Şeyxülislam Allahşükür Paşazadəyə - Bakı şəhəri, 26 avqust 1999-cu il


Hörmətli Şeyxülislam!

Sizi - Qafqaz müsəlmanlarının dini rəhbərini, Azərbaycanın tanınmış ictimai xadimini 50 illk yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndiriməsində Sizin xüsusi xidmətləriniz vardır. Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyiniz iyirmi il ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğunuz əsl vətəndaş mövqeyi ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığınızı nümayiş etdirdi.

Respublikamızda müxtəlif konfessiyalar arasında dini dözümlülük, dostluq və əməkdaşlıq ab-havasının hökm sürməsində də Sizin əməyiniz vardır. Bu sahədə gördüyünüz işlər, digər konfessiyaların rəhbərləri ilə birgə fəaliyyətiniz Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasına xidmət edir.

Siz dini-ictimai xadim kimi, beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir.

Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları islam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır.

Əminəm ki, müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi üçün ölkə dindarlarının səfərbər olunması və cəmiyyətin dini-mənəvi birliyinin möhkəmləndirilməsi yolunda bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik, bütün işlərinizdə yeni uğurlar arzulayıram. 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti