Azərbaycan Prezidenti Heydər Əliyev İran nümayəndə heyətini qəbul edərkən söhbətindən - 23 yanvar 2002-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir! Hörmətli səfir! Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Sizin bu səfərinizdən çox məmnunam. Düşünürəm ki, bu, İranın daxili işlər nazirinin Azərbaycana ilk səfəridir. Bunun özü yaxşı işarədir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz inkişaf edir və o dərəcəyə çatıb ki, hətta daxili işlər naziri də Azərbaycana gəlir.

Sizin burada apardığınız danışıqlar, keçirdiyiniz görüşlər haqqında mənə söylədilər. Milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov mənə ətraflı məlumatlar veriblər. Mən çox məmnunam ki, siz ölkələrimizi maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparmısınız və əməkdaşlığımızın inkişaf etməsi üçün lazımi işlər görmüsünüz. Bizim ölkələrimiz arasında bu sahələrdə çox böyük işlər görülməlidir. Təbii, sizin təcrübəniz böyükdür. Siz böyük ölkəsiniz. Bizdə də müəyyən təcrübə var. Bunları paylaşmaq, bölüşmək lazımdır və bunlardan istifadə etmək, müştərək işlər görmək lazımdır. Buyurun.

Əbdülvahid Musəvi-Lari: Cənab prezident, ürəkaçan sözlərinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Bizə burada, Prezident Aparatında görüş üçün yaratdığınız şəraitə görə Sizə təşəkkürümüzü bildiririk. Biz belə hesab edirik ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişlənməsi üçün böyük imkanlar vardır. Bizim tarixi köklərimiz, birgə mədəniyyətimiz, dini birliyimiz tələb edir ki, bu gün rəhbər işçilər, əlaqədar məsul şəxslər daha çox çalışsınlar və əlaqələrimizin genişləndirilməsi üçün daha böyük işlər görülsün. Qardaş Azərbaycan Respublikası ilə əlaqələrimizin genişləndirilməsi İranın xarici siyasətinin görüləcək işlərinin sərlövhəsini təşkil edir.

İran İslam Respublikasının prezidenti cənab Xatəminin hərarətli salamını Sizə çatdırmağı özümə borc bilirəm. Tehrandan yola düşməzdən əvvəl son saatları mən cənab Xatəminin yanında olmuşam. O, mənə tapşırdı ki, onun səmimi qardaş salamını Sizə çatdırım.

Cənab prezident mənə tapşırdı Sizə çatdırım ki, yaxın gələcəkdə Sizi Tehranda qəbul etmək üçün bütün şərait hazırdır. Sözsüz ki, Sizin Tehrana səfəriniz münasibətlərimizdə yeni səhifə açacaq, dönüş mərhələsi olacaqdır. İnşallah, yaxın gələcəkdə Sizin səfəriniz həyata keçirilər.

Cənab prezident, hörmətli nazirlərlə keçirdiyimiz görüşlər, əldə etdiyimiz razılıqlar haqqında Sizə məlumat verməzdən əvvəl, icazə verin, mənimlə gəlmiş nümayəndə heyətinin üzvlərini Sizə təqdim edim.

Cənab Seyid Həmid Təhai Ərdəbil əyalətinin ostandarıdır. Əsədullah Kiyanersi İslam Şurası Məclisinin üzvüdür, İsfahandan seçilmiş millət vəkilidir və eyni zamanda parlamentdə Təhlükəsizlik komissiyasının üzvüdür. Cənab Qəzaini Siz tanıyırsınız.

Əbdülvahid Musəvi-Lari: Cənab Qulamhüseyn

Heydər Əliyev: Bəli, tanıyıram.

Əbdülvahid Musəvi-Lari: Cənab Qulamhüseyn Boləndian təhlükəsizlik və nizam-intizam məsələləri üzrə nazir müavinidir. Cənab Əlirza Biqdeli İran Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci idarəsinin rəisidir.

Heydər Əliyev: Onu da tanıyıram.

Əbdülvahid Musəvi-Lari: Cənab prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm ki, görüşmək üçün bizə belə fürsət yaratdınız.

Heydər Əliyev: Təşəkkür edirəm.

Hörmətli cənab Xatəminin mənə göndərdiyi salamlara görə, ona təşəkkürümü bildirirəm. Eyni zamanda mən öz tərəfimdən ona ən səmimi qardaşlıq salamımı göndərirəm. Xahiş edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı ona çatdırasınız.

Mənim İrana səfərim barəsində məsələlər artıq həll olunubdur. İmzalanacaq sənədlər artıq hazırlanıb, razılaşdırılıbdır. Mən çox böyük məmnuniyyətlə gözləyirəm ki, nə vaxt Tehranda olacağam.

Mən hesab edirəm ki, bizim Tehrandakı görüşlərimiz, danışıqlarımız İran-Azərbaycan əlaqələrinin daha da sürətlə inkişaf etməsi üçün çox səmərəli olacaqdır. Beləliklə, hesab edirəm ki, indi bizim əlaqələrimiz artıq əvvəlkindən xeyli yaxşıdır. Amma ondan da yaxşı olmalıdır. Bizim sizinlə vəzifəmiz bunu etməkdir. Güman edirəm ki, indi bunun üçün böyük imkanlar vardır. Biz birgə işləməliyik.


"Azərbaycan" qəzeti, 24 yanvar 2002-ci il.