"Bakıda "İmproşop" ticarət mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 14 sentyabr 1996-cı il) sənədinə tarixi arayış


 

 

Azərbaycanın müstəqillik əldə edikdən sonra həyata keçirdiyi daxili iqtisadi siyasət müasir dünyada uğurla tətbiq olunan sərbəst təsərrüfatçılığa əsaslanan bazar iqtisadiyyatının bərqərar olmasına xidmət edir. 1990-cı illərin əvvəllərində sahibkarlığın inkişafı ölkədə milli bazarın tədricən formalaşmasına gətirib çıxarıb. Həmin dövrdə xarici ticarət əlaqələrini səciyyələndirən əsas əlamət kimi barter sövdələşmələri çıxış edirdisə, sonrakı illərdə valyuta ilə satış idxal və ixrac əməliyyatlarında prioritet təşkil etməyə başladı. Bu isə özünü ölkənin idxal strukturunun kəmiyyət və keyfiyyət baxımından dəyişməsində göstərirdi. İqtisadiyyatın bütövlükdə liberallaşdırılması, özəl sektorun yaranması və inkişafı xarici ticarət fəaliyyətinin inkişafında da öz əksini tapdı.

14 sentyabr 1996-cı ildə Azərbaycan Prezidenti xarici ticarət əlaqələri üzrə yerli sahibkarlar tərəfindən yaradılan, alıcılara geniş çeşiddə dünyanın müxtəlif ölkələrində istehsal olunan müasir standartlara cavab verən gündəlik tələbat məhsullarını təklif edən "İmproşop" mağazasının açılış mərasimində iştirak edib. Prezident öz çıxışında Azərbaycanda həyata keçirilən iqtisadi islahatların fərdi sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaradacağını bildirib. O, deyib: "Azərbaycanda belə bir mağazanın açılması, ölkəmizin vətəndaşları, Bakı sakinləri üçün onun gələcək xidməti, şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir. Bu, respublikamızın dövlət müstəqilliyinin, ölkəmizdə gedən iqtisadi islahatların əlamətlərindən biri və həmin islahatlardan doğan hadisədir".

1991-ci ildə yaradılan "İmprotex" şirkətinin satış müəssisəsi kimi fəaliyyətə başlayan "İmproşop" mağazası fəaliyyətə başladığı 12 il ərzində böyüyərək öz imkanlarını daha da genişləndirib. Hazırda mağaza dünyanın ən məşhur brendlərinin Azərbaycan bazarına gətirilməsi ilə məşğuldur. Qeyd edək ki, hazırda "İmpraşop"un daxil olduğu qurum "İmpratex Qrup" adlanan Azərbaycan holdinqidir və o Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən nüfuzlu iqtisadi mərkəzlərdən birinə çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən holdinqin BƏƏ və Çində iri nümayəndəlikləri fəaliyyət göstərir. (http://www.improtex.az/)

Tarixi arayış 19 fevral 2008-ci ildə yeniləşdirilib.