Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Baş katibi Butros Butros-Qali ilə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında bəyanatı - 30 oktyabr 1994-cü il


Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Butros Butros-Qali ilə çox səmərəli danışıqlar apardıq. İndi isə sizinlə görüşə gəlmişik.

Mən görüşümüz və apardığımız danışıqlar barədə cənab doktor Butros Butros-Qalinin verdiyi məlumatla tamamilə razıyam. Bir daha bildirmək istəyirəm ki, danışıqlarımız çox mehribançılıq və səmimilik şəraitində keçmişdir.

Danışıqlarımızın əsas mövzusu Azərbaycanın müharibə vəziyyətindən çıxması və Ermənistanın təcavüzündən xilas olması məsələsi idi. Mən bu barədə cənab Butros Butros-Qaliyə ətraflı məlumat verdim, bizim mövqeyimizi bir daha bəyan etdim.

Mən çox məmnunam ki, cənab Butros Butros-Qali Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması üçün dörd əsas prinsipi bu gün bir daha bəyan etdi. Biz məhz bu dörd prinsip əsasında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirik. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxmasını, qaçqın vəziyyətində yaşayan bir milyondan artıq vətəndaşımızın həmin torpaqlar azad edilən kimi öz yurd-yuvalarına qayıtmasını tələb edirik. Cənab doktor Butros Butros-Qali bizim bu problemlərimizə çox böyük diqqət və maraq göstərdi. Bizim danışıqlarımız, apardığımız fikir mübadiləsi mənə belə deməyə əsas verir ki, cənab doktor Butros Butros-Qali Ermənistanda olarkən bu məsələlərin həllinə səy göstərəcəkdir.

Mən Birləşmiş Millətlər Təşkilatına və onun Baş katibinə Azərbaycan xalqı, Azərbaycan Respublikası adından bir daha hörmət və ehtiramımı bildirirəm: bir daha qeyd edirəm ki, Azərbaycan xalqı, respublikamızın vətəndaşları bu ağır vəziyyətdən çıxmaq üçün Birləşmiş Millətlər Təşkilatına, onun Təhlükəsizlik Şurasına və BMT-nin Baş katibi cənab doktor Butros Butros-Qaliyə çox böyük ümid bəsləyirlər. Azərbaycan Respublikasına göstərilən bu qayğıya görə təşəkkürümü bildirirəm və ümidvaram ki, respublikamızın bu ağır iqtisadi vəziyyətdən çıxması üçün, cənab Butros Butros-Qalinin qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının imkanlarından istifadə olunacaq və Azərbaycana, xüsusən qaçqınlara maddi yardım göstəriləcəkdir. Cənab Butros Butros Qali, sizə bir daha təşəkkür edirəm.

Sual: Danışıqlar zamanı Azərbaycanın ağır iqtisadi vəziyyətdən çıxmasına yardım göstərilməsi barədə də fikir mübadiləsi olmuşdur. Mənim sualım cənab Butros Butros-Qaliyədir. Dünyanın hər hansı bir ölkəsində Azərbaycan Dövlət Teleradio Şirkətinin nümayəndəliyinin ofisinin açılmasına kömək edə bilərsinizmi?

Butros Butros-Qali: Mən Nyu-Yorka qayıtdıqdan sonra bu məsələni Birləşmiş Millətlər Təşkilatının rabitə və kommunikasiya məsələləri şöbəsinin direktoru ilə müzakirə edəcəyəm. Hələlik sizə hər hansı vəd vermək istəməzdim. Çünki bu büdcə və maliyyə çətinlikləri kimi məsələlərdən çox asılıdır. Amma söz verirəm ki, səfərim başa çatdıqdan sonra bu məsələni adını çəkdiyim şöbənin direktoru qarşısında qaldıracağam. Ondan sonra sizə məlumat verə bilərəm.

Sual: Cənab prezident, Azərbaycanda sizi haqlı olaraq general de Qoll ilə müqayisə edirlər. Siz sübut edə bildiniz ki, böyük siyasi xadim, böyük rəhbər heç də diktator olmamalıdır. Respublikadakı bütün siyasi hadisələri qan tökülmədən aradan qaldıra bildiniz. Siz hesab edirsinizmi ki, neft müqaviləsinin imzalanması ilə iqtisadi irəliləyiş başlanır?

İkinci sualım cənab Butros Butros-Qaliyədir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan parlamentinin qəbul etdiyi qərar hələ də qüvvədədir. Uydurma "Dağlıq Qarabağ Respublikası"nın deputatları Ermənistan parlamentinin işində iştirak edirlər. Ermənistan Respublikasını işğalçı kimi tanımaq üçün daha nə lazımdır?

Heydər Əliyev: Azərbaycan Respublikasında sosial-iqtisadi vəziyyət həddindən artıq ağırdır. Bunun səbəbləri bizim ictimaiyyətə məlumdur. Siz də bunu yaxşı bilirsiniz, ona görə də əlavə izahata ehtiyac yoxdur. Son illər Azərbaycanın iqtisadiyyatında dağıdıcı proseslər davam etmiş, quruculuq işləri isə getməmişdir. Oktyabrın əvvəlində Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələr də son illərdə onun iqtisadiyyatını dağıdanlardır. Təəssüf ki, Azərbaycanın müharibə şəraitində olduğu, ağır dövrdə yaşadığı bir vaxtda respublikada belə qüvvələr mövcuddur və onlar Azərbaycanın həm iqtisadi-sosial, həm də ictimai-siyasi vəziyyətini gərginləşdirirlər. Ancaq onlar böyük səhvə yol vermişlər, bu da ondan ibarətdir ki, xalqın iradəsini, xalqın gücünü indiyədək dərk edə bilməmişlər. Oktyabrın 4-də dövlət çevrilişi cəhdinin qarşısının alınması Azərbaycan xalqının müdrikliyini, birliyini, onun möhkəm iradəsini bir daha nümayiş etdirdi.

Bu, eyni zamanda onu göstərdi ki, xalqımız nə qədər ağır vəziyyətdə olsa da, Azərbaycanın dövlətçiliyini, ölkənin qanuni yolla seçilmiş prezidentini qorumağa qadirdir. Güman edirəm ki, əgər dağıdıcı qüvvələrin qarşısını ala bilsək, - əminəm ki, biz bunu edə biləcəyik, - Azərbaycanda sosial-iqtisadi vəziyyət, yavaş-yavaş olsa da, yaxşılaşacaqdır.

Sentyabrın 20-də xarici ölkələrin neft şirkətləri ilə imzalanmış müqavilə Azərbaycanın iqtisadi inkişafı yolunda böyük bir mərhələdir. Ancaq heç də belə düşünmək lazım deyil ki, bu müqavilə iqtisadiyyatımızın, həyatımızın bütün məsələlərini həll edəcəkdir. Bu, iqtisadiyyatımızı inkişaf etdirmək üçün atdığımız ilk, ancaq böyük addımlardan biridir. Güman edirəm ki, bu ilk addım gələcəkdə görəcəyimiz işlər üçün yaxşı bünövrə yaradacaqdır.

İmzalanmış müqavilədən istifadə edilməsi də Azərbaycan Respublikasının özündən asılı olan məsələdir. Əgər biz səmərəli işləsək, həmin müqavilədən də səmərəli istifadə edə bilərik. Əminəm ki, biz bunlara nail ola biləcəyik.

Butros Butros-Qali: Mənə verilən suala gəldikdə isə, zənnimcə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu məsələ barədə mövqeyi tam aydındır. Bu mövqe işğalçı qoşunların Dağlıq Qarabağdan təcili olaraq və qeyd-şərtsiz çıxarılmasından ibarətdir.

Sual: Mənim sualım cənab Butros Butros-Qaliyədir. Hörmətli Baş katib, bu gün Xarici İşlər Nazirliyində verdiyiniz bəyanatda da, indiki görüşün əvvəlindəki çıxışınızda da belə bir fikir söylədiniz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması mütləqdir, əcnəbi qoşunlar işğal edilmiş ərazilərdən çıxmalıdır. Bundan başqa, Ermənistanı təcavüzkar adlandırdınız. Qarşıda sizi Ermənistan Respublikasına səfər gözləyir. Eyni mövqeyi orada da eyni tərzdə ifadə edəcəksinizmi?

Butros Butros-Qali: Mənə belə gəlir ki, bu gün burada dediklərim radio vasitəsilə bir saatdan sonra Ermənistana çatır. Burada verdiyim bəyanatlar və söylədiyim fikirlər Röyterdən tutmuş bir sıra agentliklər vasitəsilə bütün dünyaya yayılır və xüsusi bülleten şəklində dərc olunur, mənim mətbuat katibim vasitəsilə Nyu-Yorkda da geniş yayılır. Başqa sözlə desək, mənim burada dediklərim bütün dünyaya açıq-aydın bəyan olur. İkincisi, mən burada nə isə yeni bir şey demirəm. Mənim dediklərimin hamısı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində öz əksini tapmışdır.

Sual: Cənab Baş katib, siz qətnamələri sadaladınız. Mənim sualım birinci, yəni 822 nömrəli qətnamə ilə bağlıdır. Onun 4-cü maddəsi vaxtilə Kəlbəcərin Dağlıq Qarabağın etnik erməniləri tərəfindən deyil, Ermənistan Respublikası tərəfindən işğal edilməsini dəqiqləşdirmək üçün oraya öz nümayəndələrinizi göndərməyi tələb edirdi. Lakin vaxt ötdü, bu nümayəndələr göndərilmədi və cəzasız qaldığını görən təcavüzkar öz əməllərini davam etdirdi, Azərbaycanın yeni-yeni torpaqları işğal olundu, yüz minlərlə insan faciəyə düçar oldu. Siz bu gün verdiyiniz bəyanatlarda da ATƏM-i dəstəklədiyinizi, BMT-nin sülh məramlı qüvvələrinin fəaliyyətini əlaqələndirməyə hazır olduğunuzu deyirsiniz. Adları çəkilən qətnamələrin yerinə yetirilməsi yolunda konkret addımlar atmaq sahəsində BMT nə kimi tədbirlər görür?

Butros Butros-Qali: Məlum qətnamənin 4-cü maddəsinə gəldikdə, onu qeyd etmək istəyirəm ki, həmin maddəyə əsasən BMT-nin Baş katibi ATƏM-in sədri ilə əməkdaşlıq çərçivəsində, onunla əlaqə saxlayaraq, Kəlbəcər rayonunun işğalı məsələsinin tam, düzgün qiymətləndirilməsi üçün oraya nümayəndə göndərməli idi. Bundan sonra Təhlükəsizlik Şurası bir sıra başqa qətnamələr də qəbul etmişdi. Həmin qətnamələr qəbul ediləndə də regiondakı vəziyyət barədə məlumat Təhlükəsizlik Şurasına çatdırılmışdır.

Sual: Siz dediniz ki, bütün qətnamələr işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin qeyd etdiniz ki, hələlik buna əməl olunmamışdır. Belə olan halda BMT rəhbərliyinin sərəncamında Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən ölkəyə qarşı iqtisadi və hətta hərbi təsir göstərmək üçün tədbirlər imkanı var. Siz İraqda, keçmiş Yuqoslaviyada və başqa yerlərdə bunu tətbiq etmisiniz. Nə üçün indiki halda BMT heç bir tədbir görmür ki, Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin?

Butros Butros-Qali: Bildiyiniz kimi, qərarları Təhlükəsizlik Şurası qəbul edir. Baş katibin rolu və vəzifəsi isə həmin qərarları həyata keçirməkdən ibarətdir. Təhlükəsizlik Şurası siyasi təşkilatdır. O, bu qərarların həyata keçirilməsində maraqlı ola bilər, onların istər iqtisadi, istərsə də hərbi cəhətdən yerinə yetirilməsində təkid edə bilər.

Sual: Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməməkdə davam edərsə, İraqda, keçmiş Yuqoslaviyada olduğu kimi, ona qarşı hər hansı sanksiyalar tətbiq ediləcəkmi?

Butros Butros-Qali: Mənim dediyim odur ki, belə bir qərarı məhz Təhlükəsizlik Şurası çıxarmalıdır. Ona görə də sizin sualınıza cavab verə bilmərəm.

Sual: Rusiya prezidenti Boris Yeltsin Birləşmiş Ştatlara rəsmi səfərindən sonra bildirmişdir ki, onlar BMT-nin himayəsi altında regiona göndəriləcək qüvvələrin sırf Rusiya hərbçilərindən ibarət olacağı barədə razılığa gəlmişlər. Siz isə ATƏM-in beynəlxalq sülhyaratma qüvvələri barədə danışırsınız və deyirsiniz ki, bu qüvvələrin formalaşdırılmasında ATƏM-ə hər cür kömək göstərməyə hazırsınız. Necə bilirsiniz, bu məsələdə Rusiyanın mövqeyi ilə BMT-nin mövqeyi arasında ziddiyyət yaranmırmı? Əgər Rusiya regiona beynəlxalq qüvvələrin göndərilməsinə etiraz edərsə, bu məsələni necə həll edəcəksiniz?

Butros Butros-Qali: Bu məsələnin həllinin üç variantı mövcuddur. Birincisi, tamamilə BMT-nin qoşunlarından ibarət qüvvələrin bu regiona göndərilməsi. Əgər belə olarsa, bu qüvvələr bilavasitə BMT-nin təyin etdiyi komandanın nəzarəti altında olacaqdır. İkinci mümkün variant regiona MDB qoşunlarının göndərilməsidir. Üçüncüsü Gürcüstanda tətbiq edilən variantdır, yəni MDB qoşunlarının və BMT müşahidəçilərinin birgə səyləri. Bu məsələyə bir sıra başqa yönümlərdən də yanaşmaq mümkündür. Lakin bir daha qeyd etmək istərdim ki, bunlar bilavasitə BMT Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir və o, indiyədək bu barədə heç bir qərar qəbul etməyib.

Sual: Cənab Butros Butros-Qali, siz Rusiya Federasiyasının Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti barədə nə fikirdəsiniz?

Butros Butros-Qali: Mənə belə gəlir ki, Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının 822, 853 nömrəli və digər qətnamələrinin qəbul olunmasını bəyənmiş və bunlara səs vermişdir. Bu dediklərim BMT səviyyəsindədir. ATƏM səviyyəsinə gəldikdə isə, Rusiya Federasiyası ilə ATƏM və onun Minsk qrupu arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bundan əlavə, Rusiya Federasiyası Ermənistan ilə Azərbaycan arasında münaqişəyə sülh yolu ilə son qoyulması üçün öz tərəfindən bir sıra təşəbbüslər də göstərmişdir. Biz regionda sülhün və təhlükəsizliyin bərqərar olması, bunlardan ötrü mövcud olan təhlükənin aradan qaldırılması üçün Rusiya Federasiyasının istər Birləşmiş Millətlər Təşkilatı, ATƏM çərçivəsində, istərsə də ikitərəfli münasibətlər çərçivəsində göstərdiyi təşəbbüsləri alqışlayırıq.

"Azərbaycan" qəzeti, 31 oktyabr 1994-cü il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış