"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Humanitar Təşkilatların rəhbərləri ilə görüşdə söhbətindən (Nyu-York, BMT-nin Baş qərargahı, 29 iyul 1997-ci il)" sənədinə tarixi arayış


Azərbaycanda ilk beynəlxalq humanitar təşkilatların fəaliyyətinin başlaması 1991-ci ilə təsadüf edir. Ölkəmizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması və 1 milyondan artıq vətəndaşımızın öz vətənlərində qaçqına çevrilməsi demək olar ki, humanitar fəlakət səviyyəsinə çatmışdı. Belə bir vaxtda Azərbaycan həqiqətən beynəlxalq humanitar təşkilatların yardımına böyük ehtiyac duyurdu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılması bu sahəyə verilən əhəmiyyətin göstəricisidir.

1997-ci il 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-a rəsmi səfəri çərçivəsində beynəlxalq humanitar təşkilatların rəhbərləri ilə görüşmüşdür. Görüş zamanı Heydər Əliyev göstərilən yardımlara görə təşkilat rəhbərlərinə təşəkkür etmişdir. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20% Azərbaycan torpaqlarının işğal olunduğunu xatırladıb və 1 milyon qaçqının hal-hazırda ağır vəziyyətdə çadırlarda yaşadığı üçün beynəlxalq humanitar təşkilatların yardımına və diqqətinə ehtiyac olduğunu vurğulamışdır. Heydər Əliyev həmçinin, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin qəbul edilməsini haqsızlıq kimi qiymətləndirib. Heydər Əliyev gələcəkdə beynəlxalq humanitar təşkilatlarla əlaqələrin genişlənməsinə müsbət yanaşdığını bildirib.

Qeyd edək ki, Azərbaycanda humanitar böhranın aradan qaldırılmasında BMT-nin müvafiq qurumları, beynəlxalq humanitar təşkilatlar və İslam ölkələrinin müvafiq qurumları böyük rol oynayıblar.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"na əsasən ölkədəki beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyəti Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi vasitəsilə həyata keçirilir.

Respublikamızda hazırda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan 72 beynəlxalq, 32 yerli humanitar təşkilatı vardır. Beynəlxalq humanitar təşkilatlardan 7-si BMT agentliklərini, 7-si isə Şərq ölkələrini qalanları isə ABŞ-ı, Avropa ölkələrini və digər beynəlxalq təşkilatları təmsil edir. Son illər bu təşkilatların xətti ilə həyata keçirilən layihələr əsas etibarilə inkişaf yönümlüdür və bunlar da bilavasitə təşkilatların özləri tərəfindən tərtib olunaraq həyata keçirilir.

Azərbaycan humanitar təşkilatlar üçün rahat ölkədir. Azərbaycanda heç bir humanitar təşkilat və ya onun üzvləri təzyiqə məruz qalmayıb. Bu təşkilatlar əhali ilə bərabər, hökumətlə də birbaşa əlaqəyə malikdirlər.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və uğurlu neft strategiyasının məntiqi nəticəsi olaraq hazırda ölkəmiz özü humanitar fəlakətlə üzləşən xalqlara yardım edir.

Tarixi arayış 6 oktyabr 2009-cu il tarixdə tərtib olunub.