Azərbaycan Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 20 mart 1999-cu il


Əziz həmvətənlər!

Sizi, respublikanın bütün vətəndaşlarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.

Qədim zamanlardan hər bir azərbaycanlı ailəsində yaşanan Novruz bayramı respublikamızın müstəqillik əldə etməsi ilə artıq neçə ildir ki, dövlət səviyyəsində qeyd olunur.

Novruz dostluq, ünsiyyət, təmizlik və yenilik bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daima gözəl zəmin yaratmışdır. Novruz həmişə barışıq, ülfət və səmimiyyət bayramı olmuşdur. İnanıram ki, builki Novruz da cəmiyyətimizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Novruz təbiətin oyanması, ürəklərdə saf niyyətlərin, xoş arzuların yaşandığı bir gündür. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın öz ata-baba ocaqlarına qayıtması, xalqımızın firavan yaşaması hər bir azərbaycanlının ürəyində yaşatdığı ən müqəddəs arzudur. Əminəm ki, bu arzu və niyyətlərin həyata keçəcəyi gün uzaqda deyil.

Novruz həm də bütün dünya azərbaycanlılarının milli birlik bayramıdır. Ölkə hüdudlarından kənarda yaşayan bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürurla qeyd edir. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızda azərbaycançılıq hisslərini gücləndirir.

Bu bayram günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizi böyük minnətdarlıq hissi ilə xatırlayaraq, onlara Allahdan rəhmət, xalqımıza səbir diləyirəm.

Əziz bacı və qardaşlar, əziz soydaşlar!

Xalqımızın milli bayramı olan Novruz münasibətilə sizin hər birinizə əmin-amanlıq, möhkəm cansağlığı, işlərinizdə və həyatınızda uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər