Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilson ilə görüşdə söhbəti - Prezident sarayı, 6 dekabr 2001-ci il


Heydər  Əliyev: Xoş gördük sizi. Necəsiniz? İşləriniz necə gedir?

Ross Uilson: Cənab Prezident, çox sağ olun. Mən yaxşıyam və sağ olun ki, Moskvadan qayıtdıqdan sonra məni belə tezliklə qəbul edirsiniz.

Cənab Prezident, biz bilirik ki, Sizin Moskvada görüşləriniz olmuşdur. Eyni zamanda bilirik ki, terrorizmlə əlaqədar Moskvada çox mühüm bəyanat qəbul edilmişdir. ATƏT-in nazirlər səviyyəsində keçirilən görüşundən sonra da çox mühüm bəyanat qəbul olunmuşdur.

Cənab Prezident, Sizə məlum olduğu kimi, adı çəkilən mövzular hazırda Amerika Birləşmiş Ştatlarının siyasətçilərini məşğul edən əsas mövzulardandır. Ona görə də Sizə və Azərbaycan hökümətinə minnətdarlığımızı bildiririk ki, bizə bu sahədə yardımınızı əsirgəməmisiniz. Bizim, eləcə də beynəlxalq koalisiyanın Əfqanıstanda nail olduğu tərəqqidən çox məmnunuq. Aydındır ki, Usama bin Laden və digər terrorcular - hamısı öz cəzalarına çatmalıdırlar. Çox yaxşı haldır ki, bütün dünya bunu bilir. Əfqanıstanda artıq elə bir vəziyyət yaranmışdır ki, onlarla, minlərlə adam öz yaşayış. yerlərinə qayıtmaq üzrədir. Xüsusilə də Əfqanıstandan İrana məcburən keçmiş qaçqınlar öz yerlərinə qayıdırlar. Əfqanıstanın öz daxilində bir yerdən digər yerə məcburən köçmüş insanlar da yaşayış yerlərinə qayıdırlar. Biz isə çalışırıq ki, onları yeməklə təmin edək, onlara münasib şərait yaradaq. Bu işdə Azərbaycanın bizə köməyi çox böyük olmuşdur.

Cənab Prezident, böyük bir addım da atılmışdır. Elə bilirəm, Siz bundan artıq xəbərdarsınız ki, Bonnda əsas əfqan fraksiyaları razılığa gəlmişlər və onlar yeni Əfqanıstan hökümətinin qurulması üzərində işləyirlər. Bir neçə xüsusi məsələ də vardır və bu barədə Sizinlə müzakirələr aparmaq istəyirəm. Həmin məsələlər Əfqanıstanda terroristlərə qarşı bizim mübarizəmiz və birgə əməkdaşlığımız haqqındadır. Amerika Birləşmiş Ştatlarının Azərbaycana yardımı ilə bağlı bir neçə məsələni də Sizinlə müzakirə etmək istəyirəm. Əlbəttə ki, Sizin Moskvadakı görüşləriniz haqqında eşitmək də mənim üçün çox maraqlı olar. İlk növbədə, Dağlıq Qarabağ məsələsi haqqında prezident Putin və prezident Koçaryanla söhbətləriniz bizim üçün çox maraqlıdır. Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, Moskvadan qayıtdıqdan sonra məni qəbul edirsiniz.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəlcə sizi təbrik edirəm ki, Əfqanıstanda antiterror əməliyyatlarında qarşınıza qoyduğunuz vəzifəni Amerika Birləşmiş Ştatlarının, onun müttəfiqlərinin, ümumiyyətlə, bu koalisiyada olan dövlətlərin hamısının birgə səyi nəticəsində uğurla yerinə yetirmisiniz. Təbiidir ki, bu cür, ola bilər, dünyada analoqu olmamış belə bir əməliyyatı ancaq Amerika Birləşmiş Ştatları kimi dövlət keçirə bilər. Siz də bunu etdiniz və bütün dünyaya nümayiş etdirdiniz ki, bunu etmək olar. Biz də birinci gündən elan etdiyimiz kimi, koalisiyada, alyansda olan bir dövlət kimi, əlimizdən gələn yardımı etmişik.

Mən çox məmnunam ki, siz bizim bu barədə fəaliyyətimizi də qiymətləndirirsiniz. Güman edirəm ki, bundan sonra da sizin bu əməliyyatlarınız uğurlu olacaqdır və istənilən məqsəsə nail olacaqsınız. Təbiidir ki, bu, təkcə Amerika Birləşmiş Ştatları üçün deyil, bütün dünya üçün çox lazımlı və vacib bir əməliyyatdır. Çünki beynəlxalq terrorizm çox dəhşətli səviyyəyə gəlib çatmışdır və bütün dünyaya böyük təhlükədir. Nə vaxtsa, hansı bir dərəcədəsə bunun qarşısı alınmalı idi. Siz bunu başladınız. Doğru etdiniz. Amma prezident Corc Buş da bəyan edir ki, hələ iş bununla qurtarmır. Gərək beynəlxalq terrorizmin köku tamamilə kəsilsin. Biz də belə fikirdəyik. Güman edirəm ki, sizin apardığınız əməliyyatlar bundan sonra da uğurlu olacaqdır və biz də, mən birinci gündən elan etdiyim kimi, sizinlə bərabərik.

Biz Bonnda aparılan danışıqları da mətbuatdan, televiziyadan izlədik. Bunun özu də çox yaxşı bir haldır. Çünki belə bir fikir var idi ki, ola bilər, məsələn, taliblər orada məhv edilsin, yaxud onların kökü kəsilsin, ancaq Əfqanıstanda dövlət qurmaq çətin olacaqdır. Həqiqətən, bu, çətin məsələdir. Hesab edirəm ki, xülyaya qapılmaq lazım deyildir. Amma eyni zamanda, Bonnda əldə olunmuş razılıq bu sahədə də ümidlər verir. Moskvadakı görüşlərin böyük bir hissəsi mətbuatda var, bilirsiniz. Biz beynəlxalq terrorizmə qarşı böyük bəyanat qəbul etdik. Əfqanıstanla əlaqədar bəyanat qəbul etdik və Müstəqil Dövlətlər Birliyinə aid olan başqa məsələləri müzakirə etdik. Sonra bilirsiniz ki, orada mənim ikitərəfli görüşlərim də oldu. Xüsusən çox əhəmiyyətlidir ki, mən Qazaxıstan prezidenti Nazarbayev ilə Xəzərin statusunun müəyyən edilməsi haqqında saziş imzaladım. Prezident Şevardnadze ilə təkbətək görüşub bir çox məsələləri müzakirə etdik. Təbiidir ki, əsas əhəmiyyət kəsb edən dörd prezidentin - Putin, Şevardnadze, Koçaryan, Əliyev - görüşudur. Üç prezidentin - Putin, Koçaryan, Əliyev - görüşu daha da əhəmiyyətlidir. Mən bu barədə öz fikirlərimi sizə söyləyirəm.

Amma bu fürsətdən istifadə edib sizə bir şeyi demək istəyirəm. Köməkçim Dilarə Seyidzadə bu gön mənə məlumat verdi ki, qəzetlərdə yazırlar ki, -"Yeni Musavat", "Azadlıq" filan - güya nədənsə qorxurlar, nədənsə çəkinirlər, güya Yeni Azərbaycan Partiyası onlara qarşı hansısa tədbirlər keçirmək istəyir. Bu tamamilə fitnəkarlıqdır. Çünki bizdə mətbuat azadlığı var, siyasi plüralizm var və müxalifət bundan güclü şəkildə istifadə edir. Əgər başqa tərəf də bundan istifadə edirsə, narahat olmaq lazım deyildir. Mən müxalifət qəzetlərinin, demək olar ki, əsas tənqid obyektiyəm. Amma bu məni narahat etmir. Mən bunu dəfələrlə demişəm. Çünki mən bilirəm nə edirəm. Mən bilirəm siyasəti nə cür aparıram və xalq da mənim bu siyasitimi anlayır. Bu daxili-xarici siyasət də Azərbaycanın həm daxili inkişafını təmin edir, həm də dünya miqyasında mövqelərini möhkəmləndirir. Amma bu, kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir. Bu, təbii haldır. Bir halda ki, biz demokratiya şəraitində yaşayırıq, başqa cür düşünmək olmaz. Mən dəfələrlə demişəm, biz - Azərbaycan dövləti, Azərbaycan prezidenti demokratiyanın bütün prinsiplərinə həmişə sadiqiq və sadiq olacağıq. Tənqid edənlər onları tənqid edənlərə də dözməlidirlər. Yaxud böhtan deyənlər onlara böhtan deyənlərə də dözməlidirlər.

Təəssüflər olsun ki, indi bizdə çox ciddi qəzet mübarizəsi gedir. Qəzetdə bu ona hücum edir, o buna hücum edir. Bu mübarizə təkcə iqtidar-müxalifət arasında deyildir. Müxalifət partiyaları da bir-birinə hücum edirlər. Bunların da hamısı qəzetlərdə öz əksini tapır. Mən burada narahatedici bir şey hiss etmirəm. Ona görə heç kəs narahat olmasın. Azərbaycanın prezidenti kimi, mən Azərbaycanda mətbuat azadlığının, söz azadlığının təminatcısıyam və heç kəsə imkan vermərəm ki, bu prinsiplər pozulsun. Mən, hər halda, iqtidar orqanları haqqında deyirəm. Müxalifətə cavabdeh deyiləm. Bu sözləri sizə demək istədim. Mənə dedilər ki, siz mətbuat konfransı keçirmisiniz və güya Azərbaycanın iqtisadiyyatı haqqında bəzi mənfi şeylər demisiniz. Mən istərdim biləm, bu nədən ibarətdir?

Ross Uilson: Cənab Prezident, çox xoşbəxtəm ki, Sizin çıxışınızdan iəli gələn son suallara cavab vermək imkanı yarandı. Bu imkandan istifadə edərək, həmin məsələni izah edəcəyəm. Sizdən bu sözləri eşitdiyimə görə çox şadam. Siz yenidən təkrar etdiniz ki, demokratiyaya, demokratiyanın prinsiplərinə, mətbuat, söz azadlığına sadiqsiniz. Amerika Birləşmiş Ştatları Sizin bu sadiqliyinizi yüksək qiymətləndirir və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı yaxşı münasibətlər bu sadiqliyə əsaslanmışdır. Biz istəyirik ki, münasibətlərimiz gələcəkdə də bu əsaslar üzərində qurulsun. Elə bilirəm ki, dövlət başçısı kimi, Siz çox düzgün movqe tutmusunuz. Sizə və Sizə yaxın olan şəxslərə qarşı bu ittihamlarla, hucumlarla əlaqədar tutduğunuz mövqeyə görə mən də bir səfir kimi, çalışıram ki, onlara kifayət qədər fikir verməyim. Təəssüf ki, mənim haqqımda da, dediklərim haqqında yazıların heç də hamısı düzgün deyildir.

Heydər Əliyev: Sizin də haqqınızda yalan yazırlar.

Ross Uilson: Bu, praktiki olaraq dünyanın hər bir ölkəsində baş verir. Həmin məsələ ilə bağlı mən artıq Sizin işçilərinizə məlumat vermişəm. Mənim Xəzər Universitetində təxminən 10 gün bundan əvvəlki çıxışım eyniliklə, sözbəsöz göstərilibdir. Əlbəttə, qəzetlərdə çıxan məqalələrə görə, güya mən demişəm ki, Azərbaycanda səmərəli neft və qaz strategiyası yoxdur və güya Amerika Birləşmiş Ştatlarının bu sahədə çalışan şirkətləri üçün kifayət qədər biznes mühiti yaradılmayıbdır. Təbiidir ki, bu sözlərin hamısı həqiqətdən çox-çox uzaqdır. Deməliyəm ki, Azərbaycanın çox səmərəli neft və qaz strategiyası vardır və Amerika şirktləri burada çalışırlar.

Cənab Prezident, mən çıxışımda göstırmişəm ki, Azərbaycanda səmərəli neft və qaz strategiyası olmaqla yanaşı, Sizinlə və sizin hökümətinizlə birlikdə qeyri-neft sahəsində də bu cur strategiya işləyib hazırlayaq ki, bundan bütün Azərbaycan xalqı öz xeyrini görsün, bütün Azərbaycan xalqı bundan bəhrələnsin. Tam əminəm ki, bu Sizin də ali məqsədinizdir. Məlumdur ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış iqtisadi şuranın çox tezliklə görüşu olacaqdır. Bu görüşdən istifadə edərək, biz qarşımızda duran iqtisadi məsələləri necə irəlilətmək haqqında fikir mübadiləsi apara bilərik.

Cənab Prezident, gəlin belə danışaq ki, Siz qəzetlərdə mənim haqqımda oxuduğunuz məqalələrin hamısına inanmayın. Mən də Sizin haqqınızda oxuduqlarımın hamısına inanmayacağam.

Heydər Əliyev: Heç birinə inanmayın. Mən də sizin barənizdə yazılanların heç birinə inanmayacağam. Çox gözəl. Bilirsiniz, gərək hər bir xırda şeylər aydınlaşdırılsın. Mən bilirəm ki, bu məsələlərdə bizdə fikir ayrılığı yoxdur. Bunu təhrif edirlər, mən ona da fikir vermirəm. Amma mənim ətrafımda olan adamlar narahat olurlar və bunu da gəlib mən. deyirlər. Təbiidir ki, mən də bu fürsətdən istifadə edib sizdən soruşuram. Ona görə gəlin nə siz fikir verin, nə də mən. Keçək əsas məsələlərə.