Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "İslam və müasir dövrün aktual problemləri" beynəlxalq elmi konfransına müraciəti - Bakı şəhəri, 19 dekabr 2001-ci il


Hörmətli konfrans iştirakçıları!

Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş Beynəlxalq Konfransın iştirakçılarını Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram.

Konfrans son vaxtlarda baş qaldırmış terror, təcavüzkarlıq, zorakılıq kimi mənfi təzahürlərə qarşı mübarizədə islam dininin tutduğu yeri və movqeyi obyektiv şəkildə araşdırıb aydınlaşdırmaq, bəzi qüvvələrin öz qərəzli siyasi məqsədlərini həyata keçirmək üçün dindən bir vasitə kimi istifadə etmək cəhdlərinin əsl mahiyyətini açıb göstərmək məsələlərinə həsr olunmuşdur. Həmişə sülh, əmin-amanlıq, qardaşlıq kimi humanist prinsiplərin carçısı olmuş islam dini ona etiqad edən insanlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirmişdir. Bu baxımdan tam qətiyyətlə demək olar ki, öz cinayətkar əməllərini dini şuarlarla pərdələməyə calışan bəzi terrorçu qrupların, ayrı-ayrı adamların fəaliyyətinin islam dini ilə heç bir əlaqəsi yoxdur, onların əməlləri dinimizin humanist prinsiplərinə tamamilə ziddir. Bu forumun ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsini Azərbaycanın artmaqda olan beynəlxalq nüfuzuna verilən yüksək qiymətin ifadəsi kimi qəbul edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanda müxtəlif dinlərə ayrı-ayrı mədəniyyətlərə mənsub olan insanlar əsrlər boyu dinc, mehriban şəraitdə yaşayıb yaratmışdır. Ölkəmiz dini və ya milli zəmində hansı bir problemlə isə heç vaxt üzləşməmişdir.

Uzun illərdir ki, qonşu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və terrorçuluq əməllərindən əziyyət çəkən Azərbaycan xalqı terrorizmin bəşəriyyət üçün necə təhlükəli olduğunu yaxşı dərk edir, onunla mübarizə aparılması zərurətini mühüm vəzifələrdən hesab edir və bu yolda dünyanın digər xalqları ilə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edir.

Ümidvaram ki, forumunuz dini-mənəvi dəyərlərə münasibətdə obyektiv, dəqiq və aydın bir mövqe işləyib hazırlayaraq dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsi işinə öz töhfəsini verəcəkdir. Konfransınızın işinə uğurlar arzulayıram, hər birinizə möhkəm cansağlığı v. xoşbəxtlik diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.