan İtaliya artıq yeddi ildir ki, Azərbaycanın ixracında əsas ticarət tərəfdaşı kimi birinci yeri tutur. Qeyd edək ki, Azərbaycan neftini dünya bazarlarına ixrac edən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ötürülüən ilk neftin alıcısı da məhz İtaliya olub. Həmçinin İtaliya hökuməti Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qazın da öz ölkəsinə idxalında da maraqlıdır və bu məqsədlə Azərbaycan hökuməti ilə müvafiq danışıqlara başlanılıb. (http://www.trend.az/)

Xatırladaq ki, adı çəkilən yataqdan əldə edilən mavi yanacaq 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Avropa bazarına ixrac edilməyə başlayıb və 2007-ci ilin noyabrında özünün qaz infrastrukturunu Türkiyənin qaz sistemi ilə birləşdirən Yunanıstan artıq Azərbaycan qazının Gürcüstan və Türkiyədən sonra üçüncü idxalatçısına çevrilib. (http://www.president.az/)

Hazırda "Şahdəniz" qazının istehlakçısı olmaq niyyəti ilə Azərbaycan hökuməti ilə danışıqları başa çatdıran İtaliya hökuməti Yunanıstandan öz ərazisinə qədər boru kəməri çəkmək üçün hazırıq işlərinə başlamaq mərhələsinə qədəm qoyub.

(Daha geniş məlumat üçün kitabxananın "Neft strategiyası" bölümünün materiallarına müraciət oluna bilər.)

Tarixi arayış 26 dekabr 2007-ci ildə yeniləşdirilib.