Prezident sarayında BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 30 oktyabr 1994-cü il


Hörmətli Baş katib, cənab doktor Butros Butros-Qali!

Mən sizi Azərbaycan Respublikasında, Azərbaycan torpağında bir daha səmimi-qəlbdən salamlayıram. Azərbaycan Respublikasına göstərdiyiniz maraq, diqqət üçün və respublikamıza etdiyiniz səfər üçün sizə təşəkkürümü bildirirəm.

Müstəqil Azərbaycan Respublikası üç il bundan qabaq yaranmışdır, Birləşmiş Millətlər Təşkilatının üzvüdür. BMT Baş katibinin Azərbaycana səfəri Azərbaycan Respublikasının qarşısında duran problemlərin həll edilməsi üçün şübhəsiz ki, çox əhəmiyyətli olmalıdır. Biz, respublikamızın ictimaiyyəti buna çox böyük ümidlər bəsləyirik.

Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın problemləri ilə daim məşğul olur. Azərbaycan Respublikası altı ildən artıqdır ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycan Respublikası müstəqilliyini əldə edən gündən indiyədək, üç ildir ki, BMT və onun Təhlükəsizlik Şurası bu problemin həlli ilə daim məşğul olur. Bu sahədə çox iş görülmüşdür. BMT, onun Təhlükəsizlik Şurası və cənab Baş katib bu sahədə çox fəaliyyət göstərmişlər. Görülən bu işlərə görə, qəbul olunan qərarlara görə mən Azərbaycan Respublikası adından, cənab Butros Qali, sizə təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikası müstəqilliyini yeni əldə etmiş bir dövlət kimi bir çox problemlərlə qarşılaşmışdır. Yaxın keçmişdə Sovetlər İttifaqının tərkibində olan və indi müstəqilliyini əldə edən digər respublikalar kimi, Azərbaycan da keçid dövrünü yaşayır. Bu üç il müddətində biz çalışmışıq ki, Azərbaycanın müstəqilliyini təmin edək, möhkəmləndirək, digər tərəfdən, respublikamızı yeni yol ilə, demokratik yol ilə aparaq. Uzun illər Sovetlər İttifaqının tərkibində olan, sosialist, kommunist ideologiyasının təsiri altında yaşayan Azərbaycan xalqı, Azərbaycan Respublikası artıq indi bu prinsiplərdən imtina etmişdir. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi gedir. Bizim məqsədimiz Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, sivilizasiyalı, hüquqi cəmiyyət yaratmaqdır.

Azərbaycanın iqtisadiyyatında böyük dəyişikliklər etmək nəzərdə tutulur. Respublikamız öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirməyə başlamışdır. İqtisadi islahatlar aparmaq, sərbəst iqtisadiyyata yol açmaq, təşəbbüskarlığa, sahibkarlığa imkanlar yaratmaq iqtisadiyyat sahəsində əsas yolumuzdur. Bu məqsəd üçün biz iqtisadiyyatda özəlləşdirmə prinsiplərini həyata keçirməyə başlamışıq. Bir sözlə, Azərbaycan iqtisadi sahədə sərbəst iqtisadiyyat yolu ilə gedir, gedəcəkdir və dünya iqtisadiyyatı ilə əlaqələr qurmaq, inteqrasiyaya girmək, dünya iqtisadi birliyinə daxil olmaq əzmindədir.

Keçid dövrü Azərbaycanın daxili həyatında şübhəsiz ki, böyük problemlər, çətinliklər yaratmışdır. Bir ictimai, iqtisadi, siyasi sistemdən digərinə keçmək şübhəsiz ki, həm müəyyən vaxt, həm də çox ciddi addımlar atmağı tələb edir. Ancaq bizim üçün nə qədər çətin olsa da, biz bu yolla gedirik və gedəcəyik. Azərbaycanın müstəqilliyini də məhz bu yolla təmin etmək istəyirik.

Azərbaycan Respublikası hazırda sosial-iqtisadi böhran içərisindədir. Dediyim kimi, bunlar bir tərəfdən keçid dövrü ilə, digər tərəfdən Azərbaycanın ötən altı ildə müharibə şəraitində olması ilə əlaqədardır. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini bundan sonra da inkişaf etdirmək yolu ilə gedir. Azərbaycan xalqı uzun illər, əsrlər boyu milli azadlıq, dövlət istiqlaliyyəti arzusu ilə yaşayıbdır. Azərbaycanın dövlət müstəqilliyi qazanması xalqımız üçün tarixi hadisədir. Bizim məqsədimiz, yolumuz müstəqilliyimizi daim qoruyub saxlamaqdır və əminəm ki, biz bu yolda uğurlar əldə edəcəyik.

Azərbaycanın xarici siyasəti bütün ölkələrlə bərabər hüquqlu əlaqələr yaratmaqdan ibarətdir. Mən sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasında çıxış edərkən bu barədə Azərbaycanın mövqeyini bildirdim.

Bir daha demək istəyirəm ki, üç illik müstəqillik dövründə, xüsusilə son bir ildə Azərbaycan bu sahədə ciddi addımlar atmış və bir çox ölkələrlə qarşılıqlı surətdə faydalı, səmərəli əlaqələr yaratmışdır. Azərbaycan bu yolla gedərək bütün dünyaya özünü açıq bir ölkə kimi elan etmişdir. Biz Azərbaycana investisiyalar qoymaq, respublikamızla müştərək işlər görmək barədə bütün Dünya Birliyinə, beynəlxalq təşkilatlara, bu işlə maraqlanan şirkətlərə və firmalara müraciət edirik, əlaqələr yaradırıq.

Bu il sentyabrın 20-də Azərbaycan Respublikasının Xəzər dənizində olan neft yataqlarından xarici ölkələrin nüfuzlu neft şirkətləri ilə müştərək istifadə olunması üçün böyük bir müqavilə imzalanmışdır. Biz bundan sonra da Azərbaycana xarici ölkələr, şirkətlər, firmalar tərəfindən investisiyalar qoyulması üçün imkanlar yaradacağıq. Bir sözlə, Azərbaycan müstəqil dövlət kimi Dünya Birliyində, Birləşmiş Millətlər Təşkilatında öz layiqli yerini tutmağa çalışır.

Ancaq siz bilirsiniz ki, respublikamız üçün ən ağır, ən çətin, ən mühüm məsələ Azərbaycana qarşı olan hərbi təcavüzün qarşısının alınması məsələsidir. Mən qeyd etdim ki, BMT, onun Təhlükəsizlik Şurası və cənab Baş katib, şəxsən siz bu işlə daim məşğul olursunuz və bu məsələlər sizə məlumdur. Mən hesab edirəm ki, bu görüş zamanı bizim söhbətlərimizin əksər hissəsi bu məsələyə həsr olunmalıdır. Məlumdur ki, sizin bu səfəriniz də müəyyən mənada həmin məsələlərlə bağlıdır. Siz Azərbaycandan sonra Gürcüstanda, Ermənistanda olacaqsınız. Demək, bizim regionda olan vəziyyət sizi maraqlandırır və biz də çox maraqlıyıq ki, regionumuzda sülh, əmin-amanlıq yaradılmasında sizin imkanlarınızdan istifadə edək.

Qeyd etdim ki, altı illik bu müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ərazisinin yüzdə iyirmi faizini işğal etmişlər. İşğal olunmuş torpaqlar həm Azərbaycanın daxilində olan Dağlıq Qarabağın ərazisidir, həm də Dağlıq Qarabağın ətrafında olan yeddi rayonun ərazisidir. İşğal olunmuş rayonlardan bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşmüşdür. Onlar çox ağır vəziyyətdədirlər, əksəriyyəti çadırlarda yaşayır və çadırlarda olmayanların da yaşadıqları yerlərdə minimum şəraitləri yoxdur. Bunlar hamısı Azərbaycan Respublikasında həm iqtisadi-sosial vəziyyəti, həm də ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirir.

Siz bunu bilirsiniz və bir daha qeyd etmək istəyirəm ki, müharibəni Azərbaycan başlamayıbdır. Azərbaycan sadəcə olaraq müharibəyə cəlb olunmuşdur. Azərbaycanın torpağı, ərazisi olan Dağlıq Qarabağı ələ keçirmək üçün Ermənistan altı il bundan əvvəl bu təcavüzə başlamışdır. Təəssüf ki, Azərbaycana aid olan səbəblərə görə də və daha çox - Ermənistana ayrı-ayrı qüvvələr tərəfindən göstərilən yardım nəticəsində Ermənistan Azərbaycan torpaqlarının bir qismini işğal etməyə nail olmuşdur.

Bu müharibə nəticəsində Azərbaycan 20 mindən artıq vətəndaşını itirmişdir, onlar həlak olublar. Yüz mindən artıq Azərbaycan vətəndaşı yaralanıb, əlil olmuşdur. İşğal olunmuş torpaqlarımızda yaşayış binaları, zavodlar, fabriklər, sosial obyektlər yandırılıb, dağıdılıb. Beləliklə, bu müharibə Azərbaycan xalqına, Azərbaycan Respublikasına həm mənəvi, həm də çox böyük maddi zərər vurmuşdur. Bunların hamısına baxmayaraq, Azərbaycan sülhsevər mövqedədir, bu məsələlərin sülh yolu ilə həll olunmasına çalışır. Ancaq bizim atdığımız sülhsevər addımlar hələ indiyədək öz nəticələrini verməmişdir.

Sizə məlumdur ki, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında dəfələrlə müzakirə olunmuşdur. Təhlükəsizlik Şurası bu məsələlərlə əlaqədar dörd qətnamə qəbul etmişdir. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822-ci qətnamə qəbul edilib, bundan sonra Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğalı ilə əlaqədar 874, 884 nömrəli qətnamələr qəbul olunmuşdur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrin hamısında tələb olunmuşdur ki, erməni silahlı qüvvələri heç bir şərt qoymadan, şərtsiz olaraq, işğal edilmiş torpaqlardan çıxmalıdır və həmin torpaqlar azad olunmalıdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində işğalçılıq hərəkətləri ilə bağlı olaraq bu qətnamələrdən başqa, Təhlükəsizlik Şurası sədrinin altı dəfə bəyanatı olmuşdur. Cənab Baş katib, şəxsən sizin özünüz də bu məsələlərlə əlaqədar bir neçə dəfə ciddi bəyanatlar vermisiniz. Ancaq təəssüf ki, bu qətnamələrin və bəyanatların heç birisi həyata keçirilməyibdir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının, ümumiyyətlə, BMT-nin qərarlarına tabe olmayıbdır və indiyə qədər də tabe olmur. Təəssüf ki, onların beynəlxalq normaları pozması və bu normalara tabe olmaması indiyədək cəzasız qalmışdır.

Məsələlərin sülh yolu ilə həll olunması üçün biz həm BMT ilə, həm də ATƏM təşkilatı ilə çox sıx əməkdaşlıq edirik. ATƏM təşkilatının çərçivəsində bu münaqişə ilə əlaqədar olaraq xüsusi Minsk qrupu yaradılmışdır. Azərbaycan Respublikası Minsk qrupu ilə, ATƏM təşkilatı ilə daim əməkdaşlıq edir və Minsk qrupunun bu sahədə ciddi fəaliyyət göstərməsi üçün biz öz tərəfimizdən bütün şəraiti yaratmağa çalışmışıq.

Son illər bir neçə dövlət də müstəqil olaraq bu məsələlərin həll olunması üçün təşəbbüslər göstərmişdir. Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə dövlətləri belə təşəbbüslər etmişdir. Biz bu təşəbbüslərdən də istifadə etməyə çalışmışıq.

Son vaxtlar Rusiya öz təşəbbüsü ilə bağlı çox fəaliyyət göstərir, bizim məsələlərin həll olunmasında vasitəçilik rolu oynamağa və bu sahədə ciddi səy göstərməyə çalışır. Biz Rusiyanın bu vasitəçilik fəaliyyətindən də səmərəli istifadə etməyə çalışmışıq və çalışırıq. Çünki bizim məqsədimiz məsələni yalnız və yalnız sülh yolu ilə həll etməkdir. Ona görə də bu məsələni ədalətli, faydalı həll etmək təşəbbüsündə olan ölkənin fəaliyyətini qəbul edirik.

Sizə məlumdur ki, Minsk qrupunun, Rusiyanın vasitəçiliyi ilə, Ermənistan ilə Azərbaycan arasında bilavasitə aparılan danışıqlar nəticəsində beş aydan çoxdur ki, atəş dayandırılmışdır. Biz bunu mühüm bir nailiyyət hesab edirik. Ancaq eyni zamanda bu atəşkəs dövründən böyük bir sülhün yaranması üçün səmərəli istifadə etməyə çalışırıq. Bu sahədə həm Minsk qrupu ilə, həm də Rusiya ilə əməkdaşlıq edirik. Bizim məqsədimiz böyük sülh yaratmaqdır, müharibəyə tamamilə son qoymaqdan ibarətdir.

Şübhəsiz ki, burada bizim öz şərtlərimiz var. Şərtlər də ondan ibarətdir ki, böyük sülh yaratmaq və müharibəyə tamamilə son qoymaq üçün Ermənistan işğalçı hərbi hissələri Azərbaycan torpaqlarından çıxmalıdır. Məsələni bu cür qoyarkən biz belə hesab edirik ki, birinci mərhələdə erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş rayonlarından, o cümlədən Laçın və Şuşa rayonlarından çıxmalıdır. Dağlıq Qarabağ haqqında məsələ ikinci mərhələdə həll olunmalıdır. İşğal olunan ərazilər azad edilərkən qaçqınlar öz yerlərinə qayıtmalıdır. Əgər biz buna nail ola biləriksə, o cümlədən Laçın və Şuşa rayonları da daxil olmaq şərti ilə, bundan sonra danışıqların ikinci mərhələsində Dağlıq Qarabağın statusunu müzakirə etmək olar və biz bu sahədə də müəyyən addımlar ata bilərik.

Biz bu təklifləri edərkən şübhəsiz ki, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunmasını da nəzərdə tuturuq. Aydındır ki, öz yerlərinə qayıda bilən qaçqınların hamısı qayıtmalıdır, Azərbaycan vətəndaşlarının hamısının təhlükəsizliyi təmin olunmalıdır. Dağlıq Qarabağda olan demoqrafik mənzərə bərpa edilməlidir. Çünki Dağlıq Qarabağda ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışlar. Onlar da öz yerlərinə qayıtmalıdır. Şübhəsiz ki, altı il gedən müharibə nəticəsində qarşılıqlı inamsızlıq, ziddiyyətlər yaranmışdır. Ona görə də bu məsələlər mərhələ-mərhələ həll olunmalıdır.

Bütün bunların nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizin sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan Respublikası müstəqil, suveren respublika kimi öz ərazisinin, öz sərhədlərinin sahibi olmalıdır. Biz ümidvarıq ki, bu məsələlərin həll olunmasında BMT, Təhlükəsizlik Şurası, xüsusən cənab Baş katib, siz bundan sonra bir çox işlər görə bilərsiniz. Bu məsələlərin həlli ATƏM təşkilatı ilə bağlı olduğuna görə və ATƏM-in tərkibində bu məsələlərin həlli üçün, xüsusi Minsk qrupu yarandığı üçün biz bu məsələlərin ATƏM çərçivəsində, Minsk qrupu vasitəsilə həll edilməsinə üstünlük veririk.

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirərək və onun bizim regionda imkanlarının olduğunu nəzərə alaraq biz ATƏM təşkilatı Minsk qrupunun Rusiya ilə əməkdaşlığının da tərəfdarıyıq. Hesab edirik ki, bu əməkdaşlıq bizim regionda olan məsələlərin səmərəli həllinə yönəldilməlidir.

Şübhəsiz ki, bütün dünyada gedən proseslər üçün ən yüksək zirvə, ən yüksək təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. 49 ildən bəri fəaliyyət göstərən BMT dünyanın hər yerində, bir sıra regionlarında çox səmərəli fəaliyyət göstərmişdir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, BMT-nin 50-ci ildönümünə qədər Birləşmiş Millətilər Təşkilatı bütün imkanlarından istifadə edərək bizim regionda olan məsələləri də həll etməyə qadirdir.

Cənab Baş katib Butros Qali, biz və bütün Azərbaycan xalqı sizi böyük bir diplomat, dünya siyasətində böyük xidmətləri olan bir şəxs kimi tanıyırıq. Dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün sizin gördüyünüz işlər məlumdur və Azərbaycan xalqı da bunu yüksək qiymətləndirir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, siz öz şəxsi nüfuzunuzdan, hörmətinizdən, imkanlarınızdan istifadə edərək Azərbaycanın bu ağır vəziyyətdən çıxmasına yardım edəcəksiniz. Biz sizi bu arzularla, bu fikirlərlə gözləyirdik və mən sizinlə danışıqlara da bu arzularla başlayıram.

"Azərbaycan" qəzeti, 1 noyabr 1994-cü il.