"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Litva Respublikasının Prezidenti cənab Roland Paksasa məktubu" (7 fevral 2003-cü il) sənədinə tarixi arayış


Litva Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayında qurulub. 2007-ci il aprelin 3-də Litvanın Azərbaycanda, həmin il sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi fəaliyyətə başlayıb. Həmin dövrdən etibarən iki ölkə arasında qarşılıqlı əlaqələr intensivləşib və maraq doğuran məsələlərin müzakirəsi sahəsində konkret addımlar atılıb.

Azərbaycanla Litva arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il fevralın 7-də Litva Respublikasının milli bayramı- Litva dövlətinin bərpası günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Azərbaycan Prezidenti iki ölkə arasında əlaqələrin inkişafının daim Azərbaycan və Litva xalqlarının rifahına xidmət edəcəyinə əminliyini bildirib.

İlham Əliyev prezident seçildikdən sonra ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayıb. 2005-ci il oktyabrın 13-də Əfqanıstandan qayıdarkən yolüstü Bakıda dayanan Litva Prezidenti Valdas Adamkus Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişafı, eləcə də Avropa Şurası, Avropa Birliyi çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. (www.president.az)

2006-cı il iyunun 8-9-da Litva Prezidenti Valdas Adamkus Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Prezidentlərin təkbətək görüşündə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Hər iki ölkənin beynəlxalq sahədə əməkdaşlığından məmnunluqlarını söyləyən dövlət başçıları qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Söhbət zamanı prezidentlər Azərbaycan və Litvanın Avroatlantik strukturlarına inteqrasiyasının da genişləndiyini və bu baxımdan səmərəli əməkdaşlıq aparıldığını qeyd ediblər. (http://www.azerbaijan.news.az/)

Azərbaycan prezidenti İlham Əliyev 2007-ci il sentyabrın 13-14-də cavab olaraq Litvaya ilk rəsmi səfərə gedib. Səfər zamanı prezidentlər təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Səfərin yekununda prezidentlər birgə bəyannamə imzalayıblar. Həmçinin, turizm, iqtisadiyyat, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığa dair 10 sənəd imzalanıb (http://www.azembassy.org/).

10 oktyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Enerji Təhlükəsizliyi - 2007" konfransında iştirak etmək üçün Litvada işgüzar səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə energetika sahəsində təhlükəsizlik məsələlərinə həsr edilmiş "Məsul tərəfdaşlar üçün məsul energetika" mövzusunda konfransın işində iştirak edib.12 oktyabr 2007-ci ildə isə Prezident İlham Əliyev "Enerji təhlükəsizliyi - 2007" beynəlxalq konfransındakı çıxışında tədbirin istehlakçı və hasilatçılar, o cümlədən gələcəyini Avropaya inteqrasiyada görən tərəflər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

21 aprel 2008-ci ildə Prezident İlham Əliyev Litvanın Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Litvaarasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, iqtisadi əlaqələrin daha dainkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

13 noyabr 2008-ci ildə Bakıda təşkil olunan enerji sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Litva Prezidenti Valdas Adamkus Prezident İlham Əliyevlə görüşüb. Söhbət zamanı beynəlxalq iqtisadi əməkdaşlıq baxımından Bakıda təşkil olunan enerji sammitinin əhəmiyyətinə toxunulub və tədbir çoxtərəfli əlaqələrin yaxşı nümunəsi kimi qiymətləndirilib. Prezident İlham Əliyev Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə genişləndiyini məmnunluqla qeyd edib və əlaqələrin Azərbaycan-Avropa Birliyi çərçivəsində də önəmli olduğunu bildirib.

Tarixi arayış 26 noyabr 2008-ci ildə yeniləşdirilib.