Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyr ilə görüşdəki söhbətindən - London, 21 iyul 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Toni Bleyr: Hörmətli cənab prezident Əliyev, Sizi səmimiyyətlə salamlayıram və dəvətimi qəbul edərək Böyük Britaniyaya rəsmi səfərə gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən sizinlə bundan əvvəlki görüşlərimi həmişə məmnunluqla xatırlayıram. Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaqdan şərəf duyduğumu bildirirəm.

Heydər Əliyev: Möhtərəm Baş nazir, ilk öncə bu dəvətə, səmimi sözlərə və qonaqpərvərliyə görə Sizə təşəkkür edir və sizinlə görüşməkdən mən də məmnun qaldığımı bildirirəm.

Toni Bleyr: Qeyd edim ki, Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq yaxşı səviyyədədir. Biz iqtisadi və siyasi əlaqələrin durmadan inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.

Böyük Britaniya Qafqaz, Mərkəzi Asiya regionuna xüsusi maraq göstərir və nəzərə çarpdırım ki, Azərbaycan bu regionda açar rolu oynayır. Onu da qeyd edim ki, Birləşmiş Krallıq Azərbaycanla siyasi-strateji tərəfdaşlıq münasibətlərini genişləndirmək arzusundadır.

Əmin olduğumu bildirmək istəyirəm ki, prezident Heydər Əliyevlə birlikdə imzalayacağım dostluq münasibətləri və tərəfdaqlıq haqqında birgə bəyannamə ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da genişləndirilməsi üçün böyük perspektivlər açacaqdır. Qeyd edim ki, Leyboristlər partiyası seçkilərdə qalib gəldikdən sonra Böyük Britaniyanın Azərbaycana dair siyasəti dəyişilməyib, yeni hökumət Azərbaycan Respublikası ilə, prezident Heydər Əliyevlə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi əhəmiyyət verir. Xəzər regionunda Azərbaycan çox böyük strateji əhəmiyyətə malikdir. Biz Azərbaycanı və prezident Heydər Əliyevi özümüzün strateji müttəfiqimiz hesab edirik. Britaniyanın yeni hökuməti Azərbaycanla iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əlaqələrin ardıcıl surətdə inkişaf etməsinə böyük maraq göstərir.

Cənab prezident, əminəm ki, müstəqil Azərbaycan Respublikasının başçısı kimi Böyük Britaniyaya rəsmi səfəriniz ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsində yeni mərhələ açacaqdır. Sizin müdrik rəhbərliyiniz altında son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır.

Azərbaycanda gedən demokratik dəyişikliklərin respublikanızın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulayır və bazar münasibətləri yolunu seçmiş ölkənizdə iqtisadi sahədə son illər əldə olunmuş nailiyyətləri bir daha yüksək qiymətləndirirəm.

Onu da nəzərə çarpdırmaq istəyirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi sahəsində imzalanmış tarixi müqavilələr gənc müstəqil dövlətinizin iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasında mühüm rol oynayacaqdır. Bütün bunların prezident Heydər Əliyevin öz xalqı qarşısında misilsiz xidmətlərinin nəticəsində baş verdiyini məmnunluqla qeyd edirəm. Britaniya şirkətlərinə Azərbaycanda geniş fəaliyyət göstərmək üçün yaradılmış gözəl şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkələrimizin iqtisadi əməkdaşlığı Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlətlərarası münasibətlərinin daha da yaxşılaşdırılması üçün möhkəm zəmin yaradır. Xəzərin Azərbaycan sektorunda Britaniya şirkətlərinin yaxından iştirak etməsi həm Birləşmiş Krallıq, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın neft yataqlarının birgə işlənilməsi üçün Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında həmin gün imzalanacaq yeni müqavilələrin ölkələrimizin əməkdaşlığının böyük perspektivlərindən xəbər verdiyini vurğulamaq istəyirəm. Onu da qeyd edim ki, digər sahələrdə də belə mühüm əhəmiyyətli müqavilələr bağlanması çox zəruridir.

Azərbaycanın Avropa strukturlarında geniş təmsil olunmasına Böyük Britaniyanın yaxından kömək göstərəcəyini bildirirəm. Biz Avropa Şurasında qonaq statusu alan respublikanızın bu şuraya tam hüquqlu üzv kimi qəbul olunması üçün lazımi səylər göstərəcəyik və Azərbaycan bu sahədə Böyük Britaniyanın tam dəstəyinə arxalana bilər.

Mən müstəqil respublikamızın Avropaya inteqrasiya üçün göstərdiyi marağı yüksək qiymətləndirir, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıram. Biz bu sahədə də Azərbaycana yardım göstərməyə hazırıq.

Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin dünya bazarına bir neçə marşrut üzrə çıxarılmasına ölkənizin böyük üstünlük verməsini razılıq hissi ilə bildirirəm. Neftin çoxşaxəli marşrutlarla ixracı həm kəmərlərin etibarlılığı, təhlükəsizliyi baxımından, həm də iqtisadi cəhətdən çox faydalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməsinə Böyük Britaniyanın da tərəfdar olduğunu bildirirəm. Bizim ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu sahədə beynəlxalq hüquq normaları, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in dəyişilməz prinsipləri vardır və onlara əməl olunmalıdır.

ATƏT-in 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün qəbul edilmiş prinsiplərə Böyük Britaniyanın da səs verdiyini bir daha xatırladıram və əmin olduğumu bildirirəm ki, bu münaqişə tezliklə öz həllini tapacaqdır.

Azərbaycanda ölüm hökmünün ləğv olunmasını insan hüquqlarının qorunması sahəsində çox böyük addım kimi qiymətləndirir və prezident Heydər Əliyevin bununla əlaqədar imzaladığı fərmanı alqışlayıram. Avropa ölkələri Qərbin dəyərlərinə Azərbaycanın sadiqliyini çox yüksək qiymətləndirirlər.

Respublikanızın Qafqaz və Mərkəzi Asiya regionunda xüsusi əhəmiyyət daşıyan bir dövlət olduğunu nəzərə alan Böyük Britaniya hökuməti Azərbaycandakı səfirliyinin fəaliyyətini genişləndirmək qərarına gəlmişdir. Cənab prezident, sizdən xahiş edirəm ki, buna lazımi şərait yaradarsınız.

Mən Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların gedişi barədə məlumat almaq istərdim. Avropa Birliyinin TRASEKA proqramı çərçivəsində qədim "İpək yolu"nun bərpası sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirirəm və Avropa-Qafqaz-Asiya magistralının böyük perspektivlərə malik olduğunu vurğulayıram.

Heydər Əliyev: Hörmətli cənab Baş nazir! Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Avropanın bu çox nüfuzlu dövləti ilə münasibətlərin gündən-günə yaxşılaşdırılmasına, əməkdaşlığın durmadan inkişaf etdirilməsinə Azərbaycan böyük əhəmiyyət verir. Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra Böyük Britaniya ilə yaranmış dövlətlərarası, hökumətlərarası əlaqələrin hazırkı səviyyəsindən razı olduğumu bildirirəm.

1994-cü ilin fevralında Londonda ilk rəsmi səfərimi, o zaman keçirdiyim görüşləri, apardığım danışıqları məmnunluqla xatırlayıram. O vaxt imzalanmış sənədlərin Azərbaycan-Böyük Britaniya əməkdaşlığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıram.

Keçən il Böyük Britaniyada parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlmiş Leyboristlər partiyasının qısa vaxtda ölkədə bir sıra müsbət irəliləyişlərə nail olduğunu yüksək qiymətləndirirəm. Cənab Toni Bleyr ilə əvvəllər keçirdiyim görüşləri, apardığım danışıqları razılıqla xatırlayıram.

Cənab Bleyr, sizin dəvətinizlə Londona rəsmi səfərə gəlməyimdən məmnun qaldığımı bildirir və əminəm ki, burada keçirdiyim görüşlər, apardığım danışıqlar, imzalanacaq sənədlər Azərbaycan-Böyük Britaniya əlaqələrinin ardıcıl surətdə inkişaf etməsində yeni mərhələ açacaqdır.

Bu gün mən əlahəzrət kraliça ilə görüşü tarixi bir hadisə hesab edirəm. Biz bu görüşdə ölkələrimizin, xalqlarımızın qarşılıqlı surətdə faydalı münasibətlərinin, xüsusən elm, təhsil, mədəniyyət sahəsindəki əməkdaşlığın daha da sıxlaşdırılması üçün həlli vacib olan bir sıra məsələlərdən ətraflı söhbət açdıq.

Böyük Britaniyanın, xüsusən Baş nazir Toni Bleyrin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə çox böyük əhəmiyyət verməsini yüksək qiymətləndirirəm. Biz dünya siyasətinə təsir etmək gücünə malik bir dövlətin ölkəmizə böyük maraq göstərməsindən çox məmnunuq və bu əlaqələrin daim inkişaf etməsi üçün öz tərəfimizdən lazım olan bütün tədbirləri görəcəyik.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ştatının artırılması barədə Baş nazir Toni Bleyrin fikrini razılıqla qarşılayıram və dövlətimizin səfirliyin gələcək fəaliyyəti üçün hər cür şərait yaradacağını bildirirəm.

Demokratik inkişaf və bazar münasibətləri yolunu seçmiş Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində son illər qazanılmış uğurların Böyük Britaniya hökuməti tərəfindən müsbət qiymətləndirilməsindən çox məmnun olduğumu bildirirəm. Nəzərə çatdırıram ki, 1995-ci ildə respublikamızda ilk demokratik konstitusiya qəbul olundu. Bütün siyasi partiyaların təmsil edildiyi parlament formalaşdırıldı.

Respublikamızda aparılan iqtisadi islahatlar sahəsində də ciddi addımlar atılmışdır və qeyd edim ki, ölkəmiz öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasına böyük əhəmiyyət verir. Onu da vurğulayıram ki, respublikamızdakı zəngin yataqların birgə işlənilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Biz Xəzərin Azərbaycan sektorundakı yataqların birgə istismarı ilə əlaqədar xarici ölkələrin ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə 1994-cü ildə ilk müqavilə imzaladıq və o, "Əsrin müqaviləsi" adını qazandı. Böyük Britaniyanın "Bi-Pi" şirkəti də bu müqavilədə özünəməxsus pay aldı. Bundan sonra Azərbaycana xarici ölkələrin marağı get-gedə daha da artdı və bir-birinin ardınca yeni tarixi müqavilələr imzalandı.

Xatırladım ki, dünyanın əksər ölkələrindən xeyli şirkət Azərbaycanda geniş fəaliyyət göstərir. Məmnunluqla qeyd etmək istəyirəm ki, təkcə Böyük Britaniyadan 100-dən çox şirkət respublikamızın iqtisadiyyatının inkişafında yaxından iştirak edir.

Neftin dünya bazarına müxtəlif marşrutlar üzrə çıxarılmasına Azərbaycan böyük üstünlük verir. Hazırda Xəzərin Azərbaycan sektorundakı ehtiyatların birgə istismarı üçün imzalanmış müqavilələrin həyata keçirilməsi sahəsində böyük işlər görülür. Eyni zamanda, hasil olunacaq nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutları qəti müəyyən olunmalı, tikintisi həyata keçirilməlidir. Bu münasibətlə əsas neft boru kəmərinin Bakı-Ceyhan marşrutu ilə Gürcüstan və Türkiyə ərazilərindən Aralıq dənizinə çıxarılmasını zəruri hesab edirik.

Sizinlə bu görüşdən sonra Böyük Britaniya şirkətləri ilə bir neçə yeni müqavilə imzalanacağına inanıram. Xəzərin Azərbaycan sektorundakı "Araz", "Alov", "Şərq", "İnam", quruda yerləşən "Muradxanlı", "Cəfərli" və "Zərdab" yataqları zəngin ehtiyatlara malikdir. Əmin olduğumu bildirirəm ki, bu müqavilələrin Azərbaycan-Böyük Britaniya əməkdaşlığının daha da genişləndirilməsinə yeni güclü təkan verəcəkdir.

İnanıram ki, Azərbaycan Respublikasının prezidenti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin imzalayacaqları dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da sıxlaşdırılmasında böyük perspektivlər açacaqdır. Paytaxtımızda otel və biznes mərkəzinin tikilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İngiltərənin "Morrison" şirkəti arasında imzalanacaq sənədin layihəsini də yüksək qiymətləndirirəm.

Dünya siyasətində əhəmiyyətli yer tutan və Avropanın ən nüfuzlu dövlətlərindən biri olan Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə göstərdiyi diqqətdən razılığımı bildirirəm.

Bu münaqişənin tarizi, başvermə səbəbləri və onun aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hazırkı vəziyyəti barədə bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz, hələ 1988-ci ildə Ermənistan Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı qoparıb Ermənistana birləşdirmək məqsədilə ölkəmizə qarşı hərbi təcavüz etmişdir. Lakin sovet hökuməti, sovet rəhbərliyi bu münaqişənin qarşısını almaq üçün lazımi tədbirlər görmədilər. Bu da sonralar Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxartdı. Nəticədə Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olundu, 1 milyondan çox Azərbaycan sakini öz yurd-yuvalarından zorla didərgin salınıb ağır vəziyyətdə çadırlarda yaşayırlar.

1994-cü ilin mayında hərbi əməliyyatları dayandırmaq, atəşkəs haqqında Ermənistanla saziş bağladıq. Dörd ildir ki, atəşkəs rejiminə əməl edilir. Ancaq bu, sülh demək deyildir. Bütün bu dövrdə biz münaqişəni dincliklə aradan qaldırmaqdan ötrü bir sıra əməli addımlar atmışıq. Lakin Ermənistan qeyri-əməli mövqe tutur. Sonuncu dəfə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə toplantısında bu münaqişənin dincliklə nizama salınması prinsipləri müəyyənləşdirildi və üç təklif irəli sürüldü: birincisi - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması; ikincisi - Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək özünüidarə statusu verilməsi; üçüncüsü - Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Biz bu prinsiplərlə razılaşdıq, hərçənd onlar bizim üçün o qədər də məqbul deyildi. Biz buna məsələni sülh yolu ilə nizama salmaq naminə getdik. Lakin Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan qeyri-konstruktiv mövqe tutdu, bununla razılaşmadı. Nəticədə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərin lehinə, Ermənistan isə əleyhinə səs verdi.

O vaxtdan bəri bu üç prinsip məsələnin nizama salınması üçün əsas olaraq qalır. Onların həyata keçirilməsi üçün Minsk qrupunun həmsədrlərinin - ABŞ-ın, Fransanın, Rusiyanın irəli sürdükləri son təklifləri biz qəbul etmişik. Lakin Ermənistan tərəfi münaqişənin tezliklə aradan qaldırılması üçün nə beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, nə beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, nə beynəlxalq normalarına, hamı üçün qəbul olunmuş prinsiplərə, nə də dünyanın ən nüfuzlu dövlətlərinin təkliflərinə heç bir məhəl qoymur. Beynəlxalq təşkilatlarda və toplantılarda Böyük Britaniyanın Azərbaycanın haqq işini dəstəkləməsinə görə, cənab Baş nazir, sizə öz razılığımı bildirirəm.

Bizim fikrimizcə, indi məsələnin dincliklə həlli iki mərhələdə həyata keçirilə bilər. Bunu Minsk qrupu da təklif edir. Əyanilik üçün sizə Azərbaycanın xəritəsini göstərmək istəyirəm. Baxın, xəritədə erməni hərbi birləşmələrinin işğal etdikləri ərazilər göstərilmişdir. Bura Ermənistan, bura isə Naxçıvan ərazisidir. Dağlıq Qarabağ qırmızı rənglə qeyd olunmuşdur. O, Azərbaycanın vilayətidir. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları yaşıl və sarı rənglə boyanmışdır. Biz belə hesab edirik ki, bunu Minsk qrupu da təklif edir, birinci mərhələdə erməni silahlı birləşmələrinin yaşıl rəngə boyanmış ərazidən çıxarılmasına, qaçqınların buraya qayıtmasına və bu məsələnin həlli üçün ATƏT-in sülhyaratma qüvvələrinin oraya gətirilməsinə nail olmaq, ikinci mərhələdə isə erməni silahlı qüvvələrini Laçın və Şuşa rayonlarından çıxarmaq, eyni zamanda, Dağlıq Qarabağın statusunu Lissabon zirvə toplantısında nəzərdə tutulduğu kimi müəyyənləşdirmək lazımdır.

Biz sülh istəyirik, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ancaq biz ərazimizin hər hansı bir kiçik hissəsinin də başqa ölkəyə verilməsinə heç vaxt razı ola bilmərik. Bu bizim qəti, prinsipial mövqeyimizdir. Biz bu mövqeyimizdən heç vaxt geriyə çəkilmərik.

Azərbaycanın Avropa strukturlarında bərabər hüquqlu üzv kimi iştirak etməyə böyük əhəmiyət verdiyini bəyan edirəm. Birləşmiş Krallıq hökumətinin bu barədə respublikamıza əməli kömək göstərmək istəyini minnətdarlıqla qəbul edirəm. Vurğulayıram ki, gənc müstəqil dövlətimizdə insan hüquqlarının qorunması, demokratik prinsiplərin bərqərar olunması, siyasi plüralizmə geniş meydan verilməsi sahəsində xeyli işlər görülmüşdür.

Azərbaycanda qarşıda prezident seçkiləri olacaqdır. Ölkəmizin Konstitusiyası, seçkilər haqqında qəbul olunmuş qanun seçkilərin tam demokratik, azad və ədalətli keçirilməsinə şərait yaradır.

Dünya Birliyində özünəməxsus yer tutan Azərbaycan Avropa-Qafqaz-Asiya magistralının səmərəli işinə xüsusi əhəmiyyət verir. Gördüyünüz bu xəritədə qədim "İpək yolu"nun perspektivləri qeyd olunmuşdur.

Cənab Baş nazir! Nəzərə çatdırıram ki, Avropa Birliyinin yardımı ilə TRASEKA proqramı çərçivəsində bu il sentyabrın 7-8-də respublikamızda beynəlxalq konfrans keçiriləcəkdir. Mən sizi bu beynəlxalq tədbirdə iştirak etməyə dəvət edirəm.

Toni Bleyr: Bu dəvəti məmnunluqla qəbul edirəm. Böyük Britaniya hökuməti qədim İpək Yolunun bərpasına mühüm əhəmiyyət verir və bizim hökumətin nümayəndə heyəti həmin tədbirdə mütləq iştirak edəcəkdir.

Böyük Britaniyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Hesab edirəm ki, bunlar əməkdaşlığımız üçün yaxşı əsasdır. Buna görə də biz bu konfransa çox böyük əhəmiyyət veririk və bütün iştirakçı ölkələr üçün onun faydalı olacağına əminik.

Heydər Əliyev: Hörmətli cənab Baş nazir! Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə dəvətə görə bir daha sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirirəm ki, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanacaq sənədlər ölkələrimizin bütün sahələrdə əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır.

Səmimi söhbət üçün sizə təşəkkürümü bildirirəm. Bir daha sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Toni Bleyr: Hörmətli prezident, mən bu dəvəti minnətdarlıqla qəbul edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 16-cı cild, səh. 337-346