Azərbaycan Prezidenti Heydər Əliyevin Mingəçevirdə məscid kompleksinin açılışı mərasimində nitqi - 8 oktyabr 1998-ci il


Əziz bacılar, qardaşlar!

Əziz dostlar, əziz mingəçevirlilər, əziz qarabağlılar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Mən bu gün Mingəçevirə gəlmişəm ki, Mingəçevir sakinləri ilə, sizinlə görüşüm, Siz də məni görəsiniz, mən də sizi görüm. Sizi çoxdandı görməmişdim. Ona görə də sizin üçün darıxmışdım. Mingəçevirin tikilməsində, qurulmasında, inkişaf etməsində mən vaxtilə çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycana rəhbərliyə başlayarkən biz Azərbaycanın hər yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik. Mən çox şadam ki, bizim gördüyümüz işlər yaşayır, inkişaf edir və insanlar burada yaranmış bütün imkanlardan istifadə edir, yaşayırlar. Mingəçevir indi artıq tək mingəçevirlilər üçün yox, eyni zamanda Qarabağdan, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanların bir qismi üçün də yaşayış yeri olubdur. Mən çox məmnunam ki, siz, mingəçevirlilər bizim soydaşlarımızı, bacı və qardaşlarımızı, evini, yurdunu itırmiş insanları qoynunuza almısınız, onlara mehribanlıq göstərirsiniz, onlar da sizinlə birlikdə yaşayırlar. Mən sizə bəyan edirəm ki, bunların hamısı müvəqqətidir. çübhəsiz ki, Qarabağ azad ediləcəkdir. Şübhəsiz ki, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və yerindən-yurdundan zorla çıxarılmış insanlar öz yerlərinə-yurdlarına qayıdacaqlar. Biz keçmişdə sovet hakimiyyəti dövründə yaşamışıq, sovet quruluşunda yaşamışıq, kommunist ideologiyası altında yaşamışıq. Ona görə də bizim mənəvi mənbəyimiz, mənəvi dəyərimiz olan dinimizi əlimizdən almışdılar, din qadağan olunmuşdu, bütün dini etiqadlar qadağan edilmişdi, yasaq olunmuşdu. Ancaq 70 il belə bir şəraitdə yaşayan Azərbaycan xalqı öz doğma islam dinindən heç vaxt ayrı düşməmişdir. Bizim dinimiz - islam dinimiz qəlbimizdə yaşamışdır, insanlar onu yaşatmışlar və Azərbaycan kommunist ideologiyasından, sovet hakimiyyətindən xilas olandan sonra qısa bir zamanda insanlar öz qəlblərində yaşatdıqları bu hissiyyatları, dinə olan münasibəti dərhal bir fəvvarə, fontan kımi aşkar etdilər və din yenidən bizim cəmiyyətimizdə öz yerini tutdu. İslam dini indi Azərbaycanda bütün insanlar tərəfindən hər kəsin öz istədiyi kimi, vicdan azadlığından istifadə edərək yayılır və istifadə edilir. Dindarlar, Azərbaycanın xeyirxah insanları Azərbaycanın müxtəlif bölgələrində məscidlər tikirlər, insanların, vətəndaşların öz dini etiqadlarını həyata keçirməsi üçün, öz arzularını yerinə yetirməsi üçün məscidlərdə onlara lazımi şərait yaradırlar. Mingəçevir keçmişdə şəhər olmayıbdır. Bu şəhər 50 il bundan öncə yaranıbdır. Bizim elə yerlər var ki, orada əsrlər boyu məscidlər olub, onlar dağıdılıb, yenidən tikilib. Amma burada heç bir şey olmayıbdır. Burada yaradılanların hamısı yenidir. Bəli, bu şəhərin əsası 50 il bundan öncə qoyulubdur və məscid də burada yenidir. Mən məmnunam ki, burada xeyirxah insanlar məscid də tikiblər, islam universitetinin filialını da yaradıblar, dərs də verirlər. Mən burada gördüm ki, gənc qızlar nə qədər gözəl danışırlar - həm dini nöqteyi-nəzərdən, həm də bugünkü mədəniyyətimizə uyğun olaraq. Onlar məni həm Azərbaycan dilində, həm də başqa dillərdə salamladılar. Bu onu göstərir ki, xalqımız təhsillənir, inkişaf edir. Din həmişə bizim mənəvi dəyərlərimizin qoruyucusu olubdur, mənəvi dəyərlərimizi yaşadan olubdur. Mənəvi dəyərlərimizin əksəriyyəti keçmişdə islam dininin dəyərləri əsasında, müqəddəs kitabımız Qurani-Şərifin ayələri əsasında, surələri əsasında yaranıbdır. Ona görə də dinimizə yenidən qayıtmaq, yenidən müqəddəs kitabımızın, həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yolla getmək və Qurani-Şərifin tələblərinə riayət etmək, şübhəsiz, insanları həmişə saflığa, təmizliyə, saf mənəviyyata aparır, düz yola, doğru yola aparır. Ona görə də mən burada böyük bir məscid kompleksinin tikilməsini - məscid binasının, təhsil yerinin, İslam Universiteti filialının yaranmasını çox əlamətdar hadisə hesab edirəm və bu işin təşəbbüskarlarına, bunu yaradanlara təşəkkürümü bildirirəm. Şübhəsiz ki, indi bu cür məscidlər, dini müəssisələr insanların yardımı, insanların vəsaiti əsasında tikilir. Bu da onu göstərir ki, insanlar öz mənəvi köklərinə, keçmişinə, dininə necə sadiqdirlər. Ona görə heç kəs burada sorğu-sual etməməlidir - bu, haradan tikilib, pul haradan gəlib, haraya gedib. Əsas o deyildir.

Əsas odur ki, yeni-yeni binalar tikilibdir. Əsas odur kı, Allah evi tikilibdir. Əsas odur ki, məscid tikilibdir. Əsas odur ki, burada təhsil almaq üçün bina tikilibdir. Ona görə mən bunu bəyənirəm, alqışlayıram və bu işi görənlərə təşəkkür edirəm. Mən çox təşəkkür edirəm ki, əziz dostlar, siz - bu məscidi, kompleksi yaradanlar buranı mənim adımla bağlamısınız, hətta bura mənim adımı verirsiniz. Mən bunu özüm üçün şərəf hesab edirəm. Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur. Bu mənəvi dəyərlərin də yaranmasının əsasını, təməlini islam dini təşkil edir. Bu işdə islam dininin xüsusi rolu vardır. Odur ki, mən yeni yaranmış belə bir məscidin və kompieksin mənim adımla bağlanmasına çox məmnunam, buna görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, mən həmişə yüksək mənəviyyat uğrunda mübarizə aparmışam, mənim həyatım saf mənəviyyat əsasında qurulubdur, mənim bütün əməllərim saf mənəviyyat əsasında qurulubdur, mənim gördüyüm işlər də saf, təmiz mənəviyyat əsasında qurulubdur. Mən Azərbaycan xalqının yüksək mənəviyyatını xalqımızın böyük sərvəti hesab edirəm. Ona görə də mən indiyə qədər buna sadiq olduğum kimi, bundan sonra da sadiq olacağam. Sizə təşəkkür edirəm. Sizə cansağlığı arzu edirəm. Bizim xalqımızı əsrlər boyu yaşadan o böyük Allahdır. Hər birimizi yaşadan, o cümlədən məni də həyatımda böyük fəlakətlərdən xilas edən böyük Allahdır. Böyük Allahın adı ilə sizə cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram.