Xocalı-Gədəbəy mədəniyyəti


Azərbaycanda Kiçik Qafqazın dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə (e.ə.13-7 əsrlər) aid mədəniyyət. Xocalı şəhəri yaxınlığında  və Gədəbəy royonunda ilk dəfə tədqiq olunmuş abidələrin adı ilə adlandırılmışdır.   Xocalı-Gədəbəy mədəniyyəti abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlər, ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponimiyasında öz əksini tapmışdır.