Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidenti adından Rumıniya Prezidenti Emil Konstantineskunun şərəfinə təşkil edilmiş ziyafətdə nitqi - "Gülüstan" sarayı, 30 iyun 1998-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə təşəkkür edirəm.

Hörmətli cənab Konstantinesku, Azərbaycana rəsmi səfəriniz, dünən, bu gün burada keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və imzalanmış sənədlər Rumıniya-Azərbaycan əlaqələrində yeni bir mərhələ açır. Rumın və Azərbaycan xalqları arasındakı əlaqələrin tarixi qədimdir və zəngindir. Bu əlaqələri elm və mədəniyyət xadimləri, neftçilər, sadə adamlar yaradıblar. Xalqlarımız bu əlaqələrdən keçmiş zamanlarda çox bəhrələniblər. Rumıniya ilə Azərbaycanın dövlətlərarası əlaqələri isə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra başlanmışdır. Bu əlaqələrin yaşı hələ azdır. 1991-ci ilin sonunda respublikamız öz dövlət müstəqilliyini elan edəndə Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olubdur. Bundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaranıbdır. 1995-ci ildə isə Rumıniya ilə Azərbaycan arasında dövlətlərarası, hökumətlərarası əlaqələrin hüquqi-normativ bazası yaradılmışdır. Mən 1995-ci il iyulun 1-2-də Rumıniyada rəsmi səfərdə idim. Bu, Azərbaycan prezidentinin Rumıniyaya ilk rəsmi səfəri idi. Bu səfər zamanı biz dövlətlərimiz, hökumətlərimiz arasında geniş miqyasda ilk danışıqlar apardıq və əlaqələrimizi tənzimləyən çoxsaylı sazişlər, sənədlər imzaladıq. 1996-cı ilin mart ayında Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında böyük bir müqavilə imzalanmışdır.

1995-ci ilin iyul ayından indiyə qədər üç il keçibdir. Üç ildən sonra Rumıniyanın prezidenti hörmətli cənab Konstantinesku Azərbaycanda rəsmi səfərdədir. Bizim bugünkü danışıqlarımız çox əhəmiyyətli, məzmunlu, səmərəli olmuşdur. Biz dövlətlərarası bir neçə sənəd imzaladıq. Azərbaycan Respublikası ilə Rumıniya arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında Rumıniya və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə çox böyük əhəmiyyət kəsb edir. Mən bu bəyannaməni çox vacib sənəd hesab edirəm. Çünki bu bəyannamədə həm dövlətlərimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi yolları, prinsipləri göstərilibdir, həm də ölkələrimiz üçün çox vacib olan beynəlxalq hüquq normalarının hər iki dövlət tərəfindən şərtsiz qəbul olunması ifadə edilibdir.

Beləliklə, biz gələcək əlaqələrimizin çox tutarlı əsasını yaratdıq. Hesab edirəm ki, bu görüşlər zamanı biz irəliyə doğru böyük addımlar atırıq. Ölkələrimiz arasında əməkdaşlıq ötən illərdə müxtəlif formalarda olmuşdur. Mən Rumıniya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı xüsusi qiymətləndirirəm. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Mən ATƏT çərçivəsində əməkdaşlığımızı xüsusi qeyd edirəm. Çünki bu təşkilat Avropanın təhlükəsizliyi və Avropa ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün çox vacib bir təşkilatdır. Bu, bizim üçün bir də ona görə əhəmiyyətlidir ki, ATƏT-in və onun yaratdığı Minsk qrupunun vasitəsilə biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını təmin edirik.

Rumıniya da, Azərbaycan da keçid dövrü yaşayırlar. Bu keçid dövründə həm Rumıniyanın, həm də Azərbaycanın qarşısında bir çox mürəkkəb, çətin problemlər vardır. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edərək və ikitərəfli əlaqələrimizi genişləndirərək bu problemlərin həll edilməsinə nail oluruq. Mən bugünkü danışıqlarda qeyd etdiyim kimi, Azərbaycan üçün ən əsas problem Qafqaz bölgəsində sülh, əmin-amanlıq yaradılmasıdır. Bu sülhün, əmin-amanlığın yaranması üçün isə Qafqazda olan münaqişələrə son qoyulmalıdır. Biz bütün münaqişələrə son qoyulmasını istəyirik. Biz Gürcüstan ilə Abxaziya arasında olan münaqişənin sona çatmasını, Şimali Qafqazdakı münaqişələrin, o cümlədən Çeçenistanda olan münaqişənin ləğv edilməsini istəyirik. Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli, etibarlı sülh yaranmasını istəyirik.

Hörmətli cənab prezident, mən bu barədə sizə bu gün ətraflı məlumat verdim və Azərbaycanın bu münaqişənin sülh yolu ilə həll edilməsi mövqeyində daim dayandığını bildirdim. Hörmətli cənab prezident, mən çox məmnunam ki, siz bu məsələlərdə çox düzgün mövqedə durursunuz. Mən sizi təbrik edirəm ki, Rumıniyanın qonşu ölkələrlə olan münaqişələrinin həllinə nail ola bilmisiniz. Rumıniya uzun illər belə problemlərlə qarşılaşdığına və bu problemlərin sülh yolu ilə həllinə nail ola bildiyinizə görə siz bizim problemimizi bəlkə də başqalarından daha yaxşı bilirsiniz. ATƏT-in 1996-cı ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə çox mühüm prinsiplər bəyan edilibdir. Cənab prezident, siz ATƏT-in Lissabon zirvə görüşünün iştirakçısısınız və həmin prinsiplərin qəbul olunmasına səs vermisiniz və beləliklə bizə kömək etmisiniz. Buna görə mən sizə bir daha təşəkkür edirəm. Bəyan edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması uğrunda biz bundan sonra da mübarizə aparacağıq.

Rumıniya-Azərbaycan əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu perspektivlər bizim bugünkü danışıqlarımızda çox gözəl əks olundu. Xəzər dənizinin, ümumiyyətlə Asiyanın, Qafqazın təbii sərvətlərindən istifadə olunmasında başqa ölkələrlə bərabər, Rumıniya ilə də əməkdaşlıq etməyimiz çox əhəmiyyətlidir. Bu gün biz Avropa Birliyinin TRASEKA proqramının həyata keçirilməsi barədə də geniş fikir mübadiləsi apardıq və Böyük "İpək yolu" nun bərpa olunması ilə əlaqədar hazırlanan layihəni də birlikdə müzakirə etdik. Cənab prezident, mən böyük məmnuniyyətlə qeyd edirəm ki, siz, Rumıniya hökuməti bu layihənin həyata keçirilməsinə çox böyük maraq göstərirsiniz. Hesab edirəm ki, Rumıniya bu layihənin həyata keçirilməsinin çox fəal iştirakçısı olacaqdır. İnanıram ki, "İpək yolu" üzərində olan ölkələrin bu il sentyabrın 7-8-də Azərbaycanda, Bakıda keçiriləcək sammitində siz öz iştirakınızla bu layihənin həyata keçirilməsinə yardım edəcəksiniz.

Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün başqa çox böyük imkanlar da vardır. Bizim ölkələrimizin birbirinə çox böyük bənzərliyi vardır. Ölkələrimizin təbiəti də, insanları da bir-birinə çox bənzəyirlər, bizim adət-ənənələrimizdə də oxşarlıqlar çoxdur. Rumıniya Qara dənizin, Azərbaycan isə Xəzər dənizinin kənarında yerləşir. Xəzər dənizi ilə Qara dənizin gələcəkdə daha da birləşməsi, yəni bu iki dənizin sahillərində olan infrastrukturların inkişaf etdirilməsi mühüm vəzifələrdən biridir. Hesab edirəm, Avropa-Qafqaz-Asiya nəqliyyat magistralının yaranmasında və inkişaf etdirilməsində Rumıniyanın çox mühüm rolu olacaqdır. Mən hesab edirəm ki, bütün bunlara görə ölkələrimizin geniş əməkdaşlıq etmək üçün böyük imkanları vardır.

Bizim əməkdaşlığımız bir də ona görə vacibdir ki, Rumıniyanın da, Azərbaycanın da tutduğu yol demokratiya, iqtisadi islahatlar, insan haqlarının qorunması yoludur. Cənab prezident, mən bilirəm ki, sizin rəhbərliyiniz altında Rumıniyada bu sahədə çox işlər görülür. Azərbaycanda da biz eyni yolu tutmuşuq və gələcəkdə də bu yolla gedəcəyik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət kimi, Avropa Birliyinin bütün strukturlarında iştirak etmək əzmindədir. Azərbaycanın Avropada xüsusi yeri vardır. Çünki Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi yerdə yerləşir. Eyni zamanda, Avropa ilə Asiyanın birləşməsində də Azərbaycanın böyük rolu vardır. Biz bütün bu sahələrdə Rumıniya ilə gələcəkdə də əməkdaşlıq etmək arzusundayıq.

Cənab prezident, mən hesab edirəm ki, Sizin Azərbaycana rəsmi səfəriniz hər iki ölkə-həm Azərbaycan, həm də Rumıniya üçün çox əhəmiyyətlidir. Cənab prezident, mən xalqınıza, ölkənizə gələcək bütün işlərinizdə uğurlar arzulayıram. Mən rumın xalqının, Rumıniya hökumətinin, Rumıniyanın prezidenti, dostumuz, qonağımız cənab Konstantineskunun şərəfinə badə qaldırmağınızı xahiş edirəm. Cənab prezident, sizin şərəfinizə!