"Böyük Britaniyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı"(London, 22 iyul, 1998-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il iyulun 19-dan 24-dək Böyük Britaniyaya rəsmi səfər edib. Bu səfər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. İlk dəfə olaraq Heydər Əliyevin Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşü baş tutub. Bundan başqa prezident Böyük Britaniyanın bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirib.

İyulun 20-də prezident Heydər Əliyev Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin ("The Anglo-Azeri Societi") toplantısında olub. 1997-ci ilin noyabrında yaradılmış bu təşkilata Böyük Britaniyanın görkəmli ictimai-siyasi xadimləri, iş adamları daxil olub. İngiltərə-Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycan həqiqətlərini, respublikada gedən prosesləri Birləşmiş Krallığın ictimaiyyətinə çatdırmaqdan, Azərbaycan xalqının qədim ənənələrə malik mədəniyyətini, incəsənətini təbliğ etməkdən, ölkədə işləyən ingilis şirkətlərinin sayının artırılmasına nail olmaqdan ibarətdir. Cəmiyyət hər il xeyriyyə tədbirləri keçirir.

İyulun 22-də Heydər Əliyev Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşüb. Britaniyada 8 minə yaxın azərbaycanlı yaşayır. Onlar müxtəlif təşkilatlarda birləşiblər. Bunlara misal olaraq "Vətən" Azərbaycanın inkişaf Cəmiyyəti, Britaniya Azərbaycan İcması, Azərbaycan Türkləri Cəmiyyəti və başqa təşkilatları göstərmək olar.

Soydaşlarımızla görüşündəki nitqində Azərbaycan prezidenti bütün dünyada yaşayan azərbaycanlıların həmrəy, həmfikir olmasının Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib və İngiltərə-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan cəmiyyətlərinin böyük rolu olduğunu vurğulayıb. Həmçinin, Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi və respublikada gedən proseslər barədə soydaşlarımıza məlumat verib: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bizim bütün başqa vəzifələrimizlə yanaşı, Azərbaycanı hər gün, hər ay təbliğ etmək, tanıtmaq və xarici ölkələrdə, xüsusən dünyanın inkişaf etmiş, dünya siyasətinə, iqtisadiyyatına, təsir edən dövlətlərində Azərbaycanı olduğu kimi göstərmək, təkrar edirəm, bizim əsas vəzifəmizdir". 

Tarixi arayış 23 yanvar 2008-ci ildə tərtib edilib.