Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ölkəmizdəki səfiri Əhəd Qəzai ilə görüşdə söhbəti - Prezident sarayı, 13 iyun 2001-ci il


Heydər Əliyev: Mən, birincisi, sizdə son prezident seçkiləri keçirilməsi münasibətilə sizi təbrik edirəm. Mən hörmətli cənab Xatəmiyə öz təbrik məktubumu göndərdim. Bilirsiniz. Ancaq indi səfirlə görüşərkən də təbrik edirəm. Çox məmnunam ki, orada namizədlər çox olubdur. Doğrusu, mən onları tanımıram. Ancaq ağayi Xatəmi əvvəlki prezidentliyi dövründə çox işlər görübdür. Görünür ki, xalqın hörmətini, rəğbətini qazandı. Ona görə də xalqın əksəriyyəti ona səs veribdir. Mənim üçün çox xoşdur ki, indi bizim aramızda yaxşı şəxsi əlaqələr yaranıbdır. Mən inanıram ki, onun indiyə qədərki fəaliyyəti zamanı olduğu kimi, bundan sonrakı fəaliyyəti dövründə də İran-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün biz birgə iş görə bilərik və çox iş görə bilərik.

Əhəd Qəzai: Çox sağ olun. Sizin təbrikiniz birinci təbriklərdən idi ki, ağayi Xatəmi prezident seçiləndən sonra ona çatdı. Təbrikə görə çox sağ olun. İnşallah, qismət olar ki, cənab Xatəminin bu dövrdə İranda birinci qonağı cənab Heydər Əliyev olar.

Heydər Əliyev: Ola bilər.

Əhəd Qəzai: Ondan sonra yeni prezidentlik dövründə ağayi Xatəminin də ilk səfəri Azərbaycana olar. Qardaş və yaxın qonşu ölkələr kimi, aramızda əlaqələr davam edir. Mən təşəkkür edirəm ki, Siz öz məhəbbətinizi, münasibətinizi göstərdiniz. Keçən bir neçə ay ərzində gözlədiyimiz o idi ki, Siz İrana səfər edəcəksiniz, bu da münasibətlərin geniş inkişafına səbəb ola bilər. Əlbəttə, iqtisadi-ticarət münasibətləri və siyasi münasibətlər addımbaaddım qabağa gedir. Bu cəhətdən həmişə çalışırıq ki, ölkələrimiz arasında, insanlar arasında işgüzarlıq artsın. İranlı tacirlərimiz, investisiya gətirənlərimiz Azərbaycanda böyük işlər görürlər və çalışırlar. Amma İranın imkanları daha artıqdır. Yəqin ki, bunu özünüz məndən də yaxşı bilirsiniz. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da yaxşılaşacaqdır. Sizin dəstəyinizlə İranın təcrübəsindən, imkanlarından Azərbaycanda da istifadə olunacaqdır. İran indi Azərbaycanda ehtiyac duyulan işləri görməyə hazırdır. İran Azərbaycanda yollar çəkilməsinə yaxşı kömək edə bilər. Mən bu sahədə İrandan bir neçə şirkətlərin - özəl, dövlət şirkətlərinin nümayəndələrini buraya gətirmişəm. Onlar baxıblar, işləməyə hazır olduqlarını bildiriblər. İnşallah, gələcəkdə bu münasibətlər, əlaqələr daha da yaxınlaşacaq və bu imkanlardan istifadə edərək bir-birimizdən faydalanacağıq. Prezident seçkilərini izləmək, seçkilərə nəzarət etmək üçün İrana bütün dünyadan gəlmişdilər.

Heydər Əliyev: Gəlmişdilər?

Əhəd Qəzai: Bəli, mətbuat nümayəndələri də gəlmişdilər. Hətta Azərbaycandan da bir televiziya kanalından gəlmişdilər. Biz elan etmişdik ki, kim istəyir, gəlsin. İmkan yaratmışdıq. Amma təkcə «Lider» kanalından gəldilər. Dünyanın 35 ölkəsindən gəlmişdilər. Seçkilərin necə keçdiyini özləri gördülər və bütün dünyaya yaydılar. Bu seçkilərdə ən fəal iştirak edən gənclər oldu. Seçkilər göstərdi ki, nüfuzu, ötən dövrə nisbətən cənab Xatəmini dəstəkləyənlər daha da artmışdır. Seçicilərin 78 faizi Xatəmiyə səs verdi. Bu özü göstərdi ki, camaat prezidentdən islahat istəyir. Artıq inqilabın 22 ili tamam olur. İndi cavanlar, yeni nəsillər o şəxsə səs verirlər ki, onların istədiklərini yerinə yetirsin. Ağayi Xatəmi də yeni prezidentlik müddətində əvvəl seçdiyi siyasətin istiqamətini yeni səviyyədə təqdim etdi. O öz fikrini həyata keçirirdi. Məqsədi o idi ki, islahat olsun və gərək hökumət xalqın istəyinə əhəmiyyət versin, onların istəyi ilə irəliyə getsin. Bu fikirlərinə görə yenə ona yüksək səviyyədə səs verdilər və yenidən prezident seçildi. İnşallah, özünüz yaxından görüşüb söhbət apararsınız.

Heydər Əliyev: İndi yeni mərhələ başladı.

Əhəd Qəzai: Cənab Prezident, bizim qanunumuza görə, prezidentlik müddəti seçkidən bir ay sonra qurtarır. Hələ prezident bir ay əvvəlki kimi işləyir. Əgər başqası seçilsəydi, prezidentliyi bir aydan sonra təhvil verəcəkdi.

Heydər Əliyev: Amma o prezident idi, indi prezidentliyini aparır.

Əhəd Qəzai: Bəli. Qanunumuza görə, seçkidən bir ay sorna dəyişikliklər olur.

Heydər Əliyev: Amma indi nə dəyişiklik?

Əhəd Qəzai: Bəli, dəyişiklik olmayacaq, ancaq gərək səkkizinci dövr üçün ona yenidən prezidentlik səlahiyyəti təqdim olunsun.

Heydər Əliyev: Yəqin ki, ali rəhbərin fərmanı olsun.

Əhəd Qəzai: Bəli, fərman olur.

Heydər Əliyev: Onun da bir ay vaxtı var.

Əhəd Qəzai: Bəli, bir ay vaxtı var.

Heydər Əliyev: Təbiidir, bir halda ki, xalq səs veribdir…

Bizim əlaqələrimizdə çox məsələlər var, həm İran tərəfi, həm bizim tərəfimiz hazırdır ki, bunları həll edək. Birincisi, iqtisadi məsələlərdir. Biz əməkdaşlığımızı çox genişləndirməliyik və imkanlar da çoxdur.

Yəqin ki, siz bilirsiniz, bu yaxınlarda Rusiyanın yollar naziri Aksyonenko buraya gəlmişdi. Mənə söylədi ki, Rusiya ilə İran arasında və Hindistan arasında müqavilələr imzalanmışdır ki, şimaldan cənuba qədər bir dəmir yolu xətti çəkilsin. Mən onu keçmişdən tanıyıram. Çünki mən Moskvada Baş nazirin birinci müavini olanda nəqliyyat işlərinə də, dəmir yoluna da baxırdım. Mən o vaxt onu vəzifəyə təyin etdim. Nazir vəzifəsinə yox, amma Leninqrad Dəmir Yolu İdarəsinin rəisi vəzifəsinə təyin etmişdim. Ona görə də şəxsi tanışlığımız da var idi. Onun mənə verdiyi məlumatlar televiziyada verildi. Yəqin ki, siz bilirsiniz. Hesab edirəm ki, çox maraqlı idi. Mən onunla bir az zarafat da etdim. Dedim, yaxşı, siz İran ilə müqavilə bağlayırsınız, Hindistanla müqavilə bağlayırsınız, bəs ortada Azərbaycan var. Bunu Azərbaycansız edə bilməzsiniz. Dedi, əlbəttə ki, Azərbaycansız edə bilmərik, amma biz bilirik ki, Azərbaycan buna etiraz etməyəcəkdir. Mən dedim, etiraz etmirəm.

Həqiqətən, əgər bu, ciddi bir proqram kimi həyata keçirilsə, çox əhəmiyyəti olacaqdır. Həm İran üçün, həm Rusiya üçün, həm Avropa üçün, həm də Hindistan üçün. Məsələn, görürsünüz, heç bizim xəbərimiz olmadan belə bir plan tərtib etmisiniz. Yəni Azərbaycan ilə İran arasında coğrafi vəziyyət elədir ki, İranın şimal tərəfindən əlaqələri Azərbaycansız ola bilməz. Azərbaycanın da cənub tərəfindən əlaqələri İransız ola bilməz. Biz bunları da nəzərə almalıyıq və imkanlardan istifadə etməliyik.

Amma təkcə bu deyil, bir neçə başqa məsələlər də var. Onlar keçmişdə bir neçə dəfə müzakirə olunub, ancaq hələ ki, öz həllini tapmayıbdır. Bizim müştərək iqtisadi komissiyanın Azərbaycan tərəfdən həmsədri bu yaxınlarda təyin olunacaqdır. Gərək onlar bu işi bir az irəliyə aparsınlar, o cümlədən bizim başqa təşkilatlar vasitəsi ilə də. Xarici İşlər Nazirliyindən mənə məlumat verdilər ki, qarşılıqlı səfərlər nəzərdə tutulub. Hesab edirəm, bunları da etmək lazımdır. Nəhayət, gərək imkan verəsiniz ki, İranı mən də ziyarət edim.

Əhəd Qəzai: İnşallah, gözləyirik.

Heydər Əliyev: Ona görə ki, işlərimiz çoxdur. İndi hörmətli cənab Xatəmi də yenidən xalqın dəstəyini alandan sonra, hesab edirəm ki, bu işlərə vaxtında müdaxilə edəcəkdir. Mənim isə bu barədə mövqeyimi bilirsiniz. Bunları edəcəyik. Hesab edirəm ki, İran-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməlidir. Bu bizim üçün öncül bir sahədir. İranla həm tarixi əlaqələrimiz, həm coğrafi əlaqələrimiz, həm də şəxsi əlaqələrimiz var. Bizim İranla nə qədər uzun sərhədimiz var. Başqalarını demək istəmirəm. Bunlar hamısı məlumdur. Belə bir görüşdə buna ehtiyac yoxdur. Bütün bunlar bizim əlaqələrimizin daha da genişlənməsinə imkan yaradır.

İranda müxtəlif islahatların keçirilməsi bizi çox sevindirir. Təbiidir ki, hər ölkənin öz xüsusiyyətlərinə uyğun olan islahatlar keçirilməlidir. Dünyada iki ölkə tapa bilməzsən ki, onlar bir-birilə tam eyni olsunlar. Yəni, bizdə bir söz var, əkiz olsun. Qətiyyən tapmaq mümkün deyil. Ancaq təəssüf ki, bəzən ayrı-ayrı dairələrdə, dünyanın beynəlxalq təşkilatlarında hesab edirlər ki - biz buna ştamp deyirik ki - bu ştampı buna da vurmaq olar, ona da vurmaq olar, o birisinə də vurmaq olar. Mən həmişə bunun əleyhinə çıxmışam, bu gün də bunun əleyhinəyəm. Məsələn, Azərbaycanın öz xüsusiyyətləri var. Biz Avropa Şurasına daxil olmuşuq. Ancaq Azərbaycanın xüsusiyyətləri nəzərə alınmalıdır, Azərbaycanın keçdiyi yol nəzərə alınmalıdır, milli-mənəvi dəyərlər, xalqın mentaliteti nəzərə alınmalıdır. O cümlədən İran. İndi İranda keçirilən islahatlar, təbiidir ki, ilk dəfə olan islahatlardır. Hesab edirəm ki, bu, İran üçün böyük tarixi hadisədir. Ancaq bunu İran özü bildiyi kimi etməlidir. Heç kəs xaricdən diktə etməməlidir ki, sən bunu belə et, onu belə et.

Ümumiyyətlə, o prinsip ki, var, heç bir ölkə başqa bir ölkənin daxili işinə qarışmamalıdır, bu, dünyanın beynəlxalq hüquq normalarının əsas, təməl prinsiplərindən biridir. Belə olan halda həm dövlət quruluşunu, həm islahatlarını, həm də başqa işlərini gərək hərə özü müəyyən etsin. Hesab edirəm ki, İran son illər bu sahədə irəliləyibdir, islahatlar həyata keçirilir. Güman edirəm, bundan sonra da keçiriləcəkdir. Cənab Xatəmiyə 78 faiz səs verilməsi onu göstərir ki, əhalinin əksəriyyəti bu islahatların tərəfdarıdır. Çünki cənab Xatəmi İranda islahatçı prezident kimi tanınıbdır. Bizim bu barədə də mövqelərimiz bir-birinə çox yaxınlaşır və şərait yaradır ki, bütün sahələrdə əlaqələrimiz daha da genişlənsin, daha da inkişaf etsin. Bizim əlaqələrimizdə əsas prinsip ondan ibarətdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sərhədlərinin toxunulmazlığını tanıyır və Azərbaycanın daxili işlərinə qarışmır. Azərbaycan da İranın böyük bir dövlət kimi, həm ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, həm də suverenliyini tanıyır. İranın daxili işlərinə qarışmır və qarışmayacaqdır. Bu prinsip bizim ölkələrimiz üçün çox vacib bir prinsipdir. Bu həm İran üçün vacibdir, həm də Azərbaycan üçün vacibdir. Hesab edirəm ki, biz bu prinsip əsasında bundan sonra da əlaqələrimizi inkişaf etdirəcəyik.

Əhəd Qəzai: Cənab Prezident, çox sağ olun. Sizin söylədiyiniz bütün sözlər həqiqətdir. Cənab Xatəminin xarici işlər barəsində siyasəti ondan ibarətdir ki, biz gərək bütün dünya ilə münasibətlərimizi yaxşılaşdıraq. Amma onların içərisində qonşular birinci yerdədir. Xüsusən müsəlman ölkə olan Azərbaycan. Mən buraya gəlməmişdən əvvəl gedib cənab Xatəmi ilə görüşmüşəm. O mənə yenə də təkid etdi ki, Azərbaycanın xüsusi yeri vardır. Bizimlə qonşudur, qardaş müsəlman ölkəsidir və ona görə də gərək münasibətlərimizi bundan yaxşı edək.

Cənab Prezident, Xatəmi prezidentliyi dövründə xarici siyasətdə İranın mövqeyini xeyli nümayiş etdirdi. Artıq bir neçə xarici ölkələr İranla münasibətlərini genişləndirirlər. İranın beynəlxalq səviyyədə mövqeyi getdikcə yüksəlir. Prezident Xatəmi birinci dəfədir dünya səviyyəsində danışıqlar, görüşlər keçirir. İndi başqa dinlər arasında da danışıqlar gedir. Gərək bəşəriyyət problemlərini danışıqla, dərk etməklə, düşünməklə həll etsin, dövlətlər yaxınlıq axtarsınlar. Hətta bu gün islam dini ilə başqa dinlər arasında yavaş-yavaş anlaşıqlıq yaranır. İslam dini də, məsihi də ilahi dinlərdir. Bu cəhətdən dünyada indi fikir dəyişikliyi yaranıbdır. Bunlar hamısı prezident Xatəminin böyük dünyəvi fikridir ki, insanlar arasında münasibətləri yaxınlaşdırır. Əminəm ki, biz çalışacağıq, heç olmasa, yaxın qonşularla bir-birimizi başa düşək.

Cənab Prezident, Rusiya ilə İran arasındakı müqavilə barədə danışdınız. Bu çox düzgündür. Ona görə ki, indi Şərqlə Qərb arasında yük aparmaq, yük daşımaq yolları axtarılıbdır. Amma Şimalla Cənub arasında yol İran ilə Azərbaycandan keçməlidir.

Heydər Əliyev: Ancaq.

Əhəd Qəzai: Bu həm İran üçün, həm də Azərbaycan üçün böyük mövqedir. Bunun üzərində çoxdan iş gedirdi və müzakirə olunurdu. Amma əməli sürətdə indi üzə çıxıbdır. Azərbaycan bu müqaviləyə qoşularkən bu iş təkmilləşəcəkdir. Azərbaycandan Astaraya kimi dəmir yolu vardır. Biz gərək Astaradan Qəzvinə, oradan da Fars körfəzinə kimi yeni xətt çəkək. Yük bilavasitə Avropadan və Rusiyadan Fars körfəzinə gedəcəkdir və bu da yükdaşımanın müddətini bir həftə yaxınlaşdıracaqdır. Bunun iqtisadiyyatda böyük mənası vardır. Yəni yükün Avropadan Asiyaya getməsi bir həftə tezləşir. Bu, iqtisadiyyatda böyük dəyişikliklər yaradır.

Heydər Əliyev: Bir həftə yaxınlaşır, nə qədər də ucuzlaşır.

Əhəd Qəzai: Bəli, həmin yaxınlaşma onun qiymətinə təsir edir. Ona görə də bunu Rusiya da, Hindastan da istəyir. Yüklərin Şimaldan Cənuba getməsi bu ölkələrə imkan yaradır ki, iqtisadi cəhətdən mübadilə etsinlər. Bu, Azərbaycan və İran üçün də əhəmiyyətlidir.

Cənab Prezident, mən Sizin çıxışınızı eşitdim və çox sevindim ki, Siz buna şəxsən maraq göstərirsiniz və tapşırıq vermisiniz. İnşallah, biz də öz vəzifəmizi yerinə yetirib, bunu sürətlə başa çatdıracağıq.

Heydər Əliyev: Bilirsiniz, bu layihə yeni bir şey deyil. Bir neçə il bundan öncə bu məsələni İran da, biz də qaldırmışdıq. Rusiya bizimlə bu barədə danışıqlar aparmışdı. Amma nədənsə, o vaxtlar bu, irəliyə getmədi. Amma çox təəssüf olsun, biz vaxt itirdik. Bilirsiniz, əgər 3-4 il bundan öncə bu layihə, bu fikir meydana çıxmışdısa, biz bunu başlasaydıq, indi artıq bu yol işləyirdi. Biz Şərqlə Qərbi, İpək Yolunu bərpa etdik. Bu çox lazımdır. Bunun da çox böyük əhəmiyyəti vardır. Amma bu, Şimal-Cənub yolunu əvəz etmir. Qətiyyən əvəz etmir. Amma eyni zamanda, Kürreyi-Ərzin bu hissəsi ki, var, yollar burada kəsişir. Təbiidir ki, əgər İpək Yolu yaransa, Çindən, yaxud Yaponiyadan Avropaya yüklər daha da qısa müddətdə, ucuz gedəcəkdir və bundan bütün ölkələr xeyir götürəcəklər. Çin, yaxud Yaponiya bu yükləri başqa yerdən apara bilməz. Amma Avropanın böyük bir hissəsi təkcə Şərqlə yox, Cənubla da iqtisadi əlaqələr qurmaq istəyir. Təkcə Rusiya deyil, Avropa ölkələri. Məsələn, Finlandiyadan, digər Skandinaviya ölkələrindən tutmuş, ta bu tərəfə qədər. Buradakı yolun bərpası daha da asandır. Çünki burada dəmir yollarının çoxu mövcuddur. İndi Rusiyadan Azərbaycana gələn dəmir yolu çox yaxşı vəziyyətdədir. Azərbaycanda Lənkərana, Astaraya qədər dəmir yolu vardır. Təbiidir ki, o, gərək müəyyən qədər təmir olunsun. Biz o vaxtlar bu məsələni qaldıranda İran tərəfində çətinlik əmələ gəldi ki, Qəzvin ilə Astara arasında təxminən 350 kilometr yol çəkmək lazımdır. Təbiidir ki, bunu İran öz ərazisində çəkməli idi. Amma yəqin ki, o vaxt imkanı yox idi. Ancaq İran dövlətli ölkədir, gərək tapaydı. Amma indi fikir yaranıbdır ki, bəli, bu, lazımdır. Bu, təkcə İran üçün lazım deyil. İrandan o tərəfə Hindistan üçün lazımdır, Fars körfəzi sahilləri üçün lazımdır. Ona görə mən bunu bəyənmişəm. Mənə Rusiyanın naziri Aksyonenko dedi ki, dəmir yolunun tikilməsi haqqında guya İranda artıq 2002-ci ilin büdcəsinə müəyyən vəsait ayrılıbdır. Bu da çox yaxşı haldır. Ancaq mən ona dedim, sizə də deyirəm, gərək burada, bizim ərazimizdə olan problemləri də həll edək. Çünki birincisi, bilirsiniz ki, bizim dəmir yolunun Astaradan sərhədə qədər çatması üçün 7 kilometr yol çəkilməlidir. Sonra gərək yeni dəmir yolu körpüsü salınsın. Başqa bir neçə problem də var. Bunlar xırda problemlərdir. Əsas odur ki, layihə meydana çıxıbdır və bütün ölkələr bu layihəni dəstəkləyir.

Dediyim kimi, başqa problemlər də var. Yəni iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün. Onların bir çoxu 7-8 ildir müzakirə olunur, amma həll olunmur. Güman edirəm, vaxt gəlib çatıb ki, bunları da həll edək.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya