Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton ilə görüşdəki söhbətindən - Vaşinqton, Ağ ev, 24 aprel 1999-cu il


Bill Klinton: Cənab prezident, Heydər Əliyev, Sizi Vaşinqtonda, Ağ evdə yenidən salamlamaqdan böyük məmnunluq duyduğumu bildirirəm. Amerika ilə Azərbaycan arasında qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz səylərə görə Sizə minnətdarlıq edirəm. Sizinlə mənim aramızda yaranmış şəxsi dostluq münasibətlərini yüksək qiymətləndirirəm.

Cənab prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk.

Bakı-Supsa boru kəmərinin istismara verilməsi münasibəti ilə Sizi təbrik edirəm. Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Heydər Əliyev: Hörmətli cənab prezident, mən də Sizi yenidən görməyimdən çox şadam. Sizinlə görüşüm mənim yaxşı xatirimdədir. NATO-nun 50 illik yubileyinə həsr edilmiş görüşdə iştirak etdiyimə görə çox şadam. Onu da qeyd edim ki, NATO-nun Vaşinqton sammitində irəli sürülmüş yeni konsepsiyanı dəstəkləyir və alqışlayıram. Bakı-Supsa neft boru kəmərinin istismara verilməsi münasibətilə səmimi təbrikinizə görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, 907-ci düzəlişin ləğv olunması barədə, habelə Amerika-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı göndərdiyiniz məktubları yüksək qiymətləndirir və bunlara görə bir daha Sizə təşəkkür edirəm. Ümidvaram ki, birgə səylərimiz nəticəsində Azərbaycan-Amerika əməkdaşlığının parlaq gələcəyini təmin edəcəyik.

Xəzər dənizi regionunda ABŞ-ın iqtisadi maraqlarının təmin olunmasında Azərbaycanın aparıcı rol oynadığını vurğulayaraq qeyd etmək istəyirəm ki, bizim nailiyyətlərimiz həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Hörmətli prezident, Sizə məlumdur ki, Ermənistan ilə Azərbaycan arasında gedən müharibəni 1994-cü ilin may ayında dayandıra bilmişik. Beş ildən artıqdır ki, cəbhədə atəşkəsə nail olunmuşdur. Biz münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Respublikamızın göstərdiyi bütün səylərə, BMT-nin müvafiq qərarlarına, ATƏT-in Minsk qrupunun bu istiqamətdə göstərdiyi işlərə baxmayaraq, hələ də sülh əldə edilməmişdir. Ümid edirəm ki, Azərbaycan xalqının həyatına böyük müsibətlər gətirmiş bu münaqişənin sülh yolu ilə nizamlanmasında ABŞ daha çox fəallıq göstərəcəkdir.

Bill Klinton: Cənab prezident, bəyan edirəm ki, mən prezidentlik vəzifəsini başa çatdıranadək mütləq səylər göstərib bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olacağam.

Sizinlə olan şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizi həm Amerikanın, həm də şəxsən mənim dostum hesab edirəm. Hesab edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf etməsi naminə gələcəkdə də fəal əməkdaşlıq etməliyik.