Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin beynəlxalq təşkilatların nümayəndələrini qəbul edərkən söhbətindən - 6 yanvar 2001-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlayıram. Azərbaycanda, bəlkə də, müxtəlif ölkələrin parlamentlərinin üzvləri, yaxud da səfirləri bu qədər birlikdə olmamışdılar. Mən görürəm ki, Avropada bizim ölkəmizə, xalqımıza diqqət get-gedə artır. Güman edirəm ki, qayğı da artır. Ona görə mən sizinlə görüşümdən çox məmnunam.

Aydındır, siz nə məqsədlə gəlmisiniz. Biz bu barədə sizinlə əvvəllər də görüşmüşdük. Keçən dəfə görüşəndə belə fikrə gəlmişdik ki, bir də görüşəcəyik. İndi vaxt gəlib çatıbdır. Siz Azərbaycandasınız. Biz də sizin gəlişinizlə əlaqədar və ümumiyyətlə, parlamentə təkrar seçkilərin keçirilməsi ilə əlaqədar çox işlər görmüşük. Güman edirəm ki, sabah bu işlərin nəticəsini müşahidə edə biləcəksiniz. Buyurun, sizi dinləyirəm.

Paula Kokkonen: Cənab prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Mən təəssüf edirəm ki, keçən dəfə, dekabr ayında burada olarkən sonuncu görüşə qatıla bilməmişdim. Amma yenidən Azərbaycana gəlməyimdən çox məmnunam. Burada həmkarlarımızla birlikdə olmağımızdan, görüşməyimizdən çox şadıq. Biz söhbət edəndə bir-birimizə söylədik ki, Azərbaycan sanki "Nokia" mobil telefonuna bənzəyir. Adamları burada bir-biri ilə calaşdırır, birləşdirir.

Cənab prezident, biz doğrudan da onu müşahidə etmişik ki, təkrar seçkilərin keçirilməsi irəliyə doğru bir addımdır, inkişafdır. Biz Azərbaycanın bu addımlarını dəstəkləmək və qərb təsisatlarına inteqrasiyasını gücləndirmək məqsədi ilə Sizin ölkənizə gəlmişik. Demokratiya quruculuğu əməkdaşlıq deməkdir, həm dövlətlər arasında, həm də dövlətin özünün daxilində baş verən əməkdaşlıqdır.

Cənab prezident, məlumatımız var - Siz hakimiyyət orqanlarına lazımi göstərişlər vermisiniz ki, seçkilərdə saxtakarlıq olmasın, hər şey açıq-aydın, şəffaf şəraitdə keçsin. Bilirik ki, belə bir göstərişi cənab Pənahov da müvafiq oqranlarına veribdir. Biz yenə də narahatıq, ehtiyat edirik ki, bəlkə yenə də müəyyən çatışmazlıqlar ola bilər.

Andreas Qross (Avropa Şurası Parlament Assambleyasının Seçkiləri Müşahidə üzrə Xüsusi Komitənin sədri): Cənab prezident, bizim üçün vaxt ayırdığınıza görə mən də Sizə minnətdarlığımı bildirmək istəyirəm. Heç olmasa, seçki dairələrinin bir qismində təkrar seçkilərin keçirilməsi barədə qərarın qəbul olunmasını biz xoş məramla atılmış və tərəqqiyə doğru addım kimi qiymətləndirmişik. Belə bir addımın atılmasında bizim də iştirakımız ona yönəlmişdi ki, cəmiyyətdə olan qüvvələr arasında qarşılıqlı inamın möhkəmləndirilməsinə doğru addımlar ataq, yardım edək. Amma bu qısa müddətdəki müşahidələrimiz belə qənaətə gəlməyə bizi sövq edir ki, cəmiyyətdə gözlədiyimiz inamın yaranmasına tam nail olmaq mümkün olmayıbdır. Cənab prezident, ona görə də mən Sizə belə bir sualla müraciət etmək istəyirəm. Siz bunu necə izah edərdiniz ki, seçkiyə bir gün qalsa da, cəmiyyətdə qüvvələr arasında qarşılıqlı inamın yaradılmasına çox da nail olmaq mümkün olmamışdır.

Heydər Əliyev: Mən bunu anlamıram. Fikrinizi bir az dəqiqləşdirin.

Andreas Qross: Belə mühüm tədbirlə qarşılaşan ölkələrdə, adətən, seçkinin keçirilməsinin təzahürləri olan ictimai debatların aparılmasının, təbliğat işinin təşkil edilməsinin əlamətləri görünür. Belə günləri yaşayan ölkələrdə, adətən, insanlar bazar günü seçkiyə gedib səs vermək əhval-ruhiyyəsinə köklənmiş olurlar. Demokratiya üçün ən təhlükəli hal nə müxalifətdir, nə də başqa fikirdə olmaqdır. Demokratiya üçün ən təhlükəli hal etinasızlıqdır.

Bizim nümayəndələrimizin bir qismi artıq iki həftədir, bir qismi isə bir həftədir Azərbaycandadırlar. Biz burada ictimaiyyət arasında seçkilərlə əlaqədar qızğın fəallığın olduğunu görmürük. Düzdür, bəzi partiyalar bu seçkilərdə iştirak edir, digərləri isə iştirak etmirlər. Baxmayaraq ki, onların iştirak etməsi üçün biz də müəyyən cəhdlər göstərdik, bu prosesə töhfə verməyə çalışdıq. Bəzi partiyalarda isə bütün bu prosesin özünə inam qalmayıbdır, azdır. Sualım ondan ibarətdir ki, Sizcə, ölkədə baş verən bu proseslərə ictimaiyyətdə və siyasi partiyalarda inam, etibar nə üçün daha çox olmadı?

Heydər Əliyev: İndi başa düşdüm. Birincisi, mən bilmirəm siz nəyi nəzərdə tutursunuz? Burada ayın 7-də bütün respublika üzrə seçki keçirilmir, sadəcə, ayrı-ayrı dairələrdə, 11 dairədə seçki keçirilir. Siz bilirsiniz, seçkinin qanunu onu tələb edir ki, ümumi seçkilərdə iştirak edən partiyalar, yaxud da fərdi namizədlər öz təbliğat işlərini qururlar və aparırlar. Bunun üçün onlar kütləvi informasiya vasitələrindən istifadə edirlər. Bir də dairələrin çərçivəsində öz işlərini aparırlar. Mən hesab edirəm ki, bu işlər gedir. Amma ümumi respublika miqyasında bunu müşahidə etmək bir az çətindir.

Çünki bu, birincisi, majoritar prinsip əsasında dairələrdə keçirilən seçkilərdir. Mənə verilən məlumata görə, hər bir dairədə həm lazımi təşkilati iş aparılıbdır, həm də namizədlər öz seçiciləri ilə görüşlər keçiriblər və seçilmək üçün lazımi tədbirlər görüblər. 11 dairədə orta hesabla bir yerə 8 namizəd vardır. Demək, bunun özü insanların fəallığını göstərir. Burada etinasızlıq haqqında, danışmağa əsas yoxdur. Mən bəzən baxıram, namizədlər bizim televiziya vasitəsilə də çıxış edirlər. Onlar dövlət televiziyasından pulsuz istifadə edirlər. Özəl televiziyalarda isə yəqin ki, müəyyən pul verir və çıxış edirlər. Mən görürəm, özəl televiziyanın nümayəndələri burada oturublar, onlar da bilirlər ki, çıxışlar olur. Bir də deyirəm, bu, ümumxalq seçkiləri deyil, bu, ayrı-ayrı dairələrdə ayrı-ayrı namizədlərin seçilməsi üçün aparılan işdir. Bu işi isə birinci növbədə, seçilmək üçün namizədliyini vermiş insanlar özləri aparırlar. Seçki dairələri isə onlara şərait yaradır. Dövlət, icra orqanları bu işlərə qarışa bilməz və bir daha göstəriş vermişik ki, qarışmasınlar.

Mən ikinci tərəfi başa düşürəm, siz nə demək istəyirsiniz. Bu da ondan ibarətdir ki, partiyaların bəziləri bu seçkidə iştirak etməkdən imtina ediblər. Məsələn, onlardan Müsavat Partiyası əvvəldən seçkilərdə iştirak etməkdən imtina edibdir. Milli İstiqlal Partiyası, - mən görürəm, bizim qəzetlərdə yazırlar, özəl televiziyada hər gün verilişlər verilir, - bir gün deyirlər ki, biz seçkiyə gedirik, o biri gün deyirlər, getmirik.

Mən bildiyimə görə, hər halda mətbuatdan aldığım məlumata görə, onlar nəhayət, partiyanın üzvlərinə səlahiyyət veriblər ki, kim istəyir seçilsin. Milli İstiqlal Partiyasının bizə məlum olan bir çox fəalları gəlib dairələrdə ərizə veriblər, imza yığıblar, qeydiyyatdan keçiblər və seçilmək üçün çox işlər aparıblar. Ancaq ayın 4-də onlardan bəziləri dairələrə müraciət ediblər ki, seçkidən imtina edirlər. Ancaq hamısı yox. Milli İstiqlal Partiyasının 6 nəfər nümayəndəsi seçkilərdə iştirak edir. Xalq Cəbhəsi Partiyasından 4 nəfər, Yurddaş Partiyasından 1 nəfər iştirak edir. Bir nəfər Sosial_Demokrat Partiyasından iştirak edir. Mən müxalifət partiyalarını deyirəm. Amma partiyalar var ki, onlar orta mövqedədirlər, nə müxalifətdədirlər, nə də iqtidarda. Onların da nümayəndələri iştirak edirlər. Biz hansısa partiyanı məcbur edə bilmərik ki, daha çox namizəd verin.

Məsələn, Milli İstiqlal Partiyasının çox tanınmış, hörmətli rəhbərlərindən biri Şadman Hüseynov 7-ci dairədə ərizə verib, imza toplayıb, qeydə alınmışdı. Hətta plakatlarını gətirmişdi ki, istifadə etsin. Ayın 4-də gəlib deyib ki, bizim partiya qərar çıxarıbdır, mən namizədliyimi geri götürürəm. Soruşurlar ki, nə üçün? Deyir ki, partiya belə qərar çıxarıbdır. Mən bunu ayın 4-də axşam eşidəndə çox təəssüf etdim. Çünki o şəxs dörd il Avropa Şurasında bizim namizədliyimiz dövrümüzdən indiyə qədər, Azərbaycan nümayəndə heyətinin üzvü olubdur və özü də orada çox fəal işləyibdir. Amma indi biz ona nə təsir edə bilərik, nə də onu məcbur edə bilərik.

Ümumiyyətlə, bir çox namizədlər bitərəfdirlər, heç bir partiyaya daxil deyillər. Ancaq siz bilirsiniz ki, Azərbaycanda partiyalar əhalinin bütün hissəsini təmsil etmirlər. Əhalinin əksəriyyəti bitərəfdir. Heç bir partiyaya daxil deyil və heç bir partiya ilə də əlaqəsi yoxdur. Deputatlığa namizədlərdən 49-u bitərəfdir. Yəni, biz bu məsələləri tənzimləyə bilmərik. Ona görə mən hesab etmirəm ki, əhalidə etinasızlıq vardır.

Bir şeyi də nəzərə almaq lazımdır ki, əsas seçki keçirilən zaman bir neçə ay ölkə üzrə ümumi təbliğat aparılır. Partiyalar öz təbliğatını aparır, müstəqil deputatlar öz təbliğatını aparır. Bu, əhalinin demək olar ki, əksər hissəsini əhatə edir. Amma indi tutaq ki, Yasamal rayonundakı 7 nömrəli dairədə beş-altı namizəd vardır. Orada, yaxud Xətai rayonunda, Sabunçu rayonunda - mən Bakını götürürəm - seçkinin keçirilməsinə heç kəsin marağı yoxdur. Bizdə 100 majoritar dairə var. Biri var ki, noyabrın 5-dəki kimi onların hamısında seçki keçirilsin, biri də var ki, 11 dairədə keçirilsin. Təbiidir, sonuncusu ümumrespublika probleminə çevrilə bilməz. Ona görə, ola bilər, hansısa rayonda hansı dairədə seçki keçiriləcəyindən heç xəbərləri də yoxdur. Ancaq mənə verilən məlumatdan bilirəm ki, namizədlər çox fəal iş aparırlar. Bəziləri də, dediyim kimi, əvvəl namizədliyini veriblər, qeydiyyatdan keçiblər, sonra namizədliyini geri götürüblər. Bu halda da heç bir şey etmək mümkün deyildir.

Paula Kokkonen: Cənab prezident, icazə verin, öncə sözü səfirlərə verim, sonra Avropa Şurasında Azərbaycan üzrə məruzəçiyə söz verərəm.

Pyetro Erkole AQO (Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupunun rəhbəri, Avropa Şurasında İtaliyanın səfiri): Cənab prezident, mən də Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupu adından, səfirlərin təmsilçisi kimi Sizə müraciət edim. Olduqca məmnunam ki, biz Avropa Şurasının Nazirlər Komitəsinin nümayəndə heyətinin, ATƏT və Avropa Şurasının Parlament Assambleyalarının nümayəndə heyətlərinin birgə əməkdaşlıq edərək, bu seçkiləri müşahidə etməsini görürük.

Ötən ilin iyun ayında, - o vaxt İtaliya Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsini daşıyırdı, - ölkəmizin naziri ilə Sizin regionu ziyarət etdik. Məqsədimiz regiondakı vəziyyətlə əlaqədar, məxsusi olaraq Azərbaycanın və Ermənistanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı AŞPA-ya məruzə hazırlamaq idi.

Cənab prezident, bildiyiniz kimi, İtaliya Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi vaxt Azərbaycanın və Ermənistanın tezliklə Avropa Şurasına qəbul olunmaları üçün əlindən gələn səyləri göstərdi. Lakin Azərbaycanda noyabrın 5-də keçirilmiş seçkilərin yekunu qənaətbəxş olmadığına görə, Avropa Şurasında aparılan müzakirələrdə belə nəticəyə gəlindi ki, həmin ölkələrin Avropa Şurasına qəbul edilməsi iki mərhələdə həyata keçirilsin. Nazirlər Komitəsinin sonuncu iclasında qərar verildi ki, Avropa Şurasına qəbul olunmaq üçün hər iki ölkəyə dəvət göndərilsin və bu dəvət yanvar ayında imzalanma mərasimi ilə rəsmiləşdirilsin.

Bu qərarı rəsmiləşdirmək üçün 13 ölkənin təmsilçilərindən ibarət monitorinq qrupu yaradıldı və həmin qrupun rəhbəri mənəm. Məqsədimiz bu ölkəni ziyarət edərək, buradakı vəziyyətlə əlaqədar məruzə hazırlamaq və yanvar ayının 17-də Nazirlər Komitəsinin iclasında onlara tövsiyə verməkdir. Əgər hər şey qaydasında getsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun pozitiv rəyini alsaq, onlar təkrar seçkilərin yaxşı keçməsi barədə rəy versələr, onda biz Avropa Şurasının Nazirlər Komitəsinə tövsiyə edəcəyik ki, yanvar ayının sonuncu həftəsində AŞPA-nın iclasında Azərbaycanın və Ermənistanın AŞ-ya qəbulunu rəsmi surətdə təsdiqləsinlər.

Cənab prezident, onu da bildirmək istəyirəm ki, Sizin hökumətinizin təmsilçisi cənab Araz Əzimov Strasburqa gələrək, bizimlə və cənab Qross ilə, habelə ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun rəhbərliyi ilə görüşlər keçirdi. Həmin görüşlər nəticəsində biz ümumi məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, Azərbaycan hökuməti 5 noyabr seçkilərindən sonra müəyyən çatışmazlıqların aradan qaldırılması üçün lazımi addımlar atıbdır. Ona görə qərara aldıq ki, belə bir nümayəndə heyəti ilə Azərbaycana gələk. Lakin eyni zamanda cənab Qrossun dediyi kimi, bizdə hələ də bəzi narahatçılıqlar qalmaqdadır.

Şübhəsiz, biz istərdik ki, seçkilərdə bütün müxalifət partiyaları iştirak etsinlər. Bəzi müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi ilə əlaqədar Sizin verdiyiniz izahatı nəzərə alırıq. Ola bilər ki, bu partiyalar parlament seçkilərində iştirak etməməyi özlərinin strategiyalarının tərkib hissəsi sayırlar.

Biz Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirdiyimiz görüşdən razı qalmışıq. Qənaətbəxş məlumat almışıq ki, 11 dairənin hər birində, heç olmasa, bir müxalifət nümayəndəsi irəli sürübdür. Yəni müxalifət nümayəndələri də iştirak edirlər. Bu da plüralizmin göstəricisidir. Amma bununla bərabər, hesab edirik ki, gərək seçkilər sərbəst, azad, ədalətli olsun və noyabrın 5-də müşahidə edilmiş ciddi çatışmazlıqlar bu dəfə olmasın.

Bildirmək istəyirəm ki, onu da məmnuniyyətlə qəbul etdik ki, bütün Azərbaycan cəmiyyəti, o cümlədən də müxalifət partiyalarının təmsilçiləri Azərbaycanın Avropa Şurasına qəbul olunmasını ali məqsəd hesab edirlər. Onlar da Azərbaycanın Avropa Şurasına qəbul olunmasını istəyirlər. Ona görə hesab edirik ki , bu məsələ, yəni Azərbaycanın Avropa Şurasına qəbul olunması bütün cəmiyyətin arzusu və istəyidir.

Bizdə olan digər narahatçılıq əhalinin seçkilərdə iştirakı məsələsidir. Başqa sözlə desək, narahatçılığımız var, ola bilsin ki, 25 faizlik kvorum olmasın. Əgər belə olarsa, yəni müəyyən dairələrdə seçicilərin 25 faizi səsvermədə iştirak etməsə, o zaman həmin dairələrdə seçkinin nəticələri ləğv olunmalıdır.

Bir daha demək istəyirəm ki, ümidvarıq ki, Avropa Şurasının, ATƏT-in Parlament Assambleyalarının burada olan nümayəndələrinin təsdiqindən sonra, yəni müşahidəçilərin rəylərini aldıqdan sonra, qismən də olsa, müxalifətin də bu seçkilərdə iştirak etməsi nəzərə alınmaqla, Azərbaycanın Avropa Şurasına qəbul olunması barədə müsbət tövsiyə verə biləcəyik. Xüsusi bildirirəm ki, Azərbaycanın Avropa Şurasına qəbulunu təmin etmək hazırda qarşımızda duran məqsəd olsa da, bu, yalnız başlanğıc nöqtədir. Yəni Azərbaycan ilə Avropa Şurası arasındakı əməkdaşlığın başlanğıcıdır. Ümidvarıq ki, bu əməkdaşlıq nəticəsində Avropa Şurasının təcrübəsi ilə Azərbaycanda demokratiyanın daha da dərinləşməsi üçün birgə səylər qoyacağıq və buna nail ola biləcəyik.

Bir daha bəyan etmək istəyirəm ki, Sizin hökumətiniz əməkdaşlıq xəttini yaxşı qoruyub saxlamışdır.

Heydər Əliyev: Hörmətli cənab səfir, təşəkkür edirəm. Azərbaycanın Avropa Şurasına daxil olmaq prosesi haqqında, ölkənizin Avropa Şurasına sədrlik etdiyi zaman görülən işlər haqqında verdiyiniz geniş məlumat məni çox məmnun edir. Hərçənd, biz hesab edirik ki, həmin prosesdə ayrı-ayrı komitələrdə, komissiyalarda Azərbaycana qarşı qeyri-ədalətli fikirlər də söylənilibdir. Biz nöqsanlarımız haqqında ədalətli sözlərin hamısını qəbul edirik. Ancaq ədalətsiz fikirlər, təbiidir ki, bizi narahat edir və bunları qəbul edə bilmərik. Bütün bu proses zamanı biz bildirmişik və bu gün də bildiririk ki, Azərbaycan Avropa Şurasına daxil olmaq istəyir. Siz də deyirsiniz ki, istəyirsiniz, Azərbaycan Avropa Şurasına qəbul olunsun. Azərbaycan bu müddətdə, namizədlik dövründə də Avropa Şurasına daxil olmaq istəyini daim sübut edibdir.

Biz yaxşı bilirik ki, Avropa Şurasının əsas prinsipi demokratiyadır. Azərbaycanda biz demokratik quruluş yaradırıq, ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlət qurulur. Bütün sahələrdə islahatlar aparılır. Söz azadlığı, mətbuat azadlığı tamamilə təmin olunubdur. Vicdan azadlığı, milli mənsubiyyətindən, irqindən asılı olmayaraq, Azərbaycanda insanların bərabər hüquqa malik olması da təmin edilibdir. Təbiidir ki, seçkilər də bu demokratiya prosesinin bir hissəsidir. Əgər biz Avropa Şurasına daxil olmaq istəyiriksə, demək, çalışırıq və çalışmalıyıq ki, Avropa Şurasının əsas prinsiplərinin hamısına riayət edə bilək. Bu işdə nəsə alınır, nəsə alınmır.

Siz özünüz buyurdunuz ki, Avropa Şurasına daxil olmaq iki mərhələdir. Daxil olmaq istəyi ilə yanaşı, biz eyni zamanda öz məsuliyyətimizi hiss edirik. Bu vasitə ilə demokratiya təcrübəsini daha da yaxşı mənimsəmək, demokratik quruculuq prosesini daha da surətlə inkişaf etdirmək istəyirik.

Təbiidir ki, 5 noyabr seçkilərində nöqsanlar olubdur. O nöqsanlara görə də Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 11 dairədə seçkilərin nəticələrini etibarsız hesab edibdir. Amma bütünlükdə seçkilərə mənfi qiymət vermək doğru deyildir. Mən bununla heç də razı ola bilmərəm. Əgər siz hesab edirsinizsə ki, mütləq müxalifətdən çox adam olmalıdır - onlar nə qədər səs toplayıblar, o qədər də yer alıblar. Amma bəzi müxalifət partiyaları istəyirlər ki, dövlətə, hökumətə, iqtidara öz istəklərini diqtə etsinlər və bunların həyata keçirilməsinə nail olsunlar. Məhz ona görə də indi bəzi partiyalar cürbəcür manevrlər edirlər.

Səbəbi nədir? Yəni Azərbaycanda seçkilər baş tutmasın, Azərbaycanın parlamenti legitim olmasın, filan. Bu məqsədlərə nail olmaq istəyirlər. Son illərdə böyük çətinliklə əldə etdiyimiz ictimai-siyasi sabitliyi pozmaq və bundan da şəxsi məqsədləri üçün istifadə etmək istəyirlər. Kim mane olur ki, onların hərəsi 11 dairədə 2-3 namizəd irəli sürsün. Özü də bilirlər ki, bu 11 dairədə keçirilən seçkilər xüsusi nəzarət altında olacaqdır. Belə xüsusi nəzarət altında olan seçkilərdə iştirak etmək lazımdır. Amma onlar bunu da etmirlər. Mən hələ o tərəfini demirəm ki, onlar özlərinə inanmırlar. Siz nahaq elə düşünürsünüz ki, onların hər biri dedikləri qədər sosial bazaya malikdirlər.

Cənab səfir, siz deyirsiniz ki, bu məsələni, yəni Azərbaycanla Ermənistanın qəbul olunmasını təxirə saldınız. Biz də bunu qəbul etdik. Bunun əleyhinə çıxmağa hüququmuz yoxdur. İxtiyar sizin əlinizdədir. İndi 11 dairədə seçkilər keçirmək üçün mənə verilən məlumata görə, hakimiyyət orqanları, Mərkəzi Seçki Komissiyası tərəfindən və dairə seçki komissiyaları tərəfindən lazım olan işlər görülübdür. Siz də - yüksək səviyyəli səfirlər, çox təcrübəli parlament üzvləri buna nəzarət etməyə gəlmisiniz. Çox gözəl. Nəzarət edin, ondan sonra nəticə çıxarın. Amma əvvəlcədən fikir demək ki, bu belədir, bu belə deyil - mən bunu anlaya bilmirəm. Bizim müvafiq orqanlar bu barədə əllərindən gələni ediblər.

Siz dediniz ki, seçkilərin iştirakı 25 faiz olmalıdır. Qanunda da belə yazılıbdır. Təbiidir ki, əgər seçicilərin 25 faizi seçkiyə gəlməsə, onda seçki etibarlı hesab oluna bilməz. Əgər siz düşünürsünüzsə ki, biz belə yola gedə bilərik, onda mən çox narahat oluram. Sizin bizim haqqımızda nə qədər mənfi fikirləriniz vardır!

Bir sözlə, nə cür istəyirsiniz, o cür də nəzarət edin. Ancaq ədalətli, obyektiv olun və müxalifətin dediklərinin hamısını, necə deyərlər, son həqiqət kimi qəbul etməyin.

Paula Kokkonen: Cənab prezident, sağ olun. İcazə verin, Azərbaycan üzrə məruzəçi də çıxış etsin.

Heydər Əliyev: Buyursun, buyursun. Bilirəm ki, o, məruzəçidir və deyir ki, hər şey ondan asılıdır.

Gilyermo Martinez Kasan (Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsində məruzəçi, İspaniya parlamentinin üzvü): Cənab prezident, hər şey Sizin əlinizdədir, Sizdən asılıdır. Həqiqi və sabit demokratiya quruculuğu hamının işidir. Bu, həm hökumətin, həm də müxalifətin vəzifəsidir. Ona görə də hesab etdik ki, bütün müxalifət partiyalarının bu seçkilərdə iştirakı vacib idi, lazım idi. Baxmayaraq ki, onların bir sıra narahatçılıqları və iddiaları, tələbləri vardır.

Biz o tələbləri legitim tələblər hesab edirik. Düşünürük ki, demokratik bir cəmiyyətdə qərarlar hüquqi dövlət çərçivəsində, qanunun aliliyi şəraitində qəbul olunmalıdır. Hesab edirik ki, cəmiyyətdə demokratiyanın qurulması, onun daha da dərin kök atması legitim strukturlar və qanun çərçivəsində, parlament tərəfindən formalaşdırılmalıdır. Çünki biz hesab edirik ki, siyasi partiyalar parlamentdə müzakirələrdə və debatlarda iştirak etməyəndə, təmsil olunmayanda, bu, ona sövq edir ki, qeyri-qanuni hesab etdiyimiz fəaliyyətlə məşğul olmağa başlasınlar, cəmiyyətdə istəklərinə qeyri-qanuni vasitələrlə nail olmağa səy göstərsinlər. Bu da son nəticədə ona gətirib çıxarır ki, cəmiyyətdə sabitlik pozulur. Azərbaycanda bunun baş verməsinə yol vermək olmaz. Biz Avropa Şurasının üzvü olan heç bir ölkəyə imkan verməyəcəyik, şərait yaratmayacağıq ki, Azərbaycanda hər hansı dəyişikliklərə sabitliyin pozulması vasitəsilə nail olmağa can atsın.

Cənab prezident, çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, iki gündən sonra gələcəyimiz qənaət ondan ibarət olacaqdır ki, Azərbaycan demokratiya məktəbi hesab etdiyimiz Avropa Şurasına üzv qəbul oluna və o dəyərlərdən bəhrələnə biləcəkdir.

Cənab prezident, xatırlayırsınızsa, keçən dəfəki görüşümüzdə Sizə bunu söyləmişdim. Mən Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərən həmkarlarıma bu dəfə də tövsiyə edəcəyəm ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı prosesini ciddi monitorinq altında saxlasınlar. Beləliklə, Sizin məxsus olduğunuz Avropa ilə öz ölkəniz arasında olan münasibətlərdə vasitəçilərlə və yaxud hər hansı çətinliklərlə qarşılaşmayasınız.

Cənab prezident, qarşıdan gələn illər ərzində biz həm Azərbaycan iqtidarı ilə, həm də müxalifəti ilə bəzən lazım ola biləcək sərt tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparacağıq. Bəzən ağrılı qərarların qəbul olunmasına ehtiyac duyulacaqdır. Amma bu qərarlar cəmiyyətinizin inkişafına xidmət etdiyi üçün onlara nail olmaq lazım gələcəkdir. Xahiş edirəm, bizi özünüzün dostu və həmkarı kimi hesab edəsiniz. Biz gələcəkdə də Sizinlə əməkdaşlıq etmək fikrindəyik və bunu səbirsizliklə gözləyirik.

Hendrik Vagenmakers (Avropa Şurasında Hollandiyanın səfiri): Cənab prezident, mən burada olmadığımdan çox məmnunam və fürsətdən istifadə edərək, qonaqpərvərliyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Bir neçə gündür ki, mən Sizin ölkənizdəyəm. Latviyanın xarici işlər nazirini müşayiət edən nümayəndə heyətinin tərkibində buraya gəlmişdim. Bilirsiniz ki, Latviya indi Nazirlər Komitəsinə sədrlik edən ölkədir. Burada olduğum günlər ərzində Azərbaycan dövləti, xalqı barəsində bilgilərimi artırmışam və daha çox məlumat toplamışam. Buraya gələndə özümü Azərbaycan xalqının dostu sayırdımsa, indi daha yaxın dostu hesab edirəm. Eyni zamanda hesab edirəm ki, təkrar seçkilərin nəticələri çox mühümdür. Ümidvaram ki, sabahkı seçkilərin nəticələri azad, ədalətli keçirilmiş seçkilərin nəticələri olacaqdır.

Mən əməkdaşlığımızın çərçivəsini təkcə seçkilərlə məhdudlaşdırmaq istəməzdim. Bundan daha irəliyə baxmaq istərdim. Səfir Aqo və cənab prezident, Sizin tərəfinizdən toxunulan əməkdaşlığımızın yalnız başlanğıcı məsələsinə istinad etmək istəyirəm. Başqa sözlə desək, söz əməllə sübut olunmalıdır. Ona görə də lütfkarlıq göstərib, bəzi məsələləri bu nümayəndə heyətinə də izah etsəydiniz, Sizə çox minnətdar olardım.

Cənab prezident, həm təmsil etdiyim hökumət üçün, həm mənim üçün, həm də burada iştirak edən nümayəndə heyəti üçün çox əhəmiyyətli olardı ki, Siz deyəsiniz, Azərbaycan Avropa Şurasının İnsan Hüquqları Komissiyası tərəfindən qaldırılmış və Azərbaycan üzrə məruzəçi Klerfaytın məruzəsində qeyd olunmuş və Sizin də razı olduğunuz öhdəliklərin həyata keçirilməsini necə təmin edəcəksiniz? Mən xüsusilə siyasi məhbusların işinə yenidən baxmaq məsələsinə dair Azərbaycanın öz üzərinə götürdüyü öhdəliyi necə yerinə yetirəcəyi ilə maraqlanıram. Bu sualı verməyimin səbəbi odur ki, Hollandiyanın xarici işlər nazirinə parlamentdə belə sualla müraciət edirlər. Ona görə bu suala cavab verilməsində mən ona yardımçı olmalıyam. Təşəkkür edirəm.

Heydər Əliyev: Cənab səfir, sağ olun. Siz bu sualı keçən dəfə mənə vermişdiniz. Mən də sizə cavab verdim. Ona görə yenidən təkrar etməyə ehtiyac yoxdur. Amma ümumi olaraq, xüsusən bizim dostumuzun, Azərbaycan üzrə məruzəçinin çıxışından sonra məndə belə bir fikir yarandı ki, siz bizi elə qorxudursunuz ki, biz düşünürük, bəlkə bizim Avropa Şurasına girməyimiz heç lazım deyil? İndidən bizə deyirsiniz ki, sizinlə sərt danışacağıq, biz bunu edəcəyik, onu edəcəyik. Onda gərək biz fikirləşək. Biz indi müstəqil dövlətik. Avropa Şurası da beynəlxalq təşkilatdır. Biz daxil olmaq arzusunda olanda bu təşkilatın tələblərini öz üzərimizə götürürük. Ancaq indi siz bizi qorxudursunuz. Bilmirəm, bu, nə məqsəd daşıyır? İstəyirsiniz ki, biz qaçaq? Amma biz qaçan deyilik. Qorxan da deyilik. Nə imkan var, onu edəcəyik.

Mən son 4-5 ayda gələn nümayəndə heyətlərindən, o cümlədən sizdən demokratiya haqqında bir çox mühazirələrə qulaq asıram. Mən başa düşürəm ki, siz hamınız demokratiyanın professorusunuz. Amma biz də hələ birinci sinifdə deyilik. Əgər bizim demokratiya haqqında təsəvvürümüz olmasaydı, demokratiyanın tarixini, onun nə olduğunu bilməsəydik biz özümüzü gətirib bu quruluşa bağlaya bilərdikmi? Sizin hər bir dəyərli tövsiyənizi mən məmnuniyyətlə qəbul edirəm. O cümlədən çalışacağam ki, demokratiya haqqında kitablar oxuyum, gəlim sizin səviyyəyə çatım. Gəlib Sorbonna Universitetində doktorluq dissertasiyası müdafiə edəcəyəm.

Mən sizinlə zarafat edirəm. Sizə bir söz deyə bilərəm ki, biz demokratiya yolu ilə gedirik və gedəcəyik - siz ya başqası istəsə də, istəməsə də. Amma demokratiya prosesdir. Demokratiyanın əvvəli var, axırı yoxdur. Mən hesab etmirəm ki, siz də demokratiya sahəsində dağın zirvəsinə çatmısınız. Biz sizə görə dağın ətəyindəyik. Amma hələ siz də getməlisiniz. Biz çalışacağıq ki, sizdən daha sürətlə gedək və ürəyimizi, əzələlərimizi möhkəmlədəcəyik ki, sürətimiz artanda buna dözə bilək. Amma buna tamam çata bilmərik. Çünki bunun üçün zaman lazımdır. Ona görə gəlin, belə ümumi razılaşın ki, biz demokratiya ailəsindəyik. Amma hər ailədə hamı bir boyda deyildir. Hər atanın, ananın uşağı da eyni ağılda deyil və eyni təcrübəyə malik deyildir. Bildiyimizi edirik, bilmədiyimizi öyrənirik. Sizin tövsiyələriniz də bizə xeyir verir.

Paula Kokkonen: Cənab prezident, heç də hesab etmirik ki, yalnız stolun bu tərəfində oturanlar həqiqəti deyən adamlardır. Bizim ölkələrimizin bəziləri düzənlik ölkələridir, orada dağ da yoxdur ki, dağa çıxa bilək. Hesab edirəm ki, hamımızın bir məqsədi var - gözlərimizi açaraq və düşünərək bu xeyirxah işdə iştirak etmək.

Cənab prezident, görüşümüzün bütün nümayəndə heyətləri adından Sizə bir daha təşəkkürümüzü bildirərək, bir xahişimizi yetirmək istəyirik. Keçən dəfə biz Sizinlə seçkidən dərhal sonra, mətbuat konfransına gedəndən sonra görüşmüşdük. Xahiş edirik, bu dəfə mümkünsə, bu işi tərsinə edək. Seçkidən sonra Sizin üçün münasib vaxtda, mətbuat konfransından əvvəl görüşək, fikirlərimizi birinci Sizə bildirək. Başqa sözlə, bizim fikirlərimiz barədə mətbuatdan, televiziyadan yanlış məlumat almayasınız.

Heydər Əliyev: Bilirsiniz ki, ayın 8-də mənim işim çoxdur. Ayın 9-da Rusiyanın prezidenti cənab Putin buraya rəsmi səfərə gəlir. Biz bir neçə sənəd üzərində işləyirik. Ona görə ayın 8-i mənim üçün çox gərgin gündür. Amma sizinlə qısa bir görüş keçirə bilərəm.

Paula Kokkonen: Cənab prezident, nümayəndə heyətlərinin başçılarından ibarət kiçik bir qrupla görüşünüzə gələcəyik. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 7 yanvar 2001-ci il.