Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik - 2 mart 1995-ci il


Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Əziz bacı və qardaşlar! Müqəddəs kitabımız Qurani-Kərimin insanlar üçün nazil edildiyi mübarək Ramazan ayının başa çatması və İslam dünyasının ən əziz bayramlarından olan Ramazan bayramının başlanması münasibətilə sizi ürəkdən təbrik edirəm.

Xalqımız Ramazan bayramını mürəkkəb bir şəraitdə, lakin gələcəyə inamla qeyd edir. Bu, öz azadlığına qovuşaraq müstəqil inkişaf yoluna qədəm qoymuş xalqın gələcəyə inamıdır.

Azərbaycanın müstəqilliyinə qarşı çıxan qüvvələr xalqımızın azadlıq əzmini imtahana çəkir. Lakin bütün bunlar əbəs cəhdlərdir. Əminəm ki, torpaqlarımızda sülh və əmin-amanlıq bərqərar olacaqdır. Xalqımızın düşmüş olduğu ağır vəziyyətdən çıxması üçün mübarək Ramazan ayında edilmiş niyyət və diləklər Allah-təalanın köməyi ilə, xalqın iradəsi və əzmi ilə tezliklə gerçəkləşəcəkdir.

Əziz Ramazan bayramı münasibətilə hamınıza cansağlığı, xoşbəxtlik, Vətənin azadlığı və tərəqqisi yolunda böyük uğurlar arzulayıram.

 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti