Türk dövlət və icmalarının IV dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının iştirakçılarına - 24 mart 1996-cı il


Möhtərəm qurultay iştirakçıları!

Sizi türk dövlət və icmalarının IV dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.

Bir kök üzərində şaxələnən türk xalqları dünyanın müxtəlif yerlərində məskunlaşaraq böyük və şərəfli bir tarix yaşamış, neçə-neçə qüdrətli dövlət yaratmışlar. Bu gün müasir türk xalqları öz qədim tarixlərinə sadiq qalaraq elmi, mədəni, iqtisadi və siyasi əlaqələrini daha da genişləndirir, qarşılıqlı münasibətlərin yeni bir inkişaf dövrünə qədəm qoyurlar.

Əminəm ki, məhz həmin məqsədlərə xidmət edən bu ali məclisiniz türk dövlət və icmaları arasında dostluq, qardaşlıq və əməkdaşlıq sahəsində yeni bir mərhələ olacaq, xalqlarımızın yaxınlaşması, türk dünyasının çiçəklənməsi yolunda mühüm rol oynayacaqdır.

Bir çox iqtisadi və siyasi problemlərin mövcud olduğu bir zamanda bütün türk dövlət və icmalarının nümayəndələrinin bir yerdə toplanması, geniş fikir mübadiləsi aparması, yeni mədəni və iqtisadi münasibətlərin yaranması üçün şərait yaratdığına görə Türkiyə dövlətinə və onun prezidenti möhtərəm Süleyman Dəmirəl cənablarına öz təşəkkürümü bildirirəm.

Əziz qurultay iştirakçıları!

Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycan dövləti adından sizi təbrik edir, qurultayın işində sizə uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.