Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qırğızıstan prezidenti Əsgər Akayevə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitqi - 23 aprel 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli müəllimlər, tələbələr!

Əziz dostlar!

Bu gün mən Bakı Dövlət Universitetinin binasında yenidən olmağımdan, universitetin müəllim və tələbələrinin nümayəndələri ilə görüşməyimdən çox məmnunam. Mən sizi ürəkdən salamlayıram. Sizə - Bakı Dövlət Universitetinin müəllim, tələbə heyətinə, professorlara, alimlərə və universitetdə çalışan insanların hamısına cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Bizim dövlət işlərimiz və xüsusən böyük ölkələrlə əlaqələrimiz o qədər sürətlə inkişaf edir ki, mən bu münasibətlə son vaxtlar tez-tez universitetə gəlirəm və sizinlə görüşmək imkanı əldə edirəm. Bilirsiniz ki, mən Bakı Dövlət Universitetini çox sevirəm, işinizi yüksək qiymətləndirirəm və sizinlə daha da tez-tez görüşmək arzusundayam. Ancaq onu da bilirsiniz, - bizim başqa işlərimiz o qədər çoxdur ki, belə imkan əldə etmək mümkün olmur. Bu fürsət indi mənim üçün çox əhəmiyyətlidir, dəyərlidir.

Bakı Dövlət Universiteti öz ənənələrinə sadiqdir. Respublikamızda gedən gərgin ictimai-siyasi proseslərə, o cümlədən ali təhsil sahəsində cürbəcür yeniliklərin olmasına baxmayaraq Bakı Dövlət Universiteti öz ənənələrini qoruyur, saxlayır və ümidvaram ki, saxlayacaqdır. Nə qədər yeni ali təhsil ocaqlan, özəl universitetlər yaransa da Bakı Dövlət Universiteti Azərbaycan xalqının, millətinin ən yüksək səviyyədə duran ali təhsul ocağıdır.

Əziz Əsgər Akayeviç!

Mən olduqca şadam ki, bizə təşrif gətirmisiniz. Bu gün Sizinlə çox səmərəli işlədik və işləyirik. Mən bu görüşə Bakı Dövlət Universitetinin professor müəllim heyəti və tələbələri ilə görüşünüzə şadam. Mən şadam ki, müsəlman şərqində ilk universitet olan bu universitet XI-XIII əsrlərdə fəaliyyət göstərmiş universitetlərin, əlbəttə davamıdır. Siz bu barədə danışdınız. Mən Sizin fikirlərinizə tamam şərikəm, həmin mədrəsələr əsl universitetlər idi, sadəcə olaraq o vaxtlar Şərqdə universitet adı yox idi, buna görə də çoxları belə hesab edir ki, universitet sonralar meydana gəlmişdir. Lakin bildiyiniz kimi, hər dövr, hər zəmanə öz adlarını müəyyənləşdirir, odur ki, həmin mədrəsələr doğrudan da əsl universitetlər idi. Əks halda nə Nəsirəddin Tusi olardı, nə də bir çox digər görkəmli alimlər. Dostum Əsgər Akayev burada onların haqqında çox gözəl danışdı. Lakin buna baxmayaraq, Bakı Dövlət Universiteti XX əsrdə Şərqdə, müsəlman dünyasında ilk universitetdir. Bu universitetin nəinki Azərbaycanda ali təhsilin, elm və mədəniyyətin inkişaf etdirilməsində çox böyük xidmətləri var, həm də o, Orta Asiyanın qardaş xalqları qarşısında da, demək olar, bu cür xidmətlərə malikdir. Məlum olduğu kimi, Orta Asiyanın bir çox alimləri vaxtı ilə burada, Bakıda, məhz bu universitetdə təhsil almışlar. Bakı Dövlət Universiteti ilə Orta Asiya universitetləri arasında, o cümlədən Qırğızıstan Dövlət Universiteti arasında uzun illərdən və onilliklərdən bəri mövcud olan əlaqələr - elmi əlaqələr, tədris əlaqələri bunun təsdiqidir.

Bəli, mən çox şadam ki, bu gün Siz öz həmkarlarınız arasındasınız, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti ilə, tələbə nümayəndələri ilə görüşürsünüz. Əvvəla, ona görə ki, bu görüş Sizin üçün respublikamızın nümayəndələri ilə görüşdür. İkincisi, mən görürəm ki, Siz alimsiniz, bir çox illər ali məktəblərdə dərs demisiniz. Mən görürəm ki, Siz özünüzü bu auditoriyada balıq özünü suda hiss etdiyi kimi hiss edirsiniz. Mən Sizin dövlət fəaliyyətinizə, siyasi, ictimai, elmi fəaliyyətinizə yüksək qiymət verilməsi münasibətilə təbrik edirəm. Bu yüksək qiymət Sizə Bakı Dövlət Universitetinin Fəxri doktoru adı verilməsində ifadəsini tapmışdır. Siz buna bütün öz əmək fəaliyyətinizə və xüsusən, əlbəttə, qardaş qırğız xalqının rifahı naminə öz müdrik siyasi, dövlət fəaliyyətinizə görə layiqsiniz.

Əziz dost, mən Qırğızıstanın başçısı kimi, qardaş xalqın rəhbəri kimi Sizə cansağlığı, firavanlıq, xoşbəxtlik və yeni böyük uğurlar arzulayıram. Eyni zamanda Sizi söylədiyiniz gözəl nitqiniz, məzmunlu, ağıllı, dərin mənalı nitqiniz münasibəti ilə alqışlayıram. Mən Sizə Azərbaycan xalqının tarixinə, dünya sivilizasiyasına Azərbaycan xalqının töhfəsinə və müasir Dünya Birliyində Azərbaycanın roluna yüksək qiymət verdiyinizə görə təşəkkür edirəm. Mən şadam ki, Siz Nizamini, Füzulini əla bilirsiniz. Mən şadam ki, Siz Nəsirəddin Tusini əla tanıyırsınız. Mən öz xalqım üçün şadam, həm də ona görə şadam ki, bürün bu dühalar bizim hamımıza məxsusdur. Onlar bütün xalqlarımıza, bütün türkdilli xalqlara, o cümlədən də qırğız xalqına məxsusdur. Burada qırğız dövlətinin banisi dahi Manasın min illiyi münasibətilə şənliklərdə mənim iştirakımdan danışıldı. Siz də danışdınız. Bəli, bu, çox böyük tarixi hadisə idi. Zənnimcə, qırğız xalqının bütün tarixi ərzində heç vaxt Manası min illiyi münasibətilə keçirilən bayram kimi belə möhtəşəm, məzmunlu bayram, başlıcası isə, qırğız xalqının milli ləyaqət hisslərini belə yüksəklərə qaldıran bayram olmayıb. Həqiqətən mən Sizə gələndə respublikamızda çoxlu problem və olduqca mürəkkəb işlər var idi. Lakin bununla yanaşı, mən bunu özüm üçün böyük bir qəhrəmanlıq hiss etmirəm. Əksinə, mən bunu öz borcum, öz vəzifəm bilmişdim və bilirəm, çünki biz eyni köklərə mənsubuq və öz əcdadlarımıza, öz köklərimizə hörmət bəsləmək xalqlarımızın ən yüksək nailiyyətidir. Biz milli azadlıq əldə etdikdə, dövlət müstəqilliyi əldə etdikdə, öz millətimizdən, öz xalqımızdan, öz tariximizdən, öz keçmişimizdən açıq, ləyaqət hissi ilə danışmaq və bununla fəxr etmək imkanına nail olduqda biz, şübhəsiz bir olmalıyıq, birlikdə olmalıyıq.Mən bunu Qırğızıstanda 1995-ci ilin avqustunda da demişdim və bu gün də deyirəm. Manas qırğız xalqının böyük oğludur və eyni zamanda o, bizim hamımıza məxsusdur. Manas eyni dərəcədə bütün türkdilli xalqlara məxsusdur, elə eyni dərəcədə Azərbaycan xalqına məxsusdur. Bax, belə görüşlər xalqlarımızın tarixi keçmişini səciyyələndirən və bugünkü əməkdaşlığımız üçün, dostluğumuz üçün, qardaşlığımız üçün bünövrə olan qiymətli, əziz nə varsa, hamısını yaddaşlarda canlandırmağa imkan verir.

Qırğızıstan prezidenti, əziz dostum Əsgər Akayev bu dostluğun möhkəmlənməsinə, bu qardaşlığın möhkəmlənməsinə böyük töhfə vermişdir və verir. Mən şadam ki, Bakı Dövlət Universitetinin hörmətli professorları, müəllimləri, tələbələri, siz möhtərəm qonağımız Əsgər Akayevi qəlbən hiss edirsiniz. Mən şadam, çünki siz, belə yüksək hörməti, belə yüksək etimadı həm də öz çox böyük, zəngin elmi fəaliyyətinizlə, ən başlıcası isə, öz dövlət fəaliyyətinizlə, siyasi fəaliyyətinizlə qazanmışsınız və qazanırsınız. Axı məlumdur ki, 80-ci illərin axırları - 90-cı illərin əvvəlləri xalqlarımız üçün çox ağır dövr olmuşdur. Doğrudur, keçmiş Sovet İttifaqı respublikalarında vəziyyət müxtəlif idi, lakin hamıda böyük problemlər meydana çıxdı, hamı böyük çətinliklərlə və mürəkkəb hadisələrlə qarşılaşdı. Bu, Qırğızıstanda olduğuna nisbətən Azərbaycanda daha ağır və faciəli surətdə baş vermişdir, lakin Qırğızıstanın da öz problemləri, öz çətinlikləri yaranmışdır. Sovet İttifaqı süquta uğradı, öz xalqın üçün, öz millətin üçün, öz ölkən üçün yolu, istiqaməti müəyyənləşdirmək lazım idi. Məhz belə bir tarixi dövrdə qırğız xalqı Əsgər Akayevi özünə rəhbər, özünə bələdçi, ilk prezident seçərək, bu mürəkkəb, çətin işi belə bir tarixi mərhələdə ona etibar etdi. Bu da təsadüfı deyildir, çünki Əsgər Akayev ondan əvvəlki dövrdə alim, siyasi xadim və dövlət xadimi kimi öz görkəmli keyfıyyətləri ilə özünü öz xalqı arasında da, başqa respublikalarda da, keçmiş Sovet İttifaqında da göstərmişdi. Budur, artıq neçə illər ötüb keçmişdir və həmin dövr inandırıcı surətdə sübut edir ki, qırğız xalqı düzgün hərəkət etmişdir, yanılmamışdır, onların həmin çətin dövrdə, prezidentin ümumiyyətlə, nə demək olduğunu və bütün bu struktrun o çətin dövrdə ümumiyyətlə, necə fəaliyyət göstərəcəyini aydınlaşdırmaq hələ çətin olduğu bir vaxtda Əsgər Akayevi prezident seçməklə düzgün hərəkət etmişdir. Əsgər Akayev, bundan əvvəl olduğu kimi, Qırğızıstan Respublikasının, Qırğızıstanın prezidenti vəzifəsində də öz istedadını,öz görkəmli keyfiyyətlərini göstərdi və öz xalqını bu keçid dövründə azadlıq yolu ilə, dövlət müstəqilliyi yolu ilə irəli aparmışdır və aparır. Bu müddətdə də o, öz vətənində, Qırğızıstanda çox böyük nüfuz qazanmışdır. Axı məlumdur ki, o, ikinci dəfə ümumxalq səsvermə yolu ilə, açıq, demokratik yolla prezident seçilmişdir, zənnimcə, bu, ötən il olmuşdur. Bilirəm ki, onun rəqibləri də vardı, onlar bir deyildi, çox idilər. Lakin Qırğızıstanda prezident seçkiləri zamanı məhz demokratik prinsiplər əsas olmuş və bu prinsiplər ona gətirib çıxarmışdır ki, Əsgər Akayev bütün xalq tərəfindən ikinci dəfə prezident seçilmişdir. Bütün bunlar məhz ona görə olmuşdur ki, Əsgər Akayev öz xalqına, öz respublikasına rəhbərlik etmək bacarığını özünün bütün dövlət, siyasi fəaliyyəti ilə sübut etmişdir. O sübuta yetirmişdir ki, öz xalqını dövlət müstəqilliyinin və tərəqqinin hamar yoluna çıxarmağa qadirdir.

Heç bir şübhə yoxdur və şəxsən mən Qırğızıstanda indiki vəziyyəti bildiyimə görə əminəm ki, Qırğızıstan doğru yolla gedir, demokratiya yolu ilə, islahatlar yolu ilə, azadlıq yolu ilə, yeniləşmə yolu ilə gedir və qırğız xalqının çox böyük potensial imkanları, intellektual potensialı, Qırğızıstanın olduqca böyük iqtisadi potensialı sözsüz ki, bütün bu müasir tədbirlər nəticəsində öz bəhrələrini verəcək və Qırğızıstan suveren, müstəqil bir dövlət kimi Mərkəzi Asiyada və bütün dünyada öz layiqli yerini tutacaqdır.

Bu gün burada Əsgər Akayev birlikdə gördüyümüz böyük işdən danışdı, öz tərəfimdən mən də Qırğızıstan prezidenti Əsgər Akayevin Azərbaycana səfərini tarixi əhəmiyyətə malik əlamətdar bir hadisə kimi, Qırğızıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etməsi və möhkəmlənməsində son dərəcə mühüm mərhələ açan bir hadisə kimi qiymətləndirirəm. Mən də əminəm ki, bu gün görülmüş olan və görülən işlərin hamısı Azərbaycana da, Qırğızıstana da çox böyük fayda gətirəcəkdir.

Mən əminəm ki, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamaqla, bütün digər sənədləri, - cəmi 13 sənəd olmuşdur, - imzalamaqla, qoyduğumuz bünövrə ilə əməkdaşlıq üçün geniş yol açdıq. Mən də əminəm ki, biz bu geniş yolla uğurla irəliləyəcəyik. Əziz dostum, sizi bu əlamətdar hadisə ilə əlaqədar bir daha təbrik edir, sizə cansağlığı və xoşbəxtlik, çox böyük dövlət fəaliyyətinizdə uğurlar arzulayıram və əminəm ki, bu gün yadınızda Azərbaycan ziyalıları ilə, Azərbaycan elmi və Azərbaycan ali məktəbi ilə gözəl bir görüş günü kimi qalacaqdır. Hesab edirəm ki, bu görüşün iştirakçıları da bu günü Qırğızıstanın və Azərbaycanın, qırğız xalqının və Azərbaycan xalqının dostluğunu və qardaşlığını təcəssüm etdirən gözəl bir gün kimi xatırlayacaqlar. Qırğızıstan prezidenti Əsgər Akayevin Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi aktı da dostluq münasibətlərimizin daha da möhkəmlənməsinin və inkişaf etməsinin mühüm amilidir.

Sizə xoşbəxtlik, firavanlıq arzulayıram.

Sizi təbrik edirəm.