"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı" (Cenevrə, 22 avqust 1999-cu il) sənədinə tarixi arayış


1999-cu il avqustun 22-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə etmək məqsədilə görüş keçirilib.

Avqustun 22-də Cenevrədə tanınmış dövlət xadimlərinin görüşləri üçün nəzərdə tutulan Le-söji iqamətgahında görüşən prezidentlərin müzakirələri üç saata qədər davam edib. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələləri müzakirə olunub. Aparılan danışıqların münaqişənin sülh yolu ilə həlli üçün çox əhəmiyyətli olduğunu bildirən prezidentlər belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçıları tam sülh əldə olunana qədər tərəflərin atəşkəsə riayət edəcəklərini və atəşkəs rejimini möhkəmləndirəcəklərini bir daha qeyd ediblər. Bu münaqişənin sülh yolu ilə nizamlanması üçün prezidentlər hər iki tərəfin milli mənafelər naminə konstruktiv mövqe tutması və kompromislərə getməsinin zəruriliyini vurğulayıblar. Danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini bir daha nəzərə çarpdıran dövlət rəhbərləri bu prosesin bərpa olunmasının təmin edilməsini xarici işlər nazirlərinə tapşırıblar.

Daha sonra prezidentlərin görüşü onları müşayiət edən şəxslərin iştirakı ilə davam etdirilib. Danışıqlar başa çatdıqdan sonra isə Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan bəyanatla çıxış ediblər. Heydər Əliyev öz bəyanatında bütövlükdə Qafqazda sülhün bərqərar ediləcəyi, xüsusən də Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizama salınacağı təqdirdə ölkələrimiz qarşısında, ümumən Qafqazda böyük perspektivlərin açılacağını vurğulayıb.

Heydər Əliyev və Robert Koçaryan 1999-2002-ci illərdə münaqişənin həlli məqsədilə ikitərəfli görüşlərini davam etdirsələr də son nəticəyə nail olunmayıb. (http://www.eurasia.org/)

Bu dövr ərzində Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarından siyasi alver vasitəsi kimi yararlanmağa çalışaraq Dağlıq Qarabağa ya müstəqillik, ya da ona bərabər olan status almağa çalışıb. 2003-2006-cı illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Prezidenti Robert Koçaryan danışıqları da ermənilərin təcavüzkar niyyətlərindən geri çəkilməmələrinə görə indiyə qədər nəticə verməyib.

Azərbaycan Prezidenti İlham Əliyev 4 sentyabr 2006-cı ildə İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılış mərasimindəki çıxışında Ermənistanın Azərbaycanı terrora və təcavüzə məruz qoyduğunu bir daha elan edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü siyasi, iqtisadi, diplomatik və bütün başqa imkanlardan istifadə etməklə bərpa edəcəyini bildirib. ("Azərbaycan" qəzeti, 5 sentyabr 2006)

9 iyun 2007-ci ildə Sankt-Peterburqun "Konqreslər sarayı" dövlət kompleksinin "Baltik ulduzu" mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Robert Koçaryanın görüşü keçirilib.
Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri danışıqlara qatılıb. Görüşdə tərəflər mövqelərini bildirib və başlıca prinsiplər müzakirə olunub. (http://www.yap.org.az/)

6 iyun 2008-ci ildə Sankt-Peterburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib. Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Xarici işlər nazirləri Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü müsbət və konstruktiv hadisə kimi qiymətləndiriblər. Prezidentlər tərəflərin mövqeləri ilə tanış olmuş və xarici işlər nazirlərinə danışıqlar prosesinin davam etdirilməsi üçün Minsk qrupu ilə əməkdaşlıq etmək barədə təlimat veriblər. (http://www.respublica.news.az/) 

Növbəti dəfə 2 noyabr 2008-ci ildə Rusiya Federasiyası Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri Moskvada görüşüblər.

Moskvada, Rusiya Prezidentinin iqamətgahında - "Mayn Dorf" qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib. Görüş başa çatdıqdan sonra danışıqlar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Daha sonra görüşə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri də qatılıblar. Görüşlərin yekunu olaraq, prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik şəraitində konkret şəkildə və dolğun müzakirə edərək bəyannamə imzalayıblar. (http://www.president.az/)

Tarixi arayış 7 noyabr 2008-ci ildə yeniləşdirilib.