Azərbaycan Prezidenti Heydər Əliyevin və Bolqarıstan Prezidenti Petr Stoyanovun birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - Prezident sarayı, 2 dekabr 1999-cu il


Hörmətli cənab prezident Petr Stoyanov!

Bolqarıstan nümayəndə heyətinin hörmətli üzvləri!

Xanımlar və cənablar!

Bolqarıstan prezidentinin bu gün səhər Azərbaycana rəsmi səfəri başlanmışdır. Bu, dövlətlərimiz müstəqillik əldə etdikdən sonra Bolqarıstan prezidentinin ölkəmizə ilk rəsmi səfəridir.

Səfər mənim dəvətimlə edilir. Şadam ki, cənab prezident mənim dəvətimi qəbul etmişdir.

Artıq bu gün biz yaxşı işlədik. Təkbətək görüşümüz oldu. Dövlətlərarası münasibətlərə aid bir çox məsələləri, Bolqarıstanla Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluğun möhkəmləndirilməsi problemlərini, xüsusən Azərbaycanın, Xəzər dənizinin enerji ehtiyatlarından Bolqarıstanın bəhrələnməsinə, böyük İpək yolunun bərpası proqramının, TRASEKA, İNOQEYT proqramlarının həyata keçirilməsinə aid problemləri müzakirə etdik. Biz həmçinin fikir mübadiləsi apardıq, beynəlxalq həyatın problemlərinə aid məsələləri müzakirə etdik. Bolqarıstan da, Azərbaycan da Avropa qitəsində yerləşir, biz ATƏT-in, bir çox digər Avropa təşkilatlarının və beynəlxalq təşkilatların üzvləriyik, Şimali Atlantika İttifaqı ilə əməkdaşlıq edirik. Buna görə də bir çox məsələlər var ki, onların barəsində fikir mübadiləsi aparmaq lazım idi.

Məmnunluqla deyə bilərəm ki, bizim bu söhbətimiz çox səmərəli, çox maraqlı oldu və bir çox məsələlərdə, demək olar, bütün məsələlərdə yekdil fikirdə olduq, eyni mövqelərdən çıxış etdik.

Mən buna şadam, çünki Azərbaycan dünya ölkələri ilə, xüsusən Avropa ölkələri ilə öz münasibətlərini genişləndirməyə, Avropa strukturlarında əməkdaşlıq etməyə çalışır. Ona görə də söhbətimiz bu baxımdan qarşılıqlı surətdə çox faydalı oldu.

Nümayəndə heyətlərinin görüşü keçirildi. Bu görüş də, dostluq, qarşılıqlı anlaşma ruhunda, ən xoş ab-havada oldu. Biz dövlətlərarası sənədlər imzaladıq. Bu sənədlər arasında, əlbəttə, Bolqarıstanla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqqında cənab prezident Petr Stoyanovla mənim tərəfimdən imzalanmış siyasi bəyannamə böyük əhəmiyyətə malikdir.

Deməliyəm ki, 1995-ci ildə Bolqarıstana rəsmi səfərim zamanı bir sıra sənədlər imzalanmışdır. Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında saziş həmin sənədlər arasında ən əhəmiyyətlisidir. Bu sənədlər öz rolunu oynamışdır. Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı haqqında əsas sənəd uzunmüddətli əhəmiyyətə malikdir.

Bu gün imzalanmış sənədlər isə, təbii olaraq, suveren, müstəqil dövlətlərimiz arasında müqavilə-hüquqi bazanı genişləndirir, dostluq münasibətlərimizin daha da inkişaf etməsi üçün, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi üçün daha əlverişli zəmin yaradır.

Buna görə də Bolqarıstan prezidentinin artıq başlanmış olan səfərindən, görülmüş işdən, imzalanmış sənədlərdən böyük məmnunluq duyduğumu bildirirəm və sözü qonağımıza verirəm.

Tarixi arayış

Azərbaycan - Avropa