Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Parlamentinin – İslam Şurası Məclisinin sədri Mehdi Kərrubi ilə görüşü - 19 may 2002-ci il


Dövlətimizin başçısını səmimiyyətlə salamlayan cənab Mehdi Kərrubi Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərini yüksək dəyərləndirdi, respublikamızın rəhbəri ilə görüşdən çox məmnun olduğunu bildirdi.

Ölkələrimizin bütün sahələrdə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün xeyli işlər görüldüyünü nəzərə çatdıran cənab Mehdi Kərrubi Azərbaycan və İran parlamentləri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın ildən-ilə inkişaf etməsindən razılıqla söhbət açdı.

İrana rəsmi səfərinin gedişindən, göstərilən qonaqpərvərlikdən məmnun qaldığını söyləyən Prezident Heydər Əliyev qədim dostluq ənənələrinə malik ölkələrimizin əməkdaşlığının bütün sahələrdə inkişafının, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə İran arasında bütün sahələrdə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi üçün böyük imkanlar olduğu və bu imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyi vurğulandı.

Prezident Heydər Əliyev və cənab Mehdi Kərrubi ölkələrimiz, xalqlarımız arasında səmimi və mehriban münasibətlərin möhkəmləndirilməsində Azərbaycan və İran parlamentlərindəki dostluq qruplarının rolunu müsbət qiymətləndirdilər, eyni zamanda, onların fəaliyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, bölgədə vəziyyət və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.