Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstanın sаbiq prezidenti Jelyu Jelev bаşdа оlmаqlа bu ölkənin nümаyəndə heyəti ilə görüşü - Prezident sаrаyı, 30 оktyаbr 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq, cənab Jelevin Bakı Slavyan Universitetində məzmunlu mühazirələr oxuması faktından məmnun qaldığını bildirdi, Bolqarıstana rəsmi səfərindən, müxtəlif beynəlxalq forumlarda bu ölkənin indiki rəhbərliyi ilə keçirdiyi görüşlərdən danışdı.

Jelyu Jelev səmimi qəbula görə təşəkkür etdi, «Merkuri-2» bərəsinin batması nəticəsində insanların həlak olması ilə əlaqədar Heydər Əliyevə başsağlığı verdi. Cənab Jelev son vaxtlar Azərbaycan paytaxtının simasında böyük dəyişikliklər olduğunu bildirdi. O, Azərbaycanda Slavyan Universitetinin fəaliyyət göstərməsi faktını yüksək qiymətləndirərək dedi ki, təkcə slavyan ölkələri deyil, beynəlxalq strukturlar da ona lazımi kömək göstərməlidir. Çünki belə bir tədris ocağının olması «xalqlar arasında mənəvi əməkdaşlıq sahəsində əlamətdar haldır». Jelyu Jelev universitetdə fəaliyyət göstərən Bolqar mədəniyyət mərkəzi üçün müvafiq ədəbiyyat göndərməyə söz verdi. O, «müasir dünyanın mənəvi aləmindəki meyllərin başa düşülməsində» Azərbaycan prezidentinin rolunu vurğuladı.

Jelyu Jelev Opera və Balet Teatrında «Jizel» baletinin tamaşasından aldığı təəssüratdan danışdı və artistlərin yüksək ifaçılıq ustalığını qeyd etdi. Qonaq dedi ki, Bakıda heç bir radikal dini əhval-ruhiyyənin olmaması, əhalinin tolerantlığı ona böyük təsir bağışlamışdır. Bu çox zəngin təbii ehtiyatlarla birlikdə ölkənin gələcəyinin rəhnidir.

Prezident Heydər Əliyev vurğuladı ki, çox vaxt Qərbdə Azərbaycan haqqında yalnız bir amilə – onun müsəlman ölkəsi olmasına əsasən mülahizə yürüdürlər.

Prezident Heydər Əliyev dedi: «Lakin siz teatrda olarkən hər şeyin heç də belə olmadığını yəqin edə bildiniz. Bu teatr Azərbaycanda XX əsrin əvvəllərindən, 1908-ci ildən fəaliyyət göstərir. Özü də onu azərbaycanlılar yaratmışlar və ilk operanı Azərbaycan bəstəkarları tamaşaya qoymuşlar, balet isə Azərbaycanda XX əsrin 20-ci illərindən mövcuddur. Azərbaycanda baletin yaxşı ənənələri var, bir çox ifaçıların adları məşhurdur. Keçmişdəki qarmaqarışıqlıqlara baxmayaraq, bütün Bakı teatrları fəaliyyət göstərirdi. Son vaxtlar, iqtisadi sabitlik yarandıqdan sonra isə teatrlar əlavə dəstək almışlar. Üç il əvvəl prezidentin sərəncamı ilə teatr və balet işcilərinin əmək haqqı qat-qat qaldırılmışdır». Dövlətimizin başçısı bildirdi ki, o, tamaşalara gedir və balet artistləri ilə tanışdır. Söhbətlər zamanı hiss olunurdu ki, peşələrinin çox zəhmətli olmasına baxmayaraq, onlar maddi cəhətdən çətinlik çəkirlər. Onların əmək haqqının artırılması haqqında qərar da məhz onda qəbul edildi. Digər musiqi kollektivlərinin – xor kapellasının, Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin əmək haqqı da artırılmışdır. Dövlət başçısının qərarı ilə orkestr üçün Yaponiyanın «Yamaha» şirkətinin istehsalı olan çalğı alətləri də alınmışdır. Zəmanəmizin görkəmli musiqiçisi, həmyerlimiz Mstislav Rostropoviç neçə illərdir ki, bu orkestrlə konsertlər verir, Bakı Musiqi Akademiyasında ustad dərsləri keçir.

Prezident Heydər Əliyev hazırda yaxşı müəllim və tələbə potensialı olan Bakı Slavyan Universitetinin yaradılması tarixindən danışdı, bu universitetdə mühazirələr oxuduğuna görə Jelyu Jelevə təşəkkürünü bildirdi.

Cənab Jelyu Jelev Bakı-Ceyhan neft kəmərindən söhbət açaraq, onun bütün region üçün, o cümlədən Balkan ölkələri üçün böyük əhəmiyyəti olduğunu, həmin ölkələrin Xəzər hövzəsindən qaz almaq istədiklərini vurğuladı.

O, beynəlxalq təşkilat – Balkan siyasi klubu tərəfindən nəşr olunmuş kitabı Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi ki, Balkan ölkələrinin görkəmli siyasi xadimləri bu klubun üzvləridir. Klubun əsas vəzifəsi bu ölkələrdə müasir infrastruktur, telekommunikasiyalar yaradılmasına, enerji layihələrinin həyata keçirilməsinə kömək göstərməkdən ibarətdir. 

AzərTAc