Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında xalq deputatı Heydər Əliyevin çıxışı - 29 avqust 1991-ci il


Hörmətli millət vəkilləri!

Ölkədə, cəmiyyətdə siyasi və iqtisadi böhran, dövlət, hakimiyyət böhranı son dərəcədə şiddətlənmişdir. Mürtəce qüvvələrin demokratiya əleyhinə hücumu, cinayətkar qrupun həyata keçirdiyi dövlət çevrilişi dəf edilmişdir. Biz artıq Sovet imperiyasının. Kommunist partiyasının dağılmasının şahidiyik.

Bu dövrdə bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanmaz səhvlərdir (Zaldan etiraz səsləri). Sessiyada hər bir deputatın sözünü deməyə hüququ var. Belə siyasətin nəticəsində respublikanın kommunist rəhbərliyi avqust ayının 19-22-də ölkədə dövlət çevrilişi və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyətini faktiki olaraq bəyənmiş və beləliklə də, Azərbaycan xalqını çox pis vəziyyətdə qoymuşdur. Bundan erməni millətçiləri dərhal çevikcəsinə istifadə etmiş, bizim respublikamıza qarşı hərbi əməliyyatı, siyasi təbliğatı gücləndirmişlər. İndi biz respublikamızın həyatında ən çətin bir dövrdə çıxış yolu tapmalıyıq və hamımız bu çıxış yolunun tapılmasına səy göstərməliyik. Ancaq biz müəyyən etməliyik ki, bu çıxış yoluna nə vasitə ilə nail ola bilərik. Son günlərdə, o cümlədən bu gün, bu tribunadan xalqı birliyə, milli həmrəyliyə dəvət edən çağırışlar eşidilir. Təəssüf ki, bu çağırışlar artıq gecikibdir. Ancaq biz bu gün nəyin bahasına olursa-olsun milli birliyi yaratmağa çalışmalıyıq. Bunun üçün isə tam aydın olmalıdır: bu milli birlik hansı platforma əsasında hasil ola bilər, hansı platforma əsasında biz buna nail ola bilərik. Bu birliyi təmin etmək üçün mənim fikrimcə, bir neçə şərt təcili olaraq həyata keçirilməlidir. Bu təklifləri mən seçkiqabağı çıxışlarımda, Azərbaycan Respublikası Ali Sovetinin fevral və mart aylarında keçirilən sessiyalarında, bu ilin iyul ayının 19-da kommunist partiyasından çıxarkən verdiyim bəyanatda və nəhayət bu ilin avqust ayının 24-də Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə göndərdiyim məktubda ətraflı bildirmişəm. Təkrar etmək istəmirəm. Ancaq indi bir neçə təklifi qeyd etmək istəyirəm.

Birinci. Bakıda fövqəladə vəziyyət dərhal götürülməlidir. Bu gün Ayaz Mütəllibov dedi ki, fövqəladə vəziyyət nəyə lazımdır, götürülməlidir. Çox yaxşı. Ancaq bunu bir il yarım Bakıda saxlayan kimdir? Kimin qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasının 1990-cı il yanvar ayının 22-də qəbul olunmuş qərarı icra edilməyib. Aydınlaşdırmaq lazımdır ki, bu il yarımda fövqəladə vəziyyəti Bakıda saxlamaq üçün respublika nə qədər vəsait xərcləyib və respublikaya nə qədər zərər vurulub.

İkinci. Azərbaycan Respublikasının rəhbərliyinin dövlət çevrilişi haqqındakı mövqeyi barədə cürbəcür söhbətlər gedir. Xarici və ittifaq informasiya orqanları bu barədə xəbərlər yayıblar. Bu məsələ aydınlaşdırılmalıdır. Kim xaricdə nə deyib, o bizim üçün məlum deyil. Ancaq məlumdur ki, avqust ayının 21-də Azərbaycan televiziyası ilə Ayaz Mütəllibovun xalqa müraciəti oxunubdur. Müraciət həm Azərbaycan dilində, həm də rus dilində oxunub. Müraciətdə fövqəladə vəziyyət komitəsinin fəaliyyəti bəyənilib və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyəti ilə Azərbaycan Respublikasının bir neçə məsələsinin həll olunmasına ümid bəslənilib. O cümlədən Dağlıq Qarabağ məsələsinin və silahlanmış erməni bandit qruplarının tərksilah olunması məsələsinin həll olunması fövqəladə vəziyyət üzrə komitənin fəaliyyəti ilə bağlanıbdır.

Bunu aydın demək lazımdır. Ola bilər belə səhvlər buraxılıb. Ancaq xalq həqiqəti bilməlidir. Bir gün belə deyib, o biri gün elə demək heç vaxt xalqda inam yarada bilməz.

Üçüncü. Xalqda birlik yaratmaq üçün Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Bu, Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsidir. Sovet İttifaqı Kommunist Partiyası dağılmışdır. Azərbaycan Kommunist Partiyasını hələ də saxlamaq və onun buraxılması məsələsini qurultayda həll etmək bu məsələni uzadıb, kommunist partiyasını yenə də hakimiyyətdə saxlamaq, onun imkanlarından istifadə etmək meylini göstərir. Bununla qəti razılaşmaq olmaz. Azərbaycan Kommunist Partiyasının bütün strukturları ləğv olunmalıdır, əmlakı milliləşdirilməlidir. Azərbaycan Kommunist Partiyasının, onun mətbu orqanlarının işi dayandırılmalı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin hərbi xunta ilə əməkdaşlıq edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır. Bunun üçün parlament komissiya yaratmalıdır. Mənim fikrim budur. Məlumdur ki, 3 gün, fövqəladə vəziyyət üzrə komitənin hökm sürdüyü dövrdə, Azərbaycan Kommunist Partiyasının mətbu orqanları Azərbaycan və rus dillərində bu komitənin sənədlərini dərc ediblər. Azərbaycan televiziyası bu komitənin bütün sənədlərini Azərbaycan dilinə tərcümə edib xalqa çatdırıbdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişləri ilə Azərbaycandan fövqəladə vəziyyət üzrə komitənin ünvanına, Moskvaya minlərlə təbrik teleqramları göndərilibdir. Bunların özü əməkdaşlığı tam aydın göstərir. Kommunist partiyası mövqeyindən fəaliyyət göstərən vəzifəli şəxslər öz vəzifələrindən imtina etməlidirlər. Mən bu gün kommunist partiyası haqqında belə ciddi tənqidi sözlər deyərək istəyirəm bəyan edəm ki, uzun illər kommunist partiyasının sıralarında olduğum və rəhbər vəzifə tutduğum dövrdə kommunist partiyasına xidmət etmişəm, partiyanın planlarını yerinə yetirmişəm və o dövrdə xidmətimə görə və buraxdığım səhvlərə görə öz məsuliyyətimi dərk edirəm.

Dördüncü. 20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup deputat bir fikirdədir, məndən qabaq çıxış edən deputat Rəhimov başqa fikirdədir. Mən Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova sual verirəm: nə üçün indiyə qədər bu hadisəyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi izahatla mən razılaşa bilmərəm. Çünki bu məsələnin həm siyasi, həm də hüquqi tərəfi var. Bu hadisəyə siyasi qiyməti dərhal vermək olardı. O ki, qaldı hüquqi cəhəti - ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq qrupu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət vermək lazımdır (Bu vaxt salonda səs-küy qopur, E.Qafarova siyasi qiymət verildiyini bildirir). Bəs verilibsə kim bu hərbi təcavüzün günahkarıdır. Bu gün deyilir ki, Yazov, Kryuçkov. Bəli, belədir. Ancaq biz bura Bakatini, Girenkonu, Qorbaçovu, Primakovu da əlavə etməliyik. Sonra?.. Bəs Azərbaycan rəhbərliyindən kimlər günahkardırlar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa büro üzvləri. Əgər başqa adamlar da günahkardırsa, aydınlaşdırmaq lazımdır. Bunlar aydınlaşdırılana qədər əgər başqa qüvvələr də günahkardırlarsa - demokratik qüvvələr, xalq cəbhəsi, onlara da siyasi qiymət vermək lazımdır. Bunları aydınlaşdırmayana qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək olmaz. Əgər buna siyasi qiymət verilibsə, mən Ayaz Mütəllibovdan xahiş edirəm ki, desin nə üçün Qorbaçov 9 respublikanın rəhbərləri ilə görüşündə 3 nazirin təyin olunması üçün razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunmasına etiraz etməmişdir. Əgər edibsə, qoy desin. O öz çıxışında demədi. Nə üçün 20 Yanvar faciəsinin əsas günahkarlarından biri olan Vəzirov Azərbaycan Respublikasından xalq deputatlarının qurultayını hazırlayan komissiyaya seçilibdir? Onu kim təqdim edibdir? Əgər bunu Azərbaycan Respublikasının rəhbərləri ediblərsə, onlar Azərbaycan xalqının qarşısında günah ediblər. Mən bunu tam açıqlığı ilə demək istəyirəm. Mən də çıxış edən deputatların fikri ilə razıyam ki, bütün bu məsələləri aydınlaşdırmadan Azərbaycanda prezident seçkiləri keçirmək olmaz. Azərbaycan Respublikası Ali Sovetinin deputatları tam əksəriyyəti kommunist olduqlarına görə, bütün kommunist partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən adamlar parlamentə deputat seçildiklərinə görə və Azərbaycan Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalıdır və yenidən seçkilər aparılmalıdır. Mən belə kəskin çıxış edərkən heç də şübhə etmirəm ki, mənim çıxışımdan sonra xüsusi hazırlanmış adamlar çıxıb mənim əleyhimə sözlər deyəcəklər. Mən bu sözlərə öyrənmişəm. Ona görə heç də narahat deyiləm. Belə xüsusi hazırlanmış çıxışlar mənim iradəmi sarsıda bilməz. Mən öz vicdanım qarşısında tamamilə cavabdeh olaraq çıxış edirəm.